525.Az

Aşiyandan pərvazlanan ruh - Nəriman Qasımoğlu yazır


 

Aşiyandan pərvazlanan ruh - <b style="color:red"> Nəriman Qasımoğlu yazır</b>

"Aşiyan" farscadan alınmadır. Klassik ədəbiyyatımızda "yuva", "quş yuvası" anlamında çox işlənir. Xeyli arxaikləşmiş, indi istifadədən demək olar çıxmışdır.

Bu alınma sözü Türkiyədə unudulmağa qoymayan bir ərazi var. İstanbulun Avropa hissəsində Beşiktaş rayonuna bağlı, Bosfora baxan ərazidir. Orada məşhur tarixi səxsiyyətlərin dəfn edildiyi məzarlıq da "Aşiyan məzarlığı"dır. Dildə işlənməyən bu sözün bir növ abidələşməsi faktı ilə rastlaşıram və fərqindəyəm, bu, Türkiyənin Osmanlı dövrünün ünlü şairi, maarifçisi Tofiq Fikrətin vaxtilə öz layihəsi ilə tikdirdiyi, cəmi doqquz il yaşadığı evə verdiyi eyni ada bağlıdır.

"Aşiyan"ı yalnızca Tofiq Fikrətə aid ev-muzeyi kimi qəbul etmək doğru deyil. Burada klassik türk ədəbiyyatı, mədəniyyətinə dair qiymətli eksponatların da nümayişi var. Muzey 1945-ci ildə zatən Edebiyat-i Cedide Muzesi ("Edebiyat-i Cedide", indiki dillə, "yeni ədəbiyyat" sultan 2-ci Əbdülhəmid dövründə Servet-i Fünun dərgisi ətrafında toplanan sənət adamlarının Tofiq Fikrət öncüllüyündə Qərb təsiri ilə gəlişdirdikləri bir ədəbiyyat hərəkatıdır - N.Q.) adı ilə açılmışdır.

İstanbulda dəfələrlə olsam da, tale elə gətirdi ki, Aşiyanı ziyarətim məhz bu il Qasım Qasımzadənin 100 yaşının tamam olduğu günə, iyun ayının 23-nə təsadüf etdi.

...Qızım Humayla həmin ərəfədə İstanbuldayıq. Ona deyirəm:

- Babanın 100 illiyində ələ düşən fürsət deyil, gedək Aşiyan ziyarətinə, özüm də orada olmamışam, hərçənd nə görəcəyiksə, indidən təsəvvür edirəm. Baban 1968-ci ildə Aşiyan xatirələrini səyahət qeydlərində ətraflı qələmə alıb, hətta şeirə də çəkib. Ziyarətimizdə ruhu da bizimlə olar.

Humay pianoçudur, bu günlər Amerikadan aldığı bir xəbərin sevincini də yaşayır. Hər il dünya musiqi arenasında fərqlənən əsərlərin, ifaçıların seçimini aparıb onların təbliğatı ilə məşğul olan "İnnova Recordings"dən məktub alıb ki, ABŞ musiqi sənayesinin məşhur markası qismində fəaliyyət göstərən bu qurumun seçiminə onun ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom da layiq görülmüşdür. Sevincinə şərik çıxıram:

- Baban bir şeirinə Məhəmməd Hadinin məşhur "İmzasını qoymuş miləl övraqi-həyatə/ Yox millətimin xətti bu imzalar içində" misralarını epiqraf kimi seçib və indi sənin pianoçu kimi beynəlxalq səviyyədə bu uğuruna görə mən də "Var millətimin xətti bu imzalar içində" deyirəm.

Zarafatyana səsləndirdiyim tərifimə gülümsünür. Əlavə edirəm ki, Abbas Səhhət, Hüseyn Cavid kimi, Məhəmməd Hadinin də şeirlərinə Tofiq Fikrətin təsiri olmuşdur.

Muzeyin telefon nömrəsini internetdən tapıb zəng edirəm. Mənimlə danışan Ata Yersudur, Aşiyanın yönəticisi. Ona kimliyimi bildirir, Qasım Qasımzadə, şairin aşiyan qeydləri haqqında danışır, niyyətimizi çatdırıram. Bizi şövqlə qarşılayacağını dilə gətirir:

- Babanızın izlerile sizi gezdireceyiz...

Və təkid edir ziyarətimizi elə bu gün, cümə günü tamamlayaq, təxirə salmayaq, şənbə-bazar, ardınca Qurban bayramı günlərində muzey qapalı olacaq.

