525.Az

Bir damla qan, min bir əndişə... - Türkan Turan yazır


 

Bir damla qan, min bir əndişə... - <b style="color:red"> Türkan Turan yazır</b>

Şərq insanı olmağın mənfi tərəflərindən biri hədsiz duyğusallıqdır. Hər şeyə gərəyindən artıq məna yükləyirik, gözləntilərimizi yüksək tuturuq, iş yoldaşlarımıza ailə deyirik, iş yerimizi evimiz adlandırırıq, övladımızla dost olmağa çalışırıq, dostumuzla ruh əkizimiz kimi rəftar edirik, məşhur bir adamı rahatlıqla tanrılaşdıra bilirik, bəzi münasibətləri, sevdiyimiz kəsləri və ya nəsnələri sürətli şəkildə "müqəddəsləşdirməyə" meyillənirik. Təbii ki, sonra hamısı əlimizdə partlayır, amma pafos və duyğumuz sonranı hesablamağa imkan vermir. Şişirtməkdən ötrü ölürük. "Ömürboyu xoşbəxtlik" arayışımız da bitmir ki, bitmir! Anlamaq, daha doğrusu, qəbul etmək istəmirik ki, xoşbəxtlik anlardan ibarətdir. Həyatı mənalı qılan isə məntiqdir, fəlsəfədir, narahatlıq və problemlərdir. Zeytun əzilmədən zeytun yağı ola bilməz, toxum qaranlığı yararaq gün işığına çıxır, almaz yonulma, cilalanma ilə almaz olur. İnci, diblərdə, ən dərinlərdə sərt molyusklar içində əmələ gəlir. Problemsiz yaşamaq həyat deyil, çətinlik görməyən insan sadəcə bir ət parçasıdır. Bütün böyük rəssamların, filosofların, sənətçilərin hamısı çaxnaşmalı həyatdan keçərək böyüyüb, ucalıblar. Sədi Şirazinin dediyi kimi, çünki "insan bir damla qan, min bir əndişədir".

 

Məğlub doğulmaq

 

Fransalı böyük sənətçi Edit Piaf da bir bədəndən, min bir əndişədən ibarət olan insan idi. Doğulduğu gündən başlamışdı onun fəlakəti. Kiçik yaşlarda küçələrdə mahnı oxuyaraq pul qazanan anası tərəfindən tərk edilmişdi. Müharibədən qayıdan akrobat atası ona baxmağa çətinlik çəkdiyi üçün uşağı öz anasına məxsus fahişəxanaya vermişdi. Burada ona doğma nənəsi yox, nənənin satdığı qadınlar öz övladları kimi baxırdılar. Bu "qaranlıq yerin" uşağı ləkələməməsi üçün əllərindən gələni edirdilər. Belə bir ortamda nə qədər mümkündürsə, onu o qədər qorumağa çalışırdılar. Yaşadığı sevgi seli Editi xoşbəxt edirdi. Ancaq bu xoşbətlik uzun çəkmir. Bir səhər yuxudan oyanır və hər yerin qaranlıq olduğunu görür. Gözləri kor olmuşdu. Ətrafındakı qadınlar aralarında pul toplayır, onu həkimə aparırlar. Bir neçə həftədən sonra gözləri açılır. Yenidən görmək onu xoşbəxt edir. Lakin bu da uzun çəkmir, atası gəlib qızını fahişəxanadan çıxarır. Bu addımı övladını düşündüyünə görə atmır, özü ilə birlikdə işlədib pul qazanmaq üçün edir. Bu qərara hər nə qədər Piaf və onun "qoruyucuları" qarşı çıxmağa çalışsalar da, mümkün olmur. Qızın xoşbəxt günləri o qaranlıq yerdə qalır, yeni həyatı cəhənnəm kimi başlayır.

