525.Az

Stokholm sindromu - Türkan Turan yazır


 

Stokholm sindromu - <b style="color:red"> Türkan Turan yazır</b>

Qatillərlə, killerlərlə bağlı sənədli filmləri izləyərkən ortaya maraqlı nüanslar çıxır. Bunlardan ən diqqət çəkəni dəhşətli cinayətlər törədən şəxslərə qarşı yaranan pərəstiş hissidir. İnsanlar cinayətkarın məhkəməsində iştirak etmək üçün dəridən qabıqdan çıxırlar, onu alqışlayırlar, həbsxanaya məktublar göndərirlər, dualar edirlər, haqqında əfsanələr yaradırlar. Bütün bunlar az deyilmiş kimi, yazılı və ya sözlü şəkildə onu müdafiə edirlər, dəstəkləyirlər, hətta tutduğu əməlin amansızlığına baxmayaraq, ona bəraət də qazandırmağa çalışırlar. Bir sözlə, şəxsdən bir "qəhrəman" düzəldirlər. Xüsusilə, yaxın tarixdə baş verən cinayətlərdə bu hallar çox yaşanıb. Maraqlısı isə bu gündür. Çünki bu gün qatilə, "mafiya babalarına", yumruq göstərənə, silah çəkənə, meydan oxuyana, qan axıdana, təcavüzçüyə, pedofilə rəğbət daha artıqdır. Təkcə qatillərə, terroristlərə deyil, şiddət göstərən ərə, gün verib işıq verməyən ataya, əzazil rəhbərə, psixoloji təzyiqə məruz qoyan müdirə, fizioloji zərbə vuran kəslərə, sərt danışan şəxslərə qarşı da itaət var. Çoxunun bu vəziyyətdən qurtulmaq imkanları olsa da, getmirlər, daha doğrusu, qalmağı seçirlər. Eynilə səhrada tikan çeynəyərək ağızlarını qanadan, qanadıqca yeyən, yedikcə yenə qanayan və öz qanının dadından bihuş olan dəvələr kimidir "səcdə" edən bu insanlar. Mozaxizmə bənzəyir, amma mozaxizm deyil. Bu durumun adı Stokholm sindromudur. Bu sindrom populyar psixologiyaya aid termin olaraq insan oğurluğu, zorakılıq, qurbanla aqressor arasında yaranan birtərəfli və ya qarşılıqlı simpatiyanı, şüuraltı müdafiə xarakterli travmatik əlaqəni təsvir edir.

Güclü şokun təsiri altında şəxslər onları girov götürənlərə təəssübkeşlik etməyə, onların hərəkətlərinə bəraət qazandırmağa və son nəticədə özlərini onlarla eyniləşdirməyə başlayırlar, ideyalarını qəbul edirlər və özlərinin "ümumi" məqsəd naminə qurban verilmələrini zəruri hesab edirlər.

Nadir Sələfov, Sədat Pekər, Rövşən Canıyev, 30 il öncə ölməyinə baxmayaraq, son 10 gündə gündəmdən düşməyən Abdullah Çatılı kimi şəxslərə də bu rəğbət var. Canıyevin ölmədiyi, ara bir öz məzarını ziyarət etdiyinə dair yayılan cəfəngiyyatdan tutmuş, Çatılının yaşadığı və son günlərdə Türkiyədə yüksək vəzifəyə təyin edildiyinə dair uydurmalar ayaq açıb yeriyir. Maraqlısı budur ki, Çatılının qızı bir neçə gün əvvəl atası ilə bağlı deyilənlərin yalan olduğuna, illər əvvəl öldüyünə dair açıqlama vermək məcburiyyətində qaldı. Mifləri uyduran kütlə qızı "daş-qalaq" etdi ki, "atan yaşayır, sən bilmirsən". Bunca cəhalətə şahid olmaq da işgəncənin başqa növüdür.

