525.Az

Müasir çağırışlar: qarşıda duran vəzifələr - Səyyad Aran yazır


 

Müasir çağırışlar: qarşıda duran vəzifələr - <b style="color:red"> Səyyad Aran yazır</b>

Çağımızda din sahəsində istər dövlətin, istərsə də cəmiyyətin qarşısında duran ən ümdə vəzifələrdən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif inanc və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fundamentalizm, terror, məzhəbçilik, xurafat, cəhalət, radikalizm, fanatizm və dindən siyasi məqsədlərlə istifadə meylləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar.

İstər uzaq, istərsə də yaxın keçmişə nəzər salsaq görərik ki, müxtəlif dinlərə və məzhəblərə etiqad edən insanlar arasında baş vermiş qanlı münaqişələr məhz yuxarıda qeyd etdiyimiz səbəblər üzündən baş verib. Bu gün təəssüf ki, dünyanın bir sıra ölkələrində dözümsüzlük, fundamentalizm, terror, məzhəbçilik, xurafat, cəhalət, radikalizm, fanatizm və dindən siyasi məqsədlərlə istifadə İslamla eyniləşdirilmiş, bu üzdən bəzi dairələr tərəfindən dinimizə cəhalət, fanatizm, radikalizm səbəbi kimi baxılmaqdadır. Halbuki qeyd edilənlərin tam əksinə olaraq İslam adından da anlaşılı din sülh, gözəl əxlaq, ən xoş sözlərlə öyüd, nəsihət, mötədillik və elm dinidir.

Ümumiyyətlə, dinimizi araşdıranlar yaxşı bilirlər ki, İslam sülhü, əmin-amanlığı, ətrafla mötədil - mülayim, yumşaq, aşırılığa varılmadan davranmağı təbliğ edir. "İslam" kəlməsinin bir mənası məhz sülhdür. Bu kəlmə elə öz özlüyündə sülhün carçısıdr. Sülh dininin radikalizm, o cümlədən, terrorla necə əlaqəsi ola bilər? Bu baxımdan dinimizin qətllə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Qurani-Kərimdə bir insanın öldürülməsi bütün bəşəriyyətin məhvi ilə müqayisə olunub: "...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur..." (Maidə, 32).

Bu gün həyatda yol verdiyimiz yanlışlıq və Rəbbimizin buyuruqlarından kənarlaşmağımız üzündən çətinlik və problemlərlə qarşılaşmaqdayıq. İslam dünyasında da baş verən bugünkü təlatümlərin bir qismi məhz sözügedən səbəblərdən qaynaqlanıb. Uca Rəbbimiz İslamın əsas istinad mənbəyi sayılan Qurani-Kərimin bir ayəsində isə müsəlmanların mötədil ümmət kimi var edilməsinə diqqət çəkib: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (mötədil, ədalətli) bir ümmət etdik ki, (qiyamət günü) siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun..." (əl-Bəqərə, 143).

Bəhs etdiyimiz ayələrdən, eləcə də Həzrət Məhəmmədin (s) yaşam tərzindən də anlaşıldığı kimi, İslam mülayimlik, ölçülülük, balanslılıq - bir sözlə, mötədillik dinidir. Bu baxımdan söz və davranışlarımız mötədilliyin mülayimlik, ölçülülük, balanslılıq prinsiplərinə uyğun olmalı, ifrat və təfrid arasında balansı qorumalı, əsla həddi aşmamalıyıq. Allah-Təala Quranın bir neçə ayəsində müxtəlif məsələlərdə, o cümlədən də, dini mövzüda həddi aşmamaqla bağlı bizlərə xəbərdarlıq edib. Həmin ayələrin birində belə buyurulur: "Ey kitab əhli! Öz dininizdə həddi aşmayın!" (Nisa, 4).

İfrat və təfrid arasında həddi gözləyərək balansı saxlamağı bacaran şəxs İslamı ən yaxşı anlamış kamil iman sahibidir. Peyğəmbərimiz (s) də məsələ ilə bağlı hədislərinin birində bizlərə xitab edərək buyurub: "Ey İnsanlar! Dində ifrata getməkdən çəkinin. Çünki sizdən əvvəlkiləri dində ifrata varmaq həlak etmişdir (İM 3029 İbn Macə, Mənasik, 63, N 3059 Nəsai, Mənasikul-həcc, 217).

