525.Az

Arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransı keçirilib


 

Arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş başlanğıc konfransı keçirilib<b style="color:red"></b>

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il arxeoloji qazıntı mövsümünün açılışına həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, eləcə də Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan akademik İsa Həbibbəyli ilk dəfə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 2023-cü il qazıntı mövsümünün rəsmi açılışı ilə əlaqədar məsələlərin müzakirəyə çıxarıldığını, Azərbaycan arxeoloqlarının fədakar əməyinin yüksək qiymətə layiq olduğunu bildirib. AMEA rəhbəri institutun maddi-texniki bazasının gücləndirilməsi, institutda karbohidrogen analizlərini aparmaq üçün laboratoriyanın təşkili, müəssisənin elmi jurnalının çapı istiqamətində zəruri dəstəyin veriləcəyini söyləyib. Bundan əlavə, ilk növbədə işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatların aparılmasına, Dövlət Proqramlarının icrasına və dövlət əhəmiyyətli sifarişlərə, Xəzərin arxeologiyasının öyrənilməsinə diqqətin artırılması, institut əməkdaşlarının yerli və beynəlxalq qrantlarda aktiv iştirak etmələri zərurəti barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda arxeologiya və antropologiya elminin aktual problemləri ilə bağlı bir çox məsələlər geniş şəkildə müzakirə edilib, dünya təcrübəsi, ölkə reallıqları və müasir çağırışlar nəzərə alınmaqla institutun yenidən qurulması ilə əlaqədar problemlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Daha sonra AMEA prezidenti arxeoloji tədqiqatlarda istifadə etmək məqsədilə AMEA Rəyasət Heyəti adından Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna dron və GPS cihazını bağışlayıb.

Tədbirdə çıxış edən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev 2022-ci ildə institutda ümumilikdə 58 ekspedisiyanın təşkil olunduğunu, cari mövsümdə isə vacib olan abidələrin tədqiqata cəlb ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, ilkin mərhələdə 9 ekspedisiya fəaliyyətə başlayacaq və bunlar içərisində İtaliya, Fransa və Koreya arxeoloqları ilə birgə beynəlxalq ekspedisiyalar da olacaq.

F.Quliyev həmçinin mövcud problemlərə toxunub, perspektivlərə nəzər yetirib, Dövlət Turizm Agentliyi və digər qurumlarla əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları - Hidayət Cəfərov, Kübra Əliyeva, Vəfa Nağıyeva, Əsədulla Cəfərov, Qəhrəman Ağayev, Valeh Ələkbərov və başqaları çıxış edərək mövcud problemlər, onların həlli yolları və arxeoloji qazıntıların təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

 

 

 





23.06.2023    çap et  çap et