525.Az

O və mən


 

ƏZİZ DOSTUM ƏLİ ŞAMİLİN 75 İLLİYİNƏ

O və mən<b style="color:red"></b>

Allah sevdiyi bəndələrinə mükafat olaraq gözəl dostlar bəxş edir. Mənə lütf etdiklərindən biri də Əli Şamildir. Əli bəy məndən yaşca 3 il, başca 30 il böyükdür. İlk dəfə ozamankı Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) tanış olmuşuq. Dərsləri eyni binada, eyni otaqlarda dinləyirdik, müəllimlərimizin əksəriyyəti də eyni adamlar idi. Ancaq o, bu məktəbə məndən bir il öncə - 1968-ci ildə qəbul olunmuş və təbii ki, oranı məndən bir il də tez - 1973-də bitirmişdi. O, filologiya fakültəsinin jurnalistika, mən isə filologiya ixtisası üzrə oxuyurduq. O, çalışqan bir tələbə kimi elmi işlərdə də fəallıq göstərirdi. 

1973-cü ilin 13 aprelində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Azərbaycan LKGİ MK və Tələbə Elmi İşləri üzrə Respublika Şurası ozamankı Neft-Kimya İnstitutunda ali məktəb tələbələrinin elmi işlərinə dair respublika konfransı keçirirdi. Mənim "Monqol və Azərbaycan dillərində ortaq sözlər" adlı məruzəm ikinci dərəcəli diploma layiq görülmüş, bu zaman ciddi haqsızlığa yol verilmişdi, çünki yığıncağı aparan ozamankı APİ-nin professoru Fərhadov, məncə, açıqdan-açığa tərəfkeşlik edərək birinci dərəcəli diplomu özünün rəhbəri olduğu tələbəsinin çox zəif işinə verdirmişdi, halbuki həmin diplom gerçəkdən mənə düşürdü. Mən müqayisə etdiyim iki dil arasında 600 ortaq söz müəyyənləşdirmişdim, halbuki o tələbənin məruzəsi kitablardan köçürülmə kurs işi səviyyəsində idi. Konfransın sonunda nəticələr elan olunduqda tələbələrin bir çoxu bu ağbədiyə haqsızlığa etiraz səsini ucaldaraq birinci dərəcəli diplomun gerçək yiyəsinin mən olduğumu bəyan etdi. Onların içərisində konfransda Əmin Abid haqqında məruzə oxumuş Əli Şamilov da vardı.   

Əli 1973-də universiteti başa vurub təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti, Naxçıvan MSSR Nazirlər Soveti və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində müxbir, mən isə 1974-də İsmayıllı rayonunun Topçu kəndində müəllim işləməyə göndərildik.

Mən Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasında oxumaq üçün 1978-in sonunda ailəmlə Bakıya gələndə Əli bəy hələ Naxçıvanda qalmışdısa da, əlaqəmiz tam kəsilməmişdi, Bakıya gələndə hərdən görüşürdük. Bir dəfə sevinclə mənə bildirdi ki, arxivdən Əmin Abidin Mirzə Ələkbər Sabir haqqında böyük bir əlyazma məqaləsini tapmışam. İndiyədək sabirşünasların diqqətindən qıraqda qalmış həmin yazını əski ərəb qrafikasından kirilə çevirib Əliyə verdim.

1986-1987-ci illərdə Elmlər Akademiyasının "Elm" qəzetinin redaktoru işlədiyim zaman o, bu qəzetlə də əməkdaşlıq edirdi. Mən ondan repressiya qurbanı Əmin Abid haqqında məqalə yazmağı xahiş etdim. Az sonra həmin məqaləni hazırlayaraq mənə təqdim etdi. Beləliklə, Əmin Abid haqqında Azərbaycan ədəbiyyatşünaslığında repressiyadan sonra yazılmış ilk məqalələrdən biri məhz onun qələmindən çıxdı və "Elm" qəzetində mənim təşəbbüsümlə dərc edildi (Əmin Abid mövzusu sonralar onun elmi yaradıcılığının ən önəmli istiqamətlərindən biri oldu).

