525.Az

Dostluq: həm yol, həm də körpü - İmir Məmmədli yazır


 

Dostluq: həm yol, həm də körpü - <b style="color:red"> İmir Məmmədli yazır</b>

Heydər Əliyev və Eduard Şevardnadze iki qardaş respublikanın rəhbərləri kimi başdan elə dostluq münasibətləri qurmuşdular ki, ehtiyac duyduqları zaman ləngimədən bir-birlərinə dəstək olurdular. Həyatın enişli-yoxuşlu yollarına, keşməkeşli anlarına rəğmən, bu cür münasibət sona qədər davam etdi. Heydər Əliyev hakimiyyətə Şevardnadzedən üç il əvvəl gəlib. Kiçik çevrədə bu barədə söz düşəndə, Şevardnadze Əliyevdən çox şey öyrəndiyini və çətin vəziyyətdən çıxış yolu axtararkən azərbaycanlı həmkarından dəfələrlə məsləhət istədiyini deyərdi. O, "Keçmiş və gələcək haqqında düşüncələr" adlı memuarlar kitabında dönə-dönə Heydər Əliyev mövzusuna qayıdır:

"...Heydər Əliyev haqqında aşağıda daha ətraflı danışacağam, amma burada qeyd etmək istəyirəm ki, o, həm sovet reallığında, həm də müstəqil Azərbaycanda böyük dövlət xadimi idi. Faktiki olaraq bu ölkə SSRİ-nin tərkibindən çıxandan sonra müasir Azərbaycan dövlətini o yaratmışdır.

...Heydər Əliyev silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi nümayəndəsi idi. O, dəfələrlə çətin anlarda mənim və Gürcüstanın yanında olub. Gürcüstan üçün həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri probleminin həllinə gəldikdə isə deməliyəm ki, qəti və riskli sözünü bizim xeyrimizə demişdir. Bəli, bu təşəbbüs öz özlüyündə çox riskli idi".

Dünya əhəmiyyətli bu layihə, həqiqətən də, həyati əhəmiyyət kəsb etdiyi qədər də riskli idi. Riskli idi, çünki böyük qüvvələr var idi ki, bu layihənin gerçəkləşməsini, özü də Gürcüstan ərazisindən keçməklə gerçəkləşməsini istəmirdilər, başqa istiqamət planlaşdırdıqları üçün bu fikrə qarşı çıxırdılar. Məhz buna görə də həmin qərarın müəllifi və onun gürcü həmkarı tükürpədici terror hücumlarına məruz qaldı. Lakin uca Allah da dünya şöhrətli siyasətçi Heydər Əliyevin qərarının həyata keçməsini və arzusunun hasil olmasını istədi.

Eduard Şevardnadze öz xatirələrində faktı vurğulayaraq qeyd edir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan liderinin bu tarixi qərarını birmənalı şəkildə dəstəkləyirdi. O, bu mövzuya daha sonra qayıdaraq əlavə edir:

"... Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini imzalayanlardan və təminatçılarından biri məhz Amerikadır ki, həmin layihənin vasitəsilə Gürcüstan nəinki neft və qaz, nəinki tam təminatlı pul gəliri əldə edəcək, o həm də beynəlxalq siyasi və iqtisadi məkanda mühüm funksiyaya və müvafiq müdafiəyə nail olacaq. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin Gürcüstan üçün mənfəətsiz olması ilə bağlı orda-burda səslənən fikirlərlə bağlı demək istəyirəm ki, bu, sadəcə olaraq, məlumatsızlıq və cahillikdir. Əgər Heydər Əliyevlə aramızda xüsusi münasibətlər olmasaydı, Allah bilir, bu iki ən mühüm məsələ necə həll olunacaqdı.

