525.Az

Rəsul Həmzətovla küsüb barışmalarımız... - Yazıçı Anar yazır


 

Rəsul Həmzətovla küsüb barışmalarımız... - <b style="color:red"> Yazıçı Anar yazır</b>

Rəsul Həmzətov-100

 

Müharibədən sonrakı illərdə Rəsul Həmzətov sovet dövrünün ən məşhur şairlərindən biri idi. Onun Naum Qrebnyovun və Yakov Kozlovskinin ruscaya çevirdikləri şeirləri o zamanlar ən dəbdə olan rus şairlərinin poeziyası ilə müqayisə oluna bilərdi. Sözlərinə yazılmış mahnılar, xüsusən də "Durnalar" mahnısı xeyli populyar idi. Doğrudur, onu istəməyənlər bütün bu uğurları, yaradıcılığının bu səviyyəyə yüksəlməsini tərcüməçilərin ayağına yazır və öz fikirlərini onunla əsaslandırırdılar ki, Həmzətovun yazdığı dil dərin, zəngin hissləri, fəlsəfi fikirləri ifadə eləmək üçün çox kasıbdır. Bununla razılaşmayanlar isə çox düzgün qeyd edirdilər ki, əgər tərcüməçilər belə istedadlıdırlarsa, bəs nəyə görə özləri bu cür gözəl şeirlər yaza bilmirlər? Hər necə olur olsun, Rəsul Həmzətov fenomeni bir neçə onillik ərzində sovet ədəbiyyatında hadisə olaraq qaldı. Bu fenomenin əsasında onun təkcə poeziyası yox, həm də parlaq qeyri-adi şəxsiyyəti dururdu. O, öz sınıq-salxaq ruscasında politbüro üzvlərindən tutmuş, adi sıravi dinləyicilərə qədər hər kəsi iti yumoru, zarafatları ilə güldürə bilirdi. Onun bədahətən etdiyi zarafatlar, atmacaları dillər əzbəri idi. Bir dəfə böyük bir məclisdə kimsə qadınların şərəfinə badə qaldırır, bütün kişilərdən ayaq üstə içməyi xahiş edir, məclisdə olan kişilər ayağa qalxırlar və Rəsul Həmzətov bərkdən deyir: "Nə böyük təkəbbür".

Onun həyat yoldaşı qumıq qızı Patimat idi və Rəsul Həmzətov kiminləsə tanış olanda özünü belə təqdim edirdi: "Patimatika elmləri doktoru". Patimat xanım üçüncü dəfə qız doğanda Rəsul teleqram vurur: "Pozdravlayu za postayanstvo" (prinsiplərində dəyişilməz olduğuna görə təbrik edirəm mənasında).

Moskvada hansısa böyük bir iclasdan isə Həmzətov anasına belə teleqram göndərir: Mahaçqala. Anama. Rəyasət heyətində oturmuşam, amma xoşbəxt deyiləm.

İlk dəfə Rəsul Həmzətovu bizim evdə görmüşəm. Rəsul Həmzətov, həyat yoldaşı və atam Daşkənddən hansısa bir iclasdan qayıdırdılar. Daşkənddən Mahaçqalaya birbaşa reys olmadığına görə Həmzətovlar bir neçə saat bizdə oldular. Yadımdadır, Patimat xanım gülərək danışırdı: "Daşkənddə Rəsulun şlyapası itmişdi (Həmzətovun yox, atamın). Rəsul Rza kimdənsə soruşdu, ona dedilər ki, şlyapanı raykoma göndəriblər. Rəsul - onun raykomda nə işi var? - deyə cavab verdi - mənim şlyapam partiya üzvü deyil axı?!"

Ərinin zarafatlarına öyrəşmiş Patimat xanım bu söhbətə də ürəkdən gülürdü. Həmin gün dayım, geoloq Rəşid Rəfibəyli də bizdə idi. Həmzətov elə hey sorğu-suala tutmuşdu onu. Dağıstandan çıxa biləcək faydalı qazıntıları soruşurdu.

İkinci görüşümüz də atamın evində oldu. Amma təəssüf ki, bu görüş o qədər ürəkaçan olmadı və hətta az qala dava-dalaşla qurtardı.

