525.Az

Tofiq Abdini yad edərkən... - Allahverdi Eminov yazır


 

Tofiq Abdini yad edərkən... - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Tofiq Abdinlə - mərhum şairlə bir kənddənik (Salyan rayonu, Qırmızıkənd), həmyaşıdıq (1941), eyni məktəb-də oxumuşuq. Şagird ikən də o, konkret, sözü üzə deyən, iradəsindən dönməyən, bəzən sərt təsiri oyadan idi. Ona ürəyinə yatmayan, ağlına batmayan işi aşılamaq, təşviq etmək mümkünsüz cəhd olardı. Bu keyfiyyətlər traktorçu atası Məhərrəm kişidən keçmişdi. Analarımız rəfiqəydi. Atam Məhərrəm kişinin kolxoz iclaslarında sərt tənqidini nümunə gətirirdi... Tofiq orta məktəbdə oxuyarkən məqalələr yazırdı, yerli (Salyan) "Sosializm yolu", "Azərbaycan gəncləri" qəzetlərində müntəzəm çıxış edirdi. Tofiq Abdin əvvəllər jurnalist peşəsini seçmişdi, dərin həvəsi vardı, lakin cəhdləri uğursuz alınırdı. Amma yazı-pozusundan ayrılmırdı və qəzetlərdə satirik şeirləri çap olunurdu. Onda yumor hissi alınırdı, axı, dönməz, ötkəm xarakterliydi. T.Abdin təhsildən ayrılmadan Bakı Kamvol Fabrikində işləyirdi. Çox erkən oyanır, həyat onun əzilən, haqqını almayan adamlarını dərindən müşahidə etməsinə sanki bir vasitə olurdu. Şənbə günləri biz qırmızıkəndlilər şagird yoldaşımız tələbə Əkbər Cavadovun Sovetski məhəlləsində Qamelya küçəsində kirayədə qaldığı evə yığışardıq. O, belə yerlərdə şeir oxumurdu, şeirin söylənmə məkanına ciddi yanaşırdı. Xatırlayıram: həmin küçə ilə üzbəüz Cəfər Cabbarlı Kitabxanası vardı (indi də fəaliyyət göstərir), bazar günlərinin birində şairlərdən Rüfət Əhmədzadə, İlyas Tapdıq, Rüfət Zəbioğlu-Axundov, Rəfiq Zəka ilə görüş vardı. Tofiqi onlar gənc şair kimi tanıyırdılar. Nə qədər təkid etsələr də, Tofiq Abdin bir şeir belə oxumadı.

Tofiq Abdin işgüzar yazardı, müxtəlif qəzetlərdə apardığı ədəbi rubrikalarda yeni imzalar axtarıb çap edirdi. Söhbət düşəndə görkəmli ziyalılarımız Aqil Abbas ("Ədalət" qəzeti) və Rəşad Məciddən ("525-ci qəzet") razılıq edirdi ki, onun ədəbi zövqünə toxunmurlar və qonorar əsirgəmirlər.

Poeziyaya münasibətinə gəlincə, hələ ötən əsrin 60-70-ci illərində "sərbəst şeir" öz qiymətini alanda (bu məqamda böyük şairimiz Rəsul Rzanı xatırlamamaq günah olardı) Tofiq də belə bir ovqatı seçdi, maraqlı şeirlər yazdı. Onunla, eləcə də mənimlə bir mühitdə İsa İsmayılzadə, Camal Yusifzadə, Ələkbər Salahzadə, Mövlud Süleymanlı, Şəmşad Rza, Seyran Səxavət görünürdü, ilk kitabları işıq üzü görmüşdü. Tofiq Abdin artıq "Qobustan" toplusunda çalışırdı və milli oyanışın ilk sədası kimi onun baş redaktoru Anarın - böyük yazıçımızın gənclərə qayğısını xatırlamağı özümə borc bildim. Məhz belə bir ədəbi və sosial ab-havada Tofiq Abdin də püxtələşdi. Bəzən hər şeyi istedadla yekunlaşdırırlar, heç kəs bu dəyəri inkar etmir, lakin ədəbiyyat və elm üçün sağlam, dinamik obyektiv mühitin rolu misilsizdir: şair şairin, alim alimin yanında pərvazlanar. Bəlkə də Robinzon Kruzoda şairlik istedadı varmış, lakin tənhalığı seçdi. O illərdə Tofiq Abdinin "Etüd" kitabı gənc şair və publisistin uğuru kimi qiymətləndirildi. Xatırlayıram: gözəl yazıçımız, gənclik dostum Məmməd Oruc "Azərbaycan gəncləri" qəzetində "Etüd" haqqında maraqlı resenziyasını çap etdirdi, kitabın qiymətini verdi.

lll

Budur, Tofiq Abdinin "Etüd", "Nəğməli gecələr", "Ata sevgisi", "Sahilsiz dünya", "Bəlkə bir də görüşdük" şeirlər kitabları qarşımdadır, vərəqləyirəm. Onun məxsusi poetik düşüncələri misralardan boylanır, qulaqlarımda səslənir...

