525.Az

Ssenariləşdirilmiş oyunlar - Anar Qasımov yazır


 

Ssenariləşdirilmiş oyunlar - <b style="color:red">Anar Qasımov yazır</b>

Dünya düzənində köhnə sistemin formatlanması prosesi və yeni düzənə keçid artıq özünün kuliminasiya dövrünə qədəm qoyub. Dünyanı idarə edən güclər (dövlətlər, dövlətüstü insanlar) bu yeni düzənin qurulması yolunda bütün addımları müəyyən alqoritm əsasında bir-bir həyata keçirirlər. Onlar üçün insanlıq faciələri, dövlətlərin faktiki olaraq aradan qalxması, hətta nüvə silahından istifadə təhlükəsi heç bir məna ifadə etmir (ABŞ-ın ötən əsrdə Yaponiyada nüvə silahından istifadəsi buna misal deyilmi?!). Çünki fokuslanma düzənin dəyişdirilməsinə yönəlib. XXI əsrin ilk ilindəcə ABŞ-da terror hücumunun baş verməsi, buna bağlı olaraq Birləşmiş Ştatların Əfqanıstanı və İraqı işğal etməsi, Ərəb baharı, Liviyada və Suriyada insanlıq faciələrinin yaşanması, turizmin cazibə mərkəzi olan Aralıq dənizinin onminlərlə insana məzar olması və bu gün Rusiya-Ukrayna müharibəsi və bu müharibənin fonunda dünənə kimi dünyanın iki güc qütbündən biri olan Rusiyada tragikomik proseslərin cərəyan etməsi böyük formatlanmanın, siyasi arenada əsl "Big bang"ın ("Böyük partlayış"ın) yaşanmasından başqa bir şey deyil.

Dünya hər yüz ildən bir böyük formatlanmaya, yeni bir sistemin altında yaşamağa məcbur buraxılır. Böyük güclər - dövlətlər, özünü dövlətüstü hesab edən insanlar, şirkətlər bu formatlanmanı öz maraq və çıxarlarını əsas alaraq həyata keçirirlər. Dünyanın yeni bir minilliyə, əsrə qədəm qoyduğu 2001-ci ildə ABŞ-da yaşanan və dünyanı lərzəyə salan terror hücumu, əslində, yeni dövrdə formatlanmaya qədəm qoyulmanın ilk addımı idi. Bu terror hücumu o günə kimi adı-bəhsi eşidilməyən bir terror təşkilatının həyata keçirə bilməyəcəyi qədər böyük və miqyassız idi. Amma o gün (hətta bu gün də) biz pərdə arxasında səhnələşdirilən və icraya qoyulan ssenarinin fərqində deyildik, heç ola da bilməzdik. Sonra bu terror hücumuna bağlı olaraq nələr yaşanmadı ki?! Başıbəlalı Əfqanıstan SSRİ-nın dağıdıcı hücumundan sonra yenə də işğala məruz qaldı, İraq demokratiya adı altında darmadağın edildi və ölkə faktiki olaraq bir neçə bölgəyə parçalandı (sünni, şiə, kürd bölgələri), nəticədə, zəngin təbii sərvətli Mesopotamiya torpaqlarındakı insanlar "Parçala, hökmranlıq et" siyasətinə uyğun olaraq bir quru çörəyə möhtac buraxıldı.

XXI yüzillikdə ABŞ-ın dünyanı tək super güc kimi idarə etdiyi bir zamanda 2008-ci ildə digər bir dünya ağalığı iddiasındakı dövlət Rusiya Gürcüstanın bir hissəsini işğal etdi. 2010-cu ildən etibarən meydana çıxan Ərəb baharı isə həmin illərdə bütün ərəb dünyasını lərzəyə salmışdı. Tunis, Liviya, Misir, Yəmən və Suriya bu proseslərdən böyük zərbə aldılar, onların dövlətçilik sistemləri ağır sınaqlardan sonra ya faktiki olaraq ortadan qalxdı, yaxud da onilliklər geriyə getmiş oldu. İnsanlar həmin prosesləri demokratiyaya doğru xalq hərəkatı hesab etsələr də, anlamaqdan məhrum idilər ki, bütün bunlar güc mərkəzlərinin dünyanın cilovunu əllərində saxlamaq üçün icraya qoyduqları oyundan başqa bir şey deyil.