1988-də Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Xalq Hərəkatı başlayarkən mən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışırdım. Sonradan öyrəndim ki, bu dönəmdə Əli bəy Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Şöbəsi Məclisinin və İdarə Heyətinin üzvü kimi Naxçıvanda Xalq Hərəkatının önəmli liderlərindən biri olub. Onun da təşəbbüsü və təşkilatçılığı ilə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı "Ağrıdağ", AXC Naxçıvan Vilayət Şöbəsinin orqanı "Varlıq" və "Günay" qəzetləri çıxmağa başlayıb.

O dönəmdə Naxçıvanda Xalq Hərəkatı özünün zirvə nöqtəsinə yüksəlmişdi. Moskvanın, şəxsən Sovetlər Birliyinin başçısı M.Qorbaçovun təzyiqlərinə baxmayaraq, Naxçıvan cəbhəçiləri təcavüzkar Ermənistanı cəzalandırmaq üçün Culfadan keçən dəmiryolunu bağlayaraq bu ölkəni iqtisadi blokadada saxlayırdılar. Moskvanın Azərbaycan xalqına qarşı olduqca ədalətsiz rəftarı və erməniləri birmənalı dəstəkləməsi onunla nəticələndi ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti 19 yanvar 1990-cı ildə - Qanlı Yanvarın başlandığı gün özünün fövqəladə sessiyasında Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyəti müzakirə edərək Muxtar Respublikanın SSRİ-dən çıxması haqqında qərar qəbul etdi.

Sənəddə deyilirdi:

"SSRİ Əsas Qanununun 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən, onun tərkib hissəsi olan Naxçıvan MSSR suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən;

Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciəti nəticəsiz qaldığından;

Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından;

Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan

Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:

1) Naxçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.

2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.

3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun.

4) Naxçıvan Respublikası ərazisində olan sovet qoşun hissələri respublikadan çıxarılsın.

5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.

6) Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsın.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri S. (Səkinə - müəl.) Əliyeva

Naxçıvan MSSR Ali Soveti

Rəyasət Heyətinin katibi H.(Həsən - müəl.) Xəlilov".

"Ə.Hüseynoğlu" imzalı müəllif (o, Əli Şamilovdan başqa kim olardı ki?!) "Şərq qapısı" qəzetinin iki il sonrakı - 19 yanvar 1992-ci il tarixli 8-ci sayında yazırdı:

"1990-cı il 19 yanvarında Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərarı da novruzgülünə bənzətmək olar. Bu tarixi qərar qəbul olunanda hələ Ukrayna kimi böyük bir ölkə susurdu. Demokratiyanın xalq hərəkatının bayraqdarı sayılan Litva, Latviya, Estoniya ayrılmaq, azadlığa qovuşmaq üçün məqam gözləyirdi...

[...] Yaponiyadan tutmuş Almaniyayadək, Fransadan tutmuş ABŞ-adək dünyanın onlarca ölkəsinin informasiya mənbələri Naxçıvanın SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul etdiyindən xəbər versə də, sovet informasiya vasitələri və sovet siyasətçiləri susdular. Bir neçə gün sonra sovet informasiya mənbələri kiçik və dolaşıq bir xəbər yaydılar: Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarını ləğv etmişdir. "Həmin qərarda nə deyilirdi?", "hansı əsasla onu ləğv etdilər?" sualları isə cavabsız qaldı.

Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı verilən günün səhərisi Naxçıvan şəhərindən 8 dildə radio verilişi efirə çıxdı, mətbuat üzərindən nəzarət götürüldü, "Şərq qapısı" qəzetinin 8 nömrəsi azad çap olundu. Naxçıvan Respublikası 8 gün müstəqil oldu. Bu az müddət xalqda öz gücünə inamı artırdı. İlin sonunda, noyabrın 17-də keçirilən sessiyada Naxçıvanın adına pərçimlənmiş "Sovet Sosialist" sözləri atıldı. Bir gecənin içərisində hökumət binaları üzərindəki qırmızı bayraqlar çıxarıldı, yerinə Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı sancıldı... Xalq azadlıq hərəkatında Naxçıvan Azərbaycanı irəliyə dartan bir qüvvə olduğunu bir daha sübüt etdi..."

