Gənc Tamaşaçılar Teatrının rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin müəllimi, Əməkdar artist Nicat Kazımov çağdaş səhnə sənətimizin tanınan və sevilən nümayəndəsi, bu sahənin uğurlarına və qayğılarına yaxından bələd olan dəyərli mütəxəssisdir. Onunla teatr sənəti, şəxsi yaradıcılığı, pedaqoji fəaliyyəti və digər məsələlərlə bağlı söhbətləşmişik.
- Nicat bəy, ötən il 50 ilik yubileyinizi qeyd etdiniz. Deyirlər, yubiley bütün il boyu davam edir, yəni yeni yaş gələnə kimi. Sizin yubiley iliniz necə keçdi?
- Adi, həyatdır da, yaşayırıq. Elə oldu ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dörd il dərs dediyim kursum universiteti bitirdi və mənim başım qarışdı onlarla diplom tamaşasının hazırlığına. Çox ağır bir işin altına girmişdik, uşaqları çox çətinə saldım, Eduardu de Filipponun "Kabuslar" əsərini hazırladıq. İki saat iyirmi dəqiqə tamaşa getdi. Əslində, onlarla işləmək elə də çətin deyildi, çünki bəziləri müxtəlif teatrda işləyirlər. Sonda isə onlar üçün bir bayram kimi tədbir təşkil etdik. Əslində, indi mənim vəziyyətim bir az kövrəkdir. Çünki dörd il günümün çox hissəsini birgə keçirdiyim, öyrətdiyim, övladlarımdan ayırmadığım uşaqlarla vidalaşdıq. Həm də bu, ona görə əlamətdar hadisə idi ki, özümün də məzun olduğum Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə təsadüf etdi. Vaxtilə mənə dərs deyən müəlimlərlə bu gün eyni yerdə çiyin-çiyinə çalışmaq mənim üçün böyük hadisədir. Bir də onu deyim ki, mən heç vaxt pedaqoji fəaliyyətlə məşğul olacağımı düşünməzdim. Bu da taleyin bir işidir. Çalışdım ki, 32 illik təcrübəmdə nələr öyrənib, nələr bilmişəmsə, onları tələbələrimə öyrədim.
- Pedaqoji fəaliyyət sizin düşüncələrinizdə, həyatınızda nələri dəyişdi?
- Teatr fəaliyyətimə də təsir etdi. Təkrarlamağa, yenidən göz gəzdirməyə, yeni eksperimentlər etməyə başladım ki, onları artıq teatr tamaşalarında da tətbiq edirəm. Yəni qarşılıqlı şəkildə uşaqlara həm öyrədirəm, həm də onlardan öyrənirəm. Düzü, zahirən, əzazil müəlliməm, amma tələbələrim məni çox sevirlər. Çünki mən də onları çox sevirəm. Teatrda da aktyorlarıma qarşı əzazillik etsəm də, sonda dostuq, doğmayıq. Onlara heç zaman qıraq kimsə gözüylə baxmamışam, onlar mənim ailəmin bir fərdidirlər.
- Özünüzü aktyor kimi görürsünüz, ya rejissor kimi?
- İndi rejissor kimi...
- Bəs aktyor Nicat Kazımov?
- Aktyor kimi Nicat Kazımovun bəxti gətirməyib. Düzdür, 70-dən çox tamaşada oynamışam. Kinoda ümumiyyətlə, bəxtim gətirməyib, 5-10 filmdə, teletamaşada oynamışam. Teatrda isə daha çox və daha maraqlı rollar oynaya bilərdim, imkan və şərait olmadı. Ümid edirəm ki, gələcəkdə aktyor kimi də fəaliyyət göstərərəm. Bu gün isə fəaliyyətimin böyük hissəsi rejissorluqdur.
- Aktyorluqdan rejissorluğa keçməyinizə nə səbəb oldu?
- Rejissor olacağımı düşünməmişdim, arzum deyildi. Vəziyyət belə gətirdi. Digər rejissorlar məndən inciməsinlər, onların arasında da çox sevdiklərim, bəyəndiklərim var, amma deyirlər ki, uğurlu rejissorların əksəriyyəti aktyorluqdan gələnlərdir. Bu, dünya təcrübəsində də belədir. Çünki aktyorluğun bütün priyomlarını, fəndlərini biləndən sonra, aktyorun keçirdiyi hissləri yaşayandan sonra rejissor kimi işləmək daha rahat olur. 1990-cı illərdə xüsusən, bizim teatrda rejissor qıtlığı vardı və mən sadəcə əyləncə üçün bir tamaşa hazırladım. Davamında teatrın rəhbərliyi bir-birinin ardınca tamaşalar tapşırdı, nəticədə bu gün hazırladığım tamaşaların sayı 50-ni keçib. 2007-ci ildə "Pəri cadu" tamaşasından sonra sırf rejissorluqla məşğul olmağa başladım. Bu sahədə Moskvada təcrübə də keçdim. Əslində, rejissorluqla aktyorluq eynidir, eyni məqsədə qulluq edirik. Hətta ən əvvəllər mən xoreoqraf kimi sənətə başlamışdım, tamaşaların rəqslərinə quruluş verirdim. Sonra isə fəaliyyətim daha da genişləndi. Azərbaycanda 500 nəfərlə tamaşa quran ikinci bir rejissor yoxdur. Özümü tərifləməyi sevmirəm, amma hər halda, İngiltərə kraliçasının mənim tamaşama 4 dəfə baxmağı və "Azərbaycanı çox sevirəm" deməyi mənim üçün böyük göstəricidir.