Dünyada son illər baş verən enerji müharibələri, qida ehtiyatlarına sahiblik etmək arzuları, bir çoxlarına görə III Dünya müharibəsi olan Covid-19 pandemiyası - kimyəvi müharibəsi də bu formatlanmanın və yeni düzənə qədəm qoymanın üzə vurması idi. Əgər dünyada formatlanma və yeni sistemə keçiddən danışılırsa, Rusiya-Ukrayna müharibəsini bir çox nöqteyi-nəzərdən təhlil etmək də bu anda lazım gəlir. Putin Rusiyasının stratejik səhvə yol verməklə dövlət ağlı olmadan Ukraynada oyuna qoşulması (əslində, oyuna gəlməsi) rusların imperialist düşüncələrinin sonunun başlanğıcına çevrilmiş oldu. Krımın və Donbasın işğalından sonra Rusiyanın güc mərkəzləri tərəfindən yanlış yönləndirmələri ilə birlikdə Ukrayna ərazisində yeni bir müharibəyə başlaması bu gün Rusiyada tragikomik hadisələrin cərəyan etməsinə və rus dövlətçiliyinin tarixdə görülməmiş alçaldıcı vəziyyətinin meydana çıxmasına səbəb olmuşdur. Bütün bu proseslərin isə bir neçə səbəbləri var. Bunların başında dünyada yeni bir mərhələyə keçidlə bağlı olaraq ağrı-acıların yaşandığı bir dövrdə Rusiyanın qarşı-qarşıya qaldığı ssenariləşdirilmiş oyunun bu ölkədə tam mənası ilə başa düşülməməsi və ölkənin dövlət ağlından məhrum olması gəlir. Bu gün dünyaya yön vermək iddiasında olan ölkələr və güclər stratejik əhəmiyyətli Düşüncə Quruluşlarının (Araşdırma Mərkəzlərinin) illər boyu hazırladığı doğru və gerçəkcil siyasi xətti əsas tutaraq addımlar atırlar. Həmin ölkələr (və yaxud güclər) idarəçiliyi bütün hakimiyyətin bir nəfər tərəfindən idarə edilməsi və qərarların da onun tərəfindən verilməsi ilə deyil, ümumi fikir əsasında addım atılması ilə həyata keçirirlər. Bu amil isə Rusiyada dövlət siyasətinə tamamilə yad bir vəziyyətdir. Bir məqama diqqət yetirək. Rusiyanın Ukraynaya 24 fevral 2022-ci ildə baş tutan hücumundan 18 gün əvvəl Belarus Prezidenti Lukaşenkonun verdiyi bir müsahibədə dediyi "Mümkün bir müharibə ən çoxu 3-4 gün davam edər" fikri rus-belarus tərəfinin stratejik səhvdə olduğunu ortaya qoymuş olurdu. Belə olan halda bu gün Rusiyanın Ukraynada qarşılaşdığı ağır mənzərə, əlbəttə, qaçınılmaz bir sonun təzahürüdür demək mümkündür.

Beləliklə, dövlətlərin onların siyasi xəttini müəyyən edəcək bir ağla, uzun illər boyunca siyasi prosesləri araşdıran, nəticə çıxaran Düşüncə Quruluşlarına (Araşdırma Mərkəzlərinə) böyük ehtiyaclar duyduğu öz təsdiqini tapır. Nəinki dövlətlərin, hətta həmin dövlətlərin əhalisinin də xarici təsirlərə məruz qalmamaları üçün onlar üzərində oynama oyunu pozacaq, milli şüuru yaşadan, ictimai baxışlarda bu şüuru əsas tutan vətəndaş yetişməsində də bu kimi quruluşların, bu missiyanı yerinə yetirən mərkəzlərin mühüm rolu var.

Sonda bir şeyi də qeyd etməkda fayda görürəm. O dövlətlərdə və xalqlarda dövlət ağlı, milli şüur mövcuddursa, həmin dövlət və xalqlar uzunmüddətli dövrdə heç zaman məğlub olmazlar, hətta müəyyən məğlubiyyətlər də onlar üçün qələbəyə gedən yoldakı kiçicik maneədən başqa heç bir məna ifadə etməz.

Qeyd: Dünyada yeni bir düzən qurulur. Tarix sübut etmişdir ki, hər qurulan düzən bir çox dövlətləri tarixin tozlu rəflərinə məhkum edir. İndi diqqətlə prosesləri izləyək. Nəticədə, bu yeni dünya düzəninə keçidin başa çatması ilə bir neçə dövlətin ömrünü başa vuracağını, yaxud da ikinci dünya dövlətinə çevriləcəyini görəcəyik və onu da görəcəyik ki, həmin dövlət və onun xalqı stratejik düşüncədən, milli şüurdan məhrum idi, ən azından güclülərlə mübarizə aparmaq iqtidarında deyildi. Və ağır olan tərəfi də o olacaq ki, bir çox dövlətlər bir mərmi belə atılmadan ələ alınacaq, süquta məruz qalacaq, SSRİ-də olduğu kimi...

 





04.07.2023    çap et  çap et