525.Az

Şəhid kinoşünasın filmlərə layiq qəhrəmanlığı


 

Şəhid kinoşünasın filmlərə layiq qəhrəmanlığı<b style="color:red"></b>

Vətən müharibəsi mədəniyyətimizə, incəsənətimizə də təsirsiz ötüşmədi. Parlaq gələcəyi olan neçə-neçə mədəniyyət nümayəndəmiz, incəsənətimizə layiqincə xidmət etmək potensialında olan gənclərimiz bu müharibədə ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də gənc kinoşünas Fəqan Məmmədovdur. İyunun 27-də Vətən müharibəsi qəhrəmanı F.Məmmədovun 25 illik yubileyidir. O isə əbədi 22 yaşında qaldı.

Məmmədov Fəqan Vahid oğlu 1998-ci ilin iyun ayının 27-də Zaqatalanın Yeni Suvagil kəndində sadə ailədə dünyaya gəlib. A.Qədirov adına Yeni Suvagil kənd 2 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinorejissorluq fakültəsində təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə dəfələrlə hərbi hissənin, komandanlığın təşəkkürlərini almışdı. Komandanlıq tərəfindən ona çavuş rütbəsi verilmiş və manqa komandiri təyin edilmişdi.

Vətən müharibəsi başlayanda tərxis olunmasına cəmi 2 ay qalan Fəqan cəbhənin ön xəttində idi. O, Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birgə dəfələrlə ermənilərin həmlələrinin qarşısını almış, onların döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdi. Oktyabrın 6-da Ağdam istiqamətində cəbhədəki döyüş F.Məmmədov üçün sonuncu oldu. O, həmin döyüşdə parlaq şücaət göstərib. Fəqan döyüşçü yoldaşları ilə birlikdə düşmən həmləsinin qarşısını almaq üçün hücuma keçiblər, bu zaman düşmən tərəfi təslim olaraq, ağ bayraq qaldırıb. Döyüşçü yoldaşlarının bildirdiklərinə görə, Fəqan qorxu bilmədən onları təslim etmək üçün yaxınlaşmaq istəyərkən düşmən hərbçilərimiz istiqamətinə partlayıcı əl qumbarası atıb. Bu anda Fəqan heç düşünmədən özünü əl qumbarasının üzərinə ataraq döyüşçü yoldaşlarını xilas edib. Atası da I Qarabağ savaşının iştirakçısı olan igid Fəqan, beləcə şəhidlik zirvəsinə ucalıb və Yeni Suvagil kəndində torpağa tapşırılıb. O, şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Fəqan ali təhsil ocağında da fəal idi. Tələbə dostları ilə qısametrajlı filmlərə rejissorluq etmişdi. Ən böyük arzusu isə Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək idi. O, 2021-ci ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi düşünürdü.

Vətən müharibəsinin döyüşçüsü olmuş tələbələrini, məzunlarını, eləcə də qəhrəman şəhidlərinin xatirəsini hər zaman uca tutan Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə ötən il Fəqana həsr edilmiş film çəkildi. ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın təşəbbüsü ilə Fəqan və bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş "Qırx dörd" filmi rektorun təklifi ilə məhz gənclər - ADMİU-nun tələbələri tərəfindən hazırlandı. Filmdə 44 günlük Vətən müharibəsi, eləcə də, Fəqanın həyatı, keçdiyi döyüş yolu şahidlərin çıxışlarının fonunda işıqlandırılıb. Beləliklə, ən böyük arzusu Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək olan şəhidimizin öz qəhrəmanlıq hekayəsi film mövzusuna çevrildi.

 





26.06.2023    çap et  çap et