İslama görə, elm öyrənmək ən vacib əməllərdəndir və bu zəruri məşğuliyyət sahəsi VII əsrdən başlayaraq getdikcə genişlənən boşluğu doldurmağa başlamışdı. Həmin dövrdə Mesopotamiya, Misir, Yunan və Roma mədəniyyətlərinin təsiri azalmışdı. Hindistanın mədəni nüfuzu və təsir dairəsi isə demək olar ki, yox olmuşdu. Həmin dövrdə Çin mədəniyyəti İslamın yaranmasından on il sonra, Tanq sülaləsi dövründə parlamışdı. İslama qədər Çinin təsiri yalnız qonşuları ilə məhdudlaşırdı. Xüsusən, orta əsrlərdə Abbasilər tərəfindən Bağdadda qurulan "Beytül-Hikmə" adlı tərcümə və araşdırma mərkəzi tərəfindən çağımızdakı müasir elmlərin, xüsusən dəqiq elmlərin əsası qoyulmuşdu. İslamın "Qızıl Çağı" adlanan həmin dövrlərdə İslam mədəniyyəti dünya elm və düşüncəsinə meydan oxumaq dərəcəsinə gəlib çatmışdı.

Avropada isə elm və mədəniyyət sahəsində qeyri-müəyyənlik hökm sürürdü. Xristian dini elmi tərəqqinin və inkişafın qarşısında dayanan əsas maneə idi. Qitənin qaranlıq dövrləri boyunca İslamın coğrafi cəhətdən böyüməsi isə intellektual və mədəni inkişafla ahəng təşkil edirdi. Görkəmli alman şərqşünası Frans Rozentalın "Elmin zəfəri" adlı kitabında açıq şəkildə ifadə etdiyi kimi, öyrənmə və öyrətmə İslamla vəhdət yaratmışdı.

Qurani-Kərimdə təqribən 750 yerdə elm kökündən törəyən sözlər mövcuddur. Qurani-Kərimdə elmin hər növü təriflənmiş, bilənlərlə bilməyənlərin bir ola bilməyəcəyi açıqca ifadə edilib, ancaq ağıl sahiblərinin ibrət alacaqlarına diqqət çəkilib: "Heç bilənlərlə bilməyənlər bir olarmı? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar" (əz-Zümər, 9).

İslam elmin, alimin və elm yolçusunun da dəyərini yüksəldib. Qurani-Kərimdə "Allah içinizdən iman edənlərlə özlərinə elm verilənlərin dəyərini yüksəldər" (əl-Mücadələ, 15) deyə buyrulur.

Elmin anlamı, əhəmiyyəti və funksiyası hədislərdə də vurğulanıb. İslam ümmətinin qəbul etdiyi dəyərlər sisteminin davamlılığı elmə bağlı olduğu üçün Həzrət Peyğəmbər (s) də elmi uca tutub və təşviq etmiş, elmin nafilə ibadətdən daha üstün olduğunu söyləyib, elm öyrənmək istər kişi, istərsə də qadınlara vacib buyurulub.

Müsəlmanlar elm sahəsində bir çox yenilik və kəşflərə imza atıb, VIII-XIII əsrlərdə İslam mədəniyyətinin yüksəliş dövrü başlayıb.

Onlar cəbr  (ərəbcə "əlcəbr" - hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu, dahiyanə fərziyyə hesab olunurdu.

Müsəlman səyyahlar Hindistan və Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın içərilərinədək gedib çıxmışdılar. İslam dünyasında təbabət də uğurla inkişaf edirdi. İbn Sina (980-1037) dünyada təbib kimi böyük şöhrət qazanmışdı. Onun yüzdən çox elmi əsəri var. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar. İbn Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə ideyası ilə tibb elminin ehkamlarının əsasını qoydu. Onun "Tibb elminin əsasları" kitabından tam 5 əsr boyunca Avropanın ən məşhur universitetlərində dərslik kimi istifadə olunmuşdu.

O zamankı İslam dünyasında incəsənətin bütün növlərindən ən çox inkişaf edəni memarlıq idi. Memarlar xəlifələr üçün gözəl saraylar, türbələr və qalalar tikirdilər. Qranadada (İspaniya) yerləşən ərəb hakimlərinin sarayı Əlhambra və Hindistanda inşa olunmuş Tac Mahal və digər memarlıq inciləri bütün dünyada məşhurdur.

Həmin dövrlərdə İslam dünyasında yetişən elm adamları - mühəndislər, alimlər, tərcüməçilər, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, elmə və texnologiyaya bir sıra yeniliklər gətirmişlər. Hovard R.Terner sözügedən cəhətə belə diqqət çəkirdi: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi".

