525.Az

Dərələyəzdən Kəngərliyə uzanan yurd yolu: Çalxanqalada yaşayan yaddaş


 

Dərələyəzdən Kəngərliyə uzanan yurd yolu: Çalxanqalada yaşayan yaddaş<b style="color:red"></b>

Nuray ƏLİYEVA
Filologiya elmləri doktoru, AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun dağlar qoynunda yerləşən bir kəndi var - Çalxanqala. Xalq etimologiyasına görə, bu kəndin adı yaxınlıqda yerləşən qalanın adından götürülüb və "Çal xanın qalası" deməkdir. Elmi araşdırmalarda isə Çalxanqala sözü tayfa adlarından yaranmış yer adı kimi göstərilir. Çelkan və qala sözlərinin birləşməsi kimi "çelkanların qalası" mənasında izah olunur. Budəfəki ekspedisiyamızın məqsədi qədim torpaqlarımız Qərbi Azərbaycandan - Dərələyəz mahalından buraya məcburi köçürülmüş kənd əhalisi ilə görüşmək idi.

Bu kənd tarixin keşməkeşlərinə sinə gərmiş qədim yurd yerlərimizdən biridir. Buraya XIX əsrdə gəlmə ermənilər yerləşdirilib. Sonralar kəndin adı da süni surətdə dəyişdirilərək digər qədim türkmənşəli yer-yurd adlarımız kimi təhrif olunub. 1980-ci illərin sonlarında gərginləşən Azərbaycan-Ermənistan münasibətləri indiki Ermənistan ərazisindəki qədim torpaqlarımızda yaşayan soydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınmasına gətirib çıxardı. Çalxanqala ərazisinə də bu torpaqlardan köçməyə məcbur edilmiş azərbaycanlılar pənah gətiriblər. Bu gün kəndin əhalisininin hamısı Dərələyəz mahalının indiki Ermənistan ərazisində olan hissəsindən olan məcburi köçkünlərdən ibarətdir. Kəndin həmin sakinlərindən biri olan Qərbi Azərbaycanın Paşalı rayonunun indi Gülüstan adlandırılan İtqıran kəndinin 88 yaşlı sakini Gülxanım İmanova ilə həmsöhbət olduq. Gülxanım nənə İtqıranın yerli sakinləri olan Zamanlı tayfasındandır. Onlar 1988-ci ilin noyabr ayında öz doğma kəndlərini tərk etmək məcburiyyətində qalaraq Naxçıvana pənah gətiriblər. Əhalisinin hamısı azərbaycanlılardan ibarət olan İtqıran kəndi haqqında Gülxanım nənənin yurd yanğısı, doğma torpaqların həsrəti ilə və keçmiş xatirələrini gözündə canlandıraraq verdiyi məlumatlardan aydın olur ki, mənfur qonşularımızın əsrlər boyu törətddiyi vəhşiliklər həmin ərazilərin yer adlarında da öz əksini tapıb. Onların yaşadığı rayonun ərazisində Çalxan adlı yer var və bura 1905-07-ci illərdə ermənilərin həmin ərazini qana çalxayaraq törətdikləri qırğınlara görə xalq arasında belə adlandırılıb. Həmçinin rayonun Zeytə kəndi ərazisindəki Uşaqqırılan dərəsinin adı da orada böyüklərlə birlikdə uşaqların da vəhşiliklə qətlə yetirildiyini ifadə edir. Tarixin acı gerçəkliyi budur ki, bu bölgənin əhalisi öz nənə-babalarından eşitdikləri bu vəhşiliklərin bənzərlərinin özləri də 80-ci illərin sonlarında şahidi olublar və nəticədə Qərbi Azərbaycan kimi böyük bir ərazimiz itirilib. Lakin xatirələr varaqlandıqca Gülxanım nənə sanki öz qədim yurd yerlərinə qayıdır və oradakı güzəranını xatırlayır. Ermənilərin dönə-dönə başlarına açdıqları oyunlardan ürək yanğısı ilə danışaraq deyir: "O vaxt mənim babam "qlava" - başçı imiş. Çıxırmış səngərə. Erməni də səngərdən enir gəlir aşağı. Hamı məcbur qalıb qaçır. Amma mənim nənəmin nənəsi xəstə olduğu üçün nənəm onu qoyub qaçmaq istəmir. Erməni doluşur həyətə. Həm xəstə qadını, həm də nənəmi vururlar. Babam bunu yuxarıdan görür və düşüb gəlib elə həyətdə toxmacər cəvizin altında onları dəfn edir. Amma bununla da bizim müsibətimiz bitmədi. Bizim dövrümüzdə ermənilər bir də igidlərimizi qırdılar. Doğmalarımızın məzarları o torpaqlarda qaldı. Biz də dolu evimizdən, dolu qapımızdan, dolu kəvşənimizdən didərgin düşdük. Nəyimiz var idi qoyub çıxmağa məcbur olduq. Bizim Dərələyəz camaatı çox zəhmətkeş idi və öz zəhmətlərinin bəhrəsini də görürdülər. Orada çox zəngin təsərrüfatımız var idi. Torpaqla məşğul olur, əkib-biçirdik. Öz güzəranımızı çox gözəl qurmuşduq. Gözəl ev-eşik tikmişdik. Amma onların heç biri bizi narahat etmir. Bizi narahat edən torpaq həsrətidir. Ev tikmək, təsərrüfat yaratmaq həmişə mümkündür. Biz məskunlaşdığımız otuz beş ildə burada da öz şəraitimizi qurmuşuq. Dövlətimiz də bizə dəstək olub. Amma o torpaqların həsrəti bizi göynədir. Biz o dağların havasına, suyuna öyrəşmişik. Oranın hər şeyi bizim üçün indi də doğmadır. Bizim ən gözəl xatirələrimiz ora ilə bağlıdır. Bizdə el şənlikləri sazlı-sözlü keçərdi. Ən əziz məclislərimizi aşıqlara həvalə edər, Dərələyəz aşıqlarının şirin söhbətlərindən, deyişmələrindən doymazdıq. Baxmayaraq ki, biz ermənilərin əhatəsində yaşayırdıq öz adət-ənənələrimizi çox yaxşı qoruyub saxlamışdıq. Həm dini, həm milli bayramlarımızın hər birinin özünəməxsus yeri var idi. Xıdır Nəbi, Novruz, Qurban, Ramazan bayramları bizdə xüsusi qeyd olunardı. Kənd qadınları yığışıb təndirdə çörək yapardılar. Evdən-evə pay gedərdi, böyüklərə xüsusi ehtiram göstərilərdi".

