525.Az

Tar ona, o da tara yaraşırdı - Vasif Quliyev yazır


 

Tar ona, o da tara yaraşırdı - <b style="color:red"> Vasif Quliyev yazır</b>

Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyırdılar. Daha doğrusu, o, yaxşı qarmon da çalırdı. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdu. Onun evindən daim muğam, mahnı səsləri eşidilirdi. Bu ocaq sanki musiqi ilə nəfəs alır, musiqi ilə yaşayırdı. Heç də təsadüfi deyildi ki, sonralar Məşədi Mehralının oğlu Bahadur Qarabağ xanəndələri içərisində özünəlayiq yer tutmuş, nəvəsi Nəriman isə Azərbaycan tarzənləri arasında sayılıb-seçilən virtuoz sənətkar kimi tanınmışdı.

Yeddi-səkkiz yaşlarında olarkən Nərimanı babası Məşədi Mehralı özüylə İmam Rza ziyarətinə aparmışdı. Bəlkə də, o, Şuşanın ən kiçik zəvvarlarından idi. Uşağın bu yaşda belə bir müqəddəs məkanı ziyarət etməsi müsəlman hümməti arasında xoşbəxtlik sayılırdı. Elə həmin vaxtdan da qalalılar bu kiçik mömin həmvətənlərini "Məşədi" deyə çağırır, ona xüsusi hörmət və ehtiramla yanaşırdılar. Nəriman da ona yaraşan bu adla qürrələnir, bu adla yaşa dolur, böyüyür, bu şərəfli adı həmişə doğrultmağa, uca tutmağa çalışırdı. Yaxınları, qohum-əqrabası Nərimana, hətta ömrünü dinlə bağlamağı məsləhət görürdülər. Lakin o öz yolu ilə getdi, tamamilə başqa bir peşəni seçdi. Atalar demişkən, su axıb çuxurunu tapdı. Və çox çəkmədən istedadlı gənc tarzənin adı milli musiqi tariximizin qızıl səhifələrinə belə yazıldı: Məşədi Nəriman!

...Qarabağın tanınmış musiqiçiləri, ürfan əhli xanəndə Mehralı oğlu Bahadurun ocağına tez-tez toplaşar, məclislər qurar, çalıb-çağırardılar. Bu yığıncaqların daimi iştirakçılarından biri də sözsüz ki, balaca Nəriman olardı. Həmişə də sakitcə bir küncdə oturub, onların musiqi barədə söhbətlərinə diqqətlə, xüsusi bir maraq və istəklə qulaq kəsilərdi. Bu söhbətlər də Nərimanda musiqiyə get-gedə böyük həvəs oyadırdı. O, meylini əvvəlcə qaval vurmağa salmış, sonralar tütək, saz, kamança, qarmon çalmağı da öyrənmişdi. Arabir zümzümə eləməyi də vardı.

Lakin Nəriman daha çox musiqi alətlərimizin tacı olan tara könül verdi, onunla ülfət bağladı. Oğlunun bu çalğı alətinə vurğunluğunu görən atası Nərimana bir tar bağlatdırdı və Nəriman müstəqil olaraq tar çalmağı öyrənməyə başladı. Az müddətdə təkcə el havalarını yox, klassik muğamlarımızın da sirlərinə bələd oldu. Evlərində vaxtaşırı keçirilən məclislərdə qonaq-qara qarşısında, ailə tədbirlərində çıxış elədi, dinləyənlərin zövqünü oxşadı, onlara mənəvi qida verdi...

Bir dəfə görkəmli xanəndə Seyid Şuşinski sənət dostu Mehralı oğlu Bahadurun evində qonaq olarkən soruşdu:

- Məşədi, Nəriman yenə tar çalırmı?

Mehralı oğlu Bahadur cavabında:

- Əlbəttə, salır, Ağa, özü də əvvəlkindən də yaxşı! İstəyirsən çağırım gəlsin, bir qulaq as. Sən də qiymətini ver, görək ondan bir şey çıxacaq, yoxsa, yox?! - deyə qürurla oğlunu səslədi: - Nəriman, bala, tez tarını köklə, Seyid əmin qulaq asmaq istəyir!

