525.Az

Zəngəzur dəhlizinə doğru 


 

Zəngəzur dəhlizinə doğru <b style="color:red"></b>

Ermənistanın kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən müharibəsinin sonunda imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın əsas müddəalarından biri də kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılmasıdır. Bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi digər müddəalar kimi, bu bəndi də yerinə yetirməkdən imtina edir. Burada kənar qüvvələrin, xüsusilə İranın da təsiri var. Azərbaycana qarşı düşmənçilik siyasəti aparan İran hakimiyyəti açıq şəkildə dəhlizə qarşı çıxır, onun reallaşmasına maneələr yaradır. Amma istənilən halda, Tehranın, Parisin hansı mövqeni tutmasından asılı olmayaraq İrəvan bu bəyanatla üzərinə düşən öhdəliklərə əməl etməlidir. Çünki birincisi, bu, Ermənistanın da imzası olan üçtərəfli bəyanatda əksini tapıb.

İkinsici, bu yolun açılması yalnız Azərbaycanın deyil, bir çox böyük dövlətlərin də marağındadır. Çin ilə Avropanı birləşdirəcək Zəngəzur dəhlizini dünyanın iqtisadi gücü olan Pekin də dəstəkləyir. Gələcəkdə yüklər qatarla məhz Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq. Eyni zamanda Avropa İttifaqı da bu yola maraq göstərir. Rusiya-Ukrayna müharibəsi davam edir və nə zaman bitəcəyi ilə bağlı da hər hansı ehtimal yoxdur. Belə olan halda, Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Bir sözlə, Zəngəzur dəhlizi layihəsi həm Qərbin, həm Şərqin, eləcə də region dövlətlərinin, həmçinin Ermənistanın özünün də maraq və mənafeyinə uyğundur. Belə ki, layihə reallaşandan sonra Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə birbaşa dəmiryol əlaqəsi əldə edəcək. Rusiya isə bu dəhlizlə Türkiyəyə çıxış qazanacaq, ticari dövriyyəsini sürətlə artıracaq.

Bu günlərdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuata bildirib ki, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə Orta Dəhlizin yükgötürmə qabiliyyəti artacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq ölkəmizin regionda strateji mövqeyini artıracaq. O, Zəngəzur dəhlizinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayıb və deyib ki, Zəngəzur dəhlizinin işlək olması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yük daşıma qabiliyyəti artacaq. 

Uraloğlu xəttin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib. Xəttin Ermənistana məxsus hissəsinin Zəngəzur bölgəsindən keçəcək 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar aparılacağını bildirən nazir, əlavə edib ki, yol xətləri də paralel olaraq istifadəyə veriləcək.

O qeyd edib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək. Rusiya, Azərbaycan və Türkiyə arasında dəmir yolu şəbəkəsini genişləndirəcək. Zəngəzur dəhlizi layihəsi reallaşandan sonra Pekindən Londona qədər uzanacaq Şərq-Qərb ticari marşrutu intensiv işləməyə başlayacaq.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk da bir neçə gün əvvəl bu mövzuda fikirlərini açıqlayıb: "Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir. Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq".

Overçuk vurğulayıb ki, Azərbaycan öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Dəmir yolunun İran və Türkiyəyə daha da uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək. O, həmçinin Azərbaycan və Ermənistan arasında inam və etimadın artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edib ki, insanlar digər ölkənin ərazisinə daxil olduqları zaman təhlükəsizliklərinin təminatından əmin olmalıdır: "Ən böyük problem inamdır. Məhz bu səbəbdən danışıqlar ləng gedir. Nəhayət, bu yoldan sadə insanlar - azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları keçəcəklər. Onlar sərhəddə bir-biri ilə necə qarşılıqlı əlaqədə olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün bizim birlikdə cavab tapmaq istədiyimiz əsas suallar budur. Yəni başqa ölkənin ərazisində bu insanların xoşagəlməz hadisələrlə qarşılaşmayacaqlarına əmin olaq".

Layihə İran üçün də hər hansı mənfi hal yaratmır. Əksinə, bu marşrut Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranın nəqliyyat infrastrukturlarını birləşdirəcək. Nəticədə İran yeni, genişmiqyaslı regional layihələrə ciddi investisiyalar və gəlirlər imkanlarına yiyələnəcək.

Xatırladaq ki, Azərbaycandan dövlət səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan jurnalistlərə  müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsində problemin Ermənistandan yox, İrandan qaynaqlandığını söyləyib: "Zəngəzur dəhlizinin açılması ilə bağlı çətinliklər Ermənistanla deyil, İranla bağlıdır. Tehranın mövqeyi həm Azərbaycanı, həm də bizi məyus edir. Eyni zamanda, daşımalara çox yüksək rüsum tətbiq olunub. Ümid edirəm ki, bu problem yaxın zamanlarda həll olunacaq".

Onun sözlərinə görə, Tehranın bu məsələyə müsbət yanaşacağı təqdirdə Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm də dəmiryolu vasitəsilə bir-biri ilə inteqrasiya olunacaq. Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bu halda Pekindən Londona yol açıla bilər.

Amma görünən odur ki, İranın mövqeyində hər hansı dəyişiklik yoxdur. Bu yaxınlarda Tehranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin və digər siyasilərin fikirləri də bunu sübut edir. Sabiq səfir deyib ki, Ermənistanla ixtilafları olan Türkiyə İrəvanı Zəngəzur dəhlizi üzərində suverenlik hüququndan məhrum etmək üçün Azərbaycanı təxribata yönləndirir. Bu isə müharibəni uzadır, beləliklə də, Türkiyə Qafqazda sülhün yaranmasına və nəqliyyat yollarının açılmasına mane olur. Türkiyə Azərbaycanı təxribata sövq etməkdən əl götürən kimi problemlər həll olunacaq.

Göründüyü kimi, Tehranın bir qorxusu da bu dəhlizin açılması ilə türk dövlətləri arasında intensiv əlaqələrin yaradılması və möhkəmlənməsidir ki, bu da əlbəttə ki, həm Bakı, həm də Ankara tərəfindən dəfələrlə bəyan edilib. Lakin yuxarıda da vurğuladığımız kimi, Zəngəzur dəhlizi mühüm əhəmiyyətə malik layihədir və onun açılmasından təbii ki, yalnız türk dövlətləri deyil, digərləri də faydalanacaq. Digər tərəfdən, İran Naxçıvanın blokadada qalmasını istəyir. Regiondakı yeni imkanların reallığa çevrilməməsi üçün çalışır. 

Amma Azərbaycanın bu məsələdə iradəsi ortadadır, beynəlxalq dəstək var, bəyanat mövcuddur. Ona görə də hər hansı təxribatlar, kənar təsirlər Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. 
 

 





22.06.2023    çap et  çap et