525.Az

Qızılgöl - Səməd Səfərov yazır


 

Qızılgöl - <b style="color:red"> Səməd Səfərov yazır</b>

Yolboyu ötən günün gurultulu dava-dalaşı ağlımdan çıxmırdı. Anamın qəlbi qırılmışdı. Qardaşım belə üstümə bozarmışdı:

- Nəyimizə lazımdır o yiyəsiz ev? Birdən ikiyə ora gedib-gəlirik?

Sözləri xətrimə dəymişdi:

- "Yiyəsiz" demə! - üstünə çığırmışdım.

- Oğlum, qardaşına toy eləməliyik. - Atam yenə eyni səbəbi dilə gətirdi - Gəl, kənddəki evi sataq, əlimizdə 5-10 min manat əlavə pulumuz olsun. Hazır müştəri də var. Bu dövrdə nə tapsaq, qənimətdir.

Hamının gözünü pul örtüb. Atama daha çox hirsliyəm. Axı ora onun ata yurdudur.

Axırda məni dizə gətirdilər. Aylardır bu söhbət davam edir. Həmişə fərqli bəhanə ilə. Ən son tərəziyə qardaşımın səadət günü qoyulanda isə ürəyimə ağır gəldi:

- Siz deyən olsun... Sabah gedib həll edərəm... - dedim. Beləcə, mübahisə də dərhal bitdi.

lll

Sübh tezdən şəhərlərarası avtobusa mindim. Uşaq vaxtı hər tətildə kəndə getdiyimiz yolla hərəkət etdik. Yolda həmişə hövsələsiz olardım. "Nə qədər qaldı?", "Çatmırıq?" - deyə maşında valideynlərimi bezdirərdim. Bu dəfə də içimdə bənzər həyəcan çulğayırdı. Gözümü saatdan heç cür ayıra bilmirdim.

Bir neçə saat sonra kəndimizin adı yazılan böyük lövhə göründü: "Qızılgöl". Həmişə yorucu yolun sonunda bu lövhəni görüncə ürəyim şadlıqdan atlanırdı.

Əvvəllər elə bilirdim, kəndimizdəki böyük göldə qızıl var. Hətta uşaqkən dostlarla bir neçə dəfə qızıl axtarışına da çıxmışdıq. Amerikan filmlərində çayda qızıl axtaranlar kimi mətbəxdən çırpışdırdığımız ləyənlərlə düşmüşdük gölün canına. Cəhdlərimiz bəhrə verməmişdi. Sonra öyrəndim ki, göldə, onsuz da, qızıl-filan yoxmuş. Sadəcə, yaz-payız aylarında şimaldan cənuba, cənubdan şimala uçan köçəri qızılqazlar gəlib, burada bir neçə gün qonaq olurmuş. Gölün adı da Qızılqaz gölü imiş, sonralar qısalıb Qızılgöl olub. Kəndə də eyni adı veriblər.

Axırıncı dəfə kəndimizə 10 il əvvəl gəlmişdim. Onda babam dünyasını dəyişmişdi. Babamdan bir il öncə isə nənəm. Yalnız o səfərlər zamanı bu lövhəni oxuyarkən ürəyim dərin yara kimi sızlamışdı.

Avtobusdan enincə yayın boğucu bürküsü nəfəsimi ağırlaşdırdı. Elə bil, ciyərlərimə ağır-ağır daşlar dolurdu. Günəş isə qızmar şüalarını iynə tək gözümə sancırdı. Yanımdakı su butulkasının qapağını açıb, üzümə su çilədim. Köynəyimin yaxasını açdım. Özümə gəlməyə çalışırdım ki, anidən Şəmilin səsini eşitdim. O, babamın qardaşı nəvəsi, mənim uşaqlıq dostumdu. Qucaqlaşıb görüşdük. Hal-əhval tutduq. Bakıdakı qohumların, tanışların əhvalını xəbər aldı.

Maşına oturub, kəndə yollandıq. Yaxşı tanıdığım meydanları, küçələri görüncə azca sevincək oldum. Köhnə xatirələr yadıma düşdü. Uşaq vaxtı bu yerlər mənə ensiz-bucaqsız, nəhəng kainat kimi görünürdü. Əslində isə ovuc boyda bir kənd imiş.

Tanış-tunuş görə bilərəm deyə gözlərimlə dörd yanı gəzdim. Amma kənd yaman boş görünürdü. Ətrafda qəribə bir səssizlik, tənhalıq vardı.

