525.Az

Lavrovdan hiyləgər bəyanat: Dedikləri həqiqətdir, amma...


 

Lavrovdan hiyləgər bəyanat: <b style="color:red">Dedikləri həqiqətdir, amma...</b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək verməkdə səmimi deyil. O bildirib ki, Qərbin hərəkətləri NATO və Aİ-nin genişləndirilməsi məqsədinin təzahürüdür: "Ümid edirəm ki, bizim İrəvan və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər".

S.Lavrov vurğulayıb ki, Rusiya digər beynəlxalq oyunçuların vasitəçilikdə özünü sınamasına qarşı deyil: “Əsas odur ki, bu razılaşma Azərbaycan və Ermənistanın, həmçinin hər iki xalqın maraqlarını balanslı şəkildə əks etdirsin”.

Məlum olduğu kimi, Cənubi Qafqazda Rusiya ilə Qərb dövlətləri arasında mübarizə gedir. Tərəflər Ermənistanla - Azərbaycan arasında vasitəçi olmaq, habelə ehtimal edilən sülh müqaviləsində aparıcı rol oynamaqla regiondakı mövcudluqlarını gücləndirmək istəyirlər. Bu məqsədlə onlar yeni təkliflərlə çıxış etməklə yanaşı, həm də bir - birilərinə mane olmağa, İrəvan və Bakını öz vasitəçiliklərinin daha optimal olduqlarına inandırmağa çalışırlar. Bu mənada S. Lavrovun dedikləri əslində gözləniləndir. 

Etiraf etmək lazımdır ki, onun fikirlərində müəyyən həqiqət var. Belə ki, vasitəçilikdə iddialı olan Vaşinqton və Brüssel, həqiqətən, səmimi deyil. Amma Moskva özü də "süddən çıxmış ağ qaşıq" deyil. Biz Qərb dövlətləri kimi, Kremlin də riyakarlığını dəfələrlə görmüşük. Onların hər birini düşündürən ancaq öz maraqlarıdır. 

Məsələ burasındadır ki, səmimilik bizim üçün ikinci dərəcəli məsələdir. Çünki siyasətdə ümumiyyətlə səmimilik axtarmağa dəyməz. İndi Qərblə Rusiya arasında davam edən rəqabətin özü bizə sərf edir. Çünki tərəflər bir- biriləri neytrallaşdıra bilirlər. Üstəgəl, onların yeni təşəbbüsləri region üçün imkanlar vəd edir.

Rusiya xarici işlər naziri "Əsas odur ki, bu razılaşma Azərbaycan və Ermənistanın, həmçinin hər iki xalqın maraqlarını balanslı şəkildə əks etdirsin" fikri ilə iki məqama diqqət çəkmək istəyib. Birincisi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın maraqlı olduğunu, ikincisi isə ölkəsinin bu istiqamətdə səmimi atdımlar atdığını göstərməyə çalışıb. Hərçənd biz Rusiyanın regionla bağlı siyasətinə çoxdan bələdik.

Sülh müqaviləsi istiqamətində addımların hansı vasitəçinin təşəbbüsü ilə atılmasının bizim üçün o qədər də çox fərqi yoxdur. Əsas odur ki, maraqlarımız təmin olsun. Rəsmi Bakı bütün hallarda üçüncü tərəflərin regiondakı təsir imkanlarının minimum olmasına çalışmalıdır.

 





21.06.2023    çap et  çap et