Bakının baş planında sovet dövründən qalan tikililərin sökülməsi prioritet təşkil edir. 2040-cı ilə qədər paytaxtda köhnə, istismar dövrü başa çatmış binaların sökülməsi, onların yerində yenilərinin inşası nəzərdə tutulub. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir. Hesablamalara görə, hazırda paytaxtda 11 min istismar müddətini bitirmiş bina var. Ötən əsrin 60-cı illərində tikilən "Xruşovka","İtalyan", "Minsk" və "Stalinka" layihəli binalar 25 il üçün nəzərdə tutulsa da, artıq bu binalar ikinci 25 illiyini də başa vurub.
Mütəxəssislərin fikrincə, adi halda bu binalar hələ bir neçə il istismara yarasa da, hər hansı fövqəladə hal, zəlzələ və sair baş verərsə, kiçik bir təkana belə davam gətirə bilməz. Bakının demək olar ki, əksər rayonlarında mövcud olan bu tipli köhnə binalarda müşahidə aparsaq, bəzilərində çatlar yarandığının və qəzalı vəziyyətdə olduğunun şahidi olarıq.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sovet dövründə inşa edilən yaşayış binaları Bakının iqliminə, şəraitinə və relyefinə nisbətən uyğun idi və onlar zəlzələyə daha dözümlü hesab edilir. Bu binalar tikilən zaman tikinti standartlarına tam əməl olunub. Amma indi onların çoxunun istismar müddəti başa çatıb. Elə binalar var ki, onlar bir neçə yerdən aralanıb, yaşayışa təhlükəlidir: "4, 5 və 9 mərtəbəli bu binaların istismar müddəti çoxdan başa çatıb. Bu binaların 80 faizinin zirzəmisi illərdir ki, çirkab suları ilə doludur. Zirzəminin dolması binanın bünövrəsinin yumşalması, orada bərkidilmiş konstruksiyaların əriyib yox olması deməkdir. Bünövrəsi yumşalan, konstruksiyaları əriyib yox olan bina da ən xırda bal zəlzələdən uça bilər. Sözügedən binalarda sonradan aparılan konstruktiv dəyişikliklər də binaları qəzalı vəziyyətə salır. Paytaxtda elə köhnə binalar da var ki, zirzəmiləri qazılıb, hətta binanın bünövrəsini ötüb keçib, əlavə qapılar və pəncərələr açılıb, qeyri-yaşayış obyektinə çevrilib. Bu da təbii ki, binanın təməlinin dağılmasına gətirib çıxarır".
Elnur Fərzəliyev qeyd edib ki, binanı sökməzdən öncə sakinlər kirayə mənzillərə köçürülməlidir. Yalnız binalar tam boşaldıqdan sonra onlar sökülə və yerinə yeni bina tikilə bilər. Bakıda isə kirayə verilən mənzillərin sayı o qədər çox deyil. Hazırkı vəziyyətdə bu qədər sakin üçün paytaxtda birdən-birə kirayə mənzil tapmaq çətindir. Buna xeyli vaxt lazımdır. Ona görə də əvvəl kəskin qəzalı binalarda yaşayanları köçürüb həmin tikililərin söküntüsünə başlanılmalıdır. Daha sonra istismar müddəti bitmiş, amma yaşayışa yararlı binalar sökülməlidir: "Qeyd edim ki, paytaxtda istismar müddətini başa vurmuş çoxlu sayda yaşayış binası var. Qəzalı vəziyyətdə olan binaların da sayı az deyil. 4, 5 və 9 mərtəbəli bu binaların istismar müddəti çoxdan başa çatıb".
Onun dediyinə görə, çox vaxt bina qəzalı vəziyyətdə olsa da, sakinlərin çoxu oradan çıxmaq üçün çox yüksək kompensasiya tələb edirlər. Tikinti şirkətləri də bu səbəbdən geri çəkilirlər: "Sakinlərə istədikləri kompensasiyanı ödəməyəndə onlar söküntünü aparan şirkəti məhkəməyə verir, beləcə söküntü müddəti uzanır. Bu da tikinti şirkətinin xərclərini artırır. Çünki sökülən binada yaşayanların aylıq kirayə haqqını həmin şirkət ödəyir".
