Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin birgə təşkilatçılığı ilə İsveçrənin Bern şəhərinin görkəmli musiqi məbədlərindən hesab edilən Filarmoniyada təntənəli konsert təşkil olunub. Tədbirdə İsveçrənin rəsmi şəxsləri, ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatı, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova, elm və mədəniyyət xadimləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu öndərin rəhbərliyi ilə 1994-cü ildə iqtisadi sahədə həyata keçirilən yeni enerji strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynadı, respublikamızın iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi və müstəqil xarici siyasəti üçün möhkəm zəmin yaratdı: "Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub. Səfir qeyd edib ki, türkdilli ölkələrlə əlaqələrin fəallaşması da Ulu öndərin daim diqqət mərkəzində olub. Odur ki, bu gün Ümummilli liderin 100 illiyinə həsr edilmiş konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstandan olan musiqiçilərinin iştirakı heç də təsadüfi deyil.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Türk dünyasının böyük oğlu, dövlətimizin inkişafı üçün geniş imkanlar yaradan dahi rəhbər olduğunu vurğulayıb. Ulu öndərin multikultural və tolerantlıq dəyərlərinə böyük önəm verməsindən danışan G.Əfəndiyeva bildirib ki, türk xalqları arasında münasibətlərin bərpasında, əlaqələrin dərinləşməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. O, Ulu öndərin Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edilməsi zamanı çıxışındakı sözlərini xatırladıb: "Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə - vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır".
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə qurulan "Yeddi Gözəl" qrupunu təqdim edib. Fondun prezidenti türk dövlətlərini təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən təşkil olunmuş "Yeddi Gözəl" musiqi qrupu, onun yaranması haqqında məlumat verib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Türkiyədə yaşayan azərbaycanlı pianoçu və dirijor Turan Manafzadənin rəhbərliyi ilə, 7 ölkədən olan musiqiçilərin ifasında Azərbaycan, qazax, qırğız, türk, özbək, türkmən, macar və dünya bəstəkarlarının musiqiləri səsləndirilib. Sonra iştirakçılar Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq ediliblər.
çap et