Azərbaycan-İran münasibətlərində uzun müddətdir ki, gərginlik yaşanır. Mövcud vəziyyətin yaranmasında günahkar birmənalı olaraq İran tərəfidir. Bu ölkənin rəsmilərinin xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar, atılan addımlar, Ermənistanla yaxınlaşma siyasəti, nəhayət, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı vəziyyətin indiki hala çatmasının səbəbləridir. Amma bu da hamısı deyil, digər səbəbləri də sadalamaq olar. Terror hücumundan sonra rəsmi Bakı Tehranda Azərbaycan səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırdı. Sadəcə bir neçə nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı bu ölkədə qaldı, onlar hər hansı diplomatik fəaliyyət göstərmirlər. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyində törədilmiş terror aktı zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən yayılmış görüntülərdən məlum oldu ki, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.
Bundan sonra təbii ki, münasibətlər daha da gərginləşdi. İran XİN rəhbəri azərbaycanlı həmkarı ilə bir neçə telefon danışığı zamanı diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması istəyini ifadə edib. Lakin rəsmi Bakı terror hücumunu törədənlərin, sifarişçilərin məsuliyyətə cəlb olunmasını, sərt şəkildə cəzalandırılması tələbində qalıb.
Nəhayət, bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan Azərbaycanda səfərdə oldu. Bu, iki ölkənin münasibətlərindəki gərginlikdən bu yana rəsmi Tehrandan ilk səfər idi. Abdullahian Azərbaycan Prezidenti tərəfindən qəbul edildi. Bu səfər, aparılan müzakirələr Bakı-Tehran münasibətlərinin normallaşmasında hansı rolu oynaya bilər? Qeyd etmək lazımdır ki, münasibətlərin normal istiqamətə dönüşü üçün Tehran Bakının tələblərini yerinə yetirməlidir. Söhbət ilk növbədə İrandakı səfirliyimizdə törədilən terror hücumunun düzgün araşdırılması, qatilin, həmçinin sifarişçilərin layiqli cəza almasından gedir. Azərbaycan Prezidenti İlham Əliyev İranın XİN rəhbərinin diqqətinə bu məqamı bir daha çatdırdı. Dövlət başçısı görüşdə Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi.
Hüseyn Əmir Abdullahiyan isə Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib. O, həmçinin jurnalistlərə açıqlamasında deyib ki, İran tərəfi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan hiddətlənib və təəssüflənib: "Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs məsuliyyətə cəlb olunacaq və ağır şəkildə cəzalanacaq. Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik".
İranın XİN başçısı deyib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansı bir qurumun və ya şəxsin qüsuru varsa və bu, isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar. Abdullahiyan hesab edir ki, anlaşılmazlıqları aradan qaldırıb, İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq.
İkincisi, Zəngəzur dəhlizi məsələsidir ki, İran açıq şəkildə bu layihəyə qarşı çıxır. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir.
Prezidentin İran XİN rəhbəri ilə görüşünə dair yayılmış rəsmi məlumatda vurğulanıb ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təmin edilməsi Ermənistanın öhdəliyi kimi nəzərdə tutulur. Bu, o deməkdir ki, İran, yaxud başqa kiminsə istəyib, istəməməsindən asılı olmayaraq Zəngəur dəhlizi açılacaq. Çünki Zəngəzur dəhlizi təkcə regional deyil, beynəlxalq miqyaslı layihədir və böyük dövlətlər tərəfindən də dəstəklənir. Həmçinin, Ermənistanın nəqliyyat blokadasından çıxmasını təmin edəcək layihədir. İran isə Zəngəzur dəhlizi layihəsini özü üçün böyük təhdid hesab edir ki, bunun da heç bir əsası yoxdur. Rəsmi Bakı dəfələrlə bu barədə öz mövqeyini açıqlayıb. İranı xoflandıran Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri arasındakı əlaqələrin daha da yaxınlaşması, həmçinin, Azərbaycanın Naxçıvanla quru əlaqəsinin qurulmasında İrandan asılılığın aradan qalxmasıdır. Hazırda Azərbaycan İranla birgə Şimal-Cənub nəqliyyat dəhlizi kimi çox əhəmiyyətli iqtisadi, logistika təşəbbüslərini icra edir. Yaxın günlərdə açıqlanan statistika iki ölkənin iqtisadi-ticari əlaqələrdə artan dinamikanı göstərir. Yəni İran Azərbaycanla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlıdır, iki ölkə bir sıra mühüm layihələr həyata keçirir. Belə olan halda, Tehran Azərbaycana yönəlik siyasətində mütləq şəkildə korrektələr etməlidir.
Yeri gəlmişkən, Abdullahiyan Azərbaycan Prezidenti ilə görüşdən tvitterdə etdiyi paylaşımda yazıb: "Bu gün Bakıda Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə konstruktiv, ətraflı və səmərəli görüş keçirdim. Bu səmimi və aydın söhbətin nəticələrinin iki dost, qardaş və qonşu ölkə olan İran və Azərbaycan arasında münasibətlərdə yeni səhifə açacağı, iki ölkənin düşmənlərini və bədxahlarını məyus edəcəyi gözlənilir".
Sözdə hər zaman Azərbaycanı dost, qardaş adlandıran İrandan əməldə başqa davranış görmüşük. Tehranın bundan sonra necə davranacağını, Azərbaycana münasibətdə yol verdiyi səhvlərdən dərs çıxarıb-çıxarmayacağı, Bakının tələblərinə nə dərəcədə əməl edəcəyi qarşıdakı zamanda atacağı addımlardan məlum olacaq.
çap et