...Terror aktının ikinci günü iclas keçirirdim, köməkçi, birinci mərtəbəyə düşməli olduğumu dedi, bildirdi ki, Yeltsin mənə zəng edir. Düşdüm, onunla danışdım, hal-əhval tutub məni xilasım münasibətilə təbrik etdi, təşəkkürümü bildirdim. Onun bu münasibətlə mənə telefon açmağına heç təəccüblənmədim - insani olaraq bizim müəyyən əlaqəmiz var idi, şəxsiyyət və dövlət xadimi kimi bəzi şeylərə görə mənə borclu idi. Beləcə mehribancasına hal-əhval tutuqdan sonra söhbətimizi yekunlaşmış bilib sağollaşmaq istəyəndə dedi: "Gözlə, tələsmə, mənim səninlə işim var".

Söhbət Xəzər dənizinin enerji daşıyıcılarından getdi. Dedi: "Bilirəm ki, siz Xəzər dənizindən qərbə neft və qaz nəqlində maraqlısınız. Bilin və agah olun ki, bu, Gürcüstandan keçməyəcək".

Səbəbini soruşanda belə cavab verdi: "Çünki enerji daşıyıcılarının xətti Gürcüstandan yox, Rusiya ərazisindən keçəcək".

Artıq iş-işdən keçmişdi, hər şey hazır idi, Bakı-Supsa neft kəməri tezliklə istifadəyə verilməlidir, Bakı-Tbilisi-Ceyhanın tikintisi artıq razılıq mərhələsini keçib, Bakı-Tbilisi-Ərzrum qaz kəməri layihələndirmə mərhələsində idi və tezliklə onun tikintisinə başlanacaqdı. Ona görə də Yeltsinlə mübahisəyə başlamadım. Mən ona yalnız bunu dedim, Gürcüstanın nə nefti var, nə də qazı, kimsə bizim ərazimizə neft və ya qaz kəməri çəksə, ondan imtina edə bilmərik. Ürəyimdə isə fikirləşdim: "Siz nəhəng ölkəsiniz, böyük nəqliyyat potensialına maliksiniz, çoxlu neft və qaz satırsınız, taxıl və elektrik probleminiz yoxdur, bəs bu kiçik Gürcüstandan nə istəyirsiniz, niyə onun yaxasını buraxmırsınız?" - odur ki bu sözləri demədim, qeyd etdiyim kimi  məsələ artıq həll olunmuşdu..."

Söz dosta dayaq olmaqdan və prinsipiallıqdan düşdüyü düşmüşkən, yenə Eduard Şevardnadzenin xatirələrindən sitat gətirmək və onun özünün danışdığı bir əlamətdar epizodu da xatırlamaq istərdim:

"...Heydər Əliyev silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi nümayəndəsi idi. O, dəfələrlə çətin anlarda mənim və Gürcüstanın yanında olub". Bu sözlərdən və əvvəlki abzasda Boris Yeltsinin imperiya iddialarını xatırladıqdan sonra sizə Şevardnadzenin özündən eşitdiyim bir epizodu danışmaq istəyirəm: “Suxuminin süqutundan sonra Qərbi Gürcüstanda vəziyyət son dərəcə gərginləşdi. Eks-prezidenti dəstəkləyən silahlı birləşmələr muzdlu "bolşeviklərlə"la birlikdə Poti şəhərini və Poti limanını işğal etdilər. Beləliklə, ölkəni məhsulla və hər şeydən əvvəl taxılla təmin edən əsas qapını ələ keçirdilər. Həmin vaxt üçün ellevatorlarda iki-üç günlük buğda ehtiyatı qalmışdı. Üsyançılar blokada vasitəsilə oksigenimizi kəsməyə çalışırdılar. Bu səbəbdən də məcbur oldum Moskvaya gedim, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin rəhbərlərinin tədbirlərinə qatılım. Yeltsinin belə bir vərdişi var idi, tədbirdən sonra Cənubi Qafqaz respublikalarının rəhbərlərini əlavə müzakirələr üçün ayrıca saxlayardı. Bu dəfə ümumi yığıncaqdan sonra Heydər Əliyev, Levon Ter Petrosyan, Yeltsin və mən ayrı oturduq.

