525.Az

Heydər Əliyevin Vaqif sevgisi - Vilayət Quliyev yazır


 

Heydər Əliyevin Vaqif sevgisi - <b style="color:red"> Vilayət Quliyev yazır</b>

Yalnız Nizami, Nəsimi, Füzuli kimi dünya miqyasında tanınan poeziya nəhəngləri deyil, klassik Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələri də heç vaxt Heydər Əliyevin diqqətdən kənarda qalmamışdılar.

Bu mənada xəlqi, realist Azərbaycan poeziyasının banisi, şair və dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) də istisna təşkil etməmişdi.

Həyatının faciə ilə sona çatmasına rəğmən, yaradıcılıq irsinin sonrakı taleyi baxımından Molla Pənahı  müəyyən mənada bəxti gətirən şairlərimizdən saymaq olar. Çünki əksər klassiklərimizdən fərqli olaraq əsərlərinin nəşrinə hələ XIX əsrin ikinci yarısında başlanmışdı. Şeirlərinin mühüm qismini ilk dəfə Mirzə Yusif Qarabaği toplayıb 1856-cı ildə Dağıstanın Buynaksk şəhərində "Vaqif və müasirini - digər" adlı kitabda nəşr etdirmişdi. Məşhur qafqazşünas alim Adolf Berjenin Molla Pənah Vaqif yaradıcılığından çoxsaylı nümanələrin də daxil edildiyi  "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir..." kitabı isə 1868-ci ildə Leypsiqdə, müəllifin almanca müqəddiməsi ilə çap olunmuşdu.

Səməd Vurğunun "Vaqif" dramı sayəsində xalq arasında böyük populyarlıq qazanan ("Hər oxuyan Molla Pənah olmaz" - ata sözündən də göründüyü kimi, şairə izzət və ehtiram əvvəldən də varmış!) Vaqifin (1717-1797)  bədii yaradıcılığı və dövlətçilik fəaliyyətinin geniş şəkildə öyrənilməsinə əslində 1960-cı illərdə başlanmışdı. Əlbəttə, bu mülahizə heç bir halda ilk ədəbiyyat tarixçimiz Firidun bəy Köçərlinin, yaxud Salman Mümtazın şairlə bağlı qiymətli araşdırmalarını istisna etməməlidir.

Böyük söz ustadının 1967-ci ildə geniş qeyd olunan 250 illik yubileyi də Vaqif şəxsiyyətinə və poetik irsinə marağın artmasına əhəmiyyətli təsirini göstərmişdi. Həmin dövrdə Azərbaycana xalqının tarix, ədəbiyyat və mədəniyyətinə dərin bələdliyi və sevgisi ilə seçilən başqa bir milli ruhlu lider - V.Y.Axundov rəhbərlik edirdi. MK birinci katibi kimi işə başladığı gündən Moskvanın hədəfində olan Vəli Yusif oğlu bütün çətinliklərə rəğmən, Qarabağ xanlığının vəzirinə adına, xidmətlərinə və şəxsiyyətinə layiq yubiley keçirə bilmişdi. Həyatı, irsi və dövlətçilik fəaliyyəti də yubiley ərəfəsində ciddi tədqiqatların mövzusuna çevrilmişdi.

Etiraf etmək lazımdır ki, erməni faktoruna görə Vaqifin təbliği həmişə müəyyən çətinliklərlə bağlı olmuşdu. Bu istiqamətdə atılan hər addım Qarabağa iddialarından heç zaman əl çəkməyən erməni millətçilərinin müqaviməti ilə üzləşirdi. Onlar bütün vasitələrə əl atır, Moskvaya çoxsaylı donoslar göndərir, hər vasitə ilə şairi gözdən salmağa, Osmanlı və İran saraylarına xidmətdə günahlandırmağa çalışırdılar.

Lakin həmişə belə davam edə bilməzdi. 1981-ci ildə Şuşada Molla Pənah Vaqifin məzarı üzərində əzəmətli məqbərə tikdirməklə Heydər Əliyev bu "Qordiyev düyününü"  kəsib atdı. Məqbərə təkcə böyük şairin xatirəsini əbədiləşdirmədi, həm də onun siyasi reabilitasiyası oldu. Əgər Moskva qərara razılıq vermişdisə, deməli, Qarabağla bağlı erməni iddialarına ən azı bu məsələdə arxa çevirmişdi.