Ekspert bildirib ki, istismar müddətini bitirmiş binaların sökülməsi zamanı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaşanan narazılıqlar daşınmaz əmlak bazarının ən aktual problemlərindəndir: "Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib. Bakıdakı köhnə binaların böyük əksəriyyəti istismar müddətini bitirib. Tikinti şirkətləri isə harda geniş həyəti olan binalar varsa, onları sökməyə başladılar. Bu səbəbdən istismar müddətini bitirmiş binaların söküntüsü dayandı. Növbəti mərhələdə sırf qəzalı vəziyyətdə olan, yəni Fövqaladə Hallar Nazirliyi (FHN) tərəfindən qəzalı olduğu qeydə alınan binaların söküntüsünə icazə verilməsinə başlanıldı".
E.Fərzəliyevin dediyinə görə, bina qəzalıdırsa və sökülüb yenisi tikilməlidirsə, onun qəzalı olması, binanın sərəncamı, layihəsi ilə bağlı bütün sənədlər toplanıbsa, aidiyyəti dövlət qurumları tərəfindən bu icazələr verilirsə, vətəndaşlarla tikinti şirkətləri deyil, həmin dövlət qurumlarının nümayəndələri danışıq aparmalıdır: "Həmin nümayəndə vətəndaşa bildirməlidir ki, biz dövlət qurumu olaraq bu binanın sökülməsi ilə bağlı qərar vermişik və zəmanət veririk ki, bu bina filan tarixdə söküləcək, filan tarixdə yenisi sizə təhvil veriləcək. Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır. Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər. Çünki bu proses sakinlər üçün də faydalıdır. Belə ki, onlara yeni binadan və əvvəlkindən daha dəyərli və daha yaxşı təmirli mənzil veriləcək. Bu prosesdə müəyyən kriteriyalar qoyulmalıdır. Hansı mənzilin əvəzində konkret olaraq neçə kvadrat sahəli mənzilin veriləcəyi müəyyən edilməlidir".
Ekspert vurğulayıb ki, Bakıda elə binalar var ki, sakinlərinin bir hissəsi köçüb, amma bir neçə sakin köçməyib deyə binanın söküntüsü aparıla bilmir: "Tikinti şirkəti həmin köçən sakinlərə məcburi kirayə pulu ödəyir. Digər tərəfdən şirkət onlar qarşısında öhdəlik götürür ki, müəyyən müddətə bina tikilib sizə təhvil veriləcək. Amma digər sakinlərin binadan köçməməsi tikinti şirkətinin götürdüyü öhdəliyi pozur. Bir də görürsən, aradan 4 il keçir, amma sakinlər evlərinə köçə bilmirlər. İstismar müddətini bitirmiş binaların və həyət evlərinin sökülməsi prosesinin sürətlə getməsi üçün dövlət qurumları addım atmalıdır. Tikinti şirkətlərində bu söküntüyə maraq olmasa, həmin binanı sökən olmayacaq və bu qəzalı binalar daha da qəzalı vəziyyətə düşəcək, təhlükə mənbəyinə çevriləcək".
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı hesab edir ki, birdən-birə sovet dövründə inşa edilən bütün binaları sökmək olmaz. Ekspert deyir ki, 1980-ci illərdə tiklmiş kooperativ binaların sökülməsinə ehtiyac yoxdur. "Leninqirad" və "Kiyev" layihəli binalar hələ tam qəzalı vəziyyətdə deyil. Söküntüyə "İtalyan", "Fransız", "komunalka" adlanan "Xruşovka" binalardan başlamaq daha məqsədəuyğundur.
R.Osmanlının sözlərinə əsasən, köhnə binaların sökülməsində məqsəd də odur ki, həmin tikililər tədricən şəhərin mərkəzindən çıxardılsın, yeniləri ilə əvəzlənsin. Bu binaların saxlanılması üçün dövlət maddi itkilərə məruz qalır. Eyni zamanda həmin mənzillərin sökülməsi ilə qismən də olsa infrastrukturun inkişaf etdirilməsi mümkündür: "Köhnə binaları sökməklə rabitə, nəqliyyat insfrastrukturu layihələrinin, eləcə də şəhərsalmanın müasir standartlarla həyata keçirilməsi nəzərdə tutulub".
R.Osmanlı qeyd edib ki, əgər sıxlıq əmsalları tikinti prosesləri zamanı gözlənilərsə, paytaxtda köhnə binaları söküb yerində yeni yaşayış mənzilləri inşa etmək sıxlığa səbəb olmayacaq: "Amma tikinti şirkətlərinə öz mənfəətləri üçün sıxlıq əmsalı 2,5-2,6 nəzərdə tutulan ərazidə 3, 5 sıxlıq əmsalla tikintiyə icazə verilərsə, Bakıda tıxac qaçılmaz olacaq".