Rəsul Həmzətov Bakıya Yazıçıların Qurultayına gəlmişdi. Vaqif Səmədoğlu ilə gəzirdik, birdən Vaqif dedi ki, - gedək bizə. Yəni Səməd Vurğunun ev-muzeyinə. Çünki həmin gün Rəsul Həmzətov da onlara gəlməliydi. Vaqifgildə onunla görüşdük. Atamın kim olduğunu bilən kimi başladı məni qınamağa: əgər Rəsul (yəni atam) Mahaçqalaya gəlsəydi, mən onu vağzalda qarşılayardım. Amma mən artıq iki gündür Bakıdayam, Rəsul isə heç görsənmir də. Mən də dilimdən bəlaya düşərək onu evimizə dəvət etdim. Atam nədisə, yaxşı hiss eləmir özünü - dedim - amma sizi evimizdə görməyə şad olar. Qonağımızın kefi bir balaca kök idi, o dəqiqə razılaşdı. Bu dəfə həyat yoldaşı Patimat xanımsız gəlmişdi. Onu Bakıda yaşayan Rəsul adında bir dağıstanlı müşayiət edirdi. Mən zəng vurub valideynlərimə xəbər verdim. Səməd Vurğunun övladları - Yusif, Aybəniz, Vaqif, iki Rəsul və mən atamgilə getdik. Yolda Həmzətovdan soruşdum ki, Dağıstandan başqa da gələn var? O, məzəmmətlə mənə baxıb: Bəyəm bir Həmzətov bəs deyil? - dedi.

Rəsul Həmzətov türk jurnalisti Həyati Asıl və yazıçı Anarla

Bizim evdəki məclisdə əvvəlcə hər şey qaydasında gedirdi. Hətta, Həmzətov "Literaturnaya qazeta"da doğma dili haqda şeiri çap olunandan sonra atamın ona təbrik teleqramı göndərməsini kövrəkliklə xatırladı. Sözləri dəqiq yadımdadır: Bir şair üçün o biri şairin təbrikindən yüksək nə ola bilər?

Amma sonra... Görünür, səhərdən içdiklərinin üstünə bizdə vurduğu konyak da gələndə o, özünü aqressiv aparmağa başladı. O ərəfələrdə "Azərbaycan" jurnalında atamın xalq ruhunda şeirləri çap olunmuşdu. Həmzətov atama üzünü tutub, - sən ki, həmişə sərbəst şeir yazmısan, başqa vəznlərdə də yazmaq bacarığını nümayiş etdirmək nəyə lazımdı? - deyə yersiz etirazlarını bildirməyə başladı.

Adətən, istənilən hücuma sərt cavab verən atam qonaqpərvərlik göstərib, ev yiyəsi kimi söhbəti zarafata salmaq istədi: Mənim şeirlərim haqqında sən haradan bilirsən? Onlar ki, hələ tərcümə olunmayıb... Sən də Azərbaycan dilini bilmirsən. Kim xəbər elədi bunu sənə? Həmzətov isə sakitləşmək bilmirdi, elə hey nəsə deyir, deyinirdi. Onda atam sərt bir şəkildə: "Nədi, səninlə məsləhət eləməli idim ki, nəyi, necə yazım?" - dedi.

Həmzətovu müşayiət edən üçüncü Rəsul birdən qəribə şəkildə dəyişdi. Valideynlərim onu çox nəzakətli, təvəzökar bir adam kimi tanıyırdılar. Amma indi o, öz məşhur həmyerlisinin yanında elə bil tamam başqa adam olmuşdu. Özü də çox gülünc bir şəkildə guya nələrəsə etiraz etməyə çalışırdı. Cibindən balaca bir qutu çıxarıb açdı - qutunun içində Həmzətovun müxtəlif mükafatlarını gəzdirirmiş.

- Bu səndə var? - deyə atama Lenin ordenini göstərdi.

- Var, var - deyə, atam gülə-gülə bu sərxoş, cəfəng suala cavab verdi. Onda o, Lenin mükafatı nişanını göstərib - Bəs bu?

- O, yoxdur - atam yenə gülərəkdən cavab verdi.

- Mən də onu deyirəm - təntənəli surətdə elan etdi.

Rəhmətlik Yusif bir az kəkələyə-kəkələyə Həmzətova müraciət edərək üçüncü Rəsulu göstərib: - On vaş ordenanosets? ("Bu, sizin orden daşıyanınızdır?") - deyə xəbər aldı.

Sən demə, Rəsul Həmzətov hər Bakıya gələndə özü ilə gəzdirdiyi mükafatlarını həmyerlisinə verirmiş ki, sərxoş olanda itirməsin.