 

Qaranlığın içindəki zülmət

 

Atası ilə küçələrdə gəzərək pul qazanmağa başlayır. Məbləğdən narazı qalan ata az yaşlı qızını oynamağa məcbur edir. Piaf isə oynamağı deyil, öz sevdiyini edir və oxumağa başlayır. Əvvəlkindən daha yaxşı qazanırlar. Bir müddət sonra 16 yaşlı Edit ilk sevgilisi Luislə tanış olur. Atasından ayrılır, özündən bir yaş böyük sevgilisi ilə yaşamağa başlayır. Bir il sonra qızı dünyaya gəlir. Yaşadığı səfalətə baxmayaraq, qızının varlığı Editi xoşbəxt edir, lakin bu da yarımçıq qalır. Çünki uşaq iki yaşında meningit xəstəliyindən ölür. Bu hadisə onu darmadağın edir. Körpənin ölümünə alışa bilməyən gənc ana içkiyə qurşanır və tezliklə alkoqolik olur. Artıq Editin həyatı küçələrdə, ucuz barlarda, klublarda keçir. Özünün dediyi kimi, o qədər dibə batır ki, heç ordan yuxarı çıxmaq üçün cəhd də eləmir. On doqquz illik ömründə cəmiyyətin sadəcə alt təbəqəsini və səfalətini görür. Hər cür pisliyə, murdarlığa şahid olur. Piqallidəki barların, əxlaqsız kişi və qadınların içinə düşür. Sevgilisi Albert tərəfindən bədənini satmağa məcbur edilir.

 

Uçurumlarda gəzənin qanadları olmalıdır

 

Albertdən qurtulmağa çalışdığı günlərdən birində Luis Leplee tərəfindən kəşf edilərək səhnəyə çıxarılır və möhtəşəm səsi ilə bir gecənin içində məşhurlaşır. Luis onun səhnə adını Piaf qoyur. Piaf sərçə deməkdir. Çünki Edit sərçə kimi balaca, qolları sərçə qanadları kimi zərif, qıçları sərçə ayaqları kimi çəlimsiz idi. Xoşbətliyi tapmışdı. Artıq qaranlığın geridə qaldığını düşündüyü günlərin birində yenə hər şey məhv olur. Luis saunada müəmmalı şəkildə öldürülür. Edit bu hadisədən sonra şübhəli şəxsə çevrilir, dəfələrlə sorğuya aparılır. Bu ölüm qazandığı sevginin nifrətə çevrilməsinə səbəb olur. İnsanlar onun mahnılarını dinləməkdən imtina edirlər, hətta adını belə eşitmək istəmirlər. Gözdən elə düşür ki, parçası ələ gəlmir.

 

Diblə zirvə arasında...

 

Lakin tezliklə şans ona yenidən göz qırpır və Raymond Asso ilə tanış olur. Bu tanışlıq onun üçün xoşbəxtliyin qapısını yenidən aralayır. Editin həyatında köklü və sağlam dəyişikliklər başlayır. Raymond Editin karyerasına yön verir, nəyi necə etməli olduğunu deyir və bu yola birlikdə çıxırlar. Piaf itirdiyi güvəni və şöhrəti yenidən, özü də artıqlaması ilə qazanır. Emma Qoldmanınn dediyi kimi, "bədəlini ödəməmiş, dibi görməmiş həyatın zirvəsinə çıxa bilməzsən". Piafın həyatı bir növ belə idi. Ya diblərdə olurdu, ya zirvələrdə, ortası yox idi yaşadıqlarının.

 

Tırtılın ölümü, kəpənəyin doğumu

 

Karyerasının ən ışıltılı dönəmində boks üzrə dünya çempionu olan Marsel Serdan ilə tanış olur. Bu tanışlıq nəhəng bir eşqə yol açır. Lakin Marselin evli və üç uşaq atası olması onların üçün böyük maneə olur, buna rəğmən, davam edirlər. Şöhrət, eşq, zənginlik deyərkən Piafa yenidən "dib" görünür. Marsel onunla görüşmək üçün Nyu-Yorka uçarkən təyyarə qəzaya uğrayır və hər kəs ölür. Marseli itirmək qadını canlı ölüyə çevirir. Ağrıkəsici, içki, morfindən asılı hala düşür. Yağmurlu bir gündə yol qəzası keçirir və onurğası zədələnir. Həyatı boyu sağalmır və nisbətən bükülü yerimək, yaşamaq məcburiyyətində qalır. Yenidən səhnəyə qayıdır.