Burada önəmli bir məqamı qeyd etmədən ötmək bəlkə də günah olardı. Naxçıvan MSSR AS fövqəladə sessiyasının həmin qərarından sonra onun təqdim edilməsi və respublikanın müstəqilliyinin tanıdılması məqsədi ilə sessiyada dərhal Türkiyə Cümhuriyyətinə göndəriləcək Eldar İbrahimov, Yadigar Babayev, Əli Şamilov və Aydın Qasımovdan ibarət, İran İslam Cümhuriyyətinə göndəriləcək Tahir Əliyev, Ramiz Axundov, Sahib Axundov, Kərbəlayı Muradəli və Qərib Allahverdiyevdən ibarət iki nümayəndə heyəti yaradılıb. Sovet DTK-sı birinci heyəti Türkiyəyə keçməyə qoymayıb və o, 20 yanvar saat 4.00-4.30 arasında Culfanın Yaycı kəndindən Arazı keçərək Cənubi Azərbaycana adlayıb. Çətinliklə Təbrizə çatan heyət Türkiyənin İrandakı hərbi attaşesi ilə görüşə bilib. İrana göndərilmiş heyət isə 25 yanvarda əliboş geri dönüb (Rəsmi vəzifəlilər, deputatlar Araz qırağından geri dönüblər ki, sərhədçilər bizə rəsmi icazə verməsələr, gedə bilmərik. AXC-dən olan, adları siyahıya düşməyən Sərdar Cəlaloğlu, Fəxrəddin Şeyxəliəsgərsoy, Abbas Əmiraslanov, Sultan Məhəmməd oğlu isə gecə Araz çayını üzüb keçsələr də, heç nəyə nail olmayıblar).

"Sovet Naxçıvanı" adı atılaraq "Şərq qapısı"na çevrilmiş yeni qəzet müstəqilliklə bağlı qərarı 40 min nüsxə tirajla dərc edib, Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verib.

27 yanvarda Naxçıvana Moskva və Bakıdan özəl dəstə göndərilib. O dəstə, qan tökmədən, ehtirasları yatırmağı bacarıb və həyat əvvəlki qaydasına düşüb. Naxçıvanın 8 günlük müstəqilliyi də tarixə beləcə qovuşub.

Bu gün xalqımız hər 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi böyük iftixarla qeyd edir. Kimsəyə gizli deyil ki, bu bayram öz qaynağını özəlliklə Naxçıvanda Sovet-İran sərhəd dirəklərinin sökülməsindən başlayıb. Sərhədlərin dağıdılması hərəkatının da ən dəqiq tarixçəsini yenə Əli Şamilovun "Şərq qapısı" qəzetindəki 31 dekabr 1991-ci il tarixli 252-ci sayında getmiş yazısından öyrənirik:

"AXC Naxçıvan Vilayət Şöbəsinin Məclisində Ramiz Tağıyev AXC Culfa rayon şöbəsinin sərhəd boyunda etiraz aksiyası keçirmək təşəbbüsündən söhbət açdı. Məclis üzvlərinin əksəriyyəti bu hərəkatın Naxçıvan MSSR-in hər yerində, yəni sərhəd boyu ? Sədərəkdən Ordubadadək keçirilməsi işini bəyəndilər və qəbul etdilər... Sonra sərhədə məşəllərlə çıxacağımız günün müəyyənləşdirilməsi müzakirə edildi. Mən təklif etdim ki, dekabrın 12-ini müəyyənləşdirək. Çünki həmin gün otaylı qardaşlarımızın yaddaşında S.C.Pişəvərinin başçılığı altında yaradılmış Milli Hökumətin ildönümüdür. Lakin Ramiz Tağıyev, Asəf Quluyev, Fəraməz Allahverdiyev buna qəti etiraz etdilər ki, yubatmaq lazım deyil. Arif Rəhimov ortaq variant təklif etdi: həm dekabrın 4-də, həm də 12-də sərhədə çıxaq. Beləliklə, dekabr ayının 4-də sərhəd boyu məşəllər yandırmaq haqqında qərar qəbul olundu. [...] Dekabrın 4-də Araz boyunda məşəl yandırma əməliyyatı yüksək səviyyədə keçdi... [...] Dekabrın 12-də keçirilən sərhəd aksiyasından sonra qəti qərarlaşdırıldı ki, Cənubi Azərbaycanla əlaqələr bərpa olunmasa, Araz kənarındakı 14 min hektara yaxın torpaq sahəsi əhalinin istifadəsinə verilməsi üçün tikanlı məftillər sökülsün. Bəs həmin aksiya nə vaxt keçirilsin? [...]

Sonra 31 dekabrın üzərində dayandıq. Belə mülahizə yürütdük ki, həmin gün hamı miladi təqvimi ilə yeni ili qarşılamağa hazırlaşır. Xristian dünyasının bayramıdır. Sovet rəhbərliyi həmin gün qan tökməyə cəhd göstərsə özlərini Avropada və bütövlükdə xristian dünyasında biabır edər. [...] Dekabrın 31-də isə saat 12-də naxçıvanlılar sərhəd dirəklərini sökməyə başladılar".

Burada onu da xatırlatmağa dəyər ki, Əli bəy 1991-1993-cü illərdə AXC-nin orqanı - "Azadlıq" qəzetinin zona müxbiri olub. 1989-1991-ci illərdə mən həmin qəzetin redaktor müavini, 1991-1992-ci illərdə isə baş müxbiri işləyirdim və təbii ki, bu zaman da onunla ünsiyyətimiz davam edib. 

Ə.Şamil 1993-dən Bakıya köçüb. Oktyabr ayından Azərbaycan Ensiklopediyasında çalışmağa başlayıb. Öncə "Uşaq Ensiklopediyası", sonra "Türk dünyasının məşhurları" qruplarına rəhbərlik edib. İlk vaxtlar yüksək qələmhaqqı verildiyindən, Ensklopediyanın çoxlu müəllifi vardı. Bir qədər sonra qonorar kəsilib və sovet ideologiyasında yazılmış məqalələrə ehtiyac qalmayıb. Artıq milli ruhlu məqalələr yazmaq lazım gəldiyindən sovet qafalı keçmiş müəlliflərin əksəri Ensiklopediyadan uzaqlaşıb. Elə bu zaman Əli məni də az qala zorla müəllif kimi Ensiklopediya ilə əməkdaşlığa cəlb etmişdi. Belə ki, 1998-də "Azərbaycan Ensiklopediyası" nəşriyyatı öncə ikimizin imzası altında 84 səhifəlik "Türk xalqlarının tanınmış adamları. Ensiklopedik məlumat kitabı. Sözlük. (Layihə)"ni nəşr etmişdi. Ədalət naminə deyim ki, həmin əsərin hazırlanmasında mənim əməyim cüzi olmuş, onun bütün ağırlığı Əlinin üzərinə düşmüşdü.

Daha sonra "Uşaq Ensiklopediyası"nın onun rəhbərliyi altında hazırlanmış və 1999-da artıq latın qrafikasında işıq üzü görmüş 3-cü cildində məhz Ə.Şamilin təkidi (əslində "təzyiq" sözü daha uyğun gəlir) ilə yazılmış 16 məqaləm ("Peçeneqlər", "Poloveslər", "Səlcuqlar", "Tatarlar", "Teleutlar", "Təkəlilər", "Tərəkəmələr", "Türklər", "Uyğurlar", "Xakaslar", "Xəzərlər", "Xələclər", "Hunlar", "Çuvaşlar", "Cığataylar", " Şorlar") əksini tapıb. Qonorar verə bilmədiyinə görə o, müəlliflərin zəhmətini Türkiyədən göndərilmiş kitablarla ödəməyə çalışırdı.

