525.Az

Məktəbəqədər təhsil: yeni nəslin aydın gələcəyi üçün zəruri başlanğıc


 

Məktəbəqədər təhsil: yeni nəslin aydın gələcəyi üçün zəruri başlanğıc<b style="color:red"></b>

Uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında məktəbəqədər təhsilin rolu əvəzsizdir. Məktəbəqədər təhsil uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir. Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu səbəbdən də məktəbəqədər təhsil uşaq şəxsiyyətinin formalaşmasına və inkişafına, daim dəyişən mühitə müvəffəqiyyətlə uyğunlaşmasına şərait yaradır. Aparılmış tədqiqatlar sübut edib ki, məhz məktəbəqədər yaş dövrü insanın intellektinin, şəxsiyyətinin formalaşması, sosial və emosional inkişafı üçün çox mühüm mərhələdir.

Azərbaycan Respublikası Təhsil Institutundan (ARTİ) bildirilib ki, məktəbəqədər yaşlı uşaqların inkişafının milli inkişaf strategiyası ilə qırılmaz şəkildə bağlılığı və dövlət siyasətinin tərkib hissəsi olması məktəbəqədər təhsilin dövlət standartının tətbiqinə və daim yenilənməsinə ehtiyac yaradır. Məktəbəqədər təhsilin dövlət standartı məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsinin psixoloji və pedaqoji əsaslarına dair tələblər sistemini ehtiva edir. Standart pedaqoji prosesin təşkili qaydalarını, onun iştirakçılarının rolunu və yerini müəyyənləşdirir, məktəbəqədər təhsil müəssisəsi ilə ailə və icma arasında münasibətlər sistemini tənzimləyir.

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında məktəbəqədər təhsil üzrə bir sıra vəzifələrin həyata keçirilməsi planlaşdırılıb. Sənəddə qeyd edilir ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaqdır. Qeyd olunub ki, məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsi inkişafının keyfiyyətcə dönüş dövrüdür. Təhsilin müasir strateji istiqamətləri uşaq yaradıcılığının formalaşmasına, onun öz həyat və fəaliyyətinin fəal subyekti kimi inkişafına diqqət ayırır. Bununla əlaqədar pedaqogikada reproduktiv təhsil, "hazır bilik" istehsalını təmin edən modeldən idrak fəaliyyətinin fəallaşdırılmasına yönəlmiş səmərəli təlim modelinə keçid problemi günün tələbidir. Məktəbəqədər təhsildə cəmləşən bütün bu keyfiyyətlər uşaqların pedaqoji prosesdə sosiallaşma imkanlarının genişlənməsinə mühüm şərait yaradır. Məktəbəqədər təhsilin mühüm məqsəd və vəzifələri konseptual sənəd olan məktəbəqədər təhsil proqramında (kurikulumda) təsbit olunub. Hər bir tərbiyəçi-müəllim pedaqoji fəaliyyətin qarşıya qoyulan tələblərini reallaşdırmaq üçün bu sənəd ilə yaxından tanış olmalıdır. Milli təhsil konsepsiyası əsasında fəal təlim metod və texnologiyalarından istifadə olunmaqla müasir tələblərə cavab verən yeni gənc nəsil yetişdirilir. Məktəbəqədər təhsil proqramında (kurikulumda) fəal təlim metodları ilə qurulan məşğələlər ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəkildə fəaliyyət göstərməsinə imkan yaratmaqla yanaşı, onların bilik, bacarıq və istedadlarının üzə çıxarılmasına da şərait yaradır. Fəal təlim uşaqların idraki fəallığını təmin edir.

5 yaşda olan uşaqlarda bir çox emosional ifadələr, yeni dostluqlar, fərqli oyunlar, müxtəlif maraqlar, uzun hekayələr, çox sayda fiziki fəaliyyət özünü göstərir. Bu, təlimə maraq, daxili və xarici yaradıcı oyunlar, dialoqlu oyunlar və uşaqla birlikdə fəaliyyət göstərmək kimi qabiliyyətlərin inkişafı üçün məqsədəuyğun yaş dövrüdür. Beşyaşlının həyatında qaydalı oyunlar tədricən daha çox yer tutmağa başlayır. Psixoloji baxımdan bunun xüsusi əhəmiyyəti var. Sujetli-rollu oyunlar beşyaşlının əsl fəalliyyət növü olmaqla onun həyatında əsaslı dəyişikliklər yaradır. Ətraf mühitdən alınmış təəssüratlar əsasında yaranan bu oyunların məzmunu tərbiyəvi işlərin təsiri ilə rəngarəng olur. Bir çox hallarda oyunların məzmununu uşaqların özləri müəyyənləşdirir və rolları bölüşdürürlər. Mütəhərrik oyunlar uşaqda özünü aparma, qaydaları gözləmə bacarığını təkmilləşdirir.  Didaktik oyunlar isə uşaqda müşahidəetmə qabiliyyətini artırır və öyrənmə prosesini asanlaşdırır. Həyatının beşinci ilində uşaq əşyaların məkanda yerləşdirilməsini də dərk edir, əşyaları ümumi xassəsinə, formasına, nə üçün lazım olmasına görə qruplaşdırmağı bacarır. Hadisələr əsasında sadə səbəb-nəticə əlaqələrini başa düşür, bir çox sualların cavabını araşdırır. Beşyaşlının söz ehtiyatı daha sürətlə zənginləşir, rabitəli nitqi formalaşır. Bu yaşda uşaq kiçikhəcmli bədii əsərlərin məzmununu yadda saxlayıb nəql etməyi, oyuncaqlar, başına gələn əhvalatlar, ətraf aləm haqqında danışmağı bacarır. Bu yaşda uşağın hissetmə qabiliyyəti daha sabit olur. Müxtəlif situasiyalarda emosiya özünü göstərir. Uşaqda həmçinin, öz arzularını böyüklərin tələblərinə uyğunlaşdırmaq, onların tələblərinə diqqət və məsuliyyətlə yanaşmaq, yaşıdlarına qayğıkeş münasibət hissi formalaşır.