Şuşanın hər tərəfindən görünən muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın ərazidə inşa edilmişdi. Dördkünc quruluşa malik, bəyaz  mərmərlə üzlənmiş türbənin inşa məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və spesifik şəhərsalma xüsusiyyəti diqqətlə nəzərə alınmışdı. Layihələndirmə zamanı Azərbaycanın qülləvari türbələrinin kompozisiya elementlərindən yaradıcı şəkildə istifadə edilmişdi. Üstəlik, məqbərənin tikintisində xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. İnşası mübaliğəsiz şəkildə əvvəldən axıra kimi Heydər Əliyevin nəzarəti altında həyata keçirilən məqbərə əzəməti ilə bir sırada poetikliyi, hətta romantikliyi və lirizmi ilə də diqqəti çəkirdi. Sanki o, yalnız şairin özünə deyil, həm də incə ruhlu ölməz poeziyasına qoyulan abidə idi.

Az öncə də qeyd etdiyim kimi, Heydər Əliyev Şuşada bu məqbərəni inşa etdirməklə bir neçə prinsipial məqsəd güdürdü. İlk növbədə onu Qarabağda Azərbaycan dövlətçiliyinin tarixi mövcudluğuna abidə sayırdı. Respublika rəhbəri Qarabağdakı erməni separatizminin tarixinə və əməllərinə hamıdan yaxşı bələd idi. Ona görə bu cür abidələrin olmasını zəruri sayırdı. Təbii ki, həmin dövrdə xanlığın qurucusu, Qarabağ hakimi Pənahəli xanın xatirəsini hər hansı şəkildə əbədiləşdirmək mümkün deyildi. Amma şair və dövlət xadimi Vaqiflə bağlı təklif etiraz doğurmamalı idi. Musiqi və mədəniyyət mərkəzi Şuşanın simvollarından biri kimi düşünülmüş kompleks həm də şəhəri daha yaxşı tanıtmağa xidmət edirdi.

Heydər Əliyev 1995-ci ilin iyununda, Şuşanın işğal altında olduğu bir dövrdə Vaqifin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı atılmış addımı xatırlayıb sevinc qarışıq kədər içərisində demişdi: "Biz  Şuşada, Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik. Orada respublika ictimaiyyətinin nümayəndələri, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin məqbərəsi də öz xalqımıza qayıdacaq".

Bir haşiyə. Zaman keçdi və Heydər Əliyevin uzaqgörənliklə dediyi bu inamlı sözlər özünü doğrultdu. 2020-ci il noyabrın 8-də ordumuzun qeyri-adi rəşadəti sayəsində şəhər erməni işğalından azad edildi. On ay sonra, 2021-ci ilin avqustunda isə tarixi Cıdır düzündə Vaqifin əvvəlkindən də yüksək zövqlə bərpa olunmuş məqbərəsinin təntənəli açılış mərasimi keçirildi. Kompleksin qısa müddətdə əslinə uyğun şəkildə bərpa edilməsinə Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də, işğaldan sonra Şuşaya ilk səfəri zamanı göstəriş vermişdi.

Niyə 14 yanvar? Bu tarixi dəqiqliyi ilə xatırlatmağım təsadüfi deyil. Açılış mərasimində çıxış edən dövlət başçısı nə üçün məhz həmin tarixin seçilməsinə aydınlıq gətirərək ibrətamiz xatirələrlə zəngin nitqində demişdi: "Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Vaqif tək şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır".