Elə Ensiklopediyada işləməyə başladığı zamandan onun Bakıda təhsil alan müxtəlif türk xalqlarının təmsilçiləri olan tələbə və aspirantlarla sıx ünsiyyəti yaranıb. Cəsarətlə deyə bilərəm ki, onun evi həmin tələbə və aspirantların ən isti yuvasına, Əzizə xanım onların qayğıkeş anasına, Əli bəy isə ən məhrəm himayədarına çevrilib.

1998-dən AMEA Folklor İnstitutunda da çalışan Ə.Şamil 2004-cü ildə tam ştatla Folklor İnstitutuna keçib. 2003-2007-ci illərdə onun təşəbbüsü və təşkilatçılığı ilə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adlı 5 Uluslararası Folklor konfransı keçirilib. Ozamankı Akademiya rəhbərliyində "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" şüarı qıcıq doğurduğundan bu tədbiri əngəlləməyə çalışıblar. Əli 6-cı konfransın Quzey Kıbrısda, 7-ci konfransın Tiflisdə keçirilməsinə nail olsa da, sonrasını davam etdirə bilməyib.

2007-ci ildən Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik ona tapşırılıb. Qısa zamanda xarici ölkələrlə, ilk növbədə qardaş türk xalqlarının yaşadığı bölgələrlə İnstitutun elmi əlaqələrinin qurulması və möhkəmləndirilməsi işində çox böyük işlər görmüş bu cəfakeş insanın təşəbbüsü ilə Folklor İnstitutu bir sıra ölkələrin elmi mərkəzləri ilə yüksək səviyyəli ortaq beynəlxalq məclislər təşkil edib.

Rusiya Elmlər Akademiyasının N.N.Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutu, Ö.Əliyev adına Qaraçay-Çərkəz Dövlət Universiteti, Qaraçay-Balkar Humanitar Araşdırmalar Elmi Mərkəzi bir çox dövlət və qeyri-dövlət qurumlarının dəstəyi ilə 5-10 oktyabr 2014-cü ildə Moskva şəhərində "Avrasiya xalqlarının tarixi-mədəni irsi" Forumu çərçivəsində "Qaraçay-balkar xalqının etnik mənşəyi, etnik və sosial-siyasi tarixi, dil və mədəniyyətinin mənşəyi" mövzusunda Beynəlxalq elmi-təcrübi simpozium təşkil etmişdi. Bu ali məclisə Rusiya Federasiyası, MDB ölkələri, Türkiyə, ABŞ, İngiltərə, Macarıstan, Gürcüstan və b. ölkələrdən çox nüfuzlu alimlər gəlmişdilər. Mən də dəvətlilər arasında idim. Məruzə mövzumun adı isə belə idi: "Qaraçay-balkar ədəbiyyatı və qaraçay-balkar yazıçıları Azərbaycan ədəbiyyatşünası və jurnalisti Əli Şamilin araşdırmalarında".

Məruzəmi hazırlayıb tanışlıq üçün özünə göndərdim. 18 noyabr 2014-də mənə belə bir cavab yazdı:

"Ədalət bəy, axşamın xeyirli olsun. Öncədən şərtləşmişdik ki, bu simpozium sənin Moskvaya getmən və orada arxivlərdə çalışman üçün önəmlidir. Məruzəyə o qədər də əhəmiyyət vermə. Böyük zəhmət çəkib geniş bir məruzə hazırlayıbsan. Ötəri gözdən keçirdim, bəzi faktları dəyişdim. İki yeri saraltdım ki, özün baxasan (mən 20 ölkədə 85 məruzə etmişəm). Bunlar xırda səhvlərdir və o qədər də əhəmiyyəti yoxdur.