Ciddi təhdid yaradan və ona zərər verən birinə qarşı bu cür duyğusal bağlılıq qurmaq, onu qorumağa çalışmaq, əskikliyini qəlbinin dərinliyində hiss etmək, yasını saxlamaq hər kəsə maraqlıdır. Əslində səbəb sadədir: insanlar gücə tapan varlıqdır. Hesab edirlər ki, yuxarıda sadalanan və bənzər gücə malik şəxslərə sığınmaqla həyatdakı yerlərini daha sağlam bir təməl üstündə inşa edirlər. Bu da təhdidkardan qaçmamağa, onunla empatiya qurmağa gətirib çıxardır, nəticədə Stokholm sindromu ortaya çıxır.

İş günlərində birində, 1973-cü ildə banklardan birinə Jan Erik Olsson adlı silahlı və bombalı soyğunçu daxil olur. Bankın təhlükəsizliyindən məsul olan polisi yaralayır və "hər kəs yerə çöksün, şənlik başlayır" deyərək havaya atəş açır. Yaranan qarmaqarışıqlıqda bir çox insan bankdan çıxmağa müvəffəq olur, üç qadın, bir kişi isə soyğunçu tərəfindən girov götürülür. Qısa müddətdə bank polis tərəfindən əhatəyə alınır. Hətta qarətçinin tələbi ilə onun kamera yoldaşı Klark Ulofsson da banka gətirilir. Digər tələbi isə bankın önünə bir avtomobil gətirilməsi olur. Dostu ilə birlikdə pulları götürüb qaçmağı nəzərdə tuturdu. Bütün tələbləri yerinə yetirilməyinə baxmayaraq, bankdan çıxa bilmir. Çünki çıxdıqları və əllərinin altındakı dörd girovdan uzaqlaşdıqları anda polislərin onları həbs edəcəklərinə əmindilər.

Bu proses bir neçə saat deyil, düz altı gün davam edir. Altıncı gün polislər tavandan dəlik açaraq içəri girməyə müvəffəq olurlar. Çıxış yolu olmadığını görən cinayətkarlar silahlarını atıb təslim olurlar. Maraqlıdır ki, həmin an girovlar özünü soyğunçuların önünə ataraq onları polisdən qorumağa çalışırlar, atəş edilməməsi üçün önlərində sipər olurlar. Hadisədən sonra məsələnin iç üzü açılmağa başlayır. Məlum olur ki, Elizabet adlı qadın girovun saxlanıldığı altı gün ərzində dəfələrlə qaçmaq şansı olmağına rəğmən, bankdan çıxmır, öz istəyi ilə orada qalır. Daha sonra girovlar soyğunçulara dəstək olurlar, əleyhlərinə şahidlik etməkdən yayınırlar, hətta aralarında pul toplayıb onların məhkəmə xərclərini ödəyirlər. İllər sonra bir sənədli film üçün həmin günlərdən bəhs edən girov qadın, "soyğunçu məni öldürməyəcəyini, sadəcə ayağımdan vuracağını dedi. O an nə qədər mərhəmətli, düşüncəli bir adam olduğunu fikirləşdim" söyləyir.

Məhkəmə prosesi zamanı Ulofsson sübut etdi ki, o, Olssona kömək etmirdi və əksinə, girovları xilas etməyə çalışırdı. Girovların dəstəyi ilə bəraət qazandı. Azadlıqda olarkən girov götürdükləri qadınlardan biri olan Kristina ilə ailəvi dost oldular. Olsson isə 10 il həbs cəzası aldı. Bu hadisə tarixə Stokholm sindromu olaraq keçdi.

Bu sindrom psixoloji paradoks, pozuntu, ruhi xəstəlik və ya uşaqlıqdan gələn travma deyil, o an baş verən hadisənin psixologiyaya vurduğu zərbəyə verilən reaksiyadır. Xəstəlik olaraq beynəlxalq sistemlərin heç birinə daxil edilməyib. Kökündə isə gücə sığınaraq həyatda qalmaq istəyi yatır!

 

 





24.06.2023    çap et  çap et