Fürsətdən istifadə edib Yeltsinə dedim ki, o, bizə nəsə kömək etsin, əslində Gürcüstan blokadadadır. Bizə dəstək verin ki, Poti şəhərini azad edək və dəmir yolunun təhlükəsizliyini birlikdə təmin edək. Müşayiətçilər hərbçilər olmalıdır ki, bizdən başqa heç kim dəmir yolundan istifadə edə bilməsin.

Rusiya Federasiyasının müdafiə naziri Qraçov bir az aralıda oturmuşdu.

- Xəritə gətir, - deyə Rusiya prezidenti Qraçova üz tutdu.

Qraçov itaətkarcasına ayağa qalxıb biz oturduğumuz masaya yaxınlaşdı. O xəritəni açanda, nə görsəm yaxşıdır? Gürcüstan qırmızı xətt ilə ortadan bölünmüşdü, ayırıcı xətt Qərbi və Şərqi Gürcüstanın qovuşduğu yerdən - Tsipa tunelinin yanından keçirdi.

- Başqa çarə yoxdur, Yeltsin dedi, - qoy Zviad Qərbi Gürcüstanda otursun, sən isə paytaxtda.

- Ciddi sözünüzdür? - təəccüb və qəzəblə soruşdum.

- Ciddi sözümdür! Başqa həll yolu görmürəm.

Bu cür absurd məsləhətdən hirslənib otaqdakılara ötəri nəzər saldım. Ermənistan prezidenti Petrosyan müəmmalı şəkildə susur, vəziyyətin necə inkişaf edəcəyini gözləyirdi. Heydər Əliyev isə həmişə olduğu kimi dərhal məni dəstəklədi və Rusiya prezidentinə sərt tərzdə cavab verdi:

- Hansı haqla suveren ölkənin işinə müdaxilə edirsiniz? Müstəqil dövləti iki yerə bölmək haqqını sizə kim verib? Sizə qalsa, Azərbaycanı da ikiyə bölərdiniz! Sonra da bunu dəstək və kömək adlandıracaqsınız!

- Bu kömək deyil! - qəzəbli tonda dedim.

- Yaxşı məsləhət də köməkdir! - Yeltsin soyuq tərzdə dilləndi.

Bax, belə, bu günə qədər qarşılıqlı dəstək və darda bir-birimizə arxa olaraq gəldik.

Bu epizoddan sonra istərdim Şevardnadzenin sözlərini bir daha altını cızaraq təkrarlayım: "...Heydər Əliyev silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi nümayəndəsi idi. O, dəfələrlə çətin anlarda mənim və Gürcüstanın yanında olub".

"Mən öz prezidentliyim dövründə Eduard Şeverdnadze kimi dosta rast gəlməmişəm, nə də bir kəslə bu qədər görüşməmişəm. Biz xalqımızdan - istər gürcülər haqqında, istərsə də azərbaycanlılar barədə danışanda inkişaf perspektivləri ilə bağlı bütün problemləri birgə həll edirdik. Qlobal enerji layihələrinin reallaşması Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının, Mərkəzi Asiyanın, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Avropanın ən böyük dövlətlərinin qarşılıqlı əməkdaşlığının təminatıdır". - Bu, gürcü həmkarı - Eduard Şevardnadze ilə dostluğunu yüksək qiymətləndirən, Azərbaycan-Gürcüstan siyasi və mədəni-iqtisadi əlaqələrini daha da dərinləşdirmək fürsətini heç vaxt qaçırmayan Heydər Əliyevin özünün sözləridir.

Qeyd edək ki, gürcülər də onun xidmətlərini layiqincə qiymətləndirərək köhnə Tbilisidəki Azərbaycan mədəniyyət mərkəzinin yaxınlığında, daha dəqiq desək, Maydanda, yəni qədim Tbilisinin düz mərkəzində büst, Rustavi şəhərində abidə ucaltdılar. Tbilisidə Kür çayının sahili də bu böyük şəxsiyyətin adını daşıyır.

 

 





07.07.2023    çap et  çap et