Həmzətov bir az da coşdu: - Sizi (yəni Azərbaycan şairlərini - A.) kim tərcümə edir? Ancaq ikinci dərəcəli şairlər. Bu yerdə mənim səbrim tükəndi artıq.

- Bizim şairləri təkcə Qrebnyov, Kozlovski yox, Pasternak, Axmatova, Selvinski, Luqovski, Svetlov, Simonov da tərcümə edib - dedim və rusca Pasternakın şeirindən parça oxudum:

 

Yaxşı deyil məşhur olmaq, tanınmaq

Yüksəklərə bu qaldırmır adamı

Nə lazımdır arxiv yığmaq, toplamaq

Matah bilib hər bir cızma-qaranı.

Yaratmaqda məqsəd - fədakarlıqdır,

Haray-həşir deyil, deyil şöhrət də.

Ayıbdır heç nəyə qadir olmadan

Hey adın çəkilə sözdə, söhbətdə.

                (tərcümə mənimdir - A.)

 

Məclisdəkilərin hamısı bunu Həmzətova atmaca kimi qəbul etdilər. O, ədəbiyyatımız haqqında daha təhqiramiz danışmağa başlayanda, Ənvər Məmmədxanlı dözmədi, ona aid biabırçı bir faktı yada saldı. Şeyx Şamil türk casusu elan edildiyi illərdə Həmzətov onun əleyhinə şeir yazmışdı, dağlıların qəhrəmanını çeçen canavarı, inquş ilanı adlandırmışdı. Əlbəttə, bu, çeçen və inquş xalqlarının sürgünü zamanı ikiqat namərdlik idi. Həm də məlumdu ki, Şamil nə çeçen idi, nə inquş, Rəsul Həmzətov kimi avar idi.

Bu, əlbəttə, qurşaqdan aşağı zərbə idi, amma Ənvər Həmzətovun sərxoş hərəkətlərinə sadəcə dözmədiyi üçün demişdi bunu. Və Həmzətov da deyilənlərdən qəzəblənib Ənvəri kobud şəkildə təhqir edəndə Ənvər onu vurmaq istədi. Yaxşı ki, Yusif cəld reaksiya verib Ənvərin əlini tutdu, şillə Həmzətova dəymədi.

                                           Rəsul Rza Rəsul Həmzətovla

 

- Rəsul, sənin evində məni təhqir edirlər - deyə Həmzətov atama şikayət etdi.

- Özünü ləyaqətli aparsan, heç kim səni təhqir etməz.

Şərait gərginləşirdi. Amma birdən gözlənilmədən Həmzətov:

- Olar, mən Mahaçqalanı sifariş edim? Patimatla danışmaq istəyirəm. - dedi.

- Əlbəttə.

O, sifariş elədi, tezliklə də birləşdirdilər.

- Patimat mən Rəsulgildəyəm. Hamı sənə salam göndərir.

Deyək ki, bunlar hamısı sərxoş vəziyyətdə deyilən sözlər idi. Amma səhərisi gün artıq sərxoşluqdan ayılmış Həmzətov qurultayda çıxış edib - Azərbaycanda Səməd Vurğundan sonra şair qalmayıb, - dedi.

Maraqlıdır ki, bu sözlərdən sonra onu xeyli alqışladılar. Mirzə İbrahimov, Məmməd Rahim, Qılman Musayev ona sərt cavab verdilər və salon onları da sürəkli alqışladı. Kütlə psixologiyasını anlamaq çətindir.

Sonralar o, atamla Moskvada görüşüb. Öz hərəkətlərinə görə (bizim evdəki söhbətlərə, ya qurultaydakı çıxışına görə) atamdan üzr istəyib və - "Niyə inciyirsən ki? Kefli olmuşam, sözdü də demişəm" - deyib.

Həmzətov atamın yubileyinə təbrik teleqramı göndərmişdi.

"Əziz, Rəsul müəllim! Yubileyiniz sizə olan sevgi və hörmətimi bildirmək üçün məndən ötrü daha bir bəhanədir. Sizin yaradıcılığınız uzun illər milyonlarla oxucuların sevincinə səbəb olur. Sizə əbədi ruh yüksəkliyi, möhkəm cansağlığı və parlaq sevinclər arzulayıram. Sizi bağrıma basıram. Rəsul Həmzətov".