- Sizi həm də aktyor atası kimi tanıyırıq. O ata ki, hərbi xidmətdə olan oğlunun yerinə səhnəyə çıxdı...
- Bəli, çox təəssüf... Mir Sənan lap körpəlikdən teatrdadır, aktyorların qucağında böyüyüb. Amma çox sakit və bir az da özünə qapanan uşaq olduğundan düşünmürdüm ki, aktyor olacaq. 2009-cu ildə Cənnət Səlimova "Məkkəyə gedən yol" tamaşası üçün xahiş elədi ki, Mir Sənanı gətirə bilərsənmi? Onda Mir Sənanın 11 yaşı vardı və mən tamaşaya baxışda şoka düşmüşdüm, o qədər səmimi oynayırdı ki! Hətta nazirlikdən gəlib baxanlar da Mir Sənanın rolunu bəyənmişdilər. Mənsə, onu ən yaxşı məktəblərdə oxudurdum ki, başqa sahəyə yönəlsin, təki bu sahəyə gəlməsin. O, 9-cu sinifdə oxuyanda "mən aktyor olmaq istəyirəm" deməyi mənim üçün dəhşət idi. Üç il mübarizə apardım ki, fikrindən dönsün, alınmadı. Beləcə, Mir Sənan bizim universitetə qəbul olundu. Onun aktyor olmağı üçün heç nə etməmişəm. Amma indi deyirəm ki, nə yaxşı, aktyor olub. Çünki o, teatr və kinomuz üçün lazımdır. Hazırda hərbi xidmətdədir, İnşallah, gələn ay qayıtmalıdır. Allah bütün əsgərlərimizi qorusun! Ümid edirəm ki, onun çox parlaq gələcəyi olacaq. Bir ata kimi övladlarımın yalnız xoşbəxtliyini istəyirəm.
"Tanrıya on dörd məktub" tamaşasını israrla Özbəkistana festivala çağırırdılar. Mənsə deyirdim ki, Mir Sənan yoxdur, onsuz alınmaz. Teatrda isə mənlə razılaşmırdılar və deyirdilər ki, özün oyna. Bir tamaşada çıxdım oynadım və göstərdim ki, belə olmaz. Ondan sonra da bu mövsümdə tamaşanın oynanılmasına qadağa qoydum. İnşallah, Mir Sənan qayıtsın, gələn mövsümdən oynanılacaq. O tamaşada özümü çox narahat hiss edirdim, çünki mənim üçün oğlumun yeri hər yerdə görünür. Xüsusən də, o tamaşada...
- Mir Sənanın ən uğurlu işlərindən biri Vaqif Poeziya Günlərində hazırladığınız geniş kompozisiyadakı Xətai obrazı oldu.
- Mən II kursda oxuyanda xəbər yayıldı ki, Şah İsmayıl filmi çəkiləcək. O vaxt pofildən özümü Xətainin rəsmlərinə çox oxşadırdım. Arzum idi ki, o rolu oynayım, amma bu günə kimi də çəkilməyib. Mir Sənan da Xətainin rəsmlərdəki obrazına bənzəyir. Hətta bu obraza görə çox mötəbər yerlərdən müsbət rəylər aldım. Oğlum olduğunu bilmirdilər, hamı soruşurdu ki, Xətaini haradan tapmısınız? Mir Sənan mənim adımdan heç vaxt heç yerdə istifadə etməyib. Hətta sənət dostlarım belə təsadüfən xəbər tutublar ki, mənim oğlumdur. Mir Sənan uyğun gəlməsəydi, heç vaxt ona o rolu verməzdim. Hərdən mənə deyirlər ki, Mir Sənana Məcnun rolunu ver. O bu rolu oynaya bilməzmi? Bilər, amma Mir Sənan Məcnun deyil. Bu, mənim iş prinsipimdir. Mir Sənan səhnədə mənim oğlum yox, aktyorumdur.
- Sizin bu sənətə, sənətin isə sizə xəyanət etdiyi hal olub?
- Nə mən sənətə, nə də sənət mənə xəyanət edib. Mən, illərdir, efirlərə çıxmıram, amma bu gün də insanlar məni küçədə tanıyırlarsa, demək, sənət mənə xəyanət etməyib. Sadəcə layiq olduqlarını kimlərsə görməzliyə vurur, kimlərəsə bu sərf etmir. Bilmirəm niyə, özləri bilsin. Mən kimsənin qapısını döyüb nəsə istəməmişəm. Amma hərdən adam küsür, inciyir.
