525.Az

Ermənistan hakimiyyəti təxribatlara son qoymalıdır - Kənan Novruzov yazır


 

Ermənistan hakimiyyəti təxribatlara son qoymalıdır - <b style="color:red">Kənan Novruzov yazır</b>

Dünən səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ dövlət katibinin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən cəmi bir neçə gün sonra yenidən təxribat törədilməsi diqqət çəkir.

Məlum olduğu kimi, Vaşinqton görüşü ciddi nəticələrlə yadda qalmadı. Əslində bu, gözlənilən idi. Çünki provokasiyaların səngimədiyi bir vaxtda danışıqlar müstəvisində hansısa ciddi irəliləyiş gözləmək sadəlövhlük olar. 

Sabotaj cəhdlərini iki cür qiymətləndirmək olar: Ya Ermənistan hərbi-siyasi hakimiyyəti sülhdə səmimi deyil və bilərəkdən “suları bulandırır”, ya da rəsmi İrəvan üçüncü tərəflərin müdaxiləsinin qarşısını ala bilmir. Bunlardan hansının doğru olmasının bizim üçün o qədər fərqi yoxdur. Əsas odur ki, təxribatlara son qoyulmur. Deməli, hətta sülh müqaviləsi imzalansa belə, o kövrək olacaq.

Provokasiyalara birdəfəlik son qoyulmayınca sülh müqaviləsinin imzalanması bizim maraqlarımıza uyğun deyil. Çünki bu halda həmin sənəd kağızdan başqa bir şey olmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan 1994-cü ildə imzalanan atəşkəs haqqında müqaviləni, 2020 və 2021-ci illərdə imzalanan üçtərəfli razılaşmalara əməl etməyib. Deməli, qarşı tərəfin ehtimal edilən sülh müqaviləsini də pozmayacağına dair bizdə zəmanət yoxdur.

Ermənistan sülh istəyirsə, əvvəlcə təxribatların qarşısının alınması barədə düşünməlidir. Yox, əgər Ermənistan baş naziri Nikol Paşinyan bu siyasi iradəyə sahib  deyilsə, onda öz işimizi özümüz görəcəyik. 

 





05.07.2023    çap et  çap et