525.Az

Jurnalistikada keçdiyim yol, yaxud ömür hədər yaşanmayanda...


 

Jurnalistikada keçdiyim yol, yaxud ömür hədər yaşanmayanda...<b style="color:red"></b>

Bu il, lap dəqiq desəm, noyabrın 22-də anadan olmağımın 75, professional jurnalistlik fəaliyyətimin 52 illiyi tamamlanır. Keçdiyim bu yolun xatirəyə dönən məqamları az deyil. Həm yubileyim ərəfəsində, həm də Milli Mətbuat Günümüzə sayılı günlər qaldığı bir vaxtda xatirələrimdən bir qismini "525-ci qəzet"in oxucuları ilə bölüşməyə ehtiyac duydum.

 

Bir jurnalist axtarırdım

 

Dəyişən çox şey var. Hər şey öz axarı ilə gedir. Aradan illər keçsə də, heç nə yaddan çıxmayıb. Yolum tez-tez bu yerlərdən düşür. Hər dəfə buradan keçəndə 1960-cı illəri xatırlayıram. Bura şəhərin mərkəzi hissəsidir. 1931-1983-cü illərdə "Leninçi" (indiki "Lənkəran") qəzeti bu binada yerləşirdi. 1853-1920-ci illərdə isə bura İran dövlətinin konsulluğu olub. Sonralar redaksiyanın yerləşdiyi binanın yerində ilk doqquzmərtəbəli yaşayış binası ucaldıldı.

Doqquzuncu sinifdə oxuduğum vaxtlar idi. Doğulub boya-başa çatdığım Vilvan kəndində orta məktəb olmadığından təhsilimi Lənkəran şəhər 1 saylı tam orta məktəbində davam etdirdim. Sonuncu zəngdən sonra tələsik redaksiyanın qapısında asılmış qəzet lövhəsində öz adımı axtarardım.

Bir dəfə sovxoz təsərrüfatından geniş bir yazı hazırlamışdım. Onu poçtla göndərmədim, qərara aldım ki, məktubu redaksiyaya özüm aparım. Pillələrlə ikinci mərtəbəyə qalxanda duruxub qaldım. İçəri keçməyə cəsarətim çatmadı. Jurnalistləri yenilməz dağa, bütün vəzifələrdən ucada dayanan müqəddəs, bəxtəvər insanlara bənzədirdim. Fikirləşirdim ki, görəsən, onlar da bizim kimi çörək yeyirlər? Bu sualı məndə jurnalistikaya həvəs oyatmış əmim oğlu Vəliağa Əzimova da vermişdim. O, qəribə sualıma qəribə də bir cavab vermişdi: "Yəqin ki, yeyirlər". Bu cavab özü məni çaşdırmışdı. Amma istəyirdim ki, yaxından bir jurnalist görüm və təsəvvürümdə, xəyallarımda canlandırdığım obraza əyani baxmağa çox tələsirdim. Gəlişim istirahət vaxtına düşmüşdü, sakitcə kənarda dayanıb hansısa bir jurnalistin pillələrlə qalxacağını ürək döyüntüsü ilə gözləyirdim. Elə bu vaxt qarabuğdayı, orta yaşlı bir kişi ayağını çəkə-çəkə dəhlizdə göründü, üzünü mənə tutaraq:

- Kimi istəyirsən? - soruşdu. Ciddi görkəmindən, zəhmli baxışlarından azacıq çaşdım, amma tez də özümü toplayıb:

- Mənə bir jurnalist lazımdır, - dedim.

- Jurnalist? - təəccüblə mənə baxdı, ani sükutdan sonra: - Nə işin var jurnalistlə? - sual etdi.

- Ona məktub verəcəyəm.

- Nədən yazmısan?

- Kənddəki təsərrüfatdan.

- Məktubu ver mənə.

- Verə bilmərəm...

- Niyə?

- Məktubu jurnalistə verəcəyəm.

Dodaqaltı nəsə dedi, amma bir şey anlamadım.

- Onda gəl ardımca.

