ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bir neçə gün əvvəl rezonans doğuran məlumat açıqladı. Açıqlamada vurğulanır ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir.
İyulun 2-də Moskvadakı erməni katedralında keçirilən yolasalma mərasimində iştirak edən "Arbat" könüllü batalyonunun fotoları da yayılıb. Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğalı etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir. Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb: "Rusiyalı bəzi blogerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir", - məlumatda vurğulanıb.
Fakt Ermənistanın özündə də təsdiqlənir. Məsələn, "Asparez" Mətbuat Klubunun rəhbəri Levon Barseqyan bildirib ki, Kreml Rusiya ermənilərini kütləvi şəkildə silahlandıraraq müharibəyə cəlb edir.
Ermənilərin terrorçu xislətə malik olması çoxdan bəllidir. Ermənistan terroru dövlət siyasətinə çevirib. Dünyada tanınan erməni terror şəbəkəsinin "ASALA", "Haydut", "Hnçaq" kimi birləşmələrini, 1980-90-cı illərdə Fransada, İsveçrədə, Rusiyada və digər ölkələrdə yaradılaraq saysız qanlı cinayətlər törətmiş "9 iyun qrupu", "İntiharçılar eskadronu", "Erməni birliyi", "Erməni azadlıq hərəkatı", "İsveçrə qrupu", "Geqaron", "Apostol" və digərlərini yada salmaq kifayət edir. Həmçinin, Azərbaycana qarşı törədilən terror və soyqırımı aktları da Ermənistanın terror mahiyyətini açıq şəkildə göstərir. Eyni zamanda İkinci Qarabağ müharibəsi günlərində xaricdə yaşayan ermənilər, muzdlu terrorçular Qarabağa gətirilərək bizə qarşı döyüşdülər. Azərbaycan bununla bağlı dəfələrlə beynəlxalq platformalarda məsələ qaldırsa da, faktlar təqdim etsə də, təəssüf ki, bu, susqunluqla qarşılandı. Elə bunun nəticəsidir ki, indi də Ukraynaya qarşı eyni gedişi görürük. Yəni ermənilər indi də terror əməllərini bu ölkəyə qarşı davam etdirirlər. Həmçinin Qərbin Ermənistana qarşı münasibəti də, daha doğrusu, heç bir addım atıb, sanksiya qəbul etməməsi də suallar yaradır.
Mövzunu "525"ə şərh edən politoloq İlyas Hüseynov deyib ki, Müharibə Araşdırmaları İnstitutunun qeyd etdiyi hal çox ciddi rezonansa səbəb olub: "Yenidən qərəzli münasibəti, ikili standartları, Ermənistanın himayə olunmasını müşahidə etdik. "Arbat" könüllü batalyonu Ukraynada Rusiyanın işğal etdiyi ərazilərində bərkitmə işlərini icra edəcək. Hətta Moskvadakı erməni kilsəsinin keşişi də buna xeyir-dua verib. Məlumdur ki, həmin şəxslər terrorla bağlı keçirilən təlimlərdə iştirak etmiş qrupdur və nəinki Ermənistan ərazisindən, hətta Rusiyanın nəzarətində olan Abxaziya ərazisindən olan etnik ermənilər bu "missiyada" iştirak edəcəklər".
Politoloq hesab edir ki, "Arbat" batalyonu ermənilərin Rusiya-Ukrayna müharibəsinə baxışına ortaya qoyur. Onun sözlərinə görə, artıq Ermənistanın açıq şəkildə Rusiyanın yanında yer alması halına görə Qərb Ermənistana da sanksiyalar tətbiq edə bilər. "Bir müddət öncə Ermənistan iqtisadiyyatının şişməsi, əlavə gəlirlərin peyda olması haqqında da geniş müzakirələr keçirilirdi. Geosiyasi nöqteyi-nəzərdən əlverişsiz mövqedə yerləşən, təbii resursları məhdud olan və dərhal varlanan bir ölkənin əsas maliyyə mənbəyi Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçməkdir. Maliyyə, ticari-iqtisadi, qeyri-leqal biznes gəlirləri əldə edən ölkəyə qarşı Qərb tərəfindən hansısa məhdudiyyətlərin tətbiq edilməsinin şahidi olmuruq. Artıq hərbi- siyasi təhlükəsizlik nöqteyi-nəzərdən də Rusiyaya dəstək məhz Ukrayna ərazisində icra olunmaqdadır. Buna da susqunluq təəssüf doğurur və biz Qərbin ikili standartlarının növbəti dəfə şahidi oluruq. Düşünürəm ki, rəsmi Kiyev başda olmaqla bütün Qərb bu vəziyyətlə bağlı tədbir görməlidir. Ermənistana qarşı iqtisadi- maliyyə sanksiyaları tədbiq olunmalıdır ki, regional təhlükəsizlik sisteminə zərbə vurmaq niyyətlərinin qarşısı alınsın".
çap et