Meydandakı məşhur restoranı xatırladım. Yəqin ora izdihamlı olardı. Orada bişirilən balığın dadı hələ də damağımda idi.

- Bəlkə, Cəlalın restoranına gedək? - soruşdum.

- Heç narahat olma, evdə sənə ləzzətli yemək hazırlamışıq. - Şəmil dedi.

- Yox, çox sağ ol. Elə restoran yaxşıdır. Oranın yeməklərindən ötrü darıxmışam.

- Hə, əntiqə yerdi, amma çoxdan bağlanıb. Cəlal Bakıya köçüb, indi deyəsən, orada kafedə işləyir.

- Nə əcəb? Restoranı bərk gedirdi axı.

Şəmil mənə sarı döndü:

- Sənin, deyəsən, aləmdən xəbərin yoxdur. Kənddə adam qalıb ki?.. Hərə bir tərəfə dağılıb. Qalan elə bizik.

Restoranın yanından ötdük. Şüşələri qırılmış, hər yeri toz basmışdı. Xarabalığa oxşayırdı. Halbuki əvvəllər burada canlı musiqi çalınar, qonşu kəndlərdən müştərilər axışardı. Qızılqazları görmək həvəsi ilə kəndə gələn turistlər də burada ayaq saxlayardılar.

Şəmil maşını öz evinə sürdü. Darvazaya yaxınlaşınca başa düşdüm ki, bir azdan özümü lap narahat hiss edəcəyəm. Nahaq gəldim... Gərək deyəydim toxam, elə birbaşa babamgilin evinə gedərdik.

Maşından enib, həyətə girdik.

- Mədinə, gəlmişik. Yeməklər hazırdır? - Şəmil ucadan səsləndi.

Onun adını eşidəndə diksindim. Ayaqlarım ağırlaşıb sürünən kimi oldu. Bərk tərəddüdə qapıldım.

Mədinə tezliklə Şəmilin səsinə eyvana çıxdı. Bir anlıq üzümə baxıb, tez də nəzərlərini yayındırdı. "Xoş gəlmisiniz", - dedi. Səsi qəlbimdəki köhnə telləri titrətdi. Çəkinə-çəkinə salamlaşdım. Şəmillə danışmağa başladılar. Xəlvətcə onu süzdüm. Çox sınıxmışdı. Bənizi solğundu. Xatirələrimdəki gözəl Mədinə deyildi.

Şəmillə həyətdə bir az var-gəl etdikdən sonra evə girib süfrə arxasına keçdik:

- Əhməd nə edir? Haradadır? - uşaqlıq dostumuzu xatırladım.

- Bakıya köçdü o da. Birtəhər dolanır.

- Kənddə onların böyük tarlası yox idi?

- Bir deyil, neçə-neçə tarlaları vardı. Yaman qazanırdılar. Evləri, maşınları... Sonra gördü ki, quraqlıq baş alıb gedir, su-zad yoxdur, kanallar qupquru. 2-3 il dözdü, axırda nəyi var, nəyi yox, hamısını satıb köçdü.

- Daha satmaq niyə?

- Neyləsin ki? - Şəmil gileyli şəkildə əlini hava yellədi - Əvvəllər bizə deyirdilər, inanmırdıq. Elə bilirdik, boş-boş söhbətlərdir, ya da nə bilim, belə şeylər uzaqlarda baş verir. Sonra gördük ki, qardaş, elə deyil. Qışda yağış yox, qar yox. Yayda da istidən bişirik... Bax adam susuz yaşaya bilər? Yox! Torpaq da elədir. Nə qədər əziyyət çəkdik, bar vermədi. Təbiət elə bil küsdü bizdən...

Yeməkdən sonra israr elədim ki, çay içməyək. Onsuz da, hava istidir. Ləngimədən qalxıb gedək. Otaqdan çıxarkən Mədinə ilə qapıda rastlaşdım. Dilucu təşəkkür edib, sağollaşdım.

- Evi kim almaq istəyir? - maşına minəndə günlərdir içimi yeyən sualı verdim.

- Məktəbdə mənimlə işləyən riyaziyyat müəllimi var. Yaxşı adamdır. Uzaq kənddə yaşayır. Hər gün oradan gəlib-gedir. İstəyir, burada evi olsun, yollarda əziyyət çəkməsin.

