Söz vaxtına çəkər deyiblər. Amma həmin vaxtdan düz 27 il keçib. 1996-cı ilin iyun ayı idi. O zaman dövlət televiziyasında çalışırdım. Neçə vaxt idi yeni və əvvəlkilərdən bir qədər də fərqli veriliş açmaq istəyirdim. Verilişin adından tutmuş məzmununa qədər axtarışda idik. Nəticədə xeyli məsləhət-məşvərətdən sonra verilişin baş-ayağını bir yerə yığa bildik. Adı "Labirint" olan veriliş elə iki buraxılışından sonra tamaşaçı marağına səbəb oldu. O zamanın abu-havasına uyğun mövzulara toxunmaqla fərqli süjetlər hazlrlayırdıq. Lakin verilişin daimi bir rubrikası vardı. Adı "Ah məhəbbət, məhəbbət" idi. Düzü, bu, rejissorun ideyası idi, mən də etiraz etməmişdim. Sözümün isə canı var. İlk verilişin bu rubrikasına kimi dəvət edəcəyimiz ətrafında qızğın mübahisə gedirdi. Mən deyəni rejissor istəmirdi, o deyəni də mən. Vaxt isə daralırdı. Belə mübahisəli günlərin birində şirkətin həyətində onu gördüm, kiminləsə söhbət edirdi. Düşündüm ki, elə əsl qonaqdı ki var, çünki hamı onu məhəbbət şairi kimi tanıyır. Fikrimi yaradıcı heyətə bildirəndən sonra yekdil razılığa gəldik. Və mən onunla əlaqə saxlayıb verilişə dəvət edəndə, məmnuniyyətlə razılığını verdi.
Həmin hadisədən bir ömür keçib. Çox şeylər dəyişib, fəaliyyət ünvanım belə. Və illər sonra onunla yenə həmsöhbət olmaq fikrinə düşdüm. Yenə də onunla əlaqə saxladım və yenə də məmnuniyyətlə təklifimizi qəbul etdi. Bəs bu, müsahib kim ola? Qəzetimizin bugünkü maraqlı qonağı Respublika "Komsomol", "Humay", "Y.Məmmədəliyev" mükafatları laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli şair, nasir, tərcüməçi Baba Vəziroğludur.
- Dünya bir tamaşa, Tanrı - rejissor, ən şərəfli oyun - İnsan roludur. Amma indi bu rolu narahat dünyada oynamaq lazım gəlir...
- İllərdir məndən soruşanda ki, necəsən, bir cavabım var: hamı kimi. Bu cavab da indi onu lənətləsək belə, üç il əvvəl yaşadığımız pandemiyadan qaynaqlanıb. Görünür, hərdən bizə belə imtahanlar lazımdı ki, bir-birimizlə eyni olduğumuzu dərk edək, anlayaq ki, böyük fəlakətlər qarşısında hamı bərabərdir. Narahat dünyada da elə hamı kimiyəm. Fərqlənməyi, seçilməyi heç vaxt sevməmişəm. Məşhur bayatıda deyildiyi kimi: "Dünya bir pəncərədir, hər gələn baxar, gedər". Böyük zamanın fövqündə bir andı ki, yaşayıram, hamı kimi olmağa çalışıram. Dahi Nizami nə deyib? Deyib ki, bu dünyada bir insan o biri insandan yalnız elmi, savadı, dərrakəsi ilə üstün ola bilər.
- Uzun illər öncə İsmayıllının Mollaisaqlı kəndində Vəzir kişi ailəsi ilə yaşayıb...