Fikirləşdim ki, yəqin məni bir jurnalistlə görüşdürmək istəyir, ürəyim atlandı. Əgər ürəyimin səsini dinləyən olsaydı, bəlkə də tappıltısını eşidəcəkdi.

Geniş bir otaqdan keçib pəncərəsi küçəyə açılan kiçik bir otağa keçdik. Özü yuxarı başda əyləşdi, mənə də yer göstərdi. Bir anlığa mənə elə gəldi ki, bu kişi ömründə gülməyib. "Bəlkə də anadan belə ciddi doğulub" - fikirləşdim.

- Məktubu ver baxım, - dedi.

- Yox, onu bir jurnalistə...

Sözümün təsirindən tutulan kimi oldu və cümləmi tamamlamağa imkan vermədi, cavabından əsəbiləşdiyini hiss etdim:

- Jurnalistin bəlkə buynuzu var?! - soruşdu.

- Bilmirəm, bir dəfə də jurnalist görməmişəm.

- Deyirəm, axı! - Bu dəfə nədənsə gülümsündü və sadəlövhlüyümə bərkdən şaqqanaq çəkdi. Ürəyimdə fikirləşdim ki, gör işin harasıdır, sən demə, bu kişi gülməyi də bacarırmış. Bir qədər sonra: - Mən jurnalistəm, - dedi. - Məktubu ver, baxım, görüm necə yazmısan.

- Doğrudan jurnalistsiz?

- Necə bəyəm, oxşamıram?

- Nə bilim...

Tərəddüd içində, ürəyimdə götür-qoy edə-edə məktubu ona uzatdım. Dedim ki, jurnalist gələnədək fikrini söyləsin.

Əvvəl imzama baxdı:

- Demək, məktubu yazan sənsən? - sualın cavabını gözləmədən sözünə davam etdi. - Yaxşı deyiblər, qəhrəmanın adını eşit, üzünü görmə. İmzanla tanışam, görək bu məktubu necə qələmə almısan.

Az sonra gözlərini şagird dəftərində yazdığım məqalədən çəkərək dedi:

- Bir məqalədə iki məsələdən söhbət açırsan. Həm partiya təşkilatının işindən, həm də əyani təşviqatdan. Yaxşı olar ki, mövzuların hərəsini ayrı-ayrılıqda qələmə alasan.

Belə də etdim. Məqaləyə düzəliş etdikdən sonra ertəsi günü redaksiyaya gəldim. "Partiya həyatı" şöbəsi yazılmış qapını astaca taqqıldatdım.

- Buyurun, - dedi. Başıaşağı nəsə yazırdı. İşdən ayırdığım üçün mənə acığı tutacağını, hirsini məqalənin üstünə tökəcəyini fikirləşdim. Nəfəsimi içəriyə çəkib dayandım, ürəyim şiddətlə döyünürdü. Çeşməyini çıxardıb bir az əvvəl oxuduğu yazımın üstünə qoydu. Nə deyəcəyimi bilmədiyimdən həyəcan keçirirdim. Otaqda qəribə sükut yaranmışdı. Bu sükutu onunla üzbəüz divara vurulmuş kəfkirli saatın əqrəblərinin səsi, bir də küçədən keçən adamların ayaq tappıltıları, ya da danışıqları pozurdu.

Çeşməyini götürüb taxdı, məni birinci dəfə görürmüş kimi başdan-ayağadək bir də süzdü. Zəhmli baxışları altından özümü itirdim və gəlməyimə peşman oldum.

- Oxuyursan?

- Doqquzda oxuyuram.

- Bəs sonra?

- İstəyirəm universitetin jurnalistika fakültəsinə daxil olum.

Mənə qəribə göründü, qaşqabağı yerlə sürünən bu kişinin birdən-birə dodaqları qaçdı. Qalın, azacıq ağarmış bığlarından onu məşhur "Əsgər atası" filminin qəhrəmanı Maxaraşviliyə oxşatdım. İllər, onillər keçəcək və bir yerdə işləyəcəyimiz dövrdə bəzən zarafatyana onu belə də çağıracaqdım: Maxaraşvili. Sözümdən inciməzdi, hətta xoşu gələrdi. Amma həmin illərə çox qalırdı. Hələlik 1964-cü ilin fevral ayının son günləri idi.