Babamın evi yerləşən məhəlləyə dönəndə həyəcanlandım. Çınqıl daşla örtülü bu dar küçənin hər qarışında xatirələrim vardı. Bax, bu alçaq barını atlayıb, qonşunun bağından xəlvəti xurma dərib yeyirdik. Bu qəhvəyi qaz borusunda sevdiyimiz futbolçuların adlarını təbaşirlə yazardıq. Bu yaşıl naxışlı darvazanın qabağında mənlə Şəmilin dükanı vardı. Stulun üstünə yaxındakı mağazadan aldığımız şokoladı, peçenyeni, içkiləri qoyub, yoldan keçənlərə baha qiymətə satmağa çalışırdıq. Qonşular xətrimizə dəyməyib, ciblərinə əl atardılar. Ləqəbimizi "tacir" qoymuşdular.

Elə o yaşıl darvazanın qabağında maşından endim. Şəmil bir saat sonra müştəri ilə gələcəyini söyləyib getdi.

Açarı kilidə saldım. Qapı açılar-açılmaz böyük həyətimiz göründü. Bir vaxtlar burada çəpər diblərini qırmızı-sarı güllər, gülxətmilər bəzərdi. Evin divarlarına, həyətin üstünə çəkilmiş məftil tellərə sarmaşmış tənək budaqlarından topa-topa üzüm salxımları sallanardı. Bağdakı meyvə ağaclarına qol-qanad gərmiş, həyətə sərin kölgə salmış nəhəng tut ağacı isə sanki içəri girənləri məğrur-məğrur salamlayardı.

Babamın vəfatından sonra ev boş qalmışdı. Çiçəklər, ağaclar quruyub tələf olmuşdu. O boyda tut ağacının boyu bükülmüş, ilbəil budaq-budaq quruyub tökülmüşdü. Xatirələrimdəki həyətimizdən əsər-əlamət qalmamışdı. Baxdığım hər yerdən alaq otları və qanqal boylanırdı... Bir də qurumuş ağacların məzar daşlarını andıran cansız gövdələri... Bu mənzərəni seyr etdikcə ürəyim qubarlandı.

Evə sarı addımladım. Qapını açıb içəri girən kimi çox tanış və doğma qoxular ciyərlərimə doldu. Nənəm gölün ətrafından yarpız, çobanyastığı və cürbəcür başqa otları toplayıb evə gətirər, güldanlara qoyardı. Bir əsrdən çox keçsə belə, bu otların ətri hələ də evdən çəkilməmiş, sanki divarlarına hopmuşdu.

Kəndə nə vaxtdan gəlmədiyimi xatırlamağa çalışdım. Əslində, bu, babamla nənəmin vəfatından 4-5 il əvvələ gedib çıxırdı. O vaxtlar yay xeyli bürkülü keçməyə başlamışdı. Yaşlı qohumlarım boğanaqdan əziyyət çəkir, rahat nəfəs ala bilmirdilər. Onda atam təklif etmişdi ki, hər yay dağlıq rayonlardakı kəndlərdə ev kirayələsin və babamgil yayı orada keçirsinlər. Əvvəlcə bu təklif etirazla qarşılandı. Babam - "Qətiyyən olmaz!" - deyib, kənddən heç yerə getmək istəmədiklərini bəyan elədi. Amma hər ikisinin halı daha da pisləşincə əlacsızlıqdan təslim oldular.

Bir anlıq fikirləşdim ki, mən də atam kimi yanlış davranıram. Onun qəbahəti o idi ki, ötən illər ərzində mülkü yiyəsiz qoymamalıydı. Əgər buranı tanışlardan ehtiyacı olan birinə müvəqqəti versəydi, həm evə baxardı, həm də ağaclara qulluq edərdi. Bu acınacaqlı mənzərə də əsla yaranmazdı.

Mən də indi evi satmağa razılıq vermişəmsə, məgər, eyni səhvi təkrarlamırammı? Bura babamızın yurdu, doğma, şirin xatirələrin məskən saldığı bir müqəddəs yerdir. 5-10 min manata görə buranı satmaq xəyanət deyilmi?.. Yox, yox, qətiyyən, bunu edə bilmərəm... Başqa yol tapmalıyam... Bankdan borc ala bilərəm... Şəmilə deyərəm ki, atamgilə yalandan söyləsin ki, ev satılıb. Bankdan aldığım pulu atama verərəm. Sonra işləyər, yavaş-yavaş borcu qaytararam. Haqq-hesab bağlanandan sonra isə atamgilə məsələni açıb deyərəm. O da, yəqin, indi məcburiyyətdən evi satmaq istəyir. Əminəm ki, əslində, ürəyində çox peşmandır.