Nəriman cəld qaçaraq qonşu otaqdan tarını götürüb-gəldi, köynəyindən çıxarıb köklədi və ustad xanəndənin qarşısında əyləşərək "Çahargah" muğamını çalmağa başladı.

Seyid Şuşinski Nərimanın çalğısını sona qədər dinlədi. Onun iri barmaqları, güclü biləkləri, tarın pərdələri üzərində ustalıqla gəzişməsi Ağanın xüsusi marağına səbəb oldu. Gözəl texnikası, vurduğu alt-üst mizrablar, xüsusilə də, işlətdiyi "lal barmaqlar" xanəndəni lap yerindən oynatdı. Balaca tarzən isə başını tarın çanağına söykəyib, özünə qapılmışdı. O, muğamın mayesinə keçəndə Seyid onu daha da ruhlandırmaq üçün bir-iki ağız dedi. Sonra əli ilə "bəsdir!" işarəsi verib:

- Kifayətdir, çox gözəl, çox pakizə! - deyərək üzünü Mehralı oğlu Bahadura tutdu: - Məşədi, sənin bu oğlun əməlli-başlı tarzən imiş ki!.. İcazə versən, onu özümlə məclislərə apararam. Bir az da açılışar, püxtələşər, formalaşar. Onun gələcəyi hələ qabaqdadır... Hə, gedərsənmi mənimlə toylara, Nəriman? - deyə Seyid Şuşinski sualedici nəzərlə ona baxdı.

- Gedərəm, niyə getmirəm ki, Seyid əmi?! Sizinlə bir yerdə çalıb-çağırmaq mənimçün böyük fəxarətdir. Amma muğamların bəzilərini hələ tamam-kamal öyrənməmişəm! - deyə Nəriman başını aşağı saldı.

- Eybi yoxdur, bala, hər şey birdən-

birə olmur ki?! Yavaş-yavaş öyrənərsən də!

... Həmin vaxtdan da Məşədi Nəriman Seyid Şuşinskinin müşayiətçisi kimi toylara ayaq açmağa başladı. Həm bu məclislərdə bişib-bərkidi, böyük təcrübə qazandı, həm də beş-altı manat yiyəsi oldu.

Bir dəfə... Toy məclislərinin birində Seyid Şuşinskiyə "Humayun" oxumaq sifarişi verildi. Bu çətin və mürəkkəb muğamı hələ axıracan öyrənməmiş gənc tarzən həyəcanla və çaşqın halda yavaşca əyilib, Seyidin qulağına pıçıldadı:

- Ağa, bu muğamı hələ tamam-kamal çala bilmirəm!

Seyid Şuşinski Nərimanın çaşqınlığını görüb, heç tövrünü də pozmadı:

- Özünü itirmə, Nəriman, hünərini göstər! - Xanəndə ona ürək-dirək verməyə başladı, - Mən nə oxusam, dalımca gələrsən, oxuduğuma uyğun bir şey çalarsan!.. - deyə tarzənin "Bərdaşt"ını gözləmədən oxumağa başladı.

Nəriman özünü cəmlədi. Seyid Şuşinskinin dediyi yolla və heyrətedici bir ustalıqla dəstgahı birlikdə başa çatdırdılar, özü də çox yüksək səviyyədə. Sifarişçi də, bütün məclis əhli də olduqca məmnun qaldılar. Nəriman elə bir məharət göstərdi ki, məclisdəkiləri də, elə Ağanın özünü də heyrətdə qoydu. Onların bu ifası misli-bərabəri olmayan bir ustalıq, əsl sənət qəhrəmanlığı idi.

Bu əhvalat tezliklə musiqiçilər arasında yayıldı.

Sonralar Nəriman müəllim bu hadisə - "hünər"i barədə tələbələrinə danışanda belə hallarda vəziyyətdən çıxış yollarını da göstərirdi.

