525.Az

Sənət əbədi, həyat qısadır


 

Sənət əbədi, həyat qısadır<b style="color:red"></b>

İnsan olduğumuz üçün özümüzü hər kəsdən və hər şeydən üstün tuturuq. Hətta bir az da şişirdərək üzərimizə "ali varlıq" etiketi yapışdırıb gəzirik. Özümüzlə bağlı yaratdığımız miflərə bəzən elə inanırıq ki, gözümüz ayağımızın altını belə görmür. Halbuki insan ən aciz, ən çarəsiz, yalnız məxluqdur. Buna baxmayaraq, yenə də ölümlə bitəcək canımızı yerə-göyə sığışdırmırıq. Qururuq, yaradırıq, ərsəyə gətiririk, amma onların bizə nələr öyrədə biləcəyini belə çox vaxt görmürük. Eqomuz imkan vermir. Məsələn, bir şüşədən nələr öyrənə biləcəyimizi heç düşünmüşükmü? İçimizdən neçə nəfər şüşə qədər qərarlıdır? Neçəmiz gördüyü xoşagəlməzlik, sərt münasibət qarşısında istədiyi kimi cavab verə bilir? Hansımız məhv olmaq naminə də olsa, o anın tələb etdiyi kimi davranırıq?

Bir şüşəyə sərt şəkildə toxunursansa, çatlayır, sənə bu şəkildə etiraz edir, həddini bildirir, səni onunla incə rəftara məcbur edir. Vurursansa, qırılır, bunun ikinci dəfə təkrarlanmaması üçün səni özündən məhrum edir. Bu "addımı" özünü məhv etmək naminə atır. Yerə çırpırsansa, çilik-çilik olur, sonra peşman olub bərpa etmək fikrinə düşmə ehtimalını belə yox edir. Ancaq insan şüşə qədər cəsarətli deyil. Bir yerdən min dəfə vurulur, yenə də dözür. Parça-parça edilməyinə rəğmən, dik dayanır. Sərt davranılır, alçaldılır, təhqir edilir, əzilir, ayaqlar altına düşür, amma udur, həzm edir, dözür və yaşayır. Ona görə də, Cəmil Meriçin "Cam güzel, çünkü kalbi var, kırılıverir" sözlərinə haqq verməmək mümkün deyil.

"Cam" demişkən, İstanbulda möhtəşəm bir yer kəşf etmişəm: Beykoz Cam və büllur muzeyi. Beykozda - meşənin ətəyində, yüzlərlə ağacın ortasında, işım-işım işıldıyır. Bir tərəfdə dovşanlar qaçır, bir tərəfdə bütün ədası və gözəlliyi ilə tovuz quşları gəzir, quşlar cəh-cəh vurur, pişikləri günəş altında xoruldayır, itləri qapı önündə mırıldayır. Həyətində 117 nadir ağacı olan muzey Botanika bağı statusunu daşıyır. Fikrimcə, gülün gülü, bülbülün bülbülü çağırdığı o adı olmayan yer buradır.

 

Şüşə və billurat fabrik-i hümayunu

 

Ümumən 390 hektarlıq ərazinin hardasa üç min metrlik qapalı sahəsində, Türk şüşə sənətinin dünyaya tanıdılması məqsədi ilə qurulan muzeydə, Səlcuqludan Osmanlıya qədərki dönəmdən qalma 1500-dən çox əsər sərgilənir.

Muzey, adını Osmanlı dönəmində fəaliyyət göstərən "Şüşə və billurat fabrik-i hümayunu"dan alıb. Əslində almaz kimi parıldayan və bu dəqiqə kameralar və canlı qüvvə tərəfindən göz bəbəyi kimi qorunan bu yer vaxtı ilə tövlə olub. Sultan Abduləzizin vəzir təyin etdiyi Abraham Paşa tərəfindən inşa etdirilib. Paşa burada müxtəlif heyvanlar saxlayırdı. O vaxtdan günümüzə qədər gəlib çıxmağı bacaran bu tövlə, Milli saraylar tərəfindən  3 il davam edən restavrasiyadan sonra yenilənərək on altı ay əvvəl hazırkı görkəminə qovuşub.

 

Səlcuqludan Avropaya qədər...

 

Osmanlı sarayları üçün Avropada istehsal edilən əsərlərin də sərgiləndiyi muzey 12 tematik bölümdən ibarətdir. Muzeydə, 1237-1246-cı illərdə sərbəst üfürmə texnikası ilə ərsəyə gətirilən incə naxış və ulduzlarla dizayn edilən Qubadabad boşqabları diqqət çəkir. Təbii ki, ağıla Hipokratın "Ars longa vita brevis!"sözləri gəlir və həzin-həzin düşünürsən ki, həqiqətən də, "sənət əbədi, həyat qısa"dır.

