525.Az

Mədəniyyət tariximizin və təsviri sənətimizin fədakar tədqiqatçısı


 

PROFESSOR ZİYADXAN ƏLİYEVİN BU GÜNLƏRDƏ 75 İLLİYİ TAMAM OLACAQ

Mədəniyyət tariximizin və təsviri sənətimizin fədakar tədqiqatçısı<b style="color:red"></b>

Əsəd QULİYEV
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

O, yarım əsrdən artıqdır ki, ölkəmizdə sənətşünaslıq elminin inkişafı istiqamətində davamlı fəaliyyət göstərir. Geniş elmi yaradıcılıq axtarışları vaxtaşırı olaraq həm kitab, monoqrafiya, albom kitab kimi, həm də müxtəlif mətbuat orqanlarında - jurnal və qəzetlərdə, eləcə də internet portallarında əksini tapır. Təsviri sənətin müxtəlif sahələrinə, rəssamlarımızın həyat və yaradıcılığına dair maraqlı məqalələr dərc etdirir. Onu həm də tez-tez təşkil olunan tədbir, sərgi və konfranslarda görmək olar. Bir sözlə o, hazırda rəsviri sənət aləmində öz imzası və mövqeyi ilə seçilən sənətşünas alimimizdir. Söhbət bugünlərdə 75 illiyi tamam olacaq Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Alxan oğlu Əliyevdən gedir.

1 iyul 1948-ci ildə dünyaya gəlmiş Ziyadxan Əliyev elə uşaq yaşlarından rəssamlığa maraq göstərib. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1976-1982) alıb. Təhsilini başa vurub vətənə döndükdən sonra Z.Əliyevin müntəzəm olaraq mətbu orqanlarda rəssamlarımızın həyatı və yaradıcılığı haqqında maraqlı məqalələri dərc edilib. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən sənətşünas alim artıq 1987-ci ildəndir həmin İttifaqın İdarə Heyətinin üzvü, həmçinin "Tənqid və sənətşünaslıq" bölməsinin sədridir. Z.Əliyev uzun müddət Azərbaycan Milli İncəsənət Muzeyində işləyib. Ayrı-ayrı vaxtlarda Azərbaycan Dövlət Pedaqoji Universitetində, Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, hazırda Rəssamlıq Akademiyasında müəllimlik işini davam etdirir, həmin Akademiyanın professorudur.

Z.Əliyev muzeydə işlədiyi dövrdə buranın fonduna məxsus olan, məşhur Azərbaycan rəssamı usta Qəmbər Qarabağinin, fransız rəsamı Jül Düprenin, rus rəssamı Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın əsrlərinin atribusiyasına elmi əmək sərf etmiş, uğurlu nəticələr əldə etmişdi.

Onun indiyədək nəşr olunmuş monoqrafiya və kitablarından "Azərbaycan ekslibrisi" (1989, miniatür kitab, ön sözün müəllifi), "Mir Möhsünün rənglər aləmi" (1996), "Sənətin Məcnunu" (2009), "Cəmil Müfidzdə. Cizgilərə hopan ömür" (2011), "Zakir Hüseynov. Tənha döyüşçü" (2011), "Sabir təsviri sənətdə" (2012), "Davud Kazımov" (2012), "Eldar Mikayılzadə. İlmələrin hikməti" (2013), "Arif Hüseynov. Cizgilərin hikməti" (2014), "Boyalı gülüşlər" (2014), "Bəhruz bəy Kəngərli taleyi" (2017, Nizami Aliyevlə brlikdə), "Rafael Abbasov" (2017), "Nəsimi dünyası rənglərin işığında" (2019), "Gennadi Brijyatuk və onun mənəvi rənglər dünyası" (2019), "Hüseyn Cavid romantizmi rənglərin işığında" (2022), "İstedadlar ocağı" (2023), "Xarıbülbül ətri" (2023) və başqalarının adlarını qeyd etmək olar. Bundan başqa sənətşünas alim bir çox rəssamlarımızın əsərlərindən ibarət kataloqlara mətnlər yazıb. Qeyd edilən kitab və monoqrafiyalar sənətşünas alim kimi Z.Əliyevin həyatını, tale yolunu layiqincə əks etdirir, desək, doğru olardı. Z.Əliyev rəssamların, sənət adamlarının təkcə həyat və yaradıcılıqlarını araşdırmayıb, yalnız onlar haqqında yazmayıb, həm də onların (qəhrəmanlarının) taleyini yaşayıb. Bu mənada onun yazdıqlarında həm də bir sənətşünas alim taleyi yaşayır. Bunu görüb, duymağın  yolu  sənətşünas alimin qələmə aldıqlarını diqqətlə nəzərdən keçirməkdən keçir.