- Valideynlərimdən söhbət düşəndə həmişə deyirəm ki, yaxşı insan olub hər ikisi. Başqa heç nə, çünki onların cəmiyyətdə yüksək bir statusu olmayıb. Düzdür, atam kolxoz sədri, ferma müdiri kimi nisbətən kənd elitasının nümayəndəsi sayılıb, ana babam Lətif əfəndi İranda, İraqda ali dini təhsil alıb və o qəzanın axundu idi. Anam atasının tələbəsi kimi təhsilli din xadimi olub. Hazırda kəndimizdə babamın qəbri pirdir. Bununla belə, atam da, anam da sadə kənd adamları olublar. Mən bunu 1999-cu ildə 40 günün içində valideynlərimin ikisini də itirəndə dərk etdim. Görünür, ayrılığa dözə bilmədilər. Ondan sonra belə qənaətə gəldim ki, insanlar bu dünyadan köçəndən sonra onların yadigarlarına "Sənin valideynlərin yaxşı insan idi" deyiləndə mərhum üçün bundan böyük mükafat yoxdur. Zaman keçdi, respublikada tanınan, məşhur adam oldum, lakin hər dəfə onlar haqda bu sözü eşidəndə, keçirdiyim hissin əvəzi yoxdur. Valideynlərim çox vicdanlı, xeyirxah, haqqı hər şeydən üstün tutan, imanlı, inanclı, Allaha bağlı insanlar olublar. Ailədə dördüncü qız övladından sonra niyyət ediblər ki, oğlumuz olsa, adını müqəddəs ziyarətgahdan götürüb Baba qoyacaqlar. Və dedikləri kimi də edirlər. Mən nə mövhumatçı deyiləm, nə də mistikaya inanan. Amma etiraf edirəm ki, müəyyən mənada inanıram. Deyirlər ki, insana verilən ad şərtidir. Bəzi hallarda belə deyil. Həmişə mənə elə gəlib ki, Baba adını daşımaq böyük məsuliyyət tələb edir. Həmişə düşünmüşəm ki, Baba dağını şöhrətləndirmək, ucaltmaq onsuz da mənlik deyil, lakin ən azından ləkə gətirməməyə çalışmışam.
- Baba Vəziroğlunun qələmlə başlayan dostluğu...
- Bu dostluq məktəbə getməzdən əvvəl başlayıb. Özüm yazıb-oxumağı öyrənmişdim. Oxumağa o qədər həvəsli idim, bunu görən valideynlərim mənə şərait yaratmışdılar ki, həvəsim sönməsin. Sırf kənd işlərindən məni təcrid eləmişdilər və imkan vermişdilər ki, elmə, təhsilə doğru yolla da gedim. Birinci sinfə qədər Hüqonun "Səfillər"ini oxumuşdum, təbii ki, mahiyyətini anlamadan. Məktəb yaşım çatanda isə birinci sinifə sadəcə gedib-gəlirdim, çünki oxumağı da, yazmağı da bilirdim. Mənə öyrədiləsi heç nə yox idi. İkinci sinifdən etibarən oxumağa başladım və sona qədər qiymətlərim yalnız əla oldu. Məktəbi bitirən ili rayona bir qızıl medal verildiyindən, onu mən yox, başqa biri aldı, dövrün abu-havasına uyğun olaraq.
- Bu günə qədər davam edən dostluğun görünən və görünməyən tərəfləri...
- Dostluğumuzdan və dostlarımdan çox razıyam. Ümumiyyətlə, mən şükranlı insanam. Hava sərt olanda belə, deyirəm ki, şükür, bundan da pis ola bilərdi. Naşükürlüyü ən qeyri-insani xüsusiyyətlərdən biri hesab edirəm. Dünyanı cənginə alan pandemiyaya şükür edirdim ki, bundan betəri olmasın və müqayisədə bizdə nisbətən yüngül keçdi bu fəlakət. Mən həmişə o qənaətdəyəm ki, biz Allahın sevimli bəndələriyik. Azərbaycan xalqı mədənidir, istedadlıdır, rəhmlidir, bütün bicliklərdən uzaqdır. Ona görə də Tanrı hər şeyin ən gözəlini bizə verib. İstedadlı yazarlar bizdə, dünyaya səs salan nadir muğam bizdə, gözəl təbiət bizdə, dünyaşöhrətli alimlərimiz var. Buna görə ancaq şükür etmək lazımdır. Ona görə də Qərbdəki "qonşular"a ancaq bizdən oğurlamaq qalıb: mahnılarımızı oğurlayır, mətbəximizi, milli musiqi alətlərimizi oğurlayır, torpağımızı ələ keçirir. Buna görə də olanıma həmişə şükürlüyəm.
