525.Az

33 ildir yol gələn "Qarabağ"lı


 

33 ildir yol gələn "Qarabağ"lı<b style="color:red"></b>

Sərlövhəni oxuyanda onu tanıyanlar söhbətin kimdən getdiyini yəqin ki, o saat təxmin etdilər. Elə isə tanımayanlar üçün deyək: söhbət ötən əsrin 90-cı ilinin yayında dövlət tərəfindən ona göstərilən etimadı ləyaqətlə doğruldan, sıfırdan redaksiya quran, "Qarabağ" adında qəzeti yaradan Çingiz Tofiq oğlu İsmayılovdan gedir. Riyazi dillə desək, yaxşı insan teoreminin bütün çalarları onun əməllərində, arzularında, Vətən, yurd sevgisində, vətəndaş mövqeyində əks olunub.

Ağdamda, Tofiq kişinin yurdunda dünyaya göz açan, böyük türk sərkərdəsinin şərəfinə adı Çingiz qoyulan körpənin bəxtini və taleyini su kimi axan zaman öz əriş-arğacından keçirdi. Gəncliyində Bakı Dövlət Universitetində ali təhsil aldı, keçmiş Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində müəllim kimi fəaliyyət göstərdi. Bacarığını, savadını, işgüzarlığını nəzərə alaraq onu keçmiş vilayət rayon partiya komitəsində məsul işə dəvət etdilər. Münaqişə başlayana kimi Çingiz İsmayılov keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıların hüquqlarının qorunmasında öz köməyini əsirgəmədi, həmişə haqqın və haqlının tərəfində dayandı. Məlum hadisələrdən sonra bir müddət AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri işlədi, baş verən hadisələrin episentrindən xəbərlər  verdi, azərbaycanlı əhalinin üzləşdiyi faciələr haqqında məqalələr yazdı. 1990-cı ilin yayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə yeni təsis edilən "Qarabağ" qəzetinə baş redaktor təyin edildi.

Həmin təzadlı və təhlükəli bir məqamda "Qarabağ" qəzetinin nəşrə başlaması iyirminci əsrin sonlarında Azərbaycan mətbuatına yeni bir nəfəs, yeni bir yanaşma gətirdi. Keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin üç qəzeti olduğu halda orada yaşayan azərbaycanlıların öz doğma dilində qəzeti olmayıb. "Qarabağ" qəzeti qısa müddət ərzində həmin boşluğu layiqincə doldurdu. Mürəkkəb və ziddiyyətli bir dövrdə qəzet öz səhifələrində Qarabağın keşməkeşli tarixini, baş verən qanlı hadisələrin xronologiyasını yazır, ermənilərin törətdiyi cinayətlərin miqyasını araşdırır, oxuculara çatdırırdı.

Çingiz İsmayılovun rəhbərliyi ilə "Qarabağ" qəzeti bir çox faciələrin şahidi oldu, bölgədə gedən prosesləri öz səhifələrində doğru-dürüst şəkildə işıqlandırdı, öz mövqeyini ortalığa qoydu. Qəzet ermənilərin azərbaycanlılara qarşı törətdiyi Qaradağlı, Xocalı faciələrindən, 21 noyabr helikopter cinayətindən, Ağdaban qətliamından və I Qarabağ müharibəsinin od-alovundan keçdi. Çingiz müəllim və qəzetin əməkdaşları Xocalı faciəsində Şelli dağından, Qaraqayadan erməni canilərdən qurtulan yaralı xocalılıları Ağdam mərkəzi xəstəxanasına daşıdılar, köməksiz insanların harayına yetişdilər.

"Qarabağ" yeganə qəzetdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciəni 27 fevral sayında soyqırımı adı ilə oxuculara çatdırdı. Sözün əsl  mənasında, o ağır günlərdə "Qarabağ" qəzetinin səhifələri də qan ağlayırdı.

Çingiz müəllim açıq düşüncəli, polemikaya hazır olan, demokratik dəyərlərə üstünlük verən baş redaktordur. "Qarabağ" qəzetini yaşatmaq üçün 33 ildir gəldiyi yol heç də hamar olmayıb, adını daşıdığı bölgənin taleyi ilə birgə döyünüb. "Qarabağ" qəzeti çox ağır və şərəfli bir yol keçib, maliyyə çatışmazlığı üzündən nəşrini dayandırmaq zorunda qalıb, əməkdaşlar aylarla əməkhaqqı ala bilməyib. Bax həmin ağır illərdə qəzetin baş redaktoru Çingiz Tofiqoğlu var qüvvəsi ilə çalışaraq sadiq dostlarının köməyi, xeyirxah, böyük insanların himayədarlığı ilə "Qarabağ" qəzetini yaşadıb. Qəzeti ölüm ayağından xilas edənlərə bu gün də minnətdarlıq borcumuz var.

Bir yaşımızı, Şuşada, İsa bulağında qeyd etmişdik. 1991-ci il iyul ayının 1-də Şuşaya getmək çox təhlükəli idi, demək olar ki, hər gün qanlı hadisələr baş verirdi. Belə ağır bir təhlükəyə baxmayaraq, qəzetin baş redaktoru Çingiz Tofiqoğlu "Qarabağ"ın bir yaşını Şuşada keçirməyə qərar verdi. "Qarabağ"ın 10 və 20 yaşı isə məcburi köçkünlük illərinə düşdü, sevincimiz həsrətimizə qovuşdu, yurdsuzluq ağrısı ilə əlamətdar günü qeyd etdik. 30 yaşımız isə dünyanı cənginə alan koronavirus pandemiyasının can aldığı bir vaxta təsadüf etdi.

"Qarabağ" həmişə öz oxucularına aşılayırdı ki, torpaqlarımız mütləq işğalçılardan azad ediləcək, doğma yurd yerlərinə qayıdacağıq. Və həmin tarixi gün gəldi, 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıldı. Artıq iki ildən çoxdur ki, Vətən müharibəsindəki möhtəşəm Qələbənin və şanlı Zəfərin xoşbəxt günlərini yaşayırıq. "Qarabağ" qəzetinin əməkdaşları möhtərəm Prezidentimiz cənab İlham Əliyevə - küskün qəlbimizi, həyatımızı və gələcək arzularımızı fədakar fəaliyyəti ilə  dəyişən, uzun illər boyu işğal altında qalan torpaqlarımızı düşmən işğalından qurtaran, biz qarabağlılara bütöv bir dünya bəxş edən müzəffər Ali Baş Komandana güvənir. Bizim sabaha inamımız çox güclüdür. Bu inamı bizdə Prezidentimiz cənab İlham Əliyev yaradıb. Bu inam bizə ruh verir və inanırıq ki, "Qarabağ" bir gün mütləq Qarabağa qayıdacaq! Elə bu arzularla da 33 ildir yol gələn "Qarabağ"lı Çingiz İsmayılovun ad günün təbrik edir, uca yaradandan ona cansağlığı diləyirik.

 

 





12.06.2023    çap et  çap et