Mən çox-çox illər öncədən inanırdım: Qırmızıkənddə bir şair  böyüyür. Elə oldu, Tofiq universitetə girə bilmədi - jurnalistika fakultəsinə, amma İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil oldu, Universitetin daşını atdı, səbəbini soruşdum, cavabı belə oldu: "Mən prinsipcə Universitetə girməliydim, sübut etməliydim ki, mən jurnalist ola bilərəm, teatrşünaslıq isə arzumdu".

Tofiq Abdin kirayənişini olduğu kiçik otaq o illərin təzə yazarlarından Abbas Abdulla (Acalov), Ələkbər Salahzadə, İsa İsmayılzadə, Əşrəf İbrahimov, Mövlud Süleymanlı, Əşrəf Şəfiyev və başqalarını birləşdirirdi, nəcib mübahisələrin mərkəzinə çevirirdi, inciklər olsa da, ortada səmimiyyət vardı.

Yazar adam öz əsərlərinə səpələnir, bütöv şəkildə görünmür, cizgilərdə müəllifin surəti yaşayır, bəs xarakteri necə? Onu "quraşdırmaq" mümkün şeydir, lakin ən doğrusu budur ki, yazarı şəxsən tanıyasan, az-çox başa düşəsən. Tofiq Abdin çox çap olunmaya meyil göstərməzdi, amma bu, o demək deyildi ki, az yazırdı, xeyr! Az vərəq korlamırdı, qələmi işləyirdi, məsələ ondadır, bəyənmədiyini saxlamırdı, cırıb atırdı. Elə şeiri üzə çıxarırdı ki, öz həmyaşıdları, şair dostları oxuyanda utanmasın, hələ oxucusu bir yana. O qədər təvazökardı, adını çəkdiyim şairlərin yanında özünü "şair" hesab etmirdi, halbuki Tofiq Abdin "Kimsəsiz ağaclar", "Əgər bu yaşımda ölsəm",  "Bilsəm ki", "Kimə nə dəxli var ömrümün", "Gəlin tanış olaq. Tofiq Abdinəm" şeirlərini, "Atama məktublar" poemasını qələmə almışdı. Son adını çəkdiyim şeirində oxuyuruq:

 

Döydüm bir qapını, dedim ki, mənəm,

Gəlin tanış olaq: Tofiq Abdinəm.

Bəzən qoymadılar danışam, dinəm -

Gəlin tanış olaq: Tofiq Abdinəm.

Köhnə tanışlarçün mənki dünənəm.

Bu gözəl dünyadan köçüb gedənəm -

Gəlin tanış olaq: Tofiq Abdinəm.

 

Poeziya yeganə yaradıcılıq aləmidir - onun poetik övladı şairin bətnində təsadüfən duyumun varsa doğulmağının peşimançılığını çəkmir. Bu baxımdan məşhur yazıçı Jorj Simenonun dediyi sözlərlə razılaşmağa dəyər: "Ümumiyyətlə, yazıçını, rəssamı ölümündən 20-30 il sonra düzgün qiymətləndirmək mümkündür. Mən bilirəm ki, əsərlərimin gələcəyi yoxdur. Mən yalnız bir günün yazıçısıyam və bu, məni qane edir!" Şübhə yoxdur ki, özündən sonra gələn ədəbi qüvvələrə maneçilik törədən bu dahiyanə qənaətlə tanış deyillər və bir həqiqətlə razılaşarlar ki, cari ruhlu - ilhamsız əsərlər yazıb çap etdirsinlər. Tofiq Abdin nəsli isə heç vaxt bu yolu seçmədi. Mən onların poeziyasını suya çəkmək istəmirəm, zəif şeirlər də yazıblar. Ancaq onlar istedadlarının təəssübünü çəkiblər, sözün gücünə çiyinlərini qoyublar.

Tofiq Abdin poeziyada öz dəsti-xətti olan şairdir, onun yaradıcılığı barədə tutarlı tədqiqatçı sözünə ehtiyac var. Amma özümüzə qarşı olan laqeydlik, qısqanclıq imkan vermir, sanballı məqalə ilə yeni nəslə çatdırasan. Bəlkə kimsə qoymur? Xeyr, məsələ ondadır, o qədər laqeydləşmişik, fikrimizi cəmləşdirib sözümüzü tərəddüdsüz söyləyə bilmirik.

