525.Az

Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər


 

Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər<b style="color:red"></b>

Bugünün şagirdləri - sabahın tədqiqatçıları

Artıq 4-cü ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Muxtar Respublikanın Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihəni həyata keçirməkdədir. Bu layihənin məqsədi tam orta məktəblərin yuxarı sinif şagirdlərində elmi-tədqiqat işlərinə maraq oyatmaq, onları öz istəklərinə müvafiq surətdə elmin hər hansı bir sahəsinə yönəltmək, ali ixtisas seçimlərinə köməklik göstərməkdir. Həmçinin elmi məqalələrin yazılması vərdişlərini mənimsətmək, ən əsası isə milli tariximiz, dilimiz, ədəbiyyatımız, folklorumuz, incəsənətimiz, memarlığımız, ümumilikdə mədəniyyətimiz haqqında daha ətraflı, elmi şəkildə bilik toplamalarına şərait yaratmaq da qarşıya qoyulan məqsədlər sırasındadır.

Cari tədris ilində AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan şəhərindəki müxtəlif tam orta məktəblərin 5 nəfər şagirdi həmin layihə əsasında elmi tədqiqat işinə cəlb olunub. Şagirdlər institutun müvafiq şöbələrindəki əməkdaşlar arasından seçdikləri elmi rəhbərlərinin köməkliyilə maraqlandıqları mövzular üzrə araşdırmalar aparıblar. Bu araşdırmalar əsasən dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq və onomastika üzrə aparılıb, sevindirici nəticələr qazanılıb.

İlk dəfə olaraq ötən tədris ilindən layihə çərçivəsində yeni bir sahə - sənətşünaslıq üzrə də tədqiqat mövzusu seçilib və aparılan araşdırmalar əsasında maraqlı nəticə əldə olunub. Bu tədris ilində isə İslam Səfərli adına Naxçıvan Şəhər 1 nömrəli Tam Orta Məktəbin XI sinif şagirdi, nitq mədəniyyətinə böyük marağı olan Canan Bəxtiyar qızı Səfərova, elmi rəhbəri olaraq bizim tövsiyəmizlə, "Natiqlik sənətinə yiyələnmənin əsas istiqamətləri" mövzusu üzərində kompleks araşdırmalar aparıb və yekun olaraq özünəməxsus məzmunda bir məqalə hazırlayıb. Həmin məqaləni oxuculara təqdim edirik.

Ələkbər Qasımov

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

(Əvvəli ötən sayımızda)

 

Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz edirlər. Məktəblərimizdə teleekranda səsləndirilən nitqdən, aktyor və ya diktor oxusundan xarakter parçaları lentə köçürülərək nitqin inkişafı məqsədilə aparılan məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli nitq nümunələri təhlil edilir, onların ədəbi dil, o cümlədən orfoepik tələffüz, intonasiya normalarının gözlənilməsi baxımından xüsusiyyətləri göstərilir. Belə vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiyyətli  dərəcədə kömək edir.

Çox təəssüf ki, teleradiolarda (xüsusən özəl kanallarda) çıxış edənlərin nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir. Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir. Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn: qabul, münasibat, avvam, məhşur, həmmişə, sanaye, təyyin, məsəlçin, hərkəsən, məylis, iksimiz, belənçik, nərazılıq, gorə, səyyari, haliyədə, məytəf, lahiyə, səhrəd və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun qüsurlu deyilməsindən irəli gəlir. Məsələn: şu'ra, si'pər, peda'qoq, mü'xtəlif, dü'nya, ope`ra, koma`ndir, nəzə'riyyə, o`rbit, psixolo'ji, sığo`rta, tempera`tur, i`yun, i`yul, ma'nevr, o'xu, da'ha, i'sim, si'fət, kame`ra, fo`ye, kre`dit və sair.

Efir nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqrafiyasından fərqli olan söz və qrammatik formaların yazılışı kimi deyilməsi və ya oxunmasıdır. Məsələn: yarpaqlar (yarpa[x]lar əvəzinə), vətəndən (vətənnən əvəzinə), alırlar (alıllar əvəzinə), qanlı (qannı əvəzinə), başlayır (başlıyır əvəzinə), alsa idi (alsaydı əvəzinə) və s. Bir sözlə, televiziya, eləcə də radio verilişlərində qüsursuz, təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin təəssüf ki, bu tələbə həmişə riayət olunmur. Belə verilişlərə dilimizi yaxşı bilənlər, nitq qabiliyyəti olanlar cəlb edilsə, yeni işə qəbul olunmuş aparıcılar isə xüsusi kurs, təlim məşğələləri keçdikdən sonra efirə buraxılsalar, daha məqsədəuyğun olar.

Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan efir nitqində qüsurlara yol verməmək üçün teleradio verilişləri tələffüz baxımından da ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin. Telekanalların dublyaj fəaliyyətində -  filmlərin, xususən də reklamların səsləndirilməsində orfoepiya qaydalarına, məntiqi vurğulara və tələffüz vurğularına ciddi əməl olunmalıdır.

Efir nitqindən başqa adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və sair.

İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf edib. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Bu il 100 illik yubileyini böyük coşqu və təntənə ilə qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin natiqlik istedadı hər bir azərbaycanlı üçün nümunədir.

Respublikamızın Prezidenti cənab İlham Əliyevin də müxtəlif tədbirlərdə, televiziyada ölkənin daxili və xarici vəziyyəti haqqında, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin ən dəyərli göstəricisi, etalonudur. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, bir neçə xarici dildə nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.

Gələcəkdə vəkil peşəsinə yiyələnmək arzusunda olduğum üçün araşdırmalarımda məhkəmə natiqliyilə də maraqlandım. Məhkəmə natiqliyi nitqin başqa bir formasıdır. Bura prokuror, vəkil, müttəhim, şahid və xalq hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digəri isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.

İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhliletməyə, sübutlara, faktlara, obyektivliyə, ədalətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir.

Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilib. Ölkə qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma Respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdi. Afinada Lisi, İsey, Siseron məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.

XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları, yazıçılar, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların və bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirdilər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfındən həmişə qiymətləndirilib, təqdir olunub.   

Vəkilin nitqi hakimin və prokurorun nitqindən özünəməxsusluğu ilə seçilir. Prokuror müttəhimi ittiham etməyə yönləndirilmiş sərt çıxışları ilə onun "Cinayət Məcəlləsi"nin müxtəlif maddələri əsasında cəzalandırılmasını tələb edir. Hakim isə məhkəmə prosesində gah prokurora, gah da vəkilə söz verməklə şahidləri dinləyərək onlara məqsədəmüvafiq suallarverir və nəhayət sonda məhkəmənin hökmünü oxuyur. Vəkil isə tamamilə fərqli nitq söyləməklə, humanist mövqedən çıxış edir və özünün araşdırmaları əsasında ortaya qoyduğu dəlil və sübutlarla müttəhimin cəzasını xeyli yüngülləşdirməyə, bəzi hallarda isə onun tamamilə günahsız olduğunu isbat etməyə nail olur.

Məhkəmə praktikasında belə natiqlər çox olub. Lakin təəssüf ki, onların natiqlik məharətilə bağlı heç bir şey yazılmayıb. Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə böyük ehtiyacı vardır. Bu gün universitetlərin hüquqşünaslıq fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.

Bunun üçün isə bu gün əksər fakültələrdə öyrədilən nitq mədəniyyəti fənni Azərbaycan dili və ədəbiyyatı müəllimləri tərəfindən deyil, şifahi nitqin mükəmməl mütəxəssisləri tərəfindən tədris olunmalıdır. Bu, mənim - bu günün orta məktəb məzununun, hüquq fakültəsinə daxil olub gələcəyin hüquqşünası peşəsilə yanaşı bəlağətli nitqə yiyələnmiş bir vəkil olmaq arzusu ilə yaşayan bir gəncin fikri və təklifidir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, oxucularla bölüşdüyüm bu araşdırmalarımı "Sabahın tədqiqatçıları" layihəsinə qoşulmaqla 2022-2023-cü tədris ili ərzində elmi rəhbərim - AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, səhnə danışığı üzrə mütəxəssis, təcrübəli pedaqoq  Ələkbər Qasımovun natiqlik sənətinin əsaslarına dair səmərəli məşğələləri və dəyərli tövsiyələri əsasında əldə etmişəm. Həmin məşğələlər nəticəsində artikulyasiya gimnastikasının, danışıq zamanı düzgün tənəffüsün, səsin qurulmasının, orfoepik nitqin incə mətləblərinə yiyələnmişəm. Məhz bunun üçün layihənin təşkilatçılarına, elmi rəhbərimə və tədqiqat işimi əks etdirən bu məqaləmin dərcinə görə "525-ci qəzet"ə dərin minnətdarlığımı bildirirəm.

Canan SƏFƏROVA,

İslam Səfərli adına Naxçıvan Şəhər 1 nömrəli Tam Orta Məktəbin XI sinif şagirdi

 

 





09.06.2023    çap et  çap et