525.Az

Təhsildə sertifikatlaşdırmanın əhatə dairəsi genişlənir


 

"SERTİFİKASİYA MÜƏLLİMLƏRİN MƏSULİYYƏTİNİ ARTIRIR, YENİ İNNOVATİV MƏSƏLƏLƏRİ DƏRİNDƏN ÖYRƏNMƏLƏRİNƏ ŞƏRAİT YARADIR"

Təhsildə sertifikatlaşdırmanın əhatə dairəsi genişlənir<b style="color:red"></b>

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilmiş dəyişiklikdə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər də sertifikatlaşdırmadan keçməsi öz əksini tapıb və təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Onların sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.

Eyni zamanda hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçirilməyəcək.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Bununla əlaqədar "Məktəbəqədər təhsil haqqında" qanuna da müvafiq dəyişikliklər edilir. "Məktəbəqədər təhsil haqqında" qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.

Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırovun sözlərinə görə, bu il təhsilverənlərin sertifikatlaşdırılmasında iştirakı planlaşdırılan 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 20 və 24-də həyata keçiriləcək. Həmin günlərdə ötən il sertifikatlaşdırma imtahanlarına cəlb edilməyən regionlardan olan ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimləri imtahan verəcəklər: "Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Ötən il sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5624 təhsilveren isə 10 faiz əlavə alıb. Bu il də imtahandan keçənlərin maaşlarına əlavələr olacaq".

Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma ilə peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək mümkün olur.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi və sair daxil ola bilər.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunur. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə, buraya fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən edilir. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılır. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılır.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, müəllim əməyinin stimullaşdırılması nəinki lazımdır, hətta vacibdir:  "Əlbəttə, qiymətləndirilmə obyektiv keçirilərsə. O ki, qaldı ənənəvi attestasiyanın sertifikasiya ilə əvəzlənməsinə, bax bu, məsələnin başqa tərəfidir. Bununla bağlı kiçik bir xatırlatma yerinə düşər ki, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanan və Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi" barədə müddəalar xüsusi olaraq vurğulanıb və bunun həll olunacağı müddətlər də müəyyən olunub. Belə ki, bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli qərar da verilib. O vaxt təhsil nazirinin 21 oktyabr, 2002-ci il tarixli əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulub. Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanıb, Təşkilat Komitəsi belə yaradılıb. Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. O zamanlar keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə rəğbətləndirmə vasitəsi kimi ali, I, II və III kateqoriyalı dərəcələr belə verilərdi. Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən, 1-ci kateqoriyalı müəllimin əmək haqqı isə II kateqoriyalı müəllimdən yüksək olurdu.Müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. "Proqram"da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı. Məhz buna görə də "Təhsil haqqında Qanun"a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində, Diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq, müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. Nəticə olaraq, belə qərara alındı ki, "Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər olacaq".

N.İsrafilov qeyd edib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasiyası, attestasiyası keçirilir. Artıq Azərbaycanda dövlət ümumi təhsil məktəblərində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi başlanılır. Sertifikasiya müəllimlərin məsuliyyətini artırır, yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır. Bu baxımdan müəllimlərin sertifikatlaşdırılması çox vacibdir.

Sevinc QARAYEVA

 





14.06.2023    çap et  çap et