 

Sevgi ən güclü motivasiyadır

 

Bir müddət sonra ilk dəfə ailə həyatı qurur. Beş ildən sonra boşanır. İkinci evliliyi isə boşandıqdan beş il sonra özündən 20 yaş kiçik Teo Sarapo ilə olur. Həyatı qaydasına düşdüyü, "artıq xoşbəxtəm" dediyi anda bilirsiniz nə olur? Qara ciyər xərçəngi diaqnozu qoyulur. Yenə xoşbəxtliyin zirvəsindən ən dibinə çırpılır. Buna baxmayaraq, səhnəyə çıxmağa davam edir. Ömrünün son dəmlərində verdiyi müsahibədə jurnalist gənclərə nə tövsiyə etdiyini soruşur, Piaf "sevgi" deyir, bəs qocalara, deyə soruşur, Piaf, "sevgi" deyir. Bəs uşaqlara deyəndə Piaf yenə eyni sözü deyir, "sevgi" və əlavə edir: "Mən həmişə hər şeyi sevgi ilə yaşamağı seçdim. Ölüm mənim üçün ürküdücü deyil. Mən ancaq mahnı oxumayanda ölürəm". Haqlıdır, əgər onun içində bu qədər həyat, yaşamaq, sənət sevgisi olmasaydı, ilk büdrəmədə buxarlanıb yox olardı. İnsanı həyata yalnız sevgi bağlaya bilər. Sevgi ən güclü motivasiyadır.

Xəstəlik aşkarlandıqdan sonra cəmi bir il yaşayır və 1963-cü il 10 oktyabrda ölür. Katolik kilsəsinin baş keşişi Piafı əxlaqsız həyat tərzi keçirməkdə ittiham edir və ona dəfn mərasimi təşkil etməyi rədd edir. Halbuki həmin vaxt tabutu qəbiristanlığa aparmaq üçün çöldə yüz mindən artıq insan minik sərçəni gözləyir və onların izdihamı ilə dəfnə gedir. Keşişin bu hərəkəti mənə Nazım Hikmətin həbsxanaya gələn müfəttişlə dialoqunu xatırlatdı. Müfəttiş Nazımı otağına çağırdır. Kresloya yayılaraq oturduğu halda şairə "otur" demir və hörmətsiz davranır. Sonra "gedə bilərsən" deyir, Nazım qapıdan çıxarkən ayaq saxlayır və müfəttişə sual verir: "Ömər Xəyyam adını eşitmisiniz?"

Müfəttiş dərhal cavab verir, "Xəyyam adını kim eşitməz?"

Nazım yenə soruşur: "Bəs Xəyyam dönəmində İran şahı kim idi?"

Müfəttiş çaşıb qalır. Nazım davam edir, "Görürsünüz, sənətçini xatırladınız. İllər sonra məni dünya xatırlayacaq, amma dönəmin ədalət nazirini və sizi heç kim anmayacaq". Bu gün Edit Piafı bütün dünya tanıyır, sevir, ancaq onu əxlaqsız adlandırıb, dəfn törənini rədd edən keşişi heç kimi anmır və tanımır. Adı belə keçmir Editlə bağlı olan yazılarda.

Editə gəldikdə isə... 47 illik ömür sürdü. Zirvə ilə dib arasında qaldı. Ancaq məsələ necə yaşadığı deyil, hər şeyə rəğmən, yaşamış olmasıdır, var olmaq eşqini dadmasıdır.

Təbii ki, dünya güllük, gülüstanlıq deyil. Kim "gül bağçası" vədi verdisə, getdik, tikan üstündə yeridik, döndük. Dünya da belədir, mükəmməl deyil, gəldik, gördük, gedəcəyik! Ömür boyu xoşbəxtlik isə sadəcə nağıldır. Xoşbəxtlik, üç-beş qısa andır. Və ya Sədi Şirazinin dediyi kimi, "insan; bir damla qan, min bir əndişədir".

Gerisi təfərrüatdır!

 

 





10.07.2023    çap et  çap et