Ekspertin dediyinə görə, "Xruşovka" binaların sayı çox olduğuna görə indiki halda hökumətin o binaları söküb yerində yeni binalar tikməsi və yaxud oradakı sakinlərin başqa binalarda məskunlaşdırılması məsələsi müəyyən investisiya proqramlarına bağlıdır: "Bu, birbaşa dövlət tərəfindən həyata keçirilə biləcək bir məsələ deyil. Çünki kifayət qədər böyük vəsait tələb edir. Bu istiqamətdə işlər görülür. Bir müddət əvvəl pilot layihələr var idi. Sonradan həmin layihələr dayandırıldı, pilot layihələri başqa layihələr əvəz etdi. Hökumət yenidən həmin istiqamətə qayıtmaq barədə müəyyən müzakirələr aparır. Bəlkə də adı pilot layihə olmayacaq, amma prioritet ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin. Bura "Xruşovka" binalarla yanaşı, 60-cı illərə qədər inşa olunmuş "İtalyan", "Minsk", "Stalinqrad" layihələr və s. daxildir. Həmin layihələrin tədricən sökülüb sıradan çıxması, orada yaşayan insanların məskunlaşması məsələsi müzakirə obyektidir. Yəqin ki, müzakirələrin gedişatı və nəticələri barədə məlumat veriləcək. Bildiyim qədər, Türkiyədə baş verən zəlzələlərdən sonra hökumət şəhərsalma tədbirlərində boş ərazilərə, torpaq sahələrinə deyil, qeyd etdiyimiz istiqamətlərə diqqətin artırılması barədə müvafiq icra hakimiyyətlərinə göstəriş verib".
Ramil Osmanlı vurğulayıb ki, məsələnin tam həllini tapacağı vaxtla bağlı proqnoz vermək çətindir: "Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət göstərən tikinti şirkətlərinə, investorlara müəyyən imtiyazlar verilməlidir. Söhbət yerli investorlardan gedir. Bunlar baş vermədikcə biz bazarda 5-10 şirkətin fəaliyyətini müşahidə edəcəyik ki, bu da həmin ərazilərin 3-5 il ərzində sökülüb yenilənməsi üçün yetərli deyil. İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə hətta lazım olarsa, bu investisiya proqramına qoşulan tikinti şirkətlərinə müəyyən vergi və digər güzəştlər tətbiq etmək olar. Müəyyən zamanlarda xarici investorların bazarda iştirakını müşahidə etmişik. Hesab edirəm ki, bu, ümumi bazar üçün yetərli deyil. Çünki onların sayı həddindən artıq azdır. Xarici investorların çox olması ölkəyə pul axınını artıra bilər, tikinti sektorunda rəqabətin güclənməsinə, şəhərsalma tədbirlərinin sürətlənməsinə gətirib çıxara bilər, məşğulluğun artmasına töhfə verə bilər. Eyni zamanda bazarda qiymətin optimallaşmasına gətirib çıxara bilər. Bir sözlə, hesab edirəm ki, kifayət qədər geniş iqtisadi təsirləri ola bilər".
Mövzuya münasibət öyrəndiyimiz Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) isə bildirildi ki, paytaxtda köhnə binaların sökülməsinə artıq başlanılıb: "Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən qəzalı bina sökülüb. Hazırda Fətəli Xan Xoyski küçəsində keçmiş "Şin" zavodunun balansında olan iki yataqxananın da köçürülməsi üçün işlərə başlanılıb. Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 16 mənzilli binada yaşayanlar da köçürülüb. Hazırda bina sökülür. Bundan əlavə, Yasamal rayonunda da "Xruşovka" layihəli binaların da sökülməsinə başlanılıb. Yasamalda iki "Xruşovka" sökülür. Orada 120-dən çox ailə kirayəyə köçürülüb. Bu işlər mərhələli şəkildə davam etdirilir".
Meriyadan vurğulandı ki, qəzalı binalar sökülərkən sakinlər tikinti şirkətləri ilə razılaşmır. Bu isə söküntü işlərinin ləngiməsinə səbəb olur: "Hazırda Bakıda 1000-dən çox qəzalı bina var. Amma onların hamısını birdən-birə sökmək mümkün deyil. Ona görə də ilkin mərhələdə kəskin qəzalı binalar söküləcək. Daha sonra az qəzalı binaların söküntüsünə başlanacaq".
Sevinc QARAYEVA
çap et