1982-ci ilin yanvarında məqbərənin açılışında söylədiyi geniş nitqdə Heydər Əliyev həm novator şair - Azərbaycan poeziyasında xəlqilik və realizmlə səciyyələnən yeni ədəbi məktəbin banisi, həm də siyasi xadim - Qarabağ xanlığının vəziri kimi Vaqifin fəaliyyəti üzərində geniş dayanmışdı. Onun şəxsiyyətinin, xalq ədəbiyyatının ənənələrinə əsaslanan yaradıcılığının Azərbaycanın yeni mədəni intibahındakı yeri və rolundan danışmışdı. Aydın məsələdir ki, respublika rəhbərinin regiona gəlişi münasibəti ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi tam tərkibdə burada idi. Başqa cür də ola bilməzdi. Heydər Əliyev isə əslində həmin mərasimdə onlara dərs vermişdi. Yerlərini, vəzifələrini göstərmişdi. Azərbaycan şairi Molla Pənah Vaqifin şəxsiyyəti və yaradıcılığı timsalında Qarabağda 150-160 il bundan əvvəl məskunlaşan gəlmə ermənilərə başa salmışdı ki, torpağın əsl sahibləri, onun təəssübünü çəkənlər, keşiyində dayananlar, zəngin mənəvi və maddi irsinə sahib çıxanlar  kimlərdir. Heydər Əliyevin iradəsi ilə Şuşada ucaldılan Vaqif məqbərəsi yalnız konkret bir şairin abidəsi deyildi, bu məqbərə daha çox türk-azərbaycanlı sülalələrin əsrlər boyu Qarabağa hakimiyyət sürməsinin, dövlət qurmasının bir simgəsi idi.  Gələcək nəsillərin öz yurdunun sahibi olması üçün ucaldılmış ədəbi qala idi. Əsrlər boyu Qarabağa xas olan təkrarsız sənətin simvolu idi.

Vaqif məqbərəsi ilə eyni vaxtda Heydər Əliyev Şuşada Vaqif Poeziya evini də açmış, Vaqif Poeziya Günləri kimi yeni, maraqlı, həm də tarixi torpaqlarına sahiblik baxımından ölkəmizin sabahı üçün zəruri bir ədəbi ənənənin əsasını qoymuşdu. Poeziya evi və Poeziya günləri yalnız Vaqifin deyil, klassik və müasir ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərinin təbliğinə xidmət edirdi. Şuşada daim Azərbaycan dilinin səslənməsi, ziyalıların - şair və yazıçıların, alimlərin burada sadə insanların arasında olmaları üçün stimul yaradırdı.

1980-ci illərin əvvəlindən etibarən ənənə halını alan Vaqif Poeziya Günləri bir qayda olaraq şairin kiçik vətəni Qazaxda başlanır, Qarabağın paytaxtında, Vaqif məqbərəsi önündə başa çatırdı. Başqa sözlə desəm, bu abidənin bazasında  klassik Azərbaycan ədəbiyyatının daha bir təbliğ və tədqiq ocağı fəaliyyət göstərirdi.

İş elə gətirmişdi ki, 1987-ci ildə Şuşada keçirilən sonuncu ümumittifaq miqyaslı Vaqif  Poeziya Günlərinin iştirakçısı olmuşdum. Həmin ərəfədə Nizami adına Ədəbiyyat İnstitutuna elmi işlər üzrə direktor müavini vəziyyətinə təyin edilmişdim. Deyəsən, adım nomenklatura siyahısına düşdüyündən Mərkəzi Komitə tədbirdə iştirakımı məqbul saymışdı.

Qarabağda erməni fitnəkarlığının başlanmasına hələ bir neçə ay qalırdı. Görünür, son hazırlıq işlərini tamamlayırdılar. Şuşaya Qazaxdan avtobuslarla gəlmişdik. Xankəndinin girəcəyində çoxsaylı heyətimizi qabağına çıxan qarabağlı erməni şair və yazıçılarının üzlərindən zəhrimar yağırdı. Aydın məsələdir ki, qarşılamağa da bizə hörmətdən yox, məcburiyyət üzündən gəlmişdilər. Çünki hələ "miatsum" şüarları ilə bütün regiona fəlakət gətirmələrinə bir neçə ay qalırdı. Amma nə qədər çalışsalar da, ürəklərində yaşatdıqları qara niyyətləri gizlədə bilmirdilər. Münasib fürsət saydıqları digər məqsədləri isə müttəfiq respublikalardan gəlmiş qələm adamları ilə "izahedici söhbət" aparmaq, Qarabağın "tarixi erməni torpağı" olduğunu onlara pıçıldamaq idi. Xüsusən, Rusiyadan gələnlərin yanından əl çəkmirdilər.

