525.Az

Abituriyentlərin qəbul göstəriciləri: rəqəmlər nədən xəbər verir?


 

Abituriyentlərin qəbul göstəriciləri: rəqəmlər nədən xəbər verir?<b style="color:red"></b>

1992-2022-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir. Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

1992-2022-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 3.06 dəfə, abituriyent ərizələrinin sayı isə 2.27 (subbakalavrlarla birlikdə 2.64) dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç da hamısı abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2022-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata əsasən, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.

I-IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79 faizi 200-dən az bal toplayıb. Keçən il abituriyentlərin 42.8 faizi imtahandan "2", 22.faizi "3", 25.6 faizi "4", 9.6 faizi isə "5" qiymət alıb. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3 faiz, 20.3 faiz, 25.5 faiz, 10 faiz olub. Keçən il "2" və "5" qiymət alanların faizi nisbətən azalıb, "3" və "4" qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33.8 faizini "3", 43.8 faizini "4", 15.8 faizini isə "5" qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29.9 faiz, 47.2 faiz, 18.0 faiz olub.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20 faizini topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74 faiz) 100-150 bal intervalında nəticə göstərib.

Məlumata görə, tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 94.51 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub.  2022-ci il məktəbi "5" qiyməti ilə bitirən məzunların yalnız 35.21 faizi attestat qiymətlərini doğrulda bilib:

"Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik.

Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) "əla", digər məktəbdə (rayonda) "kafi" qiymətləndirilir. Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Elm və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Bu kitablarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin".

DİM-dən bildirilib ki, 2022-ci ildə fənlər üzrə attestat qiymətləri "3" olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da analoji nəticə göstəriblər. Hər bir fənn üzrə attestat qiyməti "kafi" və "əla" olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fondan topladıqları nisbi bal intervalları üzrə paylanma histoqramları təhlil edilib.

"3" alan abituriyentlərin ayrı-ayrı fənlər üzrə 74-96 faizi 0-40 intervalında nisbi bal toplayıb: "Deməli, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur. Ancaq təəssüf ki, "ala" ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, özünü coğrafiya (II, III qruplar), kimya (1. IV qruplar) və tarix (11, III qruplar) fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 40.27 faizinin kimya fənnindən 28.77 faizinin və tarix fənnindən 27.39 faizinin uyğun fənlər üzrə qəbul imtahanının I mərhələsində topladıqları nisbi balları 20-dan az olub. Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin ayrı-ayrı fənlər üzrə yalnız 5-23 faizi 80-100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır. Burada təhlil olunan göstəricilər qiymətləndirmənin respublika üzrə vəziyyətini ifadə edir. Lakin hər bir bölgənin fərqli göstəriciləri də ola bilər. Biz, sadəcə, bu sahədə problemlərin və onun təhlil edilərək aydınlaşdırıla bilinməsi imkanlarını göstərdik. Bu baxımdan, hər bir bölgə müvafiq qaydada nəticələrini təhlil edib mövcud problemlərini üzə çıxara və onların həll olunması üçün tədbirlər görə bilər. Bölgələrdə bu işin hətta müəllimlər səviyyəsində də təhlil edilməsi mümkündür".

Mərkəzin məlumatına görə, məzunların bir hissəsi təhsil proqramının 43-73 faizini mənimsəmir. Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 43-73 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir: "Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-57 faizinə düzgün cavab verib. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Bununla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır".

Ölkədə bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir.

Bildirilib ki, test tapşırıqlarının sınaqdan keçirilməsi və sonradan nəticələrinin emalı - test tapşırıqlarının kalibrlənməsi aparılır: "Test tapşırıqlarının parametrləndirilməsi iki model - Rasch və ikiparametrli logistik model əsasında həyata keçirilir. Rasch modelində bütün test tapşırıqları eyni diskriminasiya (ayırdetmə) göstəricisinə malikdir. Bu, əslində, çox sərt fərziyyədir və praktikada özünü nadir hallarda doğruldur".

DİM-dən qeyd olunub ki, ikiparametrli logistik modeldə isə test tapşırıqlarının diskriminasiya göstəriciləri bir-birindən fərqlənir: "Bu modelin Rasch modelinə nəzərən üstünlüyü onun empirik (real) məlumatlarla daha yüksək uzlaşma səviyyəsinə malik olmasıdır. İkiparametrli logistik model əsasında bilik və bacarıqların qiymətləndirilməsi BILOG-MG proqram təminatı əsasında aparılır. Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir. Model tətbiq edilərkən sınaq iştirakçılarının motivasiya səviyyəsi də nəzərə alınmalıdır. Başqa sözlə, informasiyanın emalı prosesində sınaq iştirakçısının imtahan prosesində mümkün olan ən yüksək nəticəni əldə etmək marağı hesaba alınmalıdır. Bununla əlaqədar olaraq test tapşırıqları parametrləndirildikdə, onlara cavab verməkdən çoxlu sayda imtina edən abituriyentlər sınaq iştirakçıları seçməsindən çıxarılır. Yeni testlərin tərkibində parametrləndirilmiş tapşırıqlardan istifadə edilməsi testləşdirmə aparılan fənn üzrə qabiliyyət göstəricisi şkalasına yeni test tapşırıqlarının əlavə edilməsinə imkan verir. Beləliklə, kalibrlənmə həyata keçirildikdən sonra eyni tapşırıqlara malik olmayan müxtəlif testlərin nəticələrini müqayisə etmək imkanı yaranır. Bununla yanaşı, müxtəlif imtahanlarda eyni imtahan iştirakçılarının olması da, bu imtahanlardakı testlərin nəticələrini müqayisə etməyə imkan verir".

Sevinc QARAYEVA

 





06.07.2023    çap et  çap et