İyunun 18-dən Bakıda başlanan “Muğam aləmi” VI Beynəlxalq Musiqi festivalının ilk konserti “Alim Qasımov və onun qonaqları” adlanırdı...
Əslində, dünyanı sənəti ilə heyran qoymuş, onlarca beynəlxalq festivala fəxri qonaq kimi qatılmış ustad Alim Qasımov 2 saatlıq gecəni şəxsən özü və şən əhvalla idarə etdi. Salamlaşması, orijinal təqdimatları, xarici qonaqlarla “him-cim” söhbəti, musiqi nömrələrinə verdiyi məzəli şərhləri ilə tamaşaçını xeyli güldürdü. Yəni böyük festivalların rəsmiyyətdən uzaq, improvizə ovqatını Azərbaycanın ən böyük səhnəsində hamımıza yaşatdı...
Müasir zövqlərə uyğun, başlığa çıxardığım hadisə isə bəlkə bir neçə dəqiqə içində baş verdi. Olsun ki, bunun özü də Alim müəllimin qurduğu dramaturgiyaya daxil idi. Axı qədim Muğamın dərin elmi yalnız həssas, duyğulu, kövrək, yumşaq qəlblərə enir...
“Fərqanə xanım Azərbaycanda çoxdan unudulmuş Nəva muğamının yaddaşlara qayıtması üçün bu işi dərindən bilənlərlə bərabər çox çalışdı. Nəvada bir şöbə var, “Gəvəş”, onu ilk dinləyəndə qızıma dedim ki, vəsiyyətimdir, öləndə məni bu musiqi ilə yerdən götürün...”
Fərqanə oxudu, hamımızı yerdən götürdü, uzaqlara apardı. Muğamda zaman-məkan sərhədləri silindiyindən, onun yaratdığı hüzn də ruhun yüksəlişinə vəsilə olur...
Sizə konsertin proqramı barədə heç nə yaza bilməyəcəm. Çünki izlədiyimiz tamaşada fraqmentlərin əlaqəsi elə mükəmməl qurulmuşdu ki, nömrələri birləşdirən “vergüllər” konsertin sonundakı “nöqtə” ilə tamamlandı. Bir də gördük ki, hindistanlı, türkiyəli, əfqan qonaqlar da bizimkilərlə bərabər təzim edirlər, dağılışmaq vaxtıdır. Tək muğamın deyil, improvizənin də ustadı olan Alim müəllim hər lokal məkanın özünə məxsus fərdiyyəti, üslub xüsusiyyətləri arasındakı fərqi aradan qaldırıb. Sənətdə elə bir əmin-aman körpü salıb ki, üstündən keçəndə musiqidə, ladda, ritmdə hansı qədim qaynağın hardan baş aldığını, bir-birinə harada qovuşduğunu unutmusan. Buna ilahiyyatda “vəhdətdə kəsrət” deyirlər – yəni kəsimlərin vəhdətə gəlməsi! Məsələnin məğzi ondan ibarətdir ki, əgər ünvan eynisə - İlahi Həqiqət axtarışına yönəlibsə, müqəddəs yola çıxanlar arasında kəskin fərqlər dərhal aradan qalxır. Etnik musiqidə də – harayın, nalənin, Tanrıya xitabın bir dildən, bir haldan başqasına necə, harada, nə vaxt keçdiyini necə müəyyən etmək olar?..
“Biz aləti kökləyəndə qorxudan tələsirik, birdən yorulub hirslənərsiz. Hətta o vaxt toylara gedəndə gülməli irad tutanlar da vardı: evdə kökləyib gələydiz də... Amma bunların heç nə veclərinə deyil, lazımdırsa, lap səhnədə də yarım saat rübab kökləyəcəklər... Əlbəttə, axı alət də insan kimidir...” Alim müəllim bunu deyərək yanında oturub alətinin “könlünü alan” əfqan musiqiçiyə (Daud Khan Sadozal), hindistanlı tablo ifaçısına (Pradhu Edvard) hörmətlə baxır. Sonra Şərqin meditativ ahənginə “Şirvan şikəstəsi”nin dinamikasını qatır, bu əsnada bütün alətləri ehtiyatla dindirir, danışdırır...
Sonra türkiyəli xalq musiqisi sənətçisi Senem Akdemirlə qızı Fərqanəni eşqlə, vəsf söyləyərək səhnəyə dəvət edir...
Sonra Kanadada yaşayan, muğamın plastik biçimini təqdim edən ...sanki göz qabağında dirilmiş marionet, ya hava balonu tək muğamdan nəfəs alaraq hərəkətə gələn xoreoqraf Əlirza Saşarın sufiyanə rəqsinə müşayiət verir...

Sonra nəvəsi Alim Qasımovu səhnəyə çağırıb həm söz, həm də ruh verərərk həvəsləndirir. Onun qəzəlini ağzından alıb təkrar edən varisinə jestlərlə çiyinlərini, əllərini hərəkət etdirrməyin də vacibliyini xatırladır. Bəs nə?! Plastika işin bəlkə tən yarısıdır. Odun parçası kimi səhnədə oturub muğamı içindən – damarlarından, əzəzlələrindən keçirməyənin ürəyindən nə süzülə bilər?..
Belə. Yeni dövrə uyğun, çağırıcı sərlövhə ilə başladığım mətni yenə müasir tələblər üzündən tez tamamlamağın vacib olduğunun fərqindəyəm. Ona görə də...
Məni konsertə dəvət etmiş əzizim Fərqanəyə minnətdarlıq mesajni elə burdan paylaşım, yazı da bitsin: “Ustadın bircə kəlmə belə danışmadan, minlərcə insanı Muğam aləminə səyahətə apardığı dahiyanə çıxışlarını çox görmüşük. İndi, 65 yaşa çatmış Sənətkarın səhnədən ötürdüyü enerji, əminəm ki, nəinki dünənki gecəyə, hətta festivalın bir həftəsinə də yetər. Bu belədir. Yolu doğru, məqsədi sabit olan insanlardan illər nəsə alırsa, əvəzində daha çoxunu verir. Bilirəm ki, Alim müəllimin vəsiyyəti səni çox kövrəltdi. Darıxma, əzizim, Ustadların səsi, izi aləmlərdə qalır, heç vaxt itmir, silinmir. Sən də, mən də bilirik ki, bu dünyada kimsə Alim Qasımovun nə vaxtsa öləcəyinə inanmaz...”
Sevgilərlə,
Lalə
çap et