Bu məruzələri hələ çap etdirməyəcəklər. Sonra çap etdirəndə diqqətlə oxuyub düzəldərik. Amma mən məruzənin belə başlanmasını istəməzdim. Simpozium böyük və əzəmətli olmalıdır. Sənin yerinə olsam, öncə qaraçay-malkar - Azərbaycan əlaqələrindən (dil, tarix, kültür birliyindən) danışar, Rusiya işğalından sonra hətta Sovet dövründə belə türk xalqları arasında əlaqələrin qırıldığını göstərərdim. Ondan sonra sovetlərin dağılmasına diqqəti yönəldərdim. Onu vurğulayardım ki, Sovetlər dağıldıqdan sonra yeni yaranmiş türk cümhuriyyətlərində bir milli oyanış başlayıb. Onların aydınlarının bir qismi öz tarixlərini, dillərini, ədəbiyyatlarını öyrənməyə can atmaqla yanaşı, əqrəba türk xalqlarını da öyrənib tanıtmaqla kifayətlənməyiblər; onlar əqrəba türk xalqları aydınlarının, sənətçilərinin Türkiyə, Avropa, Amerika və Afrikada keçirilən toplantılara qatılmalarına yardımçı olurlar. Türk xalqlarının ədəbiyyat, folklor və mədəniyyətini Azərbaycanda təbliğ edən, türksoylu xalqların aydınlarının bir araya gəlməsi üçün əlindən gələni əsirgəməyən insanlardan biri də Əli Şamildir.

Nə bilim, başlıca olaraq belə fikirlərə diqqət yönəlsin. Ən önəmli məsələ türk xalqlarının yaxınlaşması, birləşməsi uğrunda mübarizədir. Sənə güvənirəm. Əminəm ki, Moskva arxivlərindən çox önəmli faktlarla dönəcəksən".

Təbii ki, məruzəmi Əli bəyin tövsiyəsinə əsasən yenidən gözdən keçirdim və önəmli düzəlişlər apardım.

25 noyabra düşən iclasdakı məruzədə qeyd etdim ki, Əli Şamilin araşdırmalarındakı istiqamətlərdən biri də qaraçay-balkar ədəbiyyatı və yazıçılarının həyatıdır. Onun "Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı" (Bakı: "Nurlan", 2011, 412 səh.) kitabının "Qaraçay-malkar (balkar) türkləri ədəbiyyatının inkişaf yolu" adlı fəsli bu mövzuya həsr edilib. Qaraçay-malkar (balkar) ədəbiyyatı tarixinin XVIII yüzildən formalaşdığını iddia edən alimlərə etirazını bildirən müəllif Mikayıl Şəmsi Baştu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçə (13..-1396), Ağbilək Biyçə (13..-1396), Qoşayax Biyçə (XV-XVI yüzillər), Qaltur Semenov (XVIII yüzil) kimi söz ustalarının yaradıcılığına söykənərək, araşdırdığı ədəbiyyatın tarixinin IX yüzildən başladığını cəsarətlə söyləyib.

Bunu da qeyd etdim ki, Əli Şamil həm də jurnalistdir və yaxından əməkdaşlıqda bulunduğu Türkiyə Teleradio Verilişləri (TRT) xətti ilə 2010-2013-cü illərdə Kazim Meçiyev, İslam Kırımşamxalov, Appa Canıbəyov, İsmayıl Semenov, Ömər Əliyev, Qaspot Qoçqarov, Əhməd Sozayev, Kərim Otarov, Qaysın Quluyev və başqa qaraçay-balkar ədib və şairlərinin yaradıcılığını təbliğ edib və həmin verilişlər TRT-nin saytında yerləşdirilib.

Sevindirici haldır ki, simpozium iştirakçıları məruzəmi dərin maraqla dinlədilər. Özəlliklə qaraçay-balkarlar Əli Şamilin həm şəxsiyyəti, həm də yaradıcılığı ilə bağlı çoxlu suallar verdilər.