Taksi tuturuq. Sürücüyə elə "aşiyan" sözü bəs edir hara getmək istədiyimizi dərhal tutsun...

Elə buradaca Q.Qasımzadənin Aşiyan qeydlərinə müraciət etməyə bilmirəm. Həm o mənada ki, gördüklərini elə biz də gördük, həm də əlli beş il əvvəlin poetik əhvallı xatirələri burada bir növ təzələnsin:

"...Bosforun sıx və uca ağaclarla örtülü bir yerinə çatdıq. Qarşımızda sola burulan və meşəli, qayalı dağ ətəklərinə doğru dikələn bir yol dururdu, piyada yolu. Çox hündürə qalxmalı olsa belə, qocalı-cavanlı hamı tələsir, Tofiq Fikrətin yaşayıb-yaratdığı Aşiyan deyilən malikanəyə can atırdı. Fikrətin vətəninə hələ ilk dəfə daxil olarkən yaşlı nəslin nümayəndələri - S.Rüstəm, R.Rza, N.Rəfibəyli, H.Şərifov və b. böyük sənətkarın misralarını əzbərdən deyir, onun xatirəsini yad edirdilər.

Bosforun uca və son dərəcə şairanə guşəsini aşiyan edən mütəfəkkir şairin öz zövqü ilə düzəltdiyi həyətə, onun ömür-gün keçirdiyi üçmərtəbəli imarətə gəldik. Şair təbiətli Jalə adlı bir qadın (dediyinə görə əsli Dərbənddəndir) Azərbaycandan gəldiyimizi bildikdə riqqətə gəldi. Bizi Aşiyanla tanış etməyə başladı. Fikrətin sonradan bu həyətə köçürülmüş qəbir daşı üzərindəki misralarını hüznlü bir qiraətlə oxudu:

 

Sükuni-xab əzəli ehtiyaci-faniyyət,

Bu ehtiyaci-fənanın şu daş nişanəsidir.

 

Burada Fikrətin vaxtilə üç gözəl adlandırdığı üç sevimli ağac sanki yaşıl saçlarını məhzun-məhzun bu qəbrin üstünə töküb şairə yas saxlamaqdadır.

Bu həyət qayalı-meşəli bir dağın təbii parçasından ibarətdir. Təbiəti öz bakir gözəlliyində sevən şair burada hər guşəni sünilikdən, "mədəni" müdaxilədən qorumuşdur. Sevdiyi misralarını köklü-köməcli qayalara həkk etdirmiş, yonulmamış çopur, köntöy daşlardan özü stol, stullar və hovuz düzəltmişdir. Daşdan süzülüb çıxan bulaq öz təbii axarı ilə bu hovuzu doldurar, aşıb daşar, ağacların, güllərin arası ilə həzin mahnı  deyə-deyə çıxıb gedərmiş. İndi isə... Fikrətin çıxıb düşdüyü pilləkənlərlə qalxıb onun gün-güzəran keçirdiyi, şah misralarını yaratdığı sultan Əbdülhəmid istibdadına qarşı üsyanla, atəşlə dolu:

 

Zülmün topu var, gülləsi var, qəl'əsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

 

kimi misralarını yazdığı otaqları gəzdik. Binanın bir mərtəbəsində onun əlyazmaları, lövhələri (mən ilk dəfə orada bildim ki, Tofiq Fikrət həm də çox istedadlı rəssam imiş), əşyası qoyulmuş ikinci mərtəbəsindəki otaqlar isə ən yaxın dostu, sənət həmkarı Əbdülhəq Hamidin həyat və fəaliyyətinə həsr olunmuşdur.

Jalə xanım Fikrətin əsərlərinə çəkilən illüstrasiyalarla (xüsusən "Sis" şeiri əsasında çəkilmiş İstanbulun duman içərisindən görünən simvolik mənzərəsi çox məharətlə işlənmişdir) tanış edə-edə bizi şairin yataq otağına gətirdi. Bura yarıqaranlıq idi. Köhnəlmiş pəncərəsi taxta ilə içəridən qapanmışdı. O, "Mən buranı gələn səyyahların hamısına göstərmirəm, - dedi. - Burada canlı bir lövhə var ki, onu əziz qonaqlardan, Fikrətin gözü ilə təbiətə baxmağa qadir olan sənət adamlarından əsirgəsəm, qəbahət iş görərəm. Gəlin, yaxın gəlin, dünyanın ən gözəl pəncərəsinə tamaşa eyləyin. Bunu heç yerdə görməmişsiniz və bir daha görməzsiniz".