Şair Tofiq Abdinin elə şeirləri var, onunla üzbəüz dayanıram, mənimlə söhbətdə misralar səslənir. Şeir şairin həyatla, insanla, adi cansız əşya ilə ünsiyyətində, təmasında doğulur və misralara hopur. "Şəhərdə gecə", "Tələbəlik illərindən cizgilər", "Yaşayırdım öz dünyamda" şeirlərindəki poetik ovqat təbii, isti olduğu üçün sanki şairin hisslərini mən də yaşamışam. Xüsusilə, "Yaş qırxı adlayanda" silsiləli şeirlər Tofiq Abdinin qəlbinin istəyilə yazan şair olduğunu təsdiqləyir. "Yaşayıram öz dünyamda", "Kimə nə dəxli var mənim ömrümün?", "Aman bu çaydan keçən!", "Əgər bu yaşımda ölməsəm" kimi şeirlər mükəmməl fikirlə poetik duyumun əriş-arğacında hasilə gəliblər. Sonuncu şeiri 27 yaşında (1968) qələmə alıb. Dahi rus şairi Lermontov bu yaşda "O an", "Sən ölən gün", "Bir yelkən ağarır" şeirlərini qələmə almışdı. O vaxt Tofiqin yaşı Lermontovun yaşı ilə üst-üstə düşmüşdü. Hər bir şair istərdi o yaşda dahi olub zirvəyə qalxsın.

               

Bu yaşda həyatımdan

Dördəlli yapışmışam.

Mənə elə gəlir ki,

Sənə görə

Bu yaşda ölümlə çarpışıram -

 

inadında haqlı idi o.

Tofiq Abdin həm də gözəl publisist idi, ilk kitabı "Etüd"də bunu aydınca görürük. O, həvəslə unudulmuş sənət xadimlərimizin ömür yolunun izinə düşmüş, araşdırmış, maraqlı oçerklər yazmışdı. Tofiqin uzun illər yaradıcılıq fəaliyyəti "Qobustan" toplusu ilə bağlı oldu. İyirmi ildən artıq sədaqətlə çalışdığı "Qobustan" onun formalaşmasında xeyli rol oynadı.

Bir vaxt "Qobustan" jurnalı redaksiyasına tez-tez baş çəkərdim, təbii ki, səbəbkar Tofiq Abdindi. Orada Vidadi Paşayev, Vaqif Nəsib, Yusif Əliyev, Azər Ab-dulla, Sərvər Məmmədov çalışırdılar, yaradıcı mühit, səmimi mehribanlıq vardı.

Tofiq Abdin həyata güclü bağlı idi, istəmirdi kimsə bu həyatı vaxtsız tərk etsin, insanları, xüsusilə, cavanları ehtiyatlı olmağa çağırırdı və yazmışdı:

 

Ehtiyatlı olun,

ehtiyatlı olun.

Küçələri keçərkən,

adamlarla danışarkən

Ay iyirmi yeddi yaşlılar...

 

Vəfatından sonra qələm dostları onu tez-tez xatırladılar mətbuat səhifələrində. Şair Əbülfət Mədətoğlu, Azər Abdulla, Qulu Ağsəs, Nəriman Əbdülrəhmanlı... Əbülfərin həzin düşüncələri: "Namərd dünya, apardın Töfiq Abdini, özü də Novruzun ilk çərşənbəsində. Torpağın diksinən vaxtı qucaqladın, basdın bağrına onu". Azər Abdulla: "Əlli iki il yaxından tanıdığım Tofiq Abdin, doğmalar, tanışlar arasında bu dünyaya hamıdan, hər kəsdən çox bağlı deyimi, yerişi, səsi, açıq-saçıqlığınacan kimsəyə bənzəməyən, azad, demokratik düşüncəli... ötən yüz ilin 60-70-ci illərində Azərbaycan jurnalistikasına yeni nəfəs, cəsarət gətirmiş yazar". Qulu Ağsəs: "Biz Tofiq Abdinlə birlikdə işlədik, özü də "Ulduz" dərgisində. "Adlerdə bir körpü var" əsərinin bütöv, redaktəsiz variantını mənə təqdim elədi..." N.Əbdülrəhmanlı: "İşıqlı bir insanı - bənzərsiz Tofiq Abdini itirdik. Məkanın cənnət olsun, Tofiq bəy!"

Tofiq Abdin bir gün şeir yazmışdı, adı beləydi: "Yaşardım öz dünyamda". Bəzi misraları yadımdadır:

 

Mən bir dəlisov oğlandım,

Atalı-analı kiçik dünyada.

Yaşardım ömrümün sərbəstliyində,

Yaşardım hissimin sərbəstliyində...

 

Bu gün Tofiq Abdin həyatda yoxdur, dünyamızdan çoxdan köçüb. Bizə qalan onunla bağlı xatirələr, bir də gözəl əsərləridir.

 





13.06.2023    çap et  çap et