- Sizcə, layiq olduğunuz qiyməti almamısınız?
- Bəli.
- Nə mane olub?
- Bilmirəm...
- Küsülü olduğunuz aktyora tamaşanızda rol verib, onunla işləmisiniz?
- Bəli, olub. Heç bir aktyora düşmən kimi baxmıram, baxıramsa, onunla işləmirəm. Amma küsülü olduğum aktyorla işlədiyim olub. Evdə ailə üzvümüzdən də küsürük, o saat bütün bağları qırmırıq ki.
- Siz uşaq tamaşaları da hazırlayırsınız. Uşaq üçün tamaşa hazırlamaq böyüklər üçün tamaşadan nə ilə fərqlənir?
- Daha çətindir. Böyüklər belədir ki, bəyənməsələr də, elə belə əl çalıb gedəcəklər. Uşaq isə marağını cəlb etməsə, durub gəzəcək, danışacaq, səs salacaq. Ona görə də uşaq tamaşasına daha ciddi yanaşmaq lazımdır. Uşaq olmağı, onun kimi düşünməyi bacarmalısan. Uşaqla uşaq dilində danışmaq olmaz, onlar bunu sevmirlər. Amma hadisələrə onun gözü ilə baxmalısan. Hazırladığım uşaq tamaşaları var ki, 20 ildən çox repertuarda qalıb, çünki böyük tələbat olub.
- Bəs hazırlayıb bəyənmədiyiniz, ya da peşman olduğunuz tamaşanız necə?
- Deyə bilmərəm ki, bütün tamaşalarım mükəmməldir. Zəifi də var, möhtəşəmi də. Amma hamısı mənimdir. Çünki hamısında məqsədim və demək istədiklərim var. Bu günə qədər 3-4 əsərim olub ki, hazırlamaq istəməmişəm, təkidlə veriblər mənə. Onu da çalışmışam ki, sevim və bəzəyim. Zəif əsəri də bəzəyib ortaya çıxarmışam, ona görə onu da sevirəm.
- Rejissor kimi hazırladığınız əsərdə aktyor kimi oynamaq çətin deyil?
- Mənə yox. Çünki dublyorla işləyirəm və məşq prosesində dublyorun çatışan, çatışmayan tərəflərini görürəm, özüm səhnəyə çıxanda çalışıram onları aradan qaldıram.
- Teatrın və tamaşaçının indiki vəziyyətindən razısınız?
- 1990-cı illərdə tamaşaçı teatra çox da maraq göstərmirdi. Amma mənim ilk tamaşalarımı hazırladığım dövrdə tamaşaçı teatrın qapılarını sındırırdı. Eyni reaksiya sonra 2000-ci illərdə "Pəri cadu" tamaşasında oldu. Mən tamaşaçımdan razıyam, şükür Allaha, tamaşalarımda boş yer olmur. Sadəcə bəzi tamaşaçılardan xahiş edirəm ki, nə olar, tamaşa zamanı telefonu ya söndürün, ya səssizə atın. Tamaşa maraqsızdırsa, ilk 10 dəqiqədə çıx get.
- Tamaşaçını hiss etmək üçün nə lazımdır?
- Tamaşaçı olmaq. Mən əsərlərimin son məşqlərinə rejissor yox, tamaşaçı kimi baxıram və analiz edirəm, başqa bir rejissor bu tamaşanı təqdim etsə, mən necə qarşılayardım, nə hiss edərdim. Bir də, mənim çox yaxşı intuisiyam var.
- Yaşadığınız ömür sizə nə deyir: xoşbəxtsiniz?
- Bəli, gözəl ailəm, övladlarım var, sevdiyim işlə məşğulam. Bir az pulum artıq olsaydı, pis olmazdı (gülür), amma min şükür. Lakin hərdən elə insanlarla qarşılaşıram ki, sanki mənim adımı bu sənətdən silməyə çalışırlar, 32 illik yaradıcılığımı görməzliyə vururlar. Bu, adama toxunur. Axı tamaşa belədir ki, bir il, beş il, oynadın, repertuardan çıxdı, amma qalan bizim haqqımızda yazılanlar olur.
- İndiki düşüncəniz o vaxt olsaydı, yenə də bu sənəti seçərdiniz?
- Hə, əlimdən başqa heç nə gəlmir (gülürük). Amma hərdən başqa fikirlər də gəlir ağlıma. Məsələn, şərait yaransa, burdan getməyi belə düşünürəm bəzən.
- Sıfırdan başlamağa hazırsınız?
- Bəli, bircə qarşımı kəsən ailəmdir.
- Bəs 32 il?
- Nə bilim... Sözdür də deyirəm, bəlkə də bacarmaram, amma hərdən o istək gəlir, beynimdə fırlanır. Bəzən düşünürsən ki, daha nə etməlisən? Desinlər, mən də edim.
Şahanə MÜŞFİQ
çap et