525.Az

Yurd sevgisi, torpaq eşqi


 

Yurd sevgisi, torpaq eşqi<b style="color:red"></b>

Erməni vandalizmi çinarlı-kəhrizli Cəbrayılı xarabazara çevirib, nəinki rayonun bir sıra irili-xırdalı kəndləri, şəhərin özü belə insafsızcasına dağıdılıb, daş üstə daş  qalmayıb. Dədə-baba yurduna, ata ocağına bağlı yerli sakinlər vətənimizin başqa guşələrinə pərən-pərən düşüblər. Bakıda, Mingəçevirdə, Sumqayıtda, Şirvanda, Biləsuvarda məskunlaşmağa məcbur olublar. Ancaq atalar hər qaranlıq gecənin bir işıqlı səhəri var deyiblər.

İkinci Qarabağ müharibəsi həqiqətən ölkəmizdə Ali Baş Komandan-Ordu-Xalq birliyini ortaya qoydu. 44 günlük mərdi-mərdanə savaş dünyaya şou yaymaq istəyən, mifik xəyallar quran, daim aslanın kölgəsində yatan çürük erməni xislətini  nümayiş etdirdi. Azərbaycanın parlaq qələbəsi yurdumuzun işğal altında olan torpaqları ilə bahəm Cəbrayılı da yağı istilasından qurtardı. İnşallah, hamımız Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin səyi və dəstəyi ilə Böyük Qayıdış gününü gözləyirik.

Doğrudur, ötən qaçqınlıq dövründə yeni qəsəbələr, mini şəhərlər salınıb, cəbrayıllıların əksəriyyəti təzə mənzillərə köçürülüb. Əlbəttə, bizim camaat  torpağa bağlı camaatdır. Hər kəs Cəbrayılın axarlı-baxarlı xoşbəxt çağlarının fərağını çəkir.

Arabir fürsət tapır, həmyerlilərimlə, yaşıdlarımla görüşür, ötən günlərin nostalji duyğularını yaşayırıq. Bizim Qələbə zəfərimiz hamını səfərbər edib. Axı, kənd adamına nə lazımdı ki? O, ömrü  uzunu torpaq əkib-becərib, qoyun-quzu bəsləyib, yaxşı dolaqışıq tapmaq naminə məhsul yığıb, bazara  çıxarıb.  Və bundan, kənd təsərrüfatı əməyindən zövq alıb, pul-para qazanıb, heç kəsin əlinə möhtac olmayıb.

Yaşar Quliyev, Quycaq kənd sakini-təqaüdçü: "Lənət mənfur erməniyə! Gül kimi növrağımızı pozdu, cənnətməkan Vətənimizi murdarladı. Və nə yaxşı, cəsur Prezidentimiz İlham Əliyev "Dəmir yumruğu"nu göstərdi, müqavimət göstərən  qırıldı, tör-töküntüsü qaçıb canını qurtardı. Qələbəmiz haqq  işiydi, Allahdan idi, arzumuza çatdıq. Qəhrəman oğullarımızın şücaəti danılmazdır. Yaşım 80-i  aşıb. Bir an gözümə yuxu gedən kimi doğma Quycaq  kəndini görürəm. Artıq tay-tuşlarımın əksəriyyəti həyatdan köçüb. Özümü xoşbəxt sanardım ki,  bu yaşda da qoynuna sığındığım  yaşıl çəmənləri, mənzərəli vadiləri, yamyaşıl  düzlərin seyrinə dalım. Bəlkə ömrüm bir az da uzanacaqdı.  Görək də, o müjdəli çağların  astanasındayıq.  İnşallah!"

Oruc Rüstəmov, Mehdili kənd sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı: "Ötən 90-cı   illərdə  erməni qəsbkarlarına qarşı  xalq hərəkatı başlandı. "Arxalı köpək  qurd  basar" - deyiblər. Rusiyanın açıq-gizlin havadarlığı böyük kömək,  arxa demək idi.  Ermənistan bunu hər  addımda hiss edirdi. Nəticədə torpaqlarımızı müvəqqəti də olsa, getdi, haqq-nahaq igid övladlarımızı  itirdik. Cəbrayıl axıracan döyüşdü, təslim olmaq istəmədi. Lakin xəyanətlər və boşluqlar sözünü dedi. Şükür bu günə ki,  düşmənin dərsi verilib, özü də layiqincə. Bu gün Cəbrayıl və onun yaşayış məntəqələri diqqət mərkəzindədir, bərpa işləri aparılır. Biz mütləq  kəndlərimizə  dönəcəyik. O tarix   uzaqda  deyil".

Sevindik Abbasov, Vətən müharibəsi iştirakçısı: "Bakıda Musiqi Akademiyasında oxuyuram. İkinci Qarabağ savaşı  başlananda, daha iş-güc barədə düşünmədim, dərhal səfərbərlik xidmətinə yollandım, ərizə yazdım və torpaqlarımızın müdafiəsinə qalxdım. İçimdə yağıya böyük bir nifrət vardı. Axı, mən ata-baba yurdum  uğrunda vuruşurdum. O yurd yerinin ki, onun üzünü görməmişdim. Yalnız valideynlərimdən eşitmişdim, əslim-soyum Cəbrayıl rayonunun Böyük  Mərcanlı  kəndindəndir. Hayıfımı almış, arzuma çatmışam. İndi bircə  qalır  Vətən  torpağına qayıtmaq. Müharibə veteranı kimi orden-medal almışam və təltiflərimi döyüş  meydanlarında qazanmışam. Sağ olsun rayonumuzun icra hakimiyətinin başçısı  Kamal   müəllim. Bir dəfə  qazilərlə, veteranlarla  görüşdə hamını əmin etdi ki,  lap yaxınlarda Cəbrayıla hissə-hissə böyük köç başlanacaq. Həmin gün  qurban kəsərkən, o tarixi hadisəni görmək  həqiqətən başqa   xoşbəxtlikdir".

Qarabağın  başqa rayonları kimi çinarlı-kəhrizli  Cəbrayıl da qurulur, binədən tikilir. Düşmən  bizə  böyük maddi və mənəvi  ziyan vurdu,   pisliyi isə özünə  qaldı. Cəbrayılın Cocuq Mərcanlı kəndində artıq əhali məskunlaşıb,  onlar üçün hər cür şərait  və güzəran yaradılıb.  Boz  çöllüklər minadan təmizlənir,  yerində  bağ-bağat  salınır. Yaşıllıqlar düzənliklərdən  dağətəyi ərazilərəcə  uzanır.

Rasim CƏBRAYILOV

Cəbrayıl rayon sakini 

 





06.07.2023    çap et  çap et