İnstitutdan verilən təlimat xarakterli açıqlamada qeyd olunur ki, məktəbəqədər yaşlı uşaqların təlimi təkrar olunan bir prosesdir. "Hər bir məşğələdə siz sadə təlim məqsədlərini müəyyənləşdirməli və işinizi həmin məqsədlərin reallaşmasına istiqamətləndirməlisiniz. Keçirilən məşğələlərdə öyrədilən məzmunun təkrarı əsasən axşam fəaliyyəti zamanı təşkil edilə bilər. Uşaqlara hərflər və ədədlərlə bağlı kömək göstərilmədən tərbiyəçi-müəllimlər 3-4 yaşlardan başlayaraq uşaqlarda kiçik motor bacarıqlarının inkişaf etdirilməsini istiqamətləndirməlidir. Bu, uşaqlarda əllər, ayaqlar, dodaqlar, dil və gözlərin kiçik əzələlərin hər hansı fəaliyyəti ilə həyata keçirilir. Uşaqlarda motor bacarıqlarının formalaşması onlarda balansın yaxşı saxlanılmasına və onların hərəkətlərinin əlaqələndirilməsinə kömək edəcəkdir.

Məşğələ otaqlarında çoxlu sayda stolüstü oyuncaqların və pazlların olmasını təmin edin.

Uşaqların fiziki fəaliyyətlə məşğul olmaları üçün onları mütamadi olaraq, gəzinti saatlarında həyətə çıxarın. Uşaqların açıq havada fəallığını təmin edin".

Məktəbəqədər təhsil kurikulumunun məzmunu standartlar şəklində ifadə olunub. Məzmun standartları uşaqların bilik və bacarıq səviyyələrinə qoyulmuş dövlət tələbi olmaqla, gözlənilən ümumi təlim nəticələrini reallaşdırır. Əsas standartlar bütün yaş qrupları üçün eyni, alt standartlar isə hər yaş qrupuna müvafiq olaraq dəyişir. Alt standarlar əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir. Alt standartlar hər yaş qrupuna uyğun olaraq inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Burada məzmun uşaqların nə öyrənəcəyini, yəni bilik hissəsini, fəaliyyət isə uşağın öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir.  Məlumata əsasən, məktəbəqədər təhsil proqramı (kurikulumu) inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Verilən standartlar yaş qrupları üzrə əlaqəli və davamlı şəkildə biri digərini tamamlamaq və möhkəmləndirməklə şaquli və üfiqi ardıcıllıqla verilir. Şaquli inteqrasiyada yaş qrupları və inkişaf sahələri arasındakı əlaqə, ardıcıllıq və sistemlilik, üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahələri üzrə əsas və alt standartlar arasındakı əlaqəlilik və ardıcıllıq təmin olunur. Yaş qrupu artdıqca, verilən biliyin məzmunu mürəkkəbləşir, yəni bütün alt standartlar yaş dövrləri artdıqca sadədən mürəkkəbə doğru dəyişir. Alt standartların mürəkkəbləşməsi uşaqların inkişaf dinamikasını izləməyə imkan verir. Eyni zamanda, alt standartların yaş dövrlərinə uyğun olaraq dəyişməsi bütün inkişaf sahələri və məşğələlər arasında inteqrasiyanın yaranması, möhkəmlənməsinə səbəb olur. Məktəbəqədər təhsil proqramı (kurikulumu) bütün təlim nəticələrini əks etdirməklə son nailiyyətləri təsəvvür etməyə imkan verir. Öyrənmə prosesində əldə edilən nailiyyətlərin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün müvafiq şərait yaranır.

Öyrənmə prosesində uşaqlar elmin əsaslarını öyrənmirlər, əksinə, ətraf aləm haqqında sistemləşdirilmiş təsəvvürlər alır və xüsusi bacarıqlara yiyələnirlər. Onlarda tərbiyəçi-müəllimə qulaq asmaq, suallara cavab vermək, onlara müraciət etmək, göstərişlərə uyğun hərəkət etmək, böyük məktəbəqədər yaşlarda müəyyən idraki-təlim vəzifəsini qoymaq və ya qəbul etmək, onun nailiyyətini planlaşdırmaq, öz işinizin nəticələrini qiymətləndirmək, digərləri ilə müqayisə etmək bacarıqları formalaşır.

Məşğələnin keçirilməsi zamanı motivasıyanın yaradılması, tərbiyəçi-müəllimin xoş rəftarı, nitqinin intonasiyası, ifadəliliyi prosesin yüksək emosionallığı, müsbət ab-hava kimi amillər xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər yaşlı uşaqlar yaşla bağlı psixoloji xüsusiyyətlərinə görə tapşırığı yerinə yetirməyə tələsdiklərindən və artıq tərbiyəçi-müəllimin dediklərinə qulaq asmadıqları üçün izahatı çox diqqətlə, aydın və qısa şəkildə yerinə yetirmək, yalnız ən əsasları bildirmək lazımdır. Təlimatların bəzi hissəsi, əlavələr məşğələnin gedişində edilə bilər.

Sevinc QARAYEVA

 





05.07.2023    çap et  çap et