525.Az

Bu boyda məhlədən, bu boyda evdən


 

Bu boyda məhlədən, bu boyda evdən<b style="color:red"></b>

Valeh QOCA

 

30 ildən sonra evimizdən tapdığımız su bardağı məni çox duyğulandırdı

 

Bu boyda məhlədən, bu boyda evdən,

Bir səni tapmışam ay su bardağı.

İndi ciyərim yox, ürəyim yanır,

Yoxmu sahibinə pay, su bardağı?!

 

Yox idin, ovcumu yerinə qoyub,

Əyilib dağların çayın içmişəm.

Nə xoş halıma ki, ilk dəfə səndən,

Mən də bu yerlərin suyun içmişəm.

 

Bu evin gülləri solubdur, amma

Hələ də üstündə gül yeri qalıb.

Ağzında atamın dodaq izləri,

Qulpunda anamın əl yeri qalıb.

 

Nə yaxşı sakini oldum yolların,

Nə yaxşı çatıbdır qatarım sənə.

O qədər əlindən su vermisən ki,

Gəl indi gözümdən qaytarım sənə.

lll

Xatirənə meh dağılıb,

Toz dəyib şəkillərinə.

Onda yaz idi, bəs niyə

Buz dəyib şəkillərinə?!

 

Qalıb şəkildə yoxluğun,

Bu ağ fəsildə yoxluğun.

Hələ sənin soyuqluğun,

Az dəyib şəkillərinə.

 

Şəkildəki gül əvvəlki,

Göz əvvəlki, əl əvvəlki.

Bu axşam on il əvvəlki,

Qız dəyib şəkillərinə.

 

Sən yoxsan, qəribəm yurda,

Donur xəyallarım qarda.

Orda yaxşısanmı, burda?!

Göz dəyib şəkillərinə.

lll

Sən gözünü yuman kimi dünya yatır,

Tanrının də gözlərini mürgü tutur.

Buz nəfəsin dəyməyəndə təbiətə,

Yerdən göyə bir boşluğu bürkü tutur.

 

Niyə səni küsdürür ki, hər adi söz,

Sənin üçün göy adi söz, yer adi söz.

Necə olur, hamı üçün bir adi söz,

Gəlib sənin dodağında türkü tutur.

 

Sən o qədər yanaqları yaş etmisən,

Neçə dolmuş baxışları boş etmisən.

Sən o qədər arzuları daş etmisən,

Uçuq qəlblər bu daşlardan hörgü tutur.

 

Bilirsənmi, göz nə qədər günah çəkir,

Gecədən də çəkdiyini sabah çəkir.

Bütün gözəl şəkilləri Allah çəkir,

Sonra sənin gözlərində sərgi tutur.

 

Zəlzələ soyuğu

 

Ağac yoxmu yandırmağa, İlahi,

Buza dönmüş otaqların yanında?

Bircə damla göz yaşını tökəydin,

O qurumuş dodaqların yanında.

 

Nə gündüzüm təsəllidir, nə gecəm,

Körpələrə acıyaydın, mən heçəm.

İçim yanır, əlim qalxmır su içəm,

Gözüm qalıb bulaqların yanında.

 

Nə qəzəbdir ilin, günün bu çağı,

Torpağının açılıbdır qucağı.

Necə yanır o zəlzələ ocağı?!

Hamı donur ocaqların yanında.

 

Bu nə zülmət, min gecənin şamı bir,

Ögeyin də, doğmanın da camı bir.

Səndən başqa hamı həmdəm, hamı bir,

Yaxınlar da uzaqların yanında.

 

Su tapılmır, hər yan qandır İlahi.

Bu əvvəldi, yoxsa sondur İlahi.

Məni dondur, məni dondur, İlahi,

Utandırma uşaqların yanında.

 





07.07.2023    çap et  çap et