525.Az

AMEA Rəyasət Heyətində mühüm məsələlər müzakirə edilib


 

AMEA Rəyasət Heyətində mühüm məsələlər müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Müzakirəyə çıxarılan birinci məsələ Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, Şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsidir. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün onun tərkibinə AMEA Rəyasət Heyəti tərəfindən yeni üzvlərin daxil edilməsi qərara alınıb.

İclasda "Qərbi Azərbaycan Ensiklopediyası"nın hazırlanmasını təmin etmək məqsədilə AMEA-da müvafiq İşçi qrupu yaradılıb.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyi də iclasda diqqət mərkəzinə çəkilib, Cəmiyyətin yubileyinin qeyd edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilib.

Tədbirdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında, daxili imkanlar hesabına, əlavə maliyyə vəsaiti tələb olunmadan, Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında da müzakirələr aparılıb. AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib. Qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.

Akademik İsa Həbibbəyli struktur dəyişikliyinin ölkəmizdə aparılan arxeoloji tədqiqatlara diqqətin daha da artırılmasına və onu yeni inkişaf mərhələsinə qaldırmasına təkan verəcəyini söyləyib.

Müzakirələrdən sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun bazasında A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılmasıilə bağlı olub. Bununla əlaqədar AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

İclasda həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ  arxeoloji ekspedisiyasının yaradılması haqqında məsələ də müzakirə olunub və müvafiq qərar qəbul edilib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında da çıxış edən İ.Həbibbəyli ölkə Prezidentinin Xəzər hövzəsi ilə əlaqədar çağırışları və mövcud reallıq nəzərə alınaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

Bir sıra digər məsələlərin də müzakirə edildiyi iclasda AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib Arif Həşimov elmi-tədqiqat institutlarında və elmi-xidmət müəssisələrində işə davamiyyətlə bağlı aparılan monitorinqlər barədə məlumat verib.

İclasda kadr məsələsinə də baxılıb, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e. vəzifəsinə təsdiqlənib.

 





22.06.2023    çap et  çap et