Dünyanın ən gözəl pəncərəsi! O, həmin pəncərəni taybatay açdı: Bosfor. Uzaqdan görünən silsilə dağlar, yaşıllığa gömülmüş imarətlər, çəmənlik-çikəklik, qədim qala divarları. Pəncərənin çərçivəsi həcmində Bosforun misilsiz, seçilib bir yerə cəm olmuş mənzərəsi, elə bil ki, gözümüz önündə dayanan canlı təbiətin bir guşəsi deyil, mahir rəssam əli ilə çəkilən əsrarəngiz bir lövhə üfüqdən asılmışdır. Həmin lövhə indi də gözümün önündədir.

Aşağı mərtəbəyə endik. Otaqlardan biri isə vaxtı ilə Tofiq Fikrətin qonşuluğunda yaşayan gözəl qadın, intellektual şəxsiyyət və sənətkar kimi məşhur olan şair Nigarın kitabxanası üçün ayrılmışdır. Türkiyənin tarixinə, mədəniyyət və ədəbiyyatına dair zəngin, həm də nadir kitablar toplanan bu otaq günün müəyyən saatlarında oxuculara xidmət edir. Burada şairənin ağzı bağlı bir sandığı da saxlanır. Vəsiyyətinə görə, gələn il açılmalıdır.

Aşiyana gələn cığırla dönərkən üstünə "Firidun Nigar" yazılmış qapının yanından keçdik. Bu ev şairənin oğluna məxsusdur. Qocalıb kimsəsiz qaldığından, ehtiyac üzündən o, bu gözəl malikanəni bir amerikalıya kirayə vermişdir.

Əziz Nesinin təklifi ilə sahil çayxanasında əyləşdik. Gözümüzün qarşısında Bosfor çağlayır, ləpələri mavi ilan kimi qıvrılıb açılır, dağ çayı kimi axırdı. Belə bir mənzərəli yerdə hər stola bir samovar və armudi stəkanlar sifariş verən Əziz Nesin özünəməxsus təmkinini az qala saxlaya bilmir, necə deyərlər, əldən-ayaqdan gedirdi. Kağız halva, küncütlü çörək və milli çərəzlər alıb gətirir, həssaslıqla hər birimizə tək-tək yanaşıb qonaqpərvərlik göstərirdi..."

...Ata bəy bizi qarşılayır, muzeydə qızımla mənə bələdçiliyi çox böyük həvəslə özü edir. Çalışır hər eksponata dair məlumatı maraqlı ayrıntıları ilə çatdırsın. Qasım müəllimin qeydlərində toxunduğu illüstrasiyaya yaxınlaşanda məndən soruşur:

- Bu resimde ne görüyorsunuz?

- Duman, sis, - deyirəm və lap yaxından gördüyümün elə bundan ibarət olduğuna sadəlövhcəsinə əminəm, divarın böyük bir hissəsini tutan bu əzəmətli tablo-illüstrasiyanın həsr edildiyi şeir də "Sis" adlanır.

- Şimdi bir kenardan bakın...

Humay məni qabaqlayır:

- İstanbul. Evlər, camilər... Hər şey dumana bürünüb.

- Evet, İstanbul sis-duman içinde. Bu, Fikretin sultan Abdülhamit döneminde bir bakış acısını yansıtan şiire hitap eder.

Tablonu diqqətlə gözdən keçiririk. Bu zaman Ata bəy mobil telefonuna yüklədiyi bir proqramdan Fikrətin Sis şeirini bir qiraətçinin əruz vəzninə biçili ifasında səsləndirir. Düşünürəm, əlli beş il əvvəl muzeyin bələdçisi Jalə xanımın əlində belə bir texniki imkan olmamış ki, ziyarətçilərə bu ilhamlı təəssüratı da yaşatsın.

Otaqları birər-birər gəzəndən, Ata bəyin izahlarını dinləyəndən sonra Qasım müəllimin yazdıqlarına istinadən Aşiyanın həyətində üç sərv ağacının, qayalıqdan yonulu bir masanın, hovuzun, eləcə də Tofiq Fikrətin şeirlərindən bəzi misraların həkk edildiyi qayanın olduğunu ona xatırladıram. Gülümsünür, ardınca gəlməyimizi deyir. Bizimlə həyətə enir.

