525.Az

Bir tankçının hekayəsi


 

Bir tankçının hekayəsi<b style="color:red"></b>

 Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov 44 günlük Qarabağ müharibəsində yaralanan bir əsgərin müalicəsi barədə xatirəsini  qəzetimizin oxucuları ilə bölüşür.

Vətən müharibəsi günləri çalışdığım Mərkəzi Gömrük Hospitalı hərbi hospital kimi fəaliyyət göstərdi. Çoxsaylı qazilərimiz burada şəfa taparaq geri döndülər. Xatirimdə qalan bir yaralı hərbçinin tarixçəsini sizlərlə bölüşmək istədim. 1999-cu il təvəllüdlü Pərviz Həsənov ön cəbhə xəttinə yaxın bölgədə cərrahi əməliyyatlardan  sonra təxliyyə olunmuşdu. Vəziyyəti kritik ağır idi. Septik vəziyyətə bağlı şüuru tam aydın deyildi.

İrəlidə bizi ağır əməliyyat gözləyirdi. Nəticəsi yaxşı olmaya da bilərdi. Tibbi baxımdan şanslarımız minimal dəyərləndirilirdi. Xəstə ilə kiçik də olsa, kontakt qurmaq istəyirdim. Harda döyüşdüyünü və yaralandığını soruşdum.

- Tankçıyam, - deyə cavab verdi.  - Tankımı vurdular...

Nə üçünsə tankın nömrəsini soruşdum.

- Nəyinizə gərək? - deyə qıcıqlandı.

- Necə nəyimə lazım? Birdən qarşılaşsaq, bilim ki, o tankın içində olan sənsən, - deyə zarafatyana gülümsədim.

Tankçı da güldü və  tankının nömrəsini  dedi. Yaranan kontaktdan həvəslənib davam etdim:

- Bəs tankın içində neçə nəfər olursunuz?

- 3 nəfər - komandir, sürücü və nişançı...

- Tankın mərmisi neçə kiloqram olur?

- 33 kq.

- Hansı məsafəyə ata bilirsiniz?

- 15 kilometrə qədər.

Peşəkar mövzuda verdiyim suallar tankçının şüurunu bir qədər aydınlatdı. Bu, məni sevindirdi. Eyni zamanda öyrənmək istədiyim texniki hərbi məqamlarla bağlı söhbətimizə davam etdim.

- Birbaşa görərək, yoxsa verilən koordinatlara görə atəş açırsınız?

Cavab vermədi.

- Məşhur lətifəni yadıma salıb, "bəs sizin bölümdə neçə tank var?" - deyə gülümsədim.

Pərvizin üzündə ciddi ifadə əmələ gəldi və o, qətiyyətlə:

- Doktor, burdan o tərəfi yoxdur, hərbi sirdir... - dedi.

Tankçının ağır septik şok vəziyyətində və şüurunun tam aydın olmamasına baxmayaraq, verdiyi cavab məni çox təsirləndirdi. Qarşımda ölümlə mübarizə aparan çox gənc, yaralı igid əsgər uzanmışdı.

İndi növbə bizdə idi. Tankçının həyatı uğrunda ağır döyüşə başlamalı idik. Başladıq...

 Hospitalımızda qaldığı 40 gündə tankçının üzərində 10-a qədər ağır əməliyyat keçirdik. Addım-addım irəlilədik. O, ölümlə mücadilədə qalib gəldi. Sonunda igid əsgəri sağ salamat yola saldıq...

Yolun açıq olsun, Pərviz Həsənov,  Azərbaycan əsgəri!

 





05.07.2023    çap et  çap et