Vaşinqton gələn həftə Azərbaycan və Ermənistan arasında növbəti danışıqlara ev sahibliyi edəcək. Məlumat üçün bildirək ki, daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda planlaşdırılan görüşü təxirə salındı. XİN rəhbərlərinin gələn həftə baş tutacaq danışıqları barədə baş nazir Nikol Paşinyan açıqlama verib. Bundan əvvəl isə ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində dialoq zəruridir. O deyib ki, Vaşinqtonda növbəti danışıqları səbirsizliklə gözləyirik: "Bu danışıqlar irəliləyir. ABŞ bu prosesdə mühüm tərəfdaş olub və dövlət katibi bu işdə şəxsən iştirak edib. Birbaşa dialoq problemlərin həlli, uzunmüddətli sülhə nail olmaq üçün açardır".
Qeyd edək ki, Ermənistan tərəfi ötən həftədən başlayaraq yenidən təxribatlara əl atıb, müntəzəm olaraq Azərbaycanın mövqelərini, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə bir sərhədçimiz yaralanıb.Sülh danışıqlarının intensiv getdiyi bir vaxtda bu təxribatlar prosesə təbii ki, ziyan vurur. Eyni zamanda İrəvanın sülh prosesini əngəlləmək niyyətini açıq şəkildə göstərir.
Politoloq Fikrət Sadıqov "525"ə şərhində Ermənistanın məlum təxribatları fonunda, Vaşinqton danışıqlarından gözləntilərini açıqlayıb. O deyib ki, ABŞ-ın bu məsələyə yanaşması bizi daha çox qane edir: "Çünki onlar kifayət qədər obyektiv, ədalətlidir və həqiqətən burda sülhə nail olmaq niyyətindədirlər. Bu, ABŞ tərəfinin bütün addımlarından hiss olunur. Bu ilin may ayında Vaşinqtonda baş tutan 4 günlük danışıqlar da bunu sübut etdi. İndi təbii ki, regionda ABŞ-ın da öz maraqları var. Bu, bir reallıqdır və biz bunu istisna etmirik. Amma hər halda Birləşmiş Ştalar Rusiya kimi bizim işlərimizə qarışmır, təzyiq göstərmir, sülhməramlıları göndərmir, diqtə etmir və s. Yəni, bu bizi qane edən məqamdır. Amma başa düşülən odur ki, Vaşinqtonda əgər bu görüşü təşkil edirlərsə, gərək axıra kimi ədalətli olsunlar. Məsələn, Ermənistan tərəfi Azərbaycanın mövqelərini atəşə tutur, Laçındakı sərhəd-buraxılış postumuza atəş açır. Ermənistan tərəfi müxtəlif təxribatlarla məşğul olur. Ona görə də ABŞ öz mövqeyini açıq şəkildə bildirməlidir. Bu, bizi daha qane edən bir məqam olardı. Amma hər halda gördüyümüz kimi elə Vaşinqton görüşü ərəfəsində Ermənistan çalışır ki, vəziyyəti daha da gərginləşdirsin. Onu belə bir görüş qane etmir, başa düşür ki, gec-tez müəyyən addımlar atmalıdır. Burda söhbət Zəngəzur dəhlizindən, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrindən və s. gedir. Bizim iradlarımız aydındır və bunu gizlətmirik, dəfələrlə deyirik. Eyni zamanda digər həqiqət budur ki, bu, Rusiyanı qıcıqlandıran məqamdır. Moskva heç bunu gizlətmir də. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünlərdə bəyan etdi ki, Qərb bu işlərə qarışır, guya müdaxilə edir. Sanki biz kiməsə tabeyik və kimləsə danışmaq üçün icazə almalıyıq. Yəni gülünc, absurd yanaşmadır. Təbii ki, Moskva tərəfindən bu yanaşma, belə bəyanatlar sülhə gətirmir və sülhə nail olmaqda əlbəttə ki, problem yaradır, mane olur. Ümumi mənzərə belədir. Düşünürəm ki, Vaşinqton görüşü keçirilməlidir, amma biz görüşdə təbii ki, daha güclü, hücumedici bir diplomatik müstəvidə öz addımlarımızı atmalıyıq".

Politoloq Vaşinqton formatı ilə Brüssel formatının bir-birini nə dərəcədə tamamlamasına da toxunub. Onun sözlərinə görə, əslində bu formatlar arasında ciddi bir fərq yoxdur: "Amma müqayisə etsək, təbii ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dilindən səslənən bir sıra bəyanatlar Azərbaycanın maraqlarına tam cavab verən bəyanatlardır. Eyni zamanda müqayisə etsək, formatlar müəyyən dərəcədə bir-birini tamamlayır. Vaşinqton bizdən bir qədər uzaq məsafədə yerləşir, amma Avropanın həm burda maraqları var, həm bizimlə daha geniş münasibətlər qurub. Avropa İttifaqı ilə ticari-iqtisadi, humanitar münasibətlərimiz mövcuddur. Bu münasibətlər gündən-günə genişlənir, aktivləşir. Həmçinin, dediyim kimi, cənab Mişelin mövqeyi təbii ki, bizi qane edir".
Rusiyanın eləcə də, Fransanın tərəflərin irəli getməsinə, hansısa razılaşmalar əldə etməsinə mümkün maneələrinə və təsirlərinə də toxunan F.Sadıqov deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə heç kimdən icazə almayıb: "Biz bunu açıq şəkildə demişik və etmişik. Rusiya və Fransa tərəfindən müəyyən maneələr ola bilər. Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir və onlar üçün hansısa bir problem yaratmaq heç də çətin olmayacaq. Amma biz artıq bir sıra çətinliklərdən keçmişik. Deyərdim ki, əsas çətinliklərimiz arxada qalıb. Təbii ki, hələ bir sıra problemlər həll olunmalıdır.Mən istisna etmirəm ki, həm Rusiya, həm Fransa müəyyən maneələr törədə bilərlər. Ola bilsin bu iki dövlətin fərqi ondan ibarətdir ki, Fransa bunu açıq şəkildə edir, Rusiya isə bəyan etmədən sadəcə olaraq gizli şəkildə, kulis arxasında müəyyən problemlər yarada, təxribatlar törədə bilər. Özü də ermənilərin əli ilə. Çünki onlar burdadır, regiondadır, sülhməramlılar ərazimizdədir və bu, reallıqdır. Təbii ki, bunun olması da bir problemdir və düşünürəm ki, bu problemi də keçməli, onu arxada qoymalıyıq. Bunun üçün də təbii ki, vaxt tələb olunur".
çap et