Türkiyənin Kastamonu Universiteti ilə Azərbaycanın Turizm və Menecment Universiteti iki ölkəmiz arasındakı münasibətləri çeşidli yönləriylə ələ almağı və bu çərçivədə iki uluslararası simpozium keçirməyi qərara almışdı. Onların ilki - I Millətlərarası Türkiyə-Azərbaycan münasibətləri simpoziumu Kastamonu Universitetinin ev sahibliyi ilə 12-14 may 2016-cı ildə Kastamonuda gerçəkləşdi. Məni o ali məclisdə iştiraka Əli Şamil razı salmışdı. Oraya gedəndə də, geri dönəndə də ayrılmaz yol yoldaşı olduq. Gecələdiyimiz tələbə yurdunda da bir otaqda qalırdıq. Həmin simpoziumda Əli "KGB arşivin'de Türkiye'den Azerbaycan'a davet edilmiş aydınlar hakkında belgeler", mən isə "Karakol Cemiyeti Azerbaycan'da" adlı məruzələrlə çıxış etdik. Bu simpoziumu dostumun mənə hədiyyəsi adlandırsam, yanılmaram.

10 iyun 2016-cı ildə Folklor İnstitutu AMEA-da I Turkoloji qurultayın 90 illiyinə həsr edilmiş  konfrans keçirdi. Onun başlıca təşkilatçılarından biri Əli Şamil idi. O, mənim də bu tədbirdə iştirakımı çox arzu edirdi. Bakıda 26 fevral-5 mart 1926-cı ildə keçirilmiş I Türkoloji qurultaya Türkiyədən nümayəndələrin gəlməsinin və beləliklə, Türkiyənin qurultayın işinə ideoloji təsirinin qarşısını mümkün qədər almaq üçün Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Birləşmiş Dövlət Siyasi İdarəsi ("OQPU"/"ZakÇeKa") 9 dekabr 1925-də bir neçə nəfəri həbs etmiş və bununla da Moskva Türkiyə diplomatlarını gərginlik altında saxlamışdı. Mən istintaq sənədləri əsasında həmin hadisənin incəliklərini üzə çıxaran məruzə hazırladım və onu "Türkoloji qurultayda Türkiyə qorxusu və "ÇK"nın "casus ovu" adı altında təqdim etdim.

2018-ci ildə "Elm və təhsil" nəşriyyatı Əzizə Şamil və Əli Şamilin 204 səhifəlik "Dissident sorağında (1956-1986)" adlı çox qiymətli kitabını nəşr edib. Əsərdə müəlliflər Azərbaycandakı 21 nəfər dissidentin hər biri haqqında geniş bilgi verib. Əbülfəz Elçibəy (1938-2000), qardaşım Nofəl Tahirzadə (1955-1978) və eloğlum Tofiq Vəndamlı (Tofiq Sultanəhməd oğlu Hüseynov) (1949-1977) haqqındakı oçerklərin yazılmasında Əli bəy mənim də yazı və materiallarımdan yararlanaraq onlara istinad edib. Doğrudur, Azərbaycanda repressiya mövzusunda xeyli çox dəyərli əsərlər ortaya qoyulub, ancaq Əzizə xanımla yoldaşı Əli bəyin qələmə aldığı bu kitab sırf dissident mövzusuna həsr edilmiş ən sanballı əsərdir.

Əminəm ki, bir çox kitab və məqalələrdə Əli Şamilin elmi və publisist yaradıcılığı, onun türk xalqlarının yaxınlığı və birliyi uğrunda illər boyunca apardığı mübarizəsi incəliklə öz əksini tapacaq, bu üzdən mən həmin mövzulara qəsdən toxunmadım və əsasən onun mənim elmi yaradıcılığımdakı rolu üzərində dayandım.

Çağdaş Azərbaycanın ən işıqlı və dəyərli aydınlarından biri olan 53 illik əziz dostum Əli Şamilə bundan sonra da uzun və sağlam ömür, xalqımız üçün çox faydalı elmi yaradıcılığında bitməz-tükənməz uğur sevincləri diləyirəm!

 

 





12.06.2023    çap et  çap et