Gülxanım nənə ata-baba yurdu haqqında ağızdolusu danışır, danışdıqca da kövrəlir, sanki bir anlıq o günlərə qayıdır, Vətən həsrəti ilə Qərbi Azərbaycan folklorundan nümunələr söyləyir:

 

Dağlara binə gəlləm,

Gedərəm genə gəlləm.

Bir gün qismət olarsa,

Bu yerlərə bir də gəlləm.

 

Əziziyəm, gülə sən,

Ağlayasan, güləsən.

Bağban getdi, bağ soldu,

Həsrət qaldın gülə sən.

 

Əzizim, çapar məni,

Dərd talar, çapar məni.

Yadıma Vətən düşüb,

Vətənə apar məni.

 

Çalxanqala kəndinin Dərələyəz mahalının müxtəlif kəndlərindən - Əmağu, Ağkənd, Gülüstan, Soylan (Çappa Çommaxlı), İtqıran, Daylaxlıdan gəlmiş əhalisi ilə söhbətlərdən aydın olur ki, üstündən uzun illər keçməsinə baxmayaraq, onlar hələ də yurd yanğısı ilə yaşayırlar. O yerlərin adını çəkdikcə insanların dəyişən üz ifadələri, ürəkdolusu danışdıqları xatirələr Vətən həsrətini yenidən xatırladır. Bu məqamda xatırlamaq yerinə düşər ki, dünyadan köçənə qədər həmin torpaqların həsrəti ilə yaşayan və bu həsrəti ustalıqla sətirlərə köçürən görkəmli alim, şair, ictimai xadim Həsən Mirzə də Çalxanqala kəndinin sakinləri kimi özünün Dərələyəz dərdini belə ifadə edirdi:

 

Sənsiz qışa dönüb baharım, yazım,

Susubdur kamanım dillənmir sazım.

Həsənəm, bu dərdi de, necə yazım?

Didərgin olubdu el, Dərələyəz!

Göz yaşım olubdur sel, Dərələyəz!..

 

Bu gün bütün mənbələr Dərələyəzin Azərbaycanın qədim torpaqları olduğunu sübut edir. Təkcə elə insanların adını çəkdikləri qədim yer-yurd adlarımız göstərir ki, bu torpaqlar qədimdən bəri türk yurdu olub. Burada formalaşmış folklor da həmin türk tayfalarının yaradıcılıq məhsuludur. Bölgə əhalisi tərəfindən qorunub saxlanan adət-ənənələr, inanclar buranın qədim tarixindən xəbər verir və Azərbaycan xalqının ənənə, inanclar sisteminin məntiqi davamıdır. Lakin hiyləgər qonşularımızın uzun əsrlər yürütdüyü məkrli siyasətin nəticəsində bu doğma torpaqlar zorla öz sakinlərindən alınıb. Bu gün həmin torpaqlara qayıtmaq bu insanların mənəvi haqqıdır. Onlar bu yolda dövlətimizin yürütdüyü siyasəti dəstəkləyir. Bu siyasətin uğur qazanacağına insanların inamı tamdır və onlar səbirsizliklə gözlədikləri günü, yetişəcək məqamı gözləyirlər.

 

 





24.06.2023    çap et  çap et