Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bildirib ki, "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur: "Yeni təklif olunan qanunda "Exchange" - valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional bir valyuta mübadilə biznesi formalaşsın. Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm ki, bizdə də belə olsun. Hansısa "podyezd"də, "budka"da yox, institusional formada valyuta mübadilə şöbələri formalaşsın. Qanun da bunu nəzərdə tutur. Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur".
"Valyuta tənzimi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq. Ərizəyə qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti də əlavə olunmalıdır.
Qüvvədə olan qanuna görə, ərizəyə təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış əlavə edilirdi. Artıq təsisçinin iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması şərti də olacaq. Başqa sözlə, ərizəyə təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat və təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış əlavə olunmalıdır. Xatırladaq ki, ölkədə "exchange"lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. "Valyuta tənzimi haqqında" Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, bir xeyli müddət ölkədə valyuta dəyişmə məntəqələri bağlı qaldı, təkcə banklar vasitəsilə mübadilənin həyata keçirilməsi mümkün idi. Lakin son bir neçə ildə valyutadəyişmə məntəqələrinin açılması üçün kriteriyalar elan olundu və lisenziyaların verilməsinə başlanıldı. Yəni bu sahədə müəyyən yumşalmalar həyata keçirildi. Hazırda valyuta dəyişmə məntəqəsi açmaq üçün lisenziya alanlar azdır. İnstitusional valyuta mübadilə şöbələrinin yaradılmasına gəlincə, iqtisadçı qeyd edib ki, ola bilər, ya bir, yaxud bir neçə böyük şirkət lisenziya alıb ölkə üzrə şəbəkə yaradacaq, ya da bankların öz şəbəkələrini yaratması və genişləndirməsi ilə bağlı qərar veriləcək: "Bu sahədə də rəqabətli mühitə ehtiyac var. Valyuta dəyişmə məntəqələrinin xarici görünüşü insanları az maraqlandırır. Hətta Avropanın bir çox şəhərlərində kiçik valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir və bu, əhali üçün daha rahatdır. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, turistlərin valyuta dəyişməsini daha da asanlaşdıran addımlar atmalıyıq. Azərbaycanın bölgələrində bu məsələ ciddi problemdir".
Ekspert hesab edir ki, banklardan kənarda fəaliyyət göstərən sırf valyuta dəyişmə məntəqələri olmalıdır: "Bu, dünyada geniş yayılmış praktikadır. Əsasən də turizmi inkişaf etdirmək istəyən ölkələrdə bu, çox geniş yayılıb. Əgər Azərbaycan bununla bağlı model axtarırsa, ən uğurlu modellərdən biri Türkiyə modelidir. Hesab edirəm ki, Türkiyə modelinin ölkədə tətbiqi daha uyğundur və bəzi problemləri də aradan qaldıracaq. Məsələn, bazar günləri valyuta dəyişdirmək olmur, bəzən xarici turistlər, əhali buna görə çətinlik çəkir. Yaxud da saat 17.00-dan sonra bir çox yerlərdə valyuta mübadilə məntəqələri işləmir. Bu da "qara bazar"ın yaranmasına səbəb olur. Yəni tələb olan yerdə təklif olmursa, bu, "qara bazar"ın artmasına səbəb ola bilər".
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən ediləcəyi məsələsinə gəlincə, Natiq Cəfərli vurğulayıb ki, onsuz da indiyədək valyuta dəyişmədə qeyri-rəsmi limit var idi, indi isə bunu qanuniləşdirmək istəyirlər. Yəni limit məsələsini qanuni şəklə salmağa çalışırlar. İndiyədək qeyri-rəsmi olaraq hər bir vətəndaşa il ərzində 20 min manatadək valyuta dəyişmə limiti qoyulub: "Fikrimcə, bu limitin qoyulması doğru deyil. Ümumiyyətlə, valyuta, maliyyə alətləri ilə bağlı istənilən məhdudiyyət investorlar tərəfindən pis qarşılanır".