- "Bir yaz axşamı" və "Mağazaçı Dadaş"... Ədəbi fəaliyyətinizin ilk addımları...
- Hə, bu iki hekayə 1976-cı ildə "Ulduz" jurnalında işıq üzü gördü. Ümumiyyətlə, yazdıqlarımın hamısı həyatdan götürülmüş mövzulardır. Müşahidə etdiyim reallıqlar sonradan qələmin süzgəcindən keçib, yazıçı təxəyyülünə söykənərək ərsəyə gəlib. Mən kitab oxuyub həyatı öyrənməmişəm, həyatı öyrənib kitab yazmışam. Amma əslində ilk addımlarımı məktəbli ikən atmışam. 7-8-ci siniflərdə ilk şeirlərim rayonun "Zəhmətkeş" qəzetində dərc olunub. Qəzetin redaktoru böyük şairimiz Musa Yaqub idi. İndiyə kimi yadımdadır, iki şeirim qəzetdə çap olundu - "Çinar" və "Qocalar" şeirləri. Qəzetin nəzdində Musa Yaqub gənclər üçün "Dağ çiçəkləri" ədəbi birliyi yaratmışdı. Həmin birlikdə bəyənilən şeirlər qəzetdə işıq üzü görürdü. İlk qonorarımı da "Zəhmətkeş" qəzetindən aldım - üç rubl. Pulu götürüb getdim rayon mərkəzinə və bir kisə kitab aldım. Mərkəzdən bizim kəndə 30 kilometr məsafə var. Payızın çiskinli havası, o zaman nə maşın var, nə avtobus. Sinif yoldaşım rəhmərlik Aydın Səlimzadə və mən növbə ilə o kisəni kəndə qədər gətirib çıxardıq. O zaman paxıllıq, həsəd deyilən bir şey yox idi. Kitabları məktəbdə bir-birimizə ötürə-ötürə hamımız oxuduq. İndi dərk edirəm ki, elə o vaxtdan mən kitabın qədrini bilmişəm, onunla dostlaşmışam. Dostlarım çox olub. Anar müəllimin təbirincə desəm, birini həyat alıb, birini ölüm. Yalnız kitab mənə sadiq dost olaraq qalıb. Bu gün nə əldə etmişəmsə, qazandığım ad-san varsa, yalnız kitaba minnətdaram. Onunla əl-ələ verib iki dəfə BDU-da, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Bolqarıstanda Ali təhsil kurslarında oxumuşam. Və bu gün də oxuyuram. Mən danışmaqdan daha çox susmağı sevirəm.
- Nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu...
- Sadaladıqlarınızın hamısının kökündə söz var. Əgər materialın sözdürsə, hər şey yazmaq hüququna maliksən. Şeirlə ədəbi fəaliyyətə başlamışam, ciddi nəsr də yazmışam, rus ədəbiyyatından tərcümələr də etmişəm. 17 yaşımdan göz açdığım dövlət televiziyasında ssenarilər də yazmışam. Elə o yaşdaykən korifey sənətkar Şövkət Ələkbərova sözləri mənə aid olan ilk mahnıları ifa edib - Firəngiz Babayevanın "Töhfə", Oqtay Rəcəbovun "Sevərsənmi" mahnıları. O zaman yeni mahnıların təqdimatı Yeni il gecəsi olurdu, yəni dekabrın 31-də. Və bu iki mahnı bir gecədə məni məşhur etdi. Beləcə, nəticədə nə yazmışamsa, hamısı sözə söykənib.
- 1988-ci il - respublikaya ilk qaçqın axını və sizin Komsomol mükafatı laureatı adı almağınız: bir növ ağ və qara...
- İndi də yadımdadır, həmin siyahıda kimlər vardı - Alim Qasımov, Aqil Abbas, Natiq Rəsulzadə və mən. Zəhmətimizə dəyər verilmişdi deyə, çox sevinirdik. O zaman Xalq yazıçısı Bayram Bayramovun sədrliyi ilə Qarabağa Yardım Fondu fəaliyyətə başlamışdı və biz aramızda razılığa gəldik ki, mükafatın pulunu qəpiyinə qədər həmin fonda köçürək və elə də etdik.