Şuşanın hər yerindən görünən Vaqif məqbərəsinə çatanda üzlərindəki zəhrimar ifadəsi daha da qatılaşmışdı. Heç şübhəsiz, ürəklərində Heydər Əliyevin uzaqgörənliyindən hiddətlənirdilər. Burada ünlü şairə abidə ucaltmaq, hər il minlərlə insanı onun ziyarətinə gətirməklə Qarabağı tarixi erməni torpaqları kimi təqdim etməklə bağlı planlarına necə zərbə vurduğunu yaxşı başa düşürdülər...

Məqbərələr, xüsusən də şair məzarları üzərində məqbərələr nəinki hər onillikdə, hətta hər əsrdə də tikilmir. Əlamətdar haldır ki, Azərbaycan klassik şeirinin nümayəndələrinin əbədi uyuduqları yerlərdə ucaldılan hər üç məqbərədə Heydər Əliyevin böyük əməyi var. Onlardan ikisi - Şuşadakı Vaqif və Naxçıvandakı Cavid mavzoleyləri ölkə başçısının təşəbbüsü, hətta deyərdim ki, rəhbərliyi və gündəlik qayğısı ilə inşa edilmişdi.  Gəncədəki Nizami məqbərəsi isə yenə də Heydər Əliyevin sayəsində  əsaslı şəkildə bərpa edilərək qədim Gəncənin rəmzinə çevrilmişdi. Yalnız elə bu şeir-sənət məbədlərinin inşası, abadlaşdırılması Heydər Əliyevin klassik Azərbaycan ədəbiyyatının nümayəndələrinə, ümumən mədəniyyətə münasibətini aydınlaşdırmaq baxımından ən gözəl örnəklərdir.

Yeri gəlmişkən, klassik sənətkarların həyatı, mühiti, şəxsiyyəti haqda geniş məlumat əldə etməyə imkan yaradan ev-muzeylərinin təşkili ənənəsi də Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə geniş vüsət almışdı. 1995-ci il iyunun 10-da o, Hüseyn Cavidin məqbərə və ev-muzeyinin yaradılması ilə bağlı  müşavirədəki giriş sözündə demişdi: "Mən keçmiş təcrübəmdən bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar bir məsələni həll etmək istəsələr, onu edə bilərlər. Vaxtı ilə, 1976-cı ildə biz böyük şairimiz Səməd Vurğunun 70 illiyinə hazırlaşanda onun ev-muzeyini bir neçə ayın içində təşkil etdik və bu muzey indi də fəaliyyət göstərir. 1975-ci ildə biz böyük bəstəkarımız Üzeyir Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq. Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq".

Şuşadakı birinci Vaqif məqbərəsinin ömrü on ildən bir qədər uzun sürmüşdü. 1982-ci il qarlı 14 yanvar günündə  təntənəli şəkildə açılan abidə 1992-ci il mayın 8-də erməni əsarətinə düşmüşdü. Şuşadakı Azərbaycan izlərini tamamilə məhv etməyə çalışan vandallar Vaqif məqbərəsinə münasibətdə xüsusi amansızlıqla davranmışdılar. Və bu da əslində Şuşanın heç zaman erməni şəhəri olmadığının başqa bir dəlilidir. Çünki hətta cəngəllikdən çıxmış bir tayfa da özünün saydığı yerin ən gözəl abidələrini darmadağın etməzdi. Əksinə, funksiyasını dəyişmək hesabına da olsa qoruyub saxlamağa çalışardı. Vandallarda isə xalqımıza, tarix və mədəniyətimizə nifrət o qədər böyük idi ki, "qələbənin" mənasını hər şeyi yıxıb-dağıtmaqda görürdülər. Təəssüf ki, bu acı tale Heydər Əliyevin  fəxr etdiyi Vaqif məqbərəsindən də yan keçməmişdi.

Bir haşiyə. Şuşanın işğalından sonra Qarabağda milli memarlığımızın əksər diqqətəlayiq nümunələri kimi, Vaqif məqbərəsinin taleyi də həmişə Heydər Əliyevi düşündürmüşdü. Çıxışlarının birində məqbərəni "özü üçün iftixar mənbəyi" saydığını açıq bildirmişdi.