Həmin vaxtdan da on üç-on dörd yaşlı Məşədi Nəriman sənət aləmində sərrast addımlar atmağa başladı. Kiçikli-böyüklü, hərəsi bir yarış, bir imtahan olan məclisləri nurlandırdı. Ustadı Seyid Şuşinski ilə birlikdə büsatlı toylar yola saldı, böyük məclislərə dəvət aldı. Tarının məlahətli səsi mağar-mağar, salon-salon yayıldı. İfaçılıq sənətinin sirlərini daha dərindən öyrəndi, ruhən dərk elədi, incəliklərinə bələd oldu. Məclislərin sayı çoxaldıqca təcrübəsi də artdı, daha da bitkinləşdi, yetkinləşdi. Toy-düyünlərdə tez-tez olması həm də onun üçün sözün əsl mənasında, bir məktəbə, bir təcrübə ocağına çevrildi.

...1928-ci ildə Mehralı oğlu Bahadur ailəlikcə Ağdama köçdü. Burda iş tapmaqda o qədər də çətinlik çəkmədi. Rayon beynəlmiləl klubunun nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivinin müdiri, rejissor Heydər Şəmsizadə səhnədə tamaşaya qoyulan milli opera və operettaların musiqi hissələrini ifa etmək üçün onu oğlu ilə birlikdə teatrda işləməyə dəvət elədi. Bir müddətdən sonra hər ikisi Xan Şuşinskinin yaratdığı xalq çalğı alətləri ansamblına da daxil oldu. Onlar kollektivin tərkibində Aşıq Abbasqulu, Şelli Məhəmməd, Rəhim Bədəlov, Bəhram Hüseynov, Allahyar Cavanşirov kimi musiqiçilərlə birlikdə fəaliyyət göstərməyə başladılar. Məşədi Nəriman yenicə ülfət bağladığı sənət dostlarıyla Muğan tərəflərdə, Kürqırağı kəndlərdə, Qarabağın müxtəlif el-obalarındakı məclisləri, toy-düyünləri yola verdi, daha çox tanınmağa başladı...

Gənclərə musiqi təhsili vermək üçün Mehralı oğlu Bahadur 1939-cu ildə Ağdam rayon Pionerlər Evinin nəzdində səs dərnəyi, oğlu Məşədi Nəriman isə tar dərnəyi yaratdı. Ata-bala bütün qüvvə və bacarıqlarını sərf edərək qapı-qapı, ev-ev, kəndbəkənd düşüb, musiqiyə, xüsusən də, tara həvəsi və meyli olan uşaqları soraqlaşıb tapır, dərnəklərinə cəlb edərək onlara musiqinin sirlərini öyrədirdilər. Elman Bədəlov, Kamal Bağırov, Cəlal Əliyev, Nadir Rüstəmov, Cahangir Allahverənov kimi böyük tarzənlər nəsli Məşədi Nərimanın "şinelindən çıxmış", məhz sənətə onun xeyir-duası ilə gəlmişdilər.

Respublikanın xalq artisti, görkəmli xanəndə Əbülfət Əliyev də Məşədi Nərimanın tar dərnəyinin ən fəal üzvlərindən olmuş, lakin sonralar tarzən yox, xanəndə kimi məşhurlaşmışdır. Yazıçı-jurnalist Mustafa Çəmənli "Nəğməli xatirələr" kitabında bu barədə yazır: "...O vaxt Əbülfətin yaşının elə bir dövrü idi ki, yeniyetmələrə xas bir xüsusiyyətlə hər şeyə maraq göstərirdi. O, pionerlər evində Mehralı oğlu Bahadurun muğam dərnəyinə yox, onun oğlu, məşhur tarzən Məşədi Nərimanın tar dərnəyinə getdi. Əbülfət səkkiz ay Məşədi Nərimanın dərnəyində tar çalmaq öyrəndi.

Bir gün yenə də Əbülfət tarını sinəsinə sıxıb, təzəcə çalmağa başlamışdı ki, qonşu otaqdan ucalan səs onun xəyalını çəkdi, barmaqları simlərin üstündə "dondu". O, tarını dizinin üstünə qoyub, qulaq asmağa başladı. Oxuyan Mehralı oğlu Bahadur idi. Ustad xanəndənin səsi pərdə-pərdə qalxırdı. Bu an Mehralı oğlu Bahadurun xəbəri yox idi ki, məlahətli səsi ilə bu biri otaqda tardan dərs deyən Nəriman müəllimin şagirdini ovsunlayıb.

