Dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşır. Təəssüf ki, dəyişən dünya nizamında beynəlxalq aləmdə atılan bütün addımların bəşəriyyətin və cəmiyyətin qorunması, eləcə də müdafiə olunması istiqamətində olsa da, dini ekstremizm, terrorizm təhlükəsi səngimir. Sirr deyil ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən vasitəyə çevrilməkdədir. Bu baxımdan dini təhlükəsizlik milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir.
Din insanı mənəvi kamilliyə aparan, ona doğru yola yönəldən, ədalətli, mərhəmətli və xüsusilə də vicdanlı olmağı əmr edən ilahi dəyərlər sistemidir. Dinlərin əsas məqsədi insanı pis əməl və davranışlardan uzaqlaşdıraraq yaxşılığa sövq etməkdir. Din insanın mənəvi yüksəlişə nail olmasında müstəsna rol oynayır. Bu, böyük əxlaqi-mənəvi prinsiplər ortaya qoyan səmavi dinlərin sonuncusu olan İslam dininin də səciyyəvi xüsusiyyətlərindən biridir. İslam dini elm, inkişaf, sülh, həmrəylik, mərhəmət və ədalət kimi dəyərləri özündə birləşdirir. Müasir dövrdə dünyada dini zəmində baş verən problemlər dinə yalnız inanc sistemi, mənəvi dəyər, hüquqi məsələ, ya da keçmişin qalığı kimi yanaşmağın doğru olmadığını göstərir.
Tarixin müxtəlif dövrlərində olduğu kimi, təəssüf ki, bu gün də dinin bəzi siyasi və dini dairələr tərəfindən bir-birinə qarşı silah kimi istifadə edildiyinin, müxtəlif geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün dini həqiqi məcrasından çıxararaq siyasiləşdirilməyə çalışılmasının şahidi oluruq. Dünyaya nəzər saldıqda görürük ki, bu fəaliyyət müəyyən regionlarda acınacaqlı nəticələrə gətirib çıxarıb. Dinin siyasiləşməsi və terror vasitəsinə çevrilməsi nəticəsində yüzminlərlə insan həlak olub, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb. Bütün bu faktlar bizə dinin siyasiləşəndə çox təhlükəli silaha çevrildiyini göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyir ki, din bəzən dövlət və cəmiyyətlərin dayaq nöqtəsi, onların müvəffəqiyyətini təmin edən amil olaraq çıxış etdiyi kimi, bəzən də siyasiləşdirilərək bütün bəşəriyyətin "kabus"una çevrilir. Buna görə də müasir dövrdə dövlətlər və cəmiyyətlər dinə daha həssas yanaşır, onu ictimai təhlükəsizliyin mühüm elementi kimi görürlər.
Bu gün dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik aspektindən də dəyərləndirmək zərurəti yaranıb. Dinin mənəvi məzmunundan qoparılaraq siyasiləşdirilməsi bir sıra ölkələr, xüsusilə müsəlman ölkələri üçün dini təhlükəsizliyin təminatı baxımından olduqca təhlükəlidir. Hazırkı dövrdə milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir. Etnik müxtəliflik qədər, dini müxtəliflik də insanların, xalqların və dövlətlərin bir-birinə münasibətlərini formalaşdıran və müəyyənləşdirən əsas meyar kimi hələ də böyük təsir gücünə malikdir.