Yaxşı xatirimdədir: 2001-ci ilin yanvar ayında Azərbaycan və Ermənistanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmələri münasibəti ilə hər iki ölkənin dövlət başçısı Strasburqda idi. Yeni üzv olduğumuz qurum sülhpərvərlik missiyasını göstərmək üçün əslində formal xarakter daşıyan və heç bir real nəticə verməyən Əliyev-Koçaryan görüşü təşkil etmişdi. Təbii ki, bundan əvvəl işğalçı rejimin başçısı ilə dünyanın müxtəlif şəhərlərində keçirilən digər görüşlər kimi, bu dəfə də hər hansı bir nəticə əldə olunmadı.

Protokola görə görüş başa çatandan sonra binanı əvvəl erməni nümayəndə heyəti, sonra isə biz tərk etməli idik. Qapının önündə maşınların gəlməsini gözləyirdik. Ermənilərə çıxmaq işarəsi veriləndə Koçaryan vidalaşmaq üçün Azərbaycan Prezidentinə yaxınlaşdı:

- Bir dəqiqə, - deyə Heydər Əliyev onu saxladı. - Çoxdan soruşmaq istəyirdim. 1981-ci ildə mənim təşəbbüsümlə Şuşada Molla Pənah Vaqifin məqbərəsi tikilmişdi. Növbəti ildə isə açılışı olmuşdu. Vaqif bizim böyük şairimizdir. Həm də dövlət xadimidir. Qarabağ xanlığının vəziri olub. O zaman açılışa özüm gəlmişdim. Yəqin ki, Vilayət komsomolunun məsul işçisi kimi siz də orada olmuşdunuz.  Bilmək istərdim - məqbərənin indiki vəziyyəti necədir? Onu da dağıtmısınız?

- Bizim başımız açılana qədər mərmər üzlükləri, aliminium şəbəkələri söküb aparmışdılar - deyə Koçaryan süni canıyananlıq göstərməyə çalışdı. - Amma karkası indiyə qədər yerindədir.

Prezident bilərəkdən müraciətlə bağlı protokol qaydalarını qəsdən pozub ənənəvi "sizdən" "sənə" keçdi:

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç, nə danışırsınız? - deyə Koçaryan pərt halda mızıldanıb tələsik uzaqlaşdı.

Heydər Əliyev onun arxasınca baxıb başını buladı. Heç kimə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi:

- Ağ yalan danışır, - dedi. -Quldurbaşının böyüyü elə özüdür!"

Adətən düşmənə ölüm arzulanır. Amma düşünürəm: nə yaxşı ki, "Şuşa fatehi" bizim günlərə qədər yaşadı. Şəhərin azad edildiyini, Vaqif məqbərəsinin qısa müddətdə bərpa olunduğunu, xarabazarlığa çevirdikləri Şuşanın böyük bir tikinti-quruculuq medançasına çevrildiyini öz gözləri ilə gördü... Bu, qisasların ən yaxşısıdır!

Sovet İttifaqının sarsılmaz göründüyü bir vaxtda Şuşada Vaqifə məqbərə ucaldan Heydər Əliyev həm də ermənilərin uydurma dəlillərə əsaslanan siyasi ambisiyalarına, saxtakarlıq üzərində qurulmuş tarixi iştahlarına zərbə vurmuşdu. Şuşa yüksəkliyindən bütün Qarabağa açılan Vaqif məqbərəsi heç şübhəsiz, 1980-ci illərin yalnız memarlıq deyil, həm də mühüm siyasi layihələrindən idi.

Açılışını Heydər Əliyevin etdiyi ilk Vaqif məqbərəsinin ömrü qeyd etdiyim kimi, cəmisi on il olmuşdu. Şuşanın azadlığa qovuşması ilə ikinci həyat qazanan indiki məqbərənin isə sonsuza qədər Azərbaycan şeirinin, Vaqif pərəstişkarlarının qutsal ziyarət yeri olacağı heç bir şübhə doğurmur.

 

 





19.06.2023    çap et  çap et