Əbülfət tarını büsbütün unutmuşdu, fikri divarın o üzündən gələn səsdəydi. Xanəndə "Rast" oxuyurdu... Nəriman müəllim də sakitcə dayanıb, şagirdini əsir etmiş o səsə, atasının səsinə qulaq asırdı. O, hiss edirdi ki, artıq şagirdinin özü burda, ürəyi o biri otaqdadır.

Nəriman müəllim yerindən qalxıb, Əbülfətin qolundan tutdu, keçdilər qonşu otağa. Nəriman müəllim:

- Ata, - dedi. - Əbülfətin ürəyi sənin yanındadır, ondan tarçalan yox, xanəndə olacaq. Bir ona qulaq as!

Mehralı oğlu Bahadur bir oğluna baxdı, bir onun boynu qırmızı qalstuklu şagirdinə baxdı. Sədəfə tutulmuş qavalını götürüb, ona verdi.

- Nəyi oxuya bilərsən?

- Çoxlu mahnılar bilirəm.

- Çox gözəl, birini oxu, qulaq asaq.

Əbülfət qavalla səsinə bəhr tutub, "Boz at" mahnısını oxudu... Mahnını bitirib, qavalı stolun üstünə qoydu. Durub gözlədi. Ustad xanəndə fikrə getmişdi.

Əbülfət isə düşünürdü ki, görən, Bahadur dayı nə deyəcək?

Xanəndə ayağa qalxdı. Gözləri nurlanmışdı:

- Əhsən, bala, əhsən! Sən gözəl xanəndə olacaqsan! Qaval vurmağınla da məni lap heyran elədin. Qal mənim yanımda, sənə sənətin yollarını öyrədim, - dedi. 

Nəriman müəllim tarını götürüb, öz otağına keçdi. O, gələcəyin bir tarzənini itirsə də, gözəl bir xanəndəsini tapmışdı".

Sonralar Əbülfət Əliyev həmin hadisəni xatırlayarkən ona sənətdə düzgün yol göstərən xeyirxahları haqqında minnətdarlıqla deyirdi: "Mehralı oğlu Bahadur mənə oxumağı, oğlu Nəriman isə qaval çalmağı öyrədib".

Məşədi Nəriman təkcə toy mağarları ilə, bulaqbaşı məclislərlə kifayətlənmir, ictimai tədbirlərdə və yığıncaqlarda da fəal iştirak edirdi. İndi onun səsi həm də el şənliklərindən, kənd klublarından, maarif ocaqlarından, pambıq tarlalarından, qışlaqlardan, yaylaqlardan da gəlirdi. Böyük Vətən müharibəsi illərində, Məşədi Nəriman arxa cəbhədə, sözün həqiqi mənasında, əsl fədakarlıq göstərir, hərbi hissələrdə əsgərlər qarşısında, vağzallarda, cəbhəyə yolasalma məntəqələrində çıxış edərək döyüşçülərin qəlbində qələbəyə inam hisslərini daha da artırırdı.

Bu zəhmətkeş tarzən daim öz üzərində çalışır, sənətkarlıq təcrübəsini, texniki ustalığını artırır, ifaçılıq üslubunu durmadan təkmilləşdirirdi. Artıq sənətdə öz yolunu tapmış Məşədi Nərimanın çıxışları həmişə bir-birindən gözəl, ecazkar keçirdi. Onun ifaçılıq məharəti və müşayiətçilik yolu artıq hər yerdə söylənilirdi.

Musiqini dinləmək, onu qavramaq qabiliyyəti Məşədi Nərimanda çox güclü idi. O, hər hansı bir melodiyanı ustalıqla mənimsəyir, özünün yaradıcılıq süzgəcindən keçirərək ifa edirdi. İstedadlı tarzən iki-üç dəfə diqqətlə qulaq asdığı mahnı və rəngi, hətta ən çətin muğam hissələrini belə, eynən çala bilir, eşidənləri heyrətə salırdı. Ən başlıcası isə dinlədiyi təcrübəli və ustad tarzənləri təkrarlamır, əksinə, ifa etdiyi muğamlara və mahnılara təzə xallarla, yeni nəfəslərlə rövnəq verirdi. Həm solo çalmaqda, həm də xanəndəni müşayiət eləməkdə tamaşaçıların rəğbətini əbədi qazanmış virtuoz tarzəni artıq sənət aləmində çox gözəl tanıyırdılar. O, musiqinin sirlərinə elə bələd olmuşdu ki, hər bir muğamın, mahnının, rəngin... tarda bədii obrazını yarada bilirdi. Tarı o qədər gözəl, o qədər şirin çalırdı ki, dinləyicilər xəyallarında sevgi, məhəbbət, qəhrəmanlıq motivləri axtarırdılar.