Həmzətovlar ailəsi adından daha bir teleqram oktyabr bayramı günlərində və yəqin ki, anamın xəstəliyi ilə əlaqədar göndərilmişdi."Əziz bacım Nigar, əziz dostum Rəsul, sizi övladlarınız ilə birgə oktyabr bayramı münasibətilə təbrik edirik. Arzu edirik ki, Nigar tez bir zamanda sağalaraq hamımızı sevindirsin. Kədər və xəstəlik sizin evdən uzaq olsun. Qoy evinizdə həmişə sevinc və xoşbəxtlik olsun, qüssə, kədər isə ancaq şeirlərinizdə olsun.

Zarema, Patimat, Rəsul Həmzətovlar".

1981-ci ildə Rəsul Həmzətov atamın vəfatı ilə əlaqədar başsağlığı verdi.

"Çox kədərli bir xəbər mənə də gəlib çatdı. Əziz dostum Rəsul bizi tərk edib. Təəssüf edirəm ki, bu günlərdə mən sizinlə deyiləm, o kədərli anları bölüşə bilmirəm. Rəsul Rza sağdır. O, əbədi şair və əbədi dostdur. Onun xatirəsi qəlbimdə həmişə yaşayacaq. Rəsul Həmzətov".

Bu kədərli tarixdən çox-çox əvvəl mən hələ gənc yaşlarımda Moskvada Mərkəzi Ədəbiyyat Evində təsadüfən Rəsul Həmzətovu gördüm. O, özünü elə göstərdi ki, guya məni tanımır. Bəlkə də xatırlamırdı. Axı, bizim evdə olan mübahisədən gör neçə il keçmişdi.

Əlbəttə ki, Qarabağ hadisələrinin başlanğıcında onun özünü aparması, tutduğu mövqe ilə müqayisədə bunlar çox xırda məsələlərdi. Mərkəzi mətbuatda ermənipərəst mövqeyini bildirməsi Azərbaycanda hamının hiddətinə səbəb olmuşdu. Moskvada Ədəbiyyat institutunda onunla birgə təhsil almış və onun dostu sayılan Nəbi Xəzri Rəsula ciddi etiraz dolu, açıq və qəzəbli məktub yazdı.

Bir neçə il sonra mən Azərbaycan Yazıçılar Birliyinin sədri kimi Həmzətovlarla İstanbulda Əziz Nesinin yubileyində görüşdüm. Gəmiylə Bosforda gəzinti zamanı Patimat xanım dedi ki, Rəsul Azərbaycanda ona olan münasibətə görə bərk fikir edir. Bu hadisələrin başlancığında məsələni yerli-yataqlı öyrənmədən nə isə deyib və indi çox peşmandı.

 Biz üçümüz söhbət edirdik. Əsasən Patimat xanım danışır, Rəsul susurdu.

"Gəlin Bakıya. Televiziyada çıxış edin. Öz mövqeyinizi bildirin və hər şey yerini alsın" - dedim

O, Bakıya gəlmədi. Amma mənim ünvanıma iki teleqramm vurdu. Qara Yanvarın ildönümü və Xocalı soyqırımı barədə: "Bakı. Azərbaycan Yazıçılar Birliyi Anara. Azərbaycanda Qara Yanvarın il dönümündə mən sizinləyəm. Bacı və qardaşlarımızın həlak olması məni çox kədərləndirdi. Arzu edirəm ki, belə bir hadisə heç vaxt, heç yerdə təkrar olmasın. Rəsul Həmzətov. Mahaçqala. 4 yanvar 1991-ci il".

"Bakı. Azərbaycan Yazıçılar Birliyi. Anara. Bu günlərdə Azərbaycan matəm içindədir. Və biz qardaş yazıçılarla sizin bu dərdinizə şərik olub inanırıq ki, ölkənizdə sülh, əmin-amanlıq bərqərar olacaq. Sizin Rəsul Həmzətov. Mustay Kərim, Musa Qali".

İstanbulda o, mənə Əziz Nesinin yubileyindəki çıxışımı çox bəyəndiyini deyirdi, amma o, bizim dili bilmirdisə, mənim çıxışıma necə qiymət verə bilərdi?!

Moskvaya qayıdanda təyyarədə o, məndən soruşdu ki, niyə görə Türkiyəylə Dostluq Komitəsi yoxdur? Mən bunu bilə bilməzdim. Onda dedi ki, bu məsələ ilə məşğul olacaq və təklif edəcək ki, mən o komitənin sədri olum: - Türkiyədə səni yaxşı tanıyırlar, gör necə isti qarşıladılar.