Qaya üzərində ərəb əlifbası ilə yazılı şeiri ziyarətçilərin oxuya bilməsi üçün onun böyründəcə yerləşdirilən bir lövhədə misralar latın qrafikası ilə yazılmışdır. Sərvlər də eləcə məhzun-məhzun durur.

Həyətdəki masa-qayanı isə çoxdan görmüş kimiyəm. İsmayıl Şıxlı, Mirmehdi Seyidzadə, Süleyman Rüstəm, Qasım Qasımzadə bir fotoda həmin masa ətrafında əyləşmişlər. Mən də yaxınlaşıb əyləşirəm. Humay şəklimi telefonuna alır, yadigar qalsın. Ata bəy mənə Aşiyan muzesi kitabçasını və Tofiq Fikrətin ölümünün 100 illiyində keçirilmiş simpoziumda səslənən məruzələrin dərc edildiyi nəfis bir kitab bağışlayır.

Ata bəylə muzeyə qayıdırıq. Əməkdaşlardan biri Fikrətin kresloda manikeni fonunda foto-şəklimizi çəkir.

 Ata bəyin kabinetinə qalxırıq. Feysbuk şəbəkəsi vasitəsilə qiyabən dostlaşdığım Kaplan Məsut-dan, onun Ünü sınırları aşan bir şair. Azerbaycanda Tevfik Fikret kitabından söz salıram. Yeri gəlmişkən, bir narazılığımı ifadə edim ki, bu sanballı monoqrafiya filoloqlarımızın diqqətindən hələ də kənardadır. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə bu dəyərli töhfə haqqında yazılsa, müəllifi ilə əlaqə qurulsa, müsahibələr dərc edilsə, gözəl olardı. Kaplan Məsutun bir neçə il öncə Türkiyədə çıxan İhlamur dərgisində Qasım Qasımzadənin Aşiyan qeydlərini dərc etdirdiyini Ata bəyə xatırladıram. Kaplan bəy onun də dostu imiş. Ata bəy muzeyə gəlişimizi bildirmək üçün ona zəng edir, telefonu qapalı olduğundan bizimlə canlı bağlantı alınmır.

Ata bəyə ziyarətimizin sonunda deyirəm məni dinləsin, ona şeir oxuyacağam. Kompüterimi açıram, Qasım Qasımzadənin Tofiq Fikrət Aşiyanına həsr etdiyi aşağıdakı şeiri ilhamla səsləndirirəm:

 

KİÇİK ASİYADA BÖYÜK İNSAN

Tofiq Fikrətə

 

1. GÜLƏ BİLMƏDİM...

 

Bosfor sahilinə düşdü güzarım,

Nağılmı, rö'yamı bilə bilmədim.

Çoxaldı sevincim, artdı məlamım,

Ağlaya bilmədim, gülə bilmədim.

 

2. ƏN GÖZƏL PƏNCƏRƏ

 

Bosfora açılan bir pəncərə var,

Adidən adidir çöldən baxana.

İşdir, o yerlərə eyləsən güzar

Otağın içindən gedib bax ona.

 

Yox, hələ qapıda bir az nəfəs dər,

Axı dik yoxuşdur sahildən bura,

Qəlbini, beynini hey yora-yora

Suala tutmuşdur səni sərvlər.

Nəhayət, mənzilə gəlib çatmısan,

Budur o mə'bədgah, budur Aşiyan.

 

Yox, hələ həyətdə dolanaq, gəzək,

Bura bağçamıdır, ya adi meşə,

Bürüyüb ətrafı yabanı çiçək,

Qayamı, timsahmı sərilib döşə?

 

Şairin dilindən qopan mahnılar

Uçaraq qonubdur o boz qayada.

Yuxulu qumrutək dayanıb onlar,

Sehrli səs gərək bir-bir oyada.

 

Masa da qayadır, kürsü də qaya,

Birinə bir çəkic, düsər dəyməyib.

Üç sərv - üç sənəmdir, boya bax, boya,

Məğrur qədlərini ruzgar əyməyib.

 

Bir vaxt nəğməliymiş bu ev, bu həyət,

"Süküni xabdadır" indi sahibi.

Alıb qucağına onu "faniyyət"

Dildə dalğa-dalğa qalsa da təbi.

 

Sənət aşiyanı - bu dilbər guşə

Ayrı yaşamamış yaradanından.

Şