"Banklarda faizlərin yuxarı olması hamını düşündürür. Sahibkarlara kreditlər 14 faizdən başlayaraq verilir, kənd təsərrüfatı ilə bağlı kreditlər isə 6% olsa da, bu da çoxdur".
525.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“14% kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm kredit qaytarsın, həm qazanc əldə etsin, həm də işçi saxlasın? Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Sadə mexanizm ləğv olundu, hazırda isə qara bazar fəaliyyət göstərir. Yenidən 90-cı illərə qayıtmışıq. Turist gəlir Azərbaycana, o, harada valyutanı dəyişsin? Əhmədlidə valyuta dəyişmək istəyən şəxs gərək gəlsin şəhərə, orada valyutasını dəyişsin. Bundan başqa, valyutadəyişmə məntəqələrinin açılması üçün 50 min manat girov tələbi qoyulub. Düşünürəm ki, dayanacaq formasında (Bakı şəhərində quraşdırılan yeni dayanacaqlar) valyutadəyişmə məntəqəsi açılsın, vətəndaşlar da orada çalışsın. Bundan başqa, banklar 100 min manatdan artıq məbləği sığortalamır. Belə olan halda vətəndaş banka necə güvənsin? Bu məsələlərlə bank sektoru ciddi məşğul olmalıdır”, - deyə deputat əlavə edib.