525.Az

Heydər Əliyev irsinin tədqiq və təbliğinə qiymətli töhfə


 

Heydər Əliyev irsinin tədqiq və təbliğinə qiymətli töhfə<b style="color:red"></b>

Ölkəmizdə xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd edilir. 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamında deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir". Sərəncamdan irəli gələrək, Heydər Əliyev ideyaları və əməlləri yenidən öyrənilir və təbliğ olunur. Bununla əlaqədar AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Ulu öndərin siyasi irsindən bəhs edən "Heydər Əliyev siyasəti: tarix və müasirlik" monoqrafiyası işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovdur. Əsər 2023-cü ildə "Elm" nəşriyyatında çap edilib.

Qeyd edək ki, akademik İsmayıl Hacıyevin dahi lider Heydər Əliyevə həsr edilən çoxsaylı əsərləri var. Alim həm də özünün sanballı tədqiqatları ilə Əliyevşünaslığa qiymətli töhfə verən elm adamlarındandır. Hörmətli akademikin Heydər Əliyev şəxsiyyəti və siyasətinə həsr edilən "Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası" (Bakı, 2003, 164 s.), "Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə" (Naxçıvan, 2013, 296 s.) kimi monoqrafiyaları Əliyevşünaslıq və ümumən Azərbaycanın tarixi inkişaf yolu və problemləri istiqamətində ərsəyə gətirdiyi mühüm elmi nailiyyətlərdən hesab edilə bilər. Alimin yenicə çapdan çıxan "Heydər Əliyev siyasəti: tarix və müasirlik" monoqrafiyası da yeni elmi dəlillərlə zəngin qiymətli mənbələrdən biridir.

Monoqrafiyanın ilk səhifələri dahi lider Heydər Əliyevin məşhur bir kəlamı ilə açılır: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Müəllif müdrik liderin siyasətinə tarix və müasirlik konseptindən yanaşaraq bütün tarix boyu başlıca keyfiyyətini səciyyələndirməklə onun məhz xalqına, millətinə, vətəninə bağlılığı və milliliyini diqqət mərkəzinə çatdırır, hər bir vətəndaş üçün buraxdığı qiymətli tarixi miras olduğunu bildirir.

Əsərin sonrakı səhifələrində 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı yer alıb. Müəllifin yorulmaz fəaliyyətinin nəticəsi olan bu elmi əsər də "Heydər Əliyev İli"nə, dahi liderin anadan olmasının 100 illiyinə bir töhfə, qarşıya qoyulan vəzifələrin düzgün icrası baxımından mühüm bir fakt kimi dəyərləndirilə bilər.

Əsərin "Ön söz"ündə müəllif kitabın yazılma səbəbləri və dahi liderin şəxsiyyət əzəməti haqqında dolğun fikirlər səsləndirir. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə Azərbaycan xalqının milli inkişaf və tale konseptindən yanaşan müəllif, Ümummilli liderin xalqı yolundakı tale yüklü əzəmətli əməllərindən söhbət açır, bu böyük şəxsiyyətin Azərbaycan xalqının tarixi taleyində tutduğu ehtişamlı mövqe və statusu ümumiləşdirir.

Monoqrafiya altı fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın ümumi məzmunu "Heydər Əliyev şəxsiyyəti və siyasəti" (I), "Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsi. Müstəqilliyə doğru böyük dönüş" (II), "Heydər Əliyevin dövlətçilik təlimi" (III), "Heydər Əliyev: tarix və tarixi günlər" (IV), "Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası" (V), "Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır" (VI) kimi fəsillər daxilində təqdim edilir.

"Heydər Əliyev şəxsiyyəti və siyasəti" adlanan birinci fəsildə dahi liderin şəxsiyyətinə yönəlik elmi baxış və tədqiqat cəmlənib. Burada dahi liderin şəxsiyyət meyarları, onun nəhəngliyi və fövqəladiliyi barədə geniş bəhs açılır, dünya dövlətləri liderlərinin bu böyük şəxsiyyət və lider haqqındakı ehtişamlı fikirləri təqdim edilir. Heydər Əliyev şəxsiyyəti haqqında hərtərəfli təhlil aparan alim "Heydər Əliyev öyrənilməmiş dünyadır" tezisini bir daha qabardaraq bu nəhəng şəxsiyyətin hələ on illər boyunca öyrəniləcəyi və yeni-yeni fikirlərin söyləniləcəyi qənaətinə gəlir.

"Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsi. Müstəqilliyə doğru böyük dönüş" adlanan ikinci, "Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası" adlı beşinci fəsillərində bir vaxt ağır blokada vəziyyətinə salınmış, taleyin ixtiyarına buraxılmış Naxçıvandan, onun qorunub saxlanması, blokadanın çətinliklərinin aşılması, inkişafına nail olunması, xüsusilə müdrik liderin Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə burada verdiyi qərarların taleyüklü olması və bütün ölkənin - Azərbaycanın gələcək taleyini müəyyənləşdirməsi haqqında bəhs olunur. Bunu da əlavə edək ki, Naxçıvanın tarixinə, sosial-iqtisadi inkişafı və şəxsiyyətlərinə həsr edilmiş çoxsaylı elmi əsərlərində də müəllif Ulu öndər Heydər Əliyevin Naxçıvanın qorunması və inkişafı sahəsindəki əvəzedilməz xidmətlərindən gen-geniş bəhs edib. Belə ki, məlum həqiqətdir ki, dahi liderin 1990-cı ilin 22 iyulunda Naxçıvana gəlişi olmasaydı, həmin böhran illərində Naxçıvan erməni daşnaklarının silahlı hücum hədəfi və blokadaya tərk edilmiş bir torpaq olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi və Naxçıvan camaatının sevgisi, məhəbbəti və dəstəyi ilə göstərdiyi dövlətçilik fəaliyyəti Azərbaycan tarixi üçün milli istiqlaliyyət və dövlətçilik zəmini hazırladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən məhz bu sözləri dedi: "Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı".

"Heydər Əliyevin dövlətçilik təlimi", "Heydər Əliyev: tarix və tarixi günlər" və  "Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır" kimi fəsillərdə müdrik siyasi xadim Heydər Əliyevin dövlətçilik təliminin əsasları diqqət mərkəzinə çəkilib, müəllifin nöqteyi-nəzərincə dəyərləndirilib və təhlil edilib. Müəllif Azərbaycanın uğurları və inkişafını, hətta bugünkü qələbə və nailiyyətlərini Heydər Əliyev siyasi təliminin parlaq nəticələri kimi qiymətləndirib. Azərbaycanın 44 günlük Vətən mühasribəsində qələbəsi, kosmik gücə sahib olması, beynəlxalq aləmdə söz sahibinə və regionda güc mərkəzinə çevrilməsi kimi məsələləri Heydər Əliyev siyasətinin və onun uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq qəbul edib. Xüsusilə müasir dünyada Azərbaycanın artan nüfuzu, siyasi məsələlərə həlledici təsiri və türk dünyasının birliyinə gedən yolda Azərbaycanın birləşdiricilik rolunun nüfuzlu yer alması kimi məsələlər də Heydər Əliyev və Əliyevçiliyin uğurlarının təzahürü olduğu qeyd edilib.

Beləliklə, akademik İsmayıl Hacıyevin yenicə çapdan çıxan "Heydər Əliyev siyasəti: tarix və müasirlik" monoqrafiyası" "Heydər Əliyev İli"nə qiymətli alim töhfəsidir. Monoqrafiyada irəli sürülən məsələlər, gəlinən nəticələr və ortaya qoyulan tezislər Əliyevşünaslıq sahəsində özünəməxsus dəyərə malikdir. Akademik İsmayıl Hacıyevin böyük alimlik məharətilə ərsəyə gətirdiyi "Heydər Əliyev siyasəti: tarix və müasirlik" monoqrafiyasının qiymətli elmi mənbə olaraq kütləvi marağa səbəb olacağını əminliklə deyə bilərik.

 

 





05.07.2023    çap et  çap et