Ağlıma gələn bu fikir məni vəcdə gətirdi. Üzümə təbəssüm qondu. Yumruğumu sıxdım. Otaqdakı xatirələr saçan əşyalara xilaskar kimi göz gəzdirdim. Otların qoxusunu ciyərlərimin dərinliklərinə çəkdim. Ruhum cana gəldi.

Anidən Mədinəni xatırladım. Bir az xəyala daldım. Sonra cəld addımlarla həyətə endim. Darvazadan çıxıb uşaqkən gedib-gəldiyimiz dolanbac yollarla gölə doğru istiqamət aldım. O vaxtlar uşaqlarla bu yolu qaçaraq gedər, gölə çatar-çatmaz paltarımızı soyunub hara gəldi tolazlayar, suya atılar və axşama qədər çimərdik.

Göl kəndimizin döyünən qəlbi idi. Damarlar ürəkdə birləşdiyi kimi, kəndimizin bütün yolları da buraya qovuşurdu. Sahil boyunca meşəliklər və əkin sahələri uzanırdı. Kəndlə gölün yaxınlığında ağaclarla dövrələnmiş, səfalı havası olan geniş çəmənlik vardı. Buradan gölün füsunkar mənzərəsi açılırdı, sanki rəssam fırçasından çıxmışdı. Çəmənlikdə quşların ürək oxşayan nəğməsi, rəngarəng çiçəklərin ətri arasında adam özünü cənnətdəki kimi hiss edirdi.

Yay aylarında kənd camaatı axşamüstü bu çəmənliyə toplaşardı. Samovarlar qalanar, xalçalar döşənər, süfrələr qurulardı. Domino və nərd daşlarının şaqqıltısı, kişilərin bəzən alovlu mübahisəsi, bəzən də xoş zarafatları eşidilərdi. Qadınlarsa köməkləşib yemək tədarükü görər, öz aralarında pıçıltıyla danışıb, xısın-xısın gülüşərdilər. Bəzən onlardan biri uşaqları səsləyər, pendirli dürməyi, kətəni, yaxmacı paylayardı. Biz uşaqlarsa ara vermədən müxtəlif oyunlarda bir-birimizlə yarışar, bəzən də balıqçı Akif əmidən bizi göldə gəzdirməsini xahiş edərdik.

Kəndin şad günləri də bu çəmənlikdə büsatlı qeyd edilərdi: Novruz bayramında tonqal qalanar, toy günlərində çadırlar qurular, çal-çağırlı mərasimlər təşkil olunardı. Elə atam və babam bu gölün sahilində evlənmişdilər.

Mədinə ilə də uşaqkən burada tanış olmuşdum. Eyni dost dəstəsinin üzvləri idik: o, mən, Şəmil və Əhməd. Tətillərdə az qala bütün asudə vaxtımızı birlikdə keçirərdik. Bir-birimizin qayğısını çəkər, çox mehriban dolanardıq.

Kəndə gəldiyim son yaz tətili fərqli keçmişdi. Qəflətən Mədinəyə vurulduğumu hiss etməyə başlamışdım. Bəlkə də, həmişə onu sevirdim, amma ilk dəfə bunun fərqinə varmışdım. Cəsarətimi toparlayıb, gölün sahilində ona ürəyimi açmışdım. Onun da mənə rəğbəti varmış. Həmin qısa müddətdə tez-tez göl sahilində görüşlərimiz olmuşdu. Tətilin sonunda Bakıya qayıtmalı idim və Mədinəyə yay tətilində yenidən gələcəyimə söz vermişdim. Amma onda atam babamgili dağ kəndlərinə aparmağa qərar vermişdi və mən məlum hadisələrə qədər bir daha kəndə ayaq basmamışdım...

Dolanbac yolun sonuna çatdım. Yol da bitdi, evlər də. Qarşıda alçaq təpə dikəlirdi. Onu keçdimmi, gölün sahilinə enəcəkdim. Təpəyə ehtiyatla qalxmağa başladım. Artıq əvvəlki qədər zirək deyildim. Təpənin başına çatar-çatmaz günəş şüaları gözümü qamaşdırdı. Əlimi qaldırıb, üzümdə kölgə yaratdım. Maraqla qarşıya baxdım. Önümdə elə bir parlaqlıq vardı ki, heç nəyi aydın görə bilmir, heç nəyi ayırd edə bilmirdim.