Məşədi Nəriman Seyid Şuşinski ilə illər boyu toy məclislərində, el şənliklərində çıxış elədi, muğam biliciləri qarşısında əsl sənət nümunələri göstərdi. Onun pərəstişkarlarının sayı-hesabı yox idi. Dəvət edildiyi məclislərin ardı-arası kəsilmirdi. Həmin vaxtlar gənc tarzən təkcə Seyidlə yox, həm də digər məşhur xanəndə və müğənnilərlə də sənət dostluğu edirdi. Pəsxan Cəlil, Bəylər Nəcəfov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, İldırım Həsənov, Əlipaşa Daşdəmirov, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva, Şahmalı Kürdoğlu, Yaqub Məmmədov, İsa Rəhimov, Qədir Rüstəmov, Arif Babayev, Aydın Məmmədov, Hafiz Sədrzadə kimi görkəmli xanəndə və müğənnilər onunla tez-tez tərəf-müqabil olurdular.

Qarabağda belə bir sənətkarın yaşadığını, xalq musiqisinə çox yaxşı bələd olduğunu, məharətli, son dərəcə əzəmətli və lirik çalğısını eşidib-bilən bəzi musiqiçilər onu görmək, dinləmək üçün Bakıdan vurub, Ağdama gəlirdilər. Bəhram Mansurov, Hacı Məmmədov, Firidun Ələkbərov, Həbib Bayramov, Məmmədağa Ağayev, Abbas Abbasov, Əhsən Dadaşov, Məmmədağa Muradov kimi tarzənlər və qarmon ustaları dəfələrlə Məşədi Nərimanın qonaqları olmuş, çalğısını heyranlıqla dinləyərək ondan məsləhət almışlar. Heç də təsadüfi deyil ki, musiqi folklorçuları Bayram Hüseynli və Əhməd İsazadə ötən əsrin altmışıncı illərində görkəmli tarzənin sorağı ilə Ağdama gəlmiş, onun köməyi ilə qırxdan artıq mahnı, rəqs, rəng və unudulmaqda olan muğam hissələrini bərpa edərək lentə almış, eyni zamanda Məşədi Nərimanın ifasında "Xaric Segah" və "Mahur-Hindi" muğamlarını lentə almışlar. Hazırda həmin lent yazıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

1958-ci ildə Ağdamda orta ixtisas musiqi məktəbi açılanda, ilk növbədə, Məşədi Nəriman da burda dərs deməyə dəvət olundu. O, məktəbdə həm tar dərsi deyir, həm də Seyid Şuşinskinin, Musa Şuşinskinin və Şelli Məhəmmədin səs siniflərində müşayiətçilik edirdi. Ömrünün sonunadək bu şöhrətli musiqi ocağında çalışan Məşədi Nəriman Mehralıyev (1916-1983) Ramiz Quliyev, Mustafa İsmayılov, Tahir Haqverdiyev, Fərhad Paşayev, Rafiq Hüseynov, Bəylər Əhmədov, İlham Babayev, Yusif Vəliyev, Əyyub Əliyev, Rafiq Nəcəfov, Rəsul İsmayılov, Zülfüqar Muradov, Səyavuş Haqverdiyev kimi onlarca istedadlı tarzən yetişdirmişdir. Məşədi Nərimanın keçmiş tələbəsi, onun şəxsiyyətinə və sənətinə yaxşı bələd olan Rəsul İsmayılovdan müəllimi barəsində söz deməyə xahiş eləyəndə o, xeyli danışdı və sonra ondan belə bir qısa və tutumlu cavab aldım:

- Bilirsən, kəsəsi desək, tar ona, o da tara yaraşırdı...

 





20.06.2023    çap et  çap et