- Bir az da nəğməkar şair danışsın...
- Xoşum gəlir bu addan. Mənim aləmimdə Mikayıl Müşfiq, Nəbi Xəzri, Fikrət Qoca, Vaqif Səmədoğlu və bir çox gözəl nəğməkar şairlərimiz var. Amma açıq deyəcəyəm, bir ara heç xoşum gəlmədi bu addan. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində bir xaos dövrü yarandı, bütün dəyərlər itdi, adını bəstəkar qoyub, özünə nəğməkar şair deyənlər meydanlara çıxdı, efirləri zəbt elədi. Bax, onda məndə bir qıcıq yarandı. Sonra ətrafıma diqqətlə baxıb ayılan kimi oldum. Nəğməkar şair olmaq heç də asan deyil. Çox böyük şairlər nəğmə janrında yüksələ bilməyib. Nəğmə janrında üç-dörd bənddə bir hekayə, bir film yaratmalısan. Və həmin bu üç-dörd bənd musiqiyə mane olmamalıdır. Çox vaxt hazır melodiyanın üzərində işləməli olursan və elə yazmalısan ki, şeirə oxşasın.
- "Sən elə bir zirvəsən, küləklər neyləyəcək?" misralı şeir kimi...
- Bu mahnı artıq himnə çevrilib. Və maraqlı bir tarixçəsi var. Mahnı Ulu öndərin 75 illiyinə yazılıb. Kamal müəllim zəng vurub dedi ki, bir melodiya var, ona mətn yazmalısan, dur gəl. Gəldim, dinlədim, dedim ki, yazarıq. Gülümsəyib dedi ki, mahnı mayın 10-na lazımdır. Mayın 10-u isə ertəsi gün idi. Gecə ikən şeiri yazdım, müğənniləri tapdıq. Mahnını ilk dəfə dörd müğənni ifa edib - Ağadadaş Ağayev, Brilyant Dadaşova, Ruhəngiz Allahverdiyeva və İlqar Muradov. Səhərə qədər mahnı aranjiman olunub lentə alındı. Səhər saat 12-də mahnı artıq hazır idi. Saat 17.00-da isə "Space" telekanalında efirə verildi. Mahnı Heydər Əliyevin çox xoşuna gəldi. Amma bir məqam da var ki, mahnı həmin dövrdə tamaşaçılara o dərəcədə çatmadı. Ulu öndəri itirəndən sonra bu mahnı bu günə qədər populyarlığını saxlayıb. Mahnı bir gecəyə yazılsa da, onda dahi bir insana olan illərin məhəbbəti öz əksini tapıb.
- 2020-ci ildə yaşadığımız 44 günə qayıdaq...
- Sonsuz heç nə yoxdur, hər şeyin həddi var. Və o həddən o yana bir addım belə yer olmur. Geriyə çəkilmək olmaz. Əgər çəkilərsənsə, deməli, sən, sən deyilsən, şəxsiyyət deyilsən, millət deyilsən, xalq deyilsən, heç Allahın bəndəsi də deyilsən. Tanrının sənə verdiyi səbr bu qədərdir, o həddə çatanda hər şey bitir. Bax, bizim 44 günlük müharibəmiz bu idi. Səbrimiz tükəndi, əlimizə qəşəng bir çomaq aldıq, donuzu darının içindən çıxardıq. Allah bizə qüvvət verdi, ağıllı, hər şeyin vaxtını, saatını bilən bir siyasi rəhbər verdi və bircə kəlmə əks hücum əmri ilə haqq-ədalət öz yerini tapdı. Qələbədən sonra 4 dəfə azad Şuşada olmuşam. Və ilk çıxışımda dedim ki, möcüzələr yalnız nağıllarda olur. Həyatda isə möcüzələri real insanlar yaradır. Həmin an biz ona görə xoşbəxt idik ki, o möcüzəni yaradan insan bizimlə birlikdə azad Şuşada idi.
Tamilla M-zadə
çap et