Z.Əliyev hələ Əzimzadə məktəbində təhsil aldığı illərdən başlayaraq əfsanəvi fırça ustası Səttar Bəhlulzadə ilə yaxından dostluq edib. Bu dostluq Səttar dünyasını dəyişənədək davam edib. S.Bəhlulzadəni sənətşünas alim və səmimi dost kimi Ziyadxan müəllim qədər yaxından tanıyan az adam olub. Onun görkəmli rəssamın həyatı və yaradıcılığı haqqında dörd kitabı - "Naməlum Səttar" (2006), "Sənətin Məcnunu" (2009), "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi" (2014) və "Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri" (2019) nəşr olunub. Bu baxımdan Z.Əliyevi Səttarşünas da adlandırmaq olar. Onun müdafiə etdiyi dissertasiya mövzusu da məhz S.Bəhlulzadə yaradıcılığı ilə bağlıdır.

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində sənətşünas alimin bir neçə illik axtarışlarının, aparmış olduğu elmi tədqiqatların nəticəsində ərsəyə gətirdiyi və nəfis şəkildə nəşr olunmuş "İstedadlar ocağı" və "Xarıbülübül ətri" adlı kitablarının təntənəli təqdimat mərasiminə toplaşmışdıq. Bu, bir növ, Z.Əliyevin 75 illik elmi və pedaqoji yaradıcılıq hesabatı idi. Sənətşünasın Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin 100 illik tarixini özündə əks etdirən fundamental ensiklopedik kitabı ictimaiyyət nümayəndələri və sənət adamları tərəfindən yüksək rəğbətlə qarşılandı. Tədbirdə çıxış edən şəxslər bir daha Z.Əliyevin elmi yaradıcılığı, sənət axtarışları və şəxsiyyəti haqqında öz fikirlərini  dilə gətirdilər. Bu yerdə qeyd etmək yerinə düşər ki, bu gün Z.Əliyevin davamlı pedaqoji fəaliyyətinin nəticəsi olaraq, onun yetirmələri olan gənc tədqiqatçı sənətşünaslar artıq sənətşünaslıq elmi istiqamətində uğurlu fəaliyyət göstərirlər.

Rəssam, şair, publisist Adil Mirseyid dostu Z.Əliyevə ittihaf etdiyi "Mədəniyyətin Bin Ladeni" adlı məqaləsində yazırdı: "Əmircan qəsəbəsi. Qəbiristanlıq. Əfsanəvi rəssam Səttar Bəhlulzadənin məzarı. Bu il Səttar Bəhlulzadənin 100 yaşı tamam olacaq. Bir anda sanki diksinən kimi oluram, böyük ustad mənəvi oğlu, dostum Ziyadxan Əliyevdən nigarandır. Elə mən də ondan nigaranam, zatən biz onunla tale qardaşıyıq. Bu gün yenə islandı yağışda ürəyimin başında bir duz kisəsi kimi daşıdığım dərdlər..."

Z.Əliyev bu gün də yüksək amallarla, sarsılmaz sənət prinsiplərilə çalışır, əzmlə və inadla fəaliyyət göstərərək öz elmi və pedaqoji dəst-xəttini davam etdirir. O, yenə də axtarır, araşdırır, müqayisələr aparır, bir sözlə, sənətşünaslıq sahəsində yeni materialların üzə çıxması naminə böyük əmək sərf edir. Bu çətin və şərəfli yolda 75 illik yubileyi tamam olan professor Ziyadxan Əliyevə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram.

 





30.06.2023    çap et  çap et