Bu dövrdə İslam mədəniyyəti, qərbə qarşı olduqca böyük bir üstünlük qazanmış, xüsusilə elm, təhsil, səhiyyə və texnologiya sahəsində çox inkişaf etmişdi. Tibbi nailiyyətlər insanların həyatını xilas edir, hərbi texnika və döyüş təmrinləri müharibələrdə qələbəni təmin edir, riyaziyyat isə qalalar, qəsrlər və sarayların tikintisini sürətləndirməklə yanaşı, gözəllik və möhtəşəmliyi böyüdürdü. Elmə xüsusi diqqət verilirdi. Məsələn, X əsrdə, sadəcə, Kordovada 700 məscid və 70 kitabxana vardı. Qahirədəki kitabxanada 2 milyon kitab saxlanılırdı. Bağdad şəhərində fəaliyyət göstərən Hikmətlər evində isə müxtəlif dillərdə olan saysız-hesabsız kitablar var idi. Mərakeşdəki Əl Qəruin darülfünunun tələbələrinə isə "elmi hasil etmiş adam kağızı" verirdi ki, bu da müasir diplomların ulu babası hesab edilməkdədir.

Sasani imperiyasında mövcud olmuş böyük Gundişapur Tibb Akademiyasından 400 il sonra Xəlifə Valid bin Əbdülməlik 707-ci ildə Bağdadda dünyanın 2-ci xəstəxanasını yaradanda Avropada cərrahlar fırıldaqçı elan edilir, cərrahiyyə əməliyyatı aparmaq istəyən həkimlər isə edam olunurdular.

Eksperimental fizikanın və optikanın banisi İbn əl Həysam sayılır. Xarəzm şəhərində yaşamış dahi riyaziyyatçı Məhəmməd əl Xarəzminin cəbr və alqoritmlər, onluq hesab sistemi, kökaltı, triqonometriya və başqa onlarla kəşfi olmadan riyaziyyat elmini təsəvvür etmək mümkün deyil. Sabun, saatlar, şüşə, ətirlər, silahlar, gəmiqayırma, xalçaçılıq, istehsalı mexanikləşdirmək üçün külək və suyun qüvvəsindən istifadə - bütün bunlar da İslam aləmindəki kəşflər idi.

Əhməd ibn əl Şətirlə yanaşı, Azərbaycan əsilli alim Nəsrəddin Tusi də dünya elminə böyük təkan vermiş dühalardan idi. Belə ki, hüquq, məntiq, fəlsəfə, riyaziyyat, səhiyyə, astronomiyaya dair dərin biliklərə malik Tusi 1259-cu ildə Marağa şəhərində rəsədxananın əsasını qoymuşdu. Marağadakı bu elm ocağı o vaxt dünyanın ən böyük rəsədxanası idi.

Kimyaya gəldikdə, bu elmin "ata"sı Cabir ibn Həyyan sayılır. Xlor, ammonium, limon, sirkə və şərab turşuları kimi onlarla turşunun xassələrindən bəhs edən ibn Həyyan kimyada təcrübələr vasitəsilə tədqiqatlar yolunun əsasını qoydu. Fəlsəfədə ibn Rüşd və əl Kindi kimi alimlər elmin inkişafına çox böyük təsir göstərdisə, Əl Qəzali teologiya, sufizm, fiqh, məntiq və fəlsəfədə böyük irəliləyişlərin əsasını qoydu. Qərbin çox sonralar "İslam aləminin Leonardo da Vinçisi" adlandıracağı Əl Cəzari isə dahi mexanik, ixtiraçı, riyaziyatçı və astronom idi. O, 1206-cı ildə yazdığı "Kitab fi mərifət əl xiyal əl həndəsiyyə" kitabında 50 mexanizmin, o cümlədən, saat, tüfəng, top, su nasosu, kodlu qıfıl, kompas, kompüter, videokamera və s. iş prinsiplərindən bəhs etmişdi.

Göründüyü kimi, dinimiz iddia olunanların əksinə olaraq sülhə, əmin-amanlığa, günahsız insanlara qıymamağa, mötədillik və elm kimi məfhumlara necə dəyərlər verib. İslamın dözümsüzlük, fundamentalizm, terror, məzhəbçilik, xurafat, cəhalət, radikalizm və fanatizmdən necə uzaq inanc olduğu görülməkdədir. Qeyd edilən bu təhlükəli meyllərin isə ölkəmizə ayaq açmaması üçün İslamın doğru şəkildə öyrənilməsinə və insanlara çatdırılmasına böyük ehtiyac var. Bunu etməklə həm dinimizin "yaxşılığı əmr edib, pislikdən çəkindirmək" buyuruğuna əməl etmiş olarıq, həm də Vətənimiz, eləcə də xoş gələcəyimiz üçün üzərimizə düşənləri yerinə yetirmiş olarıq.

Bu baxımdan sağlam ənənəvi dini baxışları ehtiva edən prinsiplər dindarlarımız tərəfindən əsaslı şəkildə mənimsənilməli və onlar gələcək nəsillərə olduğu kimi təbliğ olunmalıdır.

 

 





14.06.2023    çap et  çap et