525.Az

Bu günün həm tələbəsi, həm də qələm sahibin ilk kitabına sözardı... - RESENZİYA


 

Bu günün həm tələbəsi, həm də qələm sahibin ilk kitabına sözardı... - <b style="color:red">RESENZİYA</b>

İndiyədək adətən müəllimlərimin kitablarını oxuyurdum. İlk dəfə idi ki, auditoriyada dərs deməyimə baxmayaraq, tələbəm hesab etdiyim (onun mənə səmimi “müəllim” müraciəti belə düşünməyimə əsas verib) birinin kitabı ilə tanış olurdum. Əməkdaşı olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin artıq dördüncü kurs tələbəsi Şəms Hüseynli özünün çalışqanlığı, seçdiyi sahəyə düşkünlüyü, nizam-intizamı ilə nəinki mənim, əksər müəllimlərin dəqqətini cəlb edib. Təsadüfi deyil ki, fakültəmizin professor-müəllim heyəti Şəms haqqında həmişə xoş fikirlər səsləndirirlər.

Hələ aylar əvvəl Şəms kitabını mənə hədiyyə edərkən qətiyyən təəccüblənməmişdim. Onun belə bir uğura imza atacağını gözləyirdim. Birincisi ona görə ki, buna tələbəmizin yuxarıda qeyd etdiyim şəxsi keyfiyyətləri imkan verir. İkincisi isə fakültəmizdə qəribə bir adət var- adətən hər il bir neçə tələbənin kitabı nəşr olunur. Bu, ciddi uğur kimi qiymətləndirilməlidir.

Şəmsin bir müddət əvvəl çapdan çıxmış və yenicə oxuyub bitirdiyim “Qovuşan yollar” kitabı povest, hekayə və məqalələrdən ibarətdir. Mən indi konkret olaraq həmin ədəbi məhsullardan biri- kitabla eyni adlı povest barədə danışmaq istərdim.

Povest sadə, anlaşıqlı dildə yazılıb. Müəllif axarlı nitqi ilə əsərinin oxunaqlılığına şərait yaradıb. Əminliklə deyə bilərik ki, bir çox müəlliflərə xas təkrarçılıq, uzunçuluq Şəms üçün səciyyəvi deyil.

Əsərin məzmunu da kifayət qədər ibrətamizdir. Gələcəkdə hüquqşünas olmaq istəyən Fidan maddi ehtiyaclarla əlaqədər olaraq işləməli olur. Gənc tələbə yaxınlıqdakı marketlərdən birində işə düzəlir. Marketin sahibi Sərvinaz xanım gənc tələbəyə hər cür şərait yaradır, ona həm mənəvi, həm maddi dəstək olur. Sərvinaz xanımın yoldaşı Ənvər isə heç də onun özü kimi deyil. Kifayət qədər qararabaq olan bu kişi hallı-varlı, öz dilini bəyənməyən alıcılardan birinə görə gənc qıza əsəbiləşir, ona yalvarmağı tələb edir. Təbii ki, gələcəyin hüquqşünası bununla razılaşmır və etiraz edir.

İllər keçir. Fidan hüquq müdafiəçisi olur. Günün birində Sərvinaz xanım kömək üçün onun yanına gəlir.. Onlar bir-birilərini tanıyırlar. Fidan həyatı alt-üst olmuş keçmiş müdirinə hər cür köməklik edir, ona necə lazımdırsa, dəstək olur.

Müəllifin çatdırmaq istədiyi aydındır: nə edirsənsə, ona da qarşına çıxır. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

Şəmsin əsərinin əsas leytmotivi özünün sitat gətirdiyi məşhur rus yazarı Fyodor Dostoyevskinin "Divarı dağıdacaq qədər gücüm yoxdursa, onun üçün özümü parçalayacaq deyiləm. Amma qarşımda divar var deyə, ona boyun əyəcək də deyiləm" fikirləridir.

Düşünürəm ki, müəllif povestində məqsədinə çata bilib. Oxucular “Qovuşan yollar” povestindəki bir çox epizod və dialoqlardan öz həyatlarında ciddi təcrübə kimi istifadə edə bilərlər.

Əlbəttə, konkret məqamlarda üslub səhvləri ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu, tələbə kitabıdır. Özü də ilk kitabı. Ona görə də Şəmsə ancaq uğurlar arzulaya bilərik. Növbəti əsərlərini də belə həvəslə oxumaq arzusu ilə, əziz tələbəmiz!

 





03.07.2023    çap et  çap et