525.Az

Su hövzələrinin çirklənməsinin qarşısını necə almaq olar?


 

Su hövzələrinin çirklənməsinin qarşısını necə almaq olar?<b style="color:red"></b>

Müasir dövrdə ciddi müzakirə və polemikalara yol açan aktual və qlobal məsələlərdən biri də ekoloji durum, ətraf mühitin mühafizəsidir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindəndir.

Yer kürəsində müşahidə olunan şiddətli quraqlıq suyun həyat və canlılar üçün vacibliyi məsələsini daha da aktuallaşdırıb. Ekologiyanın çirklənməsi nəticəsində bir çox su mənbələri məhv olur və istehlak üçün yararsız vəziyyətə düşür. Zərərli tullantılar, ağır metallar və zəhərli kimyəvi maddələr ekologiyanı bərpası mümkün olmayacaq dərəcədə zədələyir. Okeanlara, dənizlərə çirkab suların axıdılması, orada yaşayan canlılarda bakteriya və parazitlərin aktivliyini artırır. Araşdırmalar da göstərir ki, tullantı sularının təxminən 80 faizi dünyanın su hövzələrinə axıdılır.

Bu gün Azərbaycanda bir neçə yeraltı içməli su ehtiyatı mənbəyi var. Mütəxəssislərin sözlərinə görə, yeraltı su yataqları səmərəli istifadə edildikdə uzun illər boyu mövcud ola bilir. Lakin su yataqlarından səmərəli və düzgün istifadə edilmədikdə suların parametrləri və tərkibi dəyişir. Hazırda ölkə ərazisində məişət-tullantı sularının təmizlənməsi məqsədilə mövcud olan mexaniki və bioloji təmizləyici qurğuların  hamısı işlək vəziyyətdə deyil. Təmizləyici qurğuların gücünün az olması isə su hövzələrinə antropogen amillərin təsirini çoxaldır.

Xəzər Universiteti Coğrafiya və ərtaf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov "525"ə açıqlamasında Azərbaycanda su hövzələrin çirklənməsinin əsas mənbəyinin məişət və sənaye sularının olduğunu bildirib: "Sənaye suları əsasən Abşeron yarımadasında və ona yaxın olan sahilboyu ərazilərdə müşahidə olunur. Bir çox köhnə neft çıxarılan mənbələrdə də çirklənmələr müşahidə olunmaqdadır. Bunlar əsasən Xəzər  dənizinin çirklənməsinə səbəb olur.  Çirklənmələr istifadə etdiyimiz məişət sularında da müşahidə edilir. Bakı şəhəri ərazisində olan bir çox qəsəbələr mərkəzləşdirilmiş kanalizasiya xətlərinə  qoşulmayıb və buna görə də həmin  ərazilərdən gələn sular Xəzər dənizə tökülür. Əksər rayon yerlərində də suların çirklənməsi baş verir. Çayboyu tikilən evlərdə kanalizasiya sistemləri olmadığı üçün bütün axıntılar çaylara buraxılır. Bundan əlavə, bölgələrdə fəaliyyət göstərən  bir çox turizm və istirahət mərkəzləri var ki, kanalizasiya xətləri mövcud deyil. Bunun nəticəsində də həmin ərazilərdəki su  hövzələri yararsız vəziyyətə düşür".

Çirklənmədən ən çox şirin su mənbələri zərər çəkir. Məişətdə, texnikada və kənd təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur. Qeyd edək ki, hazırda bir çox ölkələrdə içməli su ticarət obyektinə çevrilib. Avropanın Almaniya, Niderland, Danimarka kimi inkişaf etmiş ölkələri içməli suyu satın alırlar. Suyun çirklənməsi onda həll olmuş oksigenin miqdarının azalmasına da səbəb olur. Oksigenin azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi proseslərin normal gedişi üçün əlverişli olmayan mühit yaradır. Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləm üçün kəskin zəhər mənbəyidir.

Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev qeyd edir ki, ekoloji tarazlığın  pozulması bəlli fəsadlarla yanaşı, həm də turizm məkanlarına turist axınının səngiməsinə səbəb olur: "Turizm  mərkəzlərinin atdığı addımlar qanunvercilik və işlənmə mexanizminə uyğun olmalıdır.  Sağlam çevrənin saxlanılması üçün ciddi tədbirlər planı hazırlanmalıdır. Ümumiyyətlə, Azərbaycanda su ilə bağlı  problemlər artmaqdadır. Su hövzələrimizdən sərfəli istifadə həm turizmin inkişafına, həm də əhalinin sağlamlığına müsbət təsir göstərər. Təkcə Abşeronda 200-ə yaxın  müalicə və qeyri-müalicə məqsədli göllər mövcuddur. Bu göllərdəki suların cəmiyyət və ekologiya üçün nə dərəcədə zərərsiz olduğu məlum deyil".

Bəs çirklənmiş suları necə zərərsizləşdirə bilərik? Mütəxəssislərin sözlərinə görə, hazırda suyu zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etmək daha müasir və daha sərfəli üsul hesab olunur. Bu zaman oksigen molekulları xüsusi qurğuda atomlara çevrilir, əmələ gəlmiş oksigen atomları sudakı bakteriyaları, yosunları, kif göbələklərini və virusları məhv edir. İlk növbədə, çirklənmənin nədən qaynaqlandığını araşdırmaq lazımdır. Suyun çirklənməsinə nəzarət etməyin effektiv yollarından biri də su sərfiyyatını minimuma endirməkdir. Bundan əlavə, kənd təsərrüfatı fəaliyyətlərində istifadə olunan kimyəvi maddələrin əvəzinə təbii gübrələrin və üzvi məhsulların istifadəsi ətraf mühitin və suyun çirklənməsinin qarşısının alınması üsullarından biridir.

Havar ŞƏFİYEVA

P.S. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərsək də, üstündən bir neçə gün keçməsinə baxmayaraq, suallarımız cavabsız qaldı. Sonda nazirlikdən bildirildi ki, məlum hadisələrlə bağlı mütəxəssislər Gədəbəyə ezam edildiklərinə görə, sorğunu cavablandırmaq mümkün olmadı.  

 





24.06.2023    çap et  çap et