İqtisadçı ekspert Pərviz Heydərov qeyd edib ki, valyuta mübadilə məntəqələri xidmət sahəsinin tərkib hissəsidir: "Bankların bağlanması bu fəaliyyət növünün yenidən fəaliyyətə başlaması üçün əsas deyil. 2016-cı ildə yaranmış valyuta qıtlığı və "qara bazar"ın formalaşmasının qarşısını almaq məqsədilə "exchange"lərin fəaliyyəti dayandırıldı. Heç şübhəsiz 2015-ci ildə ardıcıl baş verən devalvasiya da bu xidmət sferasının dayanmasında məcburi xarakter daşıdı. Bu, bir məhdudlaşdırma tədbiri idi, nəticə özünü pis-yaxşı göstərdi. Uzun müddətdir ölkədə maliyyə sabitliyi hökm sürür. İllərdir ki, manatla dolların kursu eyni səviyyədə qalır. Ona görə də hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin yeni formada təşkili gecikmiş bir qərardır. Çox istərdim ki, Mərkəzi Bank sədrinin verdiyi anons qısa müddətdə öz həllini tapsın". İqtisadçı hesab edir ki, xidmət sferasının effektiv fəaliyyət göstərməsi üçün bir neçə əsas amil var: "Ölkədə banklar arasında fəaliyyət rəqabətli xarakter daşımalıdır. Valyuta tənzimi indiki kimi inzibati deyil, üzən məzənnə rejiminin mövcudluğu arzuolunandır. Amma hələlik bu, real deyil. Əgər manatın kursu üzən məzənnə rejimi əsasında formalaşarsa, valyutadəyişmə məntəqələrinin yeni formatda təşkili ölkə iqtisadiyyatı üçün daha səmərəli olar. Hazırda valyuta bazarları inzibati qaydalarla tənzimlənir. Valyutadəyişmə məntəqələrinin yeni formatda təşkili xidmət növü kimi əhəmiyyət kəsb edir". Pərviz Heydərov əlavə edib ki, Ölkədə maliyyə sabitliyi var, inzibati yolla valyuta tənzimi siyasəti həyata keçirilir. Elə bir ajiotaj yoxdur ki, ölkədə "qara bazar"a şərait yaratsın: "Xidmət sahəsinin yeni formada təşkili gələcəkdə "qara bazar"ın formalaşmasının qarşısını almaq üçün əhəmiyyətli ola bilər. Bunun daha çox müsbət cəhəti ola bilər, nəinki mənfi. Hələlik yeni xidmət sektorunun hansı formada təşkil olunacağı aydın deyil. Çox güman ki, bu məntəqələr birbaşa Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərər. Bu məntəqənin kommersiya banklarına bağlı olaraq fəaliyyət göstərəcəyini düşünmürəm. Əks halda yeni formatda təşkilin əhəmiyyəti olmaz".
Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, hazırda ölkədə valyuta mübadilə məntəqələrinin fəaliyyəti ilə bağlı problem yoxdur. İstənilən bankın filialına və şöbəsinə girib pulu dəyişmək olur. Banklardan kənarda sırf valyuta dəyişmə məntəqəsi azdır, lakin bu da insanlar üçün çətinlik yaratmır. Hətta bəzi bankların bankomatlarından xarici valyuta da çıxartmaq olur. Bu məsələ tələbata bağlıdır. Tələbat varsa, valyuta məntəqəsi şənbə və bazar günləri də işləyəcək. Kim pul qazanmaqdan qaçar?".
Ə.Həsənov deyir ki, valyuta dəyişmək ilə bağlı qeyri-rəsmi, qeyri-qanuni məhdudiyyət var. Bir vətəndaş il ərzində yalnız 20 min manat ekvivalentində xarici valyuta ala bilər:"Digər tərəfdən, valyuta alışına tələbat da kəskin azalıb. Birincisi, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. İkincisi isə valyuta dəyişmək ilə bağlı qeyri-rəsmi məhdudiyyətin olmasıdır. Bu məhdudiyyət insanları valyuta alışından çəkindirir. Yəni şəxs düşünür ki, bankda ona bu pulu haradan qazandığı barədə sual verəcəklər və s.".
Millət vəkili Rüfət Quliyev bildirib ki, Azərbaycanda, xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var: "Bu günə qədər valyuta dəyişməsinin qara bazarı var. Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda dəyişsin? Xüsusilə regionlarda "exchange"lərin fəaliyyətinin bərpa edilməsinə böyük ehtiyac var".
Sevinc QARAYEVA
çap et