S.Heydərovun sözlərinə görə, son dərəcə həssas olan etnik məsələdə olduğu kimi, dini məsələdə də cəmiyyətlərə fərdi və ictimai müstəvidə ideoloji müdaxilə etmək bir o qədər də çətin deyildir. Beləliklə, bir cəmiyyət və dövlət daxilində dini zəmində xaos yaratmaq məqsədi güdən siyasi-ideoloji strategiyalarda dindən təzyiq vasitəsi kimi istifadə edilir. Bu səbəbdən, ayrı-ayrı dövlət və cəmiyyətlərdə dinə milli, ictimai, hətta ideoloji təhlükəsizlik məsələsi kimi baxılır. Qloballaşma dövründə etnik kimliyin zəifləməsi fonunda dini kimlik anlayışının güclənməsini və dinin həssas məsələ olduğunu göstərmək mümkündür. Din bir inanc-etiqad məsələsidir. İnanc isə mübahisəni sevmir. Din ilə bağlı bütün bu qeyd edilənlər hazırda din pərdəsi altında terrorizmin, silahlı münaqişələrin nə üçün daha intensiv və geniş miqyasda yayıldığının məntiqini anlamağa imkan verir.
Komitə sədrinin müavini qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən iqtidara gələn Heydər Əliyevin uzaqgörən, müdrik siyasi addımları nəticəsində cəmiyyətdəki özünəqayıdış, özünüdərk prosesi sürətləndi və milli-mənəvi dəyərlərin dirçəlişi yeni mərhələyə qədəm qoydu. Bu istiqamətdə həyata keçirilən strategiyanın əsasında cəmiyyətin varlığını məhz öz milli-mənəvi dəyərlərinə əsaslanaraq gələcəyə transformasiya etməsi ideyası dayanırdı. Bu dövrü ölkənin mənəvi mədəniyyətinin intibahı kimi qiymətləndirsək, mübaliğə etmiş olmarıq. Həmin dövrdə dini-ideoloji təhlükəsizliyimizin təminatı istiqamətində gerçəkləşdirilən siyasi və ictimai qərarlar əsasında milli-ideoloji siyasətin tərkib hissəsi olan milli-mənəvi və dini dəyərlər xalqımızın ideoloji təhlükəsizliyinin ən mühüm elementləri kimi qəbul edildi. Dini təhlükəsizliyin təminatı prioritet istiqamət olaraq nəzarətə götürüldü: "Tarixən müsəlmanlar fəth etdikləri ərazilərdə yaşayan qeyri-müsəlmanların cəmiyyət üçün zərərli olmayan adət-ənənələrinə, milli-mədəni dəyərlərinə uyğun yaşaması üçün daim sərbəst mühit formalaşdırıblar. Təəssüf ki, bu gün bəzi qeyri-ənənəvi dini qruplar və cərəyanlar tərəfindən aparılan təbliğatlarda bu nüanslar məqsədli şəkildə qeyd olunmur, hətta bu tarixi təcrübənin əksi təbliğ edilir. Ən dəhşətlisi isə budur ki, sözügedən dini qruplar təkcə milli kimliyimizə qarşı deyil, hətta milli adət-ənənələrimizə və mədəniyyətimizə qarşı çıxırlar. Onların bu məzmundakı strategiyaları dini kimliyin milli kimliyimizə, o cümlədən, Azərbaycançılıq məfkurəsinə qarşı qoyulması kimi dəyərləndirilməlidir. Halbuki Azərbaycançılıq mahiyyət etibarilə İslama dair anlayış və prinsipləri də ehtiva edir. Din bizim üçün milli ideologiya deyil, amma milli ideologiyamız olan Azərbaycançılığın əsas tərkib hissəsini təşkil edir".
