525.Az

Səudiyyə Ərəbistanı biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb


 

Səudiyyə Ərəbistanı biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb<b style="color:red"></b>

Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün Şuranın həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

525.az xəbər verir ki, səfər çərçivəsində Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov, maliyyə naziri Samir Şərifov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşlər keçirib.

O. Məmmədov və Ə. Dakhil arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişafına maraq ifadə olunub, İşgüzar Şura çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri özünün tviter hesabında yazıb ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası və Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində potensial layihələrin təqdimatları ilə İnvestisiya Dəyirmi Masa keçirilib. O qeyd edib ki, onlar əməkdaşlığı daha da genişləndirməyi səbirsizliklə gözləyirlər.

Bundan başqa, Ə.Dakhilin rəhbərlik etdiyi nümayəndə heyətini maliyyə naziri Samir Şərifov qəbul edib.

S. Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış Birgə İşgüzar Şuranın işini təqdir edib və Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verən S. Şərifov Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrini bu işlərdə, həmçinin ölkəmizə investisiya yatırılmasında fəal iştirak etməyə dəvət edib.

Şuşaya səfəri barədə təəssüratlarını bölüşən Əli Əl Dakhil qısa müddət ərzində görülən işlərin şahidi olduğunu, işğaldan azad edilmiş ərazilərin böyük enerji potensialına və geniş münbit torpaq ərazilərinə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin, həmçinin qarşılıqlı investisiyaların həcminin artırılması üçün geniş imkanlar olduğunu qeyd edib.

Həmçinin səfər çərçivəsində Ə. Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti kənd təsərrüfatı naziri Məcnun Məmmədovla da görüş keçirib.

M. Məmmədov Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanlarını dəyərləndirən tərəflər kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi məsələlərinə toxunublar. Azərbaycanın meyvə-tərəvəz məhsullarının Səudiyyə Ərəbistanı bazarına ixracı imkanlarını dəyərləndirən iştirakçılar bildiriblər ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin keçirdiyi bütün görüşlərdə Orxan Məmmədov da iştirak edib.

Səudiyyə Ərəbistanı biznes nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

 





13.06.2023    çap et  çap et