525.Az

"Rənglər şəhəri" - "Bir rəsmin dedikləri"


 

"Rənglər şəhəri" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla rəssam Abbas Məmmədovun "Rənglər şəhəri" əsəri haqqında danışmışıq.

Abbas Məmmədov 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2001-2005-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət kollecinin rəngkarlıq fakültəsində, 2005-2009-cu ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil alıb.  2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

 

- Nigar xanım, hər bir rəssamın mövzu seçiminə təsir göstərən müxtəlif amillər olur. Sizcə, Abbas Məmmədovun məhz bu mövzuya müraciəti nədən irəli gəlirdi?

- Şərq, şərq insanı hər zaman rəngləri sevir, onların müsbət enerjisindən qidalanır. Bu əsərdə rəssam Bakının "şərq" ruhuna rəngarəng bir "güzgü" tutur. Müxtəlif cür mənalandırılan rənglərin al-əlvan çalarlarını anlatmaq istəyən fırça ustasının kompozisiyasında qədim və doğma yurdumuzun həm tarixini, həm musiqisini, həm ədəbiyyatını, həm də əfsanəvi ovqatını duya bilirik. Firuzəyi Bakının tarix qoxulu qəhvəyisi, oxrası, gah sarı, gah narıncı, gah da yaşıl rəngə çalan, bol məhsul verən Abşeron torpağının abstrakt və dekorativ təsviri rəssamın perspektivli baxış nöqtəsinin bariz nümunəsidir. Səmanın və dənizin qəlblərə süzülən fərqli çalarlı mavisi əsl Bakı  "nəfəsini" özündə ehtiva edir. Kompozisiyada hər bir rəng hərəkətə gələrək, sanki kübar vals ifa edir. Rəssam möcüzəvi neft yataqlarını da Xəzərin üfüqündə təsvir edir. Ümumi kompozisiyada zərif konturlar ilə haşiyələnmiş hər bir forma göz qamaşdıran parlaqlığı ilə seçilir.

- Əsərin yaranma tarixçəsi bəllidirmi?

- Əsər 2022-ci ilə aiddir. Ölçüsü 80x100-dir. Texnikası isə kətan üzərində yağlı boya ilə icradır.

- "Rənglər səhəri" adından da məlum olduğu kimi rəng mesajları ilə zəngindir. Bir qədər də əsərin rəng koloritindən danışaq.

- Rəssamın abstrakt və maraqlı perspektiv ilə yanaşdığı şəhər mənzərəsində Bakının günbəzlərlə tamamlanan köhnə tip tikili tərzini görürük. Uca, qocaman və əzəmətli kökləri olan yıxılmaz bir ağaca söykənən qala fiquru xalqımızın və şəhərimizin qədimliyindən, sarsılmazlığından xəbər verir. Əfsanəvi Qız qalasının təsviri isə heç də təsadüfi deyil. Vizual kontrastlarla yanaşı, tamamlayıcı rənglərdən də məharətlə istifadə edən Abbas Məmmədov tabloda istilik, doğmalıq və canlılığı təqdim edir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kompozisiyada bariz bir rəng oyunu var. Rəng bizi daim əhatə edir və davamlı şərhedici "hadisə"dən ibarət qavrayış təcrübələrimizə vasitəçilik rolunu oynayır. Tədqiqatlar müəyyən rənglərin xüsusi əhval-ruhiyyə ilə əlaqəli olduğunu və nəticədə psixo-emosional vəziyyətləri müəyyən edə biləcəyini iddia edir. Müvafiq olaraq, onlar müəyyən arzuolunmaz emosional və ya psixoloji vəziyyətlərin aradan qaldırılmasında müalicəvi müdaxilə kimi istifadə edilə bilər. Məhz buna görə də biz rəsm əsərlərinə baxdığımız zaman müəyyən enerji və ya emosiyaya qapılırıq. Rəngdən emosional işarə kimi istifadə edən sənətkar həm mənəvi aurasını, həm də daxili əhval-ruhiyyəsini kətan üzərinə köçürməyə nail olur.

Kompozisiyada diqqəti çəkən ən maraqlı nüans sakit Xəzərdir. Bəlkə də bu nüans müəllifin həlim xasiyyətindən, kövrək sənətkar ruhundan xəbər verir. Bəlkə də rəssam Xəzərin timsalında Bakı şəhərinin xarakterini vurğulamaq istəyib. O, gah nazlı gəlintək sakit, utancaq, gah da şıltaq bir gənc kimi coşğulu olur, eynilə Bakı küləyi kimi... Rənglər kimi, hər bir duyğu da özlüyündə sirli bir düşüncədir. Rəssam da palitrasından kətana sirli bir "göyqurşağı" köçürüb. Bu göyqurşağının rəngləri Bakının ruhunu, muğamını, iftixar və qürur hissini özündə kölgələməkdədir. Qocaldıqca gözəlləşən Bakını gənc və modern tərzdə rəsm edən Abbas Məmmədov bir daha öz yaradıcılığında müasirlik ilə ənənəviliyin pozulmaz vəhdətini yaradıb. Nağılvari və mücərrəd bir kompozisiya düzümünə malik əsərdə rəssam  tamaşaçını bilinməyən bir yerə, naməlum bir diyara aparır. Köhnə və nağıl yüklü Bakıya... Bununla yanaşı, rəssam mənzərə janrına yeni və fərqli bir tərz aşılayır. Bir növ bədii improvizasiyaya nail olur. Odur ki, istənilən sənət əsəri estetik ifadənin təcəssümüdür.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssam da bu əsəri ilə öz bədii-estetik zövqünün dolğun şərhini təqdim edir. Onu da qeyd etmək gərəkdir ki, hər bir yurdu, hər bir vətəni rəngarəng edən həm də onun sakinləridir. Hər bir vətəndaş öz individual xüsusiyyətləri ilə birgə maraqlı bir rəngə çevrilərək, vətəninin torpağına, şəhərinin gözəlliyinə aşılanır, onunla həmahəng olur.

Aytac SAHƏD

 





21.06.2023    çap et  çap et