Dini radikalizm, xüsusilə məzhəbçilik və dinin siyasiləşdirilməsi dini təhlükəsizlik çərçivəsində günümüzün ən aktual təhdidlərindən hesab olunur. Dinin siyasiləşdirilməsi bu gün dünyada müstəmləkə siyasətinin ən mühüm vasitələrindən birinə çevrilib. Azərbaycan dövlətinin güclü, xalqının isə dünyəvilik tərəfdarı olması, eyni zamanda qeyd edilən zərərli tendensiyanı mənimsəyən bəzi dini kontingentin özünə sosial baza formalaşdıra bilməməsi bu təhlükənin ölkəmizə də ayaq açmasının qarşısını kifayət qədər alır. Ancaq diniməzhəb zəminində süni şəkildə ortaya çıxılacaq hər hansı qarşıdurma çoxmillətli, çoxkonfessiyalı və multikultural ölkəmizdə sosial-siyasi vəziyyətin arzuolunmaz məcraya yönələ, dolayısı ilə milli ideologiyamıza, dövlət maraqlarımıza zərər verə bilər. Yaxın Şərqdə dini zəmində baş verən proseslər, dini radikalizm və terror hadisələri bizə onu göstərdi ki, heç bir ölkə bu kimi hadisə və proseslərdən sığortalanmayıb. Ölkənin dini-ideoloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində atacağımız ilk addım real dövrün şərtlərini və dünyadakı mövcud şəraiti nəzərə almaqdır. Unutmayaq ki, ölkəmizin yerləşdiyi geosiyasi və geoiqtisadi mövqe bəzi ölkələrlə müqayisədə onu idarə etməyi daha da çətinləşdirir. Azərbaycan qlobal maraqların toqquşduğu bir regionda yerləşir. Buna görə demək olar ki, dünyada dini zəmində baş verən xoşagəlməz hadisə və proseslərdən ölkəmizin tam mənada sığortalandığını demək olduqca çətindir.
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarının inkişafı və qlobal informasiya cəmiyyətinin formalaşması, həmçinin milli, beynəlxalq təhlükəsizliyə yeni çağırışlar yaradır. İnformasiya təhlükəsizliyi müasir beynəlxalq münasibətlərin əsas problemlərindən birinə çevrilir. Dövlətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar təmin edilə bilməz. Geniş mənada təhlükəsizlik ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin, yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliği və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal istifadə olunur. Din və dinlə bağlı istənilən informasiya insanların həssaslıqla yanaşdıqları və bir çox hallarda fanatikcəsinə qarşılıq verdikləri məqamlardan biridir. Son dövrlər internetin fəaliyyəti müxtəlif sosial şəbəkə platformaları ilə daha da əlçatan, praktik və effektli olub.
Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də əsaslı dəyişikliklərin baş verməsinə, yeni imkanların yaranmasına səbəb olub. Kütləvi İnformasiya Vasitələrinin ənənəvi formaları olan radio, televiziya və çap jurnalistikası yeni keyfiyyət mərhələsinə qədəm qoyub, eyni zamanda virtual mühitə xas olan media vasitələri meydana gəlib. Jurnalistika da yeni texnologiya və vasitələrlə zənginləşib, yeni anlayışlar meydana çıxıb. Həm Azərbaycanda fəaliyyət göstərən müxtəlif qrupların media vasitəsilə zərərli təbliğat cəhdləri, həm də kənardan ölkəyə radikalizm və dini bölücülük fikirlərinin idxalı cəhdləri davam etməkdədir. Ölkə xaricində fəaliyyət göstərən və sırf Azərbaycan oxucularına xitab edən elektron informasiya vasitələri var ki, bunların bir qisminə ölkədə giriş məhdudlaşdırılıb, bir qismi, xüsusən də sosial media üzərindən olanlar hələ də aktiv şəkildə fəaliyyətini davam etdirir. Təbii ki, bu cür zərərli tendensiyaların qarşısında əsas "immunitetlərdən" biri də faydalı dini bilgilər, sağlam dini maarifçilikdir. Cəmiyyət hər nə qədər sağlam dini bilgilərə sahib olarsa, onun fərdlərinin radikal dini qruplara, yaxud cəhalət və xurafat təsirinə düşməsi ehtimalı azalar.
Öz növbəsində, cəmiyyət ictimai və dini təşkilatların, Kütləvi İnformasiya Vasitələrinin yardımı ilə yayılan ekstremist ideyalara qarşı humanist ideyaları və tolerantlıq prinsiplərini, vətəndaş sülhünü, barışı təbliğ etməlidir.
İsgəndər HƏSƏNOV
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Media və dini təhlükəsizlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
çap et