Nəhayət gözlərini məndən çəkmədən:

- Yaxşı arzudur, - dedi. - Jurnalist peşəsi çətin, məsuliyyətli, həm də şərəflidir. - Bir qədər sükutdan sonra üzünü yenidən mənə tutdu: - Gedə bilərsən!

"Gedə bilərsən!" sözü mənə elə də çatmadı. Axı, adını bilmədiyim, özünü jurnalist adlandıran bu adam mənə demədi ki, yazımın aqibəti necə olacaq... Hətta özümü qınadım ki, niyə mən yazımı ona verdim.

Bir neçə gün sonra "Sovxozda əyani təşviqat" sərlövhəli məqaləmi "Leninçi" qəzetinin ikinci səhifəsində görəndə "Maxaraşvili" dediyim o adam haqqında təsəvvürüm tamam dəyişdi. Jurnalist Əyyub Rzayevlə tanışlığım belə alınmışdı...

Tale elə gətirdi ki, Əyyub müəllimlə 1978-cü ildən 1993-cü il dekabrın 15-dək bir yerdə işləməli olduq. Mən redaksiyada məsul katib vəzifəsində işə başlayanda o, kənd təsərrüfatı şöbəsinin müdiri işləyirdi.

 

Bir dərs günü

 

1971-ci il idi. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Bir dəfə dərsə gələndə dedilər ki, dekan Şirməmməd Hüseynov səni axtarır. Bildim ki, dərsdə olmadığıma görə məni danlayacaq.

Qapısı açıq idi, icazə alıb içəri keçdim. Nəsə soruşmaq istəyəndə telefon səsləndi. Dəstəyi qaldıranda arada yaranmış fasilədən istifadə edib dedim ki, Şirməmməd müəllim, daha gecikmərəm, icazə verin, gedim, bir azdan seminar başlanacaq? O isə telefonda kiməsə: "Axırıncı dəfə olsun, bir də belə olmasın" deyib öyüd-nəsihətə keçdi. Mənsə fürsətdən istifadə edib tələsik otaqdan çıxdım.

Növbəti dərsdə Şirməmməd müəllim qapıda görünəndə ürəyim sancdı. Nəzərlərini auditoriyada gəzdirə-gəzdirə üstümdə saxladı və xarakterinə uyuşmayan bir tərzdə dedi:

- "Jurnalistika" məcmuəsində sənin "Molla Nəsrəddin" jurnalı və Lənkəran" adlı elmi məqaləni oxudum, xoşuma gəldi. Yaxşı yazmısan, amma bu əsas vermir ki, dərsdən yayınasan...

Başımı aşağı salıb dinmədim. Şirməmməd müəllim gedəndən sonra müəllimimiz Əliş Nəbili dedi ki, belə olmaz, sən dərsdən yayınırsan, məsul katib işləyəcəyin dövrdə çətinlik çəkəcəyini bilirsənmi? Dedim ki, kimdir mənə məsul katiblik verən, adamım yoxdur ki, qabağa düşsün. Amma tale elə gətirdi ki, universiteti bitirən ili "Leninçi" qəzetinə məsul katib təyin olundum. Bu mənim üçün gözlənilməz idi. Halbuki buna raykomun birinci katibi İsa Məmmədov razılıq verməmişdi. İllər keçəndən sonra İsa Məmmədov haqqında yazdığım "Dəyərli ömrün Lənkəran səhifəsi" kitabını ona təqdim edəndə doluxsundu və gözlərinə aparıb dönə-dönə öpərək dedi:

- Bilmirəm sənə necə minnətdarlıq edim... Bu kitabla mənə mənəvi abidə qoydun.

Sonralar redaktor müavini, daha sonra qəzetin redaktoru oldum. Demək, vaxtilə Əyyub müəllimin daşıdığı həmin vəzifələri indi mən yerinə yetirirdim.