Söhbətimiz əsnasında Dağıstan ədəbi mühiti ilə daha sıx əlaqələrin yaradılması üçün yeni ideyalarımız ortaya çıxdı. Sonralar Rəsul Həmzətov mənə bu haqda məktub da yazdı.

"Əziz Anar! Biz sizin xalqlarımızın yenilməz, etibarlı dostluğunun təsdiqi olan, ədəbiyyatımızın təkcə bu gününə yox, həm də gələcəyinə xidmət edən təklifinizi böyük məmnuniyyətlə salamlayırıq.

İstənilən uyğun vaxtda biz birgə tədbirlər haqqında müvafiq razılığı (protokolu) müzakirə edib imzalamağa hazırıq. Müştərək planlar haqqında konkret təkliflər hazırlanacaq və sizə təqdim olunacaq. Sizə xoş arzularla. Elə indilərdə sənin yubileyin haqqında eşitdim. Ürəkdən təbrik edirəm. Ümidvaram ki, səninlə birlikdə Dağıstanda qeyd edərik. Dərin hörmətlə Rəsul Həmzətov. D.R.Yazıçılar Birliyinin sədri 29 aprel 1998-ci il".

Çox təəssüf ki, mən Dağıstana gedə bilmədim. Amma Rəsul Həmzətov Səməd Vurğunun 90 illiyində Bakıya gəldi.

O vaxtlar Prezident Aparatında işləyən şair Hidayət Rəsul Həmzətovun Bakıya gəlməsi tarixçəsini xatırlayaraq yazır: "Mənim Rəsul Həmzətovla şəxsi tanışlığım yox idi, ona görə Anarla məsləhətləşdim, xahiş etdim, Həmzətova zəng vurub, onu yubileyə dəvət etsin. Anar razılıq verdi, elə mənim kabinetimdən Mahaçqalaya zəng vurub onunla danışdı. Rəsul Həmzətov təbrik teleqramını hara göndərəcəyini soruşdu. Bu o demək idi ki, onun Bakıya gəlmək fikri yox idi. Anar müəllim dedi ki, siz çoxdandır Bakıda olmamısınız, gəlsəydiniz yaxşı olardı.

Rəsul Həmzətov xəstə olduğunu deyərək nəinki Mahaçqaladan, hətta öz yaşadığı evdən belə çıxmadığını söylədi. Bununla da söhbət bitdi. Amma Anar ona bildirdi ki, onun dəvət olunması məsələsi ilə Dövlət müşaviri Hidayət məşğul olur. Anar kimi hörmətli bir yazıçının zəngi yerinə düşdü. Və bizim münasibətlərimiz üçün gözəl başlanğıc oldu".

Hidayət qeyd edir ki, Prezident Heydər Əliyevin adından dəvət olunandan sonra Rəsul Həmzətov həyat yoldaşı ilə birgə Bakıya gəldi.

Öz çıxışında Rəsul Həmzətov dahi şairə böyük sevgisini, Azərbaycan xalqına isə dostluq münasibətlərini bildirdi.

Həmin gün axşam Heydər Əliyev qonaqların şərəfinə verilən ziyafətdə Rəsul Həmzətovla bir yerdə onunla olan görüşlərini yada salırdı.

Ömrünün axır illərində keçirdiyi infarktlardan sonra Rəsul Həmzətov daha içki içmirdi.

Xasiyyətində olan təzadlara, xüsusən sərxoş olanda (bu da tez-tez olurdu) davranışına, bizim evdə olan mübahisəyə, qurultayda yersiz çıxışına və ən əsası Qarabağ konfliktində nalayiq mövqeyinə baxmayaraq, mənim onun haqqında isti xatirələrim var. Bəlkə də bu, onun parlaq şəxsiyyətindən, şirin yumorundan, şəksiz istedadından irəli gəlir. Bunlar hamısı onun bəzi hərəkətlərini ört-basdır edirdi.

Onu axırıncı dəfə Səməd Vurğunun yubileyində gördüm. Mahaçqalaya onun öz yubileyinə dəvət olunsam da, təəssüf ki, gedə bilmədim. Biz ora şair Mənsur Vəkilovu göndərdik. Mənsur özü danışırdı ki, orada çıxışını belə sözlərlə tamamlayıb: "Əziz Rəsul Həmzətoviç dostunuz Səməd Vurğun sizsiz yaman darıxır".

Bir ay sonra Rəsul Həmzətov vəfat etdi.

Sentyabr, 2012-ci il.

 





16.06.2023    çap et  çap et