Səlcuqlu dövlətinin Sultanı I Əlaəddin Keyqubad deyəndə ağıla mədəniyyət və kültür gəlir. Hakimiyyətdə olduğu dövrdə təkcə idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə deyil, eyni zamanda, inşa etdirdiyi və əksəriyyəti bu günə qədər gəlib çatan tikililərə, sənətə, sənətçiyə, memarlığa önəm verən şəxsiyyət olub. İnşa etdirdiyi və hələ də mövcud olan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhərdəki Qubadabad sarayıdır. Muzeydə sərgilənən bu boşqablar bir vaxt həmin saraylarda istifadə edildiyini bilməyin özü belə qəribə hisslər yaradır insanda.

Sultan II Qiyasəddin Keyxosrovun adına hazırlanan o dönəmdən qalma qablar da burada sərgilənir. Qubadabadda arxeoloji qazıntılar zamanı şüşə boşqabların demək olar ki, hamısı gün üzünə çıxarılıb, baxmayaraq ki, bəziləri ciddi zərər görüb. Hətta bu qabların üstündəki yazıda Sultanın adı və özünə sağlıq, səhhət diləyən yazılar da mövcuddur. Bütün bunlar həmin dönəmdə şüşə sənətinə əhəmiyyət və dəyər verildiyinə dair bir sənəd, fakt hesab edilir. Minə yaxın yerli, xarici əsərin var olduğu "Şüşə Əsərlər Kitabxanası"da bu mövzuda araşdırma aparmaq istəyən ziyarətçilərin xidmətindədir. Ətrafı gəzərkən əmin olursan ki, bura təbiətlə qucaqlaşmaq istəyənlərin yeridir.

 

Çeşm-i bülbül

 

Muzeydə sərgilənən əsərlərin maraqlı hekayələri var. Onlardan biri "Çeşm-i bülbül", yəni "Bülbülün gözü" əsəridir. Hələ o vaxtlar, sənətə düşkünlüyü ilə tanınan Osmanlı İmperatorluğunun 28-ci padşahı III Səlim şüşə sənətini öyrənməsi üçün Dərviş Mehmet Dədəni Venedikin tanınan və bu günün özündə belə şüşə sənəti ilə şöhrətini qoruyan Murano adasına göndərir. Geri qayıtdıqdan sonra Beykozda işləməyə başlayan Dərviş, öyrəndiklərini öz kültür və mədəniyyəti ilə dəmləyərək "Çeşm-i bülbül"ü ərsəyə gətirir. İstehsal əsnasında əyilərək burulan xətlərin çəkildiyi dizayn bülbül gözünə bənzədilir.

 

Saray süfrəsi

 

Muzeydə Memluk kandilləri, Osmanlı revzenleri, Avropa şüşələri, şüşə bağça, kristal pianino, mətbəxt əşyaları, ətir şüşələr, lalədanlar, mürəkkəb qabları kimi bir çox önəmli əsərin xaricində Sultan II Mahmudun Parisdə düzəldilən görkəmli faytonu da insanı valeh edir. Bu əsərlər ziyarətçiləri dövrlər arası bir gəzintiyə çıxardır. Birdə görürsən ki, gəzərək gəlib çıxmısan XIX əsrdə xüsusi dövlət adamlarını qarşılamaq üçün qurulan saray süfrəsinə. Bu qədər zövqlə, incəliklə, hər xırdalığına fikir verilən süfrəni görəndə heyranlığını gizlədə bilmirsən.

 

Gecikən metro xətti və Surnamə şüşələri

 

Bilənlər bilir, İstanbulda iki qitəni bir-birinə bağlayan Mərmərə metrosunun inşasında gecikmələr olmuşdu. Hətta metro xəttinin təhvili planlaşdırılan vaxtdan daha uzun sürmüşdü. Çünki iş aparılarkən yerin altında xeyli tarixi abidə qalıqları aşkarlanmışdı. Dərhal arxeoloji qazıntılar aparılmışdı. Həmin səs-küylü əsərlərə bu gün Beykoz Şüşə və billur muzeyində rast gəlirik. Tapıntılar burada "Surnamə şüşələri" adı altında sərgilənir.

Muzeyin diqqət çəkən əsərlərindən biri də qədəh formasında olan kandildir. Bursa İldırım Bəyazid türbəsindən Topqapı sarayının Xəzinə bölümünə gətirilən, şüşədən hazırlanan məmlük kandili artıq ziyarətçilərini Beykozda qəbul edir.

 

İşığla rənglərin rəqsi

 

Osmanlı memarlığında gips ilə şüşənin bir arada istifadə edildiyi "revzen" pəncərələrinə adətən böyük məscidlərdə rast gəlirik. İstifadə edilən şüşənin rənginə görə günəş işıqları məscidin içərisinə müxtəlif tonlar yansıdaraq içəridə fərqli mistik bir ab-hava yaradır. Həmin revzenləri muzeyə addım atan kimi görmək mümkündür. Memar Sinanın Ankarada inşa etdiyi ilk və tək əsəri Cənab-ı Əhməd Paşa məscidindəki revzen örnəkləri də burada sərgilənir.

Muzeydə gəzərkən sərgilənən hər parçanın bir qəlbi olduğuna əmin olursan. Haqlıdır Cəmil Meriçin: "Cam güzel, çünkü kalbi var, kırılıverir".

 

 





12.06.2023    çap et  çap et