 

Hədələr, maneələr vardı

 

"Lənkəran" qəzetinin redaktoru işlədiyim illər ölkədə ictimai-siyasi hadisələrin gərgin olduğu dövrə təsadüf etmişdi. 90-cı illərin əvvəllərində hadisələrdən baş çıxarmaq o qədər də asan deyildi. Hadisələrin obyektiv işıqlandırılması o vaxt hakimiyyətdə təmsil olunan "cəbhəçilər"in, sonradan isə hümmətovçuların xoşuna gəlmirdi.

"Cəbhəçilər"in hakimiyyəti dövründə tələb etdilər ki, qəzetin hər nömrəsini oxumalıyıq. Halbuki mətbuat haqqında qanunda buna yol verilmirdi. Qəzetin növbəti nömrəsi çapdan çıxandan sonra icra hakimiyyətinin başçısı, müavinləri və şöbə müdirləri qəfildən redaksiyaya gələrək hədə-qorxuya keçdilər. İcra başçısı qəti şəkildə bildirirdi ki, redaktoru tutduğu vəzifədən kənarlaşdırmaq fikrindəyik, çünki o, göstərişimizə məhəl qoymayaraq qəzeti çap etdirib. Onda şöbə müdiri, ağsaqqal jurnalist Əyyub Rzayev səsini qaldırdı və məni müdafiə etdi. Dedi ki, redaktor düz hərəkət edib, mətbuat haqqında qanunda sizin dediklərinizə yol verilmir. Redaksiyanın digər əməkdaşlarının da redaktoru müdafiə etdiklərini görən icra başçısı hədə-qorxuya keçdi və dedi ki, bundan sonra qəzetə abunədə kömək göstərilməyəcək.

Bu və bənzər hadisələr həmin dövrdə az olmamışdı. Hümmətovçuların meydan suladıqları dövrdə qəzetdə şair Allahverdi Zeynalovun "Azərbaycan" şeirini dərc etmişdik. Azərbaycanı parçalamaq istəyən nadürüstlər şeirdə kəskin tənqid olunurdu. Hədə-qorxuya görə ailəliklə başqa yerdə sığınacaq tapdıq. Sonra qonşular dedilər ki, silahlı iki nəfər səni axtarırdı.

1994-cu ildə baş redaktoru olduğum "Lənkəranın səsi" qəzetinin ilk sayını yerli mətbəədə çap etdirə bilmədik. Qəzet Masallıda işıq üzü gördü. "Aşkarlıq" qəzetini çap etdirərkən də bəzi maneələrlə üzləşməli olduq. Bunlara görə heç kəsi qınamıram, heç kəsdən də inciməmişəm. Dövr belə idi, şükür Allaha ki, bu gün ölkədə möhkəm ictimai-siyasi sabitlik, söz və mətbuat azadlığı var.

15 ildən çox məsul katib, redaktor müavini və redaktor olduğum "Lənkəran" qəzetinin 70 illik yubileyinə dəvət almamağım mənə yaman təsir etmişdi. Bunu Mirzə Ələkbər Sabirin, yaxud "Molla Nəsrəddin" jurnalının yubileyinə Cəlil Məmmədquluzadənin dəvət edilməməsinə oxşadıb özümə belə təskinlik verdim ki, Mirzə Cəlil bu gün də mənəvi ömrünü yaşayır, onu dəvət etməyənlərin isə izi-sorağı da qalmayıb.

 

Ömrümün qiymətli bəhrələri

 

50 illik jurnalistlik fəaliyyətim dövründə 60-dək publisistik kitabım çıxıb. Bu kitablarda torpaq, yurd həsrəti, zəhmət nəğməsi, insan və zaman haqqında düşüncələr öz əksini tapıb. Müasir insanın həyatı yaradıcılığımın əsasını təşkil edir. Xəzərin sərvətini üzə çıxaran neftçilərin, balıqçıların, böyük zəhmət bahasına öz məhsullarını uzaq-uzaq şəhərlərə göndərən tərəvəzçilərin, çaybecərənlərin, sitrusçuların, həmçinin, kosmonavtların, görkəmli dövlət və elm xadimlərinin, müxtəlif peşə sahiblərinin həyatından yazdığım portret oçerk, sənədli povest, publisistik düşüncələr çoxlarına tanışdır. Yadımdadır, işsiz qaldığım dövr idi, "Lənkəran şəhidləri" kitabının çapı üçün öz nişan üzüyünü satdım. Azərbaycanın əksər yerlərində oxucularım vardır. Bir dəfə məni Naxçıvanın Nehrəm kəndinə dəvət etmişdilər. 2000-ci ildə dostum Hacı İdrislə orada qaldığımız üç həftə ərzində Naxçıvanın bir çox yerlərində, o cümlədən, Ordubadda Məmməd Səid Ordubadinin, Nehrəmdə Cəlil Məmmədquluzadənin ev muzeylərinə, müqəddəs Əshabi-Kəhf ziyarətgahına baş çəkdik. Tanınmış elm, mədəniyyət xadimləri və dindarlarla görüş "Nehrəm və hacıları" kitabının yaranmasına səbəb oldu.

 

"Aşkarlıq" - 28 yaşlı müstəqil qəzet

 

Xatirələrə dönən illər bir də qayıdan deyil. Ötən illərin isti nəfəsi ömür yoluma az sığal çəkməyib. İllərin arxasınca boylanıb baxanda hiss edirəm ki, ötən günlər hədər getməyib. El-oba, cəmiyyət, doğma yurdumun adamları qarşısında alnım açıq, üzüm ağdır. Hər dəfə qələmi əlimə alanda öz-özümə hesabat verirəm: bir övlad, bir qələm sahibi, bir jurnalist kimi şəxsiyyətimi, müqəddəs jurnalist şərəfimi qoruya bilmişəmmi?! "Lənkəran" qəzetinin məsul katibi, redaktor müavini və redaktoru, bölgədə müasir jurnalistika məktəbinin təməlini qoyanlardan biri, 1992-ci ildə "Lənkəranın səsi", 1995-ci ildə "Aşkarlıq" müstəqil qəzetlərinin təsisçisi və bu qəzetlərin redaktoru kimi fəaliyyət göstərmişəm. Budur, "Aşkarlıq" 28 ildir ki, işıq üzü görür. Çətinliklərə baxmayaraq qəlbimin odunu, gözümün nurunu sərf edərək, jurnalist etikasından kənara çıxmadan, heç kəsdən təmənna güdmədən, heç kəsin cibinə göz dikmədən, abunə çətinliyinə baxmayaraq, "Aşkarlıq"ı yaşadıram. Qəzetin 25 illiyi Lənkəranda geniş qeyd olundu. Tədbirdə qonşu rayonlardan olan oxucularımız da iştirak edirdilər. Qeyd edim ki, anadan olmağımın 60 və 70 illiyi Lənkəran Dövlət Universitetində, doğulub boya-başa çatdığım Vilvan kəndində, Yazıçılar Birliyinin Lənkəran bölməsində qeyd olunub.

Böyük sənətkar C.Məmmədquluzadə yazırdı ki, "Molla Nəsrəddin" təkcə bir nəfərin deyil, qələminə sadiq, əqidəcə saf, dövlətinə, vətəninə sadiqlik göstərən bütün oxucularındır. "Aşkarlıq" qəzeti də bütün oxucuların, onu sevənlərindir.

Nəşri davamlı, yolu işıqlı, sözü kəsərli olsun!..

 

Yol davam edir

 

Qapı astaca açıldı. Məktəbli bir oğlan utana-utana dedi:

- Siz jurnalistsiniz?

- Bəli, necə bəyəm?

- Doğrudan jurnalistsiniz? İlk dəfədir jurnalist görürəm...

Bu sualı vaxtilə mən də vermişdim. Onda Əyyub müəllimin simasında ilk dəfə jurnalist görmüşdüm. İndi isə bu sualı mənə verirdilər.

- Mən də jurnalist olacağam!..

Demək, jurnalistikaya yeni nəfəs gəlir.

Gəlişi uğurlu, sözü kəsərli, qələmi iti olsun!..

 

 

 

 

 





07.07.2023    çap et  çap et