Gözlərimi qapayıb, biləklərimlə sildim. Sonra onları tələsmədən açıb qıydım, diqqətimi cəmləyib baxmağa çalışdım. Lakin nə qədər cəhd etsəm də, qabağımda göl deyil, çöl görürdüm. İntəhasız, sapsarı bir çöl. Səhv gəldiyimi güman elədim. Yan-yörəyə nəzər salıb çəmənliyi axtardım. O da yox idi. Tapa bilmirdim. Onun yerində qanqallar dalğalanan geniş sahə vardı.

Çaşqınlıqla geri boylandım. Məgər, mən səhv gəlmişəm? Axı, yol da həmin yol idi, təpə də həmin təpə... Ancaq göl yoxa çıxmışdı...

Əllərim titrəməyə başladı. Cəld təpədən enib, çölə sarı yeridim. Çat-çat olmuş quru torpaq ayağımın altında əzildikcə sanki inildəyir, xəzan yarpaqları kimi xırçıldayırdı.

Bu necə mümkün ola bilərdi?! Burada nəhəng göl vardı. Bu kəndə o gölün adı verilmişdi. Buraya qızılqazlar gəlirdi. Burada Akif əmi qayığında balıq tuturdu. O balıqları Cəlal öz restoranında bişirirdi. O gölün bərəkətli suyu arxlarla axıb bağlara, tarlalara həyat daşıyırdı. Torpaq bu sudan qüvvət alır, insanlar onun havasında sərinlənir, dincəlirdi. Bu kəndin bütün bolluğu, əmin-amanlığı o gölün qızıl suyunda idi...

Məcnun kimi çölün dərinliklərinə doğru addımlayırdım. Ətrafda adda-budda qanqal və tikanlı otlar gözə dəyir, iri-iri qarışqalar çatlaq torpaqda tələsgənliklə yeriyirdilər.

Kənddən xeyli uzaqlaşmışdım, təpə üfüqdə qalmışdı. Anidən ayağımın yerə yapışmağa başladığını hiss etdim. Aşağı baxdım. Torpaq nəmlənmiş, bəzi yerlərdə palçığa dönmüşdü. Ürəyim sürətlə döyünməyə başladı. Palçılığın izi ilə yüyürdüm. Tezliklə qarşımda dayaz su hövzəsi peyda oldu. Vaxtilə bir sahilindən digər sahili görünməyən, ucsuz-bucaqsız göl quruyub futbol meydançası boyda olmuşdu.

Yerimdəcə donub qaldım. Bürkü vücudumu məngənə kimi sıxır, isti təpəmə vururdu. Nəfəsim çatmırdı. Köynəyim islanmışdı. Başımı qaldırıb səmaya baxdım. Günəş qəzəbli, mərhəmətsiz tanrı kimi görünürdü. Gözlərim yavaş-yavaş qaralmağa başlamışdı. Taqətim kəsilmişdi. Çölün ortasında bayılıb qalacağımı sandım.

Qəfildən telefonumun səsi çaldı. Sanki özümə gəlib ayıldım.

- İşim tez qurtardı. Riyaziyyat müəllimini də götürüb gəlirəm. Evdəsənmi? - Şəmil soruşdu.

Cavab verməyə tələsmədim. Ətrafıma nəzər saldım. Köhnə xatirələri gözümdə bir daha canlandırdım. Başa düşdüm ki, yaddaşımdakı o əziz kənd yoxdur artıq. Daha da acınacaqlısı, bir daha o yerlərə qayıtmaq mümkün olmayacaqdı. O kəndin ecazkarlığı və xatirələri quruyan göllə birlikdə qeybə çəkilmişdi...

Özümü heç bu qədər çarəsiz hiss etməmişdim. Boğazıma qəhər doldu...

- Evdəyəm... Gəl, tezcə həll eləyək. Sonra qayıtmaq istəyirəm... - deyib telefonu qapadım.

Arxaya dönüb təpəyə baxdım. Özümü ələ aldım. Cəhənnəm istisi saçan günəşin zalım baxışları altında ağır-ağır addımlamağa başladım. Az sonra ata-baba yurdunu satıb bu kəndi tərk edəcək və bir daha ora qayıtmayacaqdım...

 

 

 





10.07.2023    çap et  çap et