525.Az

Qəhrəmanlıq salnaməmizin Camal İsmayılov səhifəsi...


 

Qəhrəmanlıq salnaməmizin Camal İsmayılov səhifəsi...<b style="color:red"></b>

Hər dəfə haqqında hələ yeni imiş, dünən baş veribmiş kimi danışdığımız Vətən müharibəsi tariximizə həm də qəhrəman iştirakçılarının adı ilə daxil oldu. Artıq "qələbə" sözü zehnimizdə Polad, Nail, Anar, Camal, Nahid, Emin, Nurlan, Cəbrayıl, Kamran, Vüsal kimi igidlərin adlarıyla assosiasiya olunur.

Onlardan biri də müharibə boyunca göstərdiyi şücaətlə hələ sağlığında əfsanəyə çevrilən döyüşçü Camal İsmayılovdur. Bu gün - 7 iyul bu cəsur döyüşçünün, rəşadətli şəhidimizin dünyaya göz açdığı gündür.

Xüsusi təyinatlıların baş giziri, kəşfiyyatçı Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Onun ailədə bir bacısı və bir qardaşı var. 1986-cı ildə - Camalın 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçərək orada yaşamağa başlayıblar.

C.İsmayılov 1990-cı ildə İqarka şəhərində V.P.Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbində təhsilə başlayıb. 1991-ci ildə yenidən Azərbaycana dönüblər və o, təhsilini Neftçalada davam etdirərək orta məktəbi bitirib.

2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal hərbçi olmağa qərar verir. O, Xüsusi Təyinatlı Qüvvələrdə baş gizir kimi xidmət edir. Ömrünün 18 ilini Vətənə şərəfli xidmətə həsr edir. 18 il ərzində cürbəcür kurslarda iştirak etmiş, təhsilini artırmış, istər nəzəri, istər praktik cəhətdən təkmilləşmiş, hərbi hissə komandirləri tərəfindən dəfələrlə medallara və fəxri fərmanlara layiq görülmüşdü. Rus, erməni və ingilis dillərini mükəmməl bilirdi.

Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçiliyinin, paraşütdən tullanmanın sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən - "Turaz Şahini", "Anadolu Qartalı" "Eternity-2019", "Anatolian Sofex-2018" və bir çox təlimlərdə iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb.

C.İsmayılov 2015-ci il mayın 9-da Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyanın Qızıl meydanında baş tutan parad zamanı mayor Mehdi Mahmudovun rəhbərliyi altında 70 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin qrupunun heyətində idi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayıb tarixə Aprel döyüşləri kimi yazılan döyüşlər zamanı Camal cəbhənin Cəbrayıl rayonu istiqamətində savaşıb, göstərdiyi şücaətə görə medalla təltif edilib.

O, 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurub. 2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adında qızları doğulan Camal hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və ona Alparslan adını verəcəyini deyir. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlib və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilib.

Camal İsmayılov 2020-ci il Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə hakim yüksəkliyin alınmasında böyük qəhrəmanlıqlar göstərib. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olub. Hadrut döyüşləri zamanı  xüsusi əməliyyatla Ermənistan Ordusunun rabitə qovşağına qoşulub və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulub.

Camal və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olurlar. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətindəki əlverişli mövqelər uğrunda aparılır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən 150-200 nəfər hərbi qulluqçu vuruşurmuş. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində XTQ Qrupunun şəxsi heyətindən dörd nəfər - baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olurlar. Ümumən C.İsmayılovun mənsub olduğu tabor müharibə zamanı XTQ-nın ən çox şəhid verən taborudur. Camalın şəhidliyi oktyabrın 21-də - anasının doğum günündə təsdiqlənib. Oktyabrın 23-də Neftçala şəhərində dəfn edilib.

Camal İsmayılov xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb.

Şəhadətindən sonra isə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəli, bu, bir qəhrəmanın həyat yolundan əlavə bir xalqın, bir ölkənin şərəf dastanı, fəxarət hekayəsidir. Bu, hekayənin əsas qəhrəmanları isə Camal və onun kimi cəsur şəhidlərimizdir. Heç zaman unudulmayacaq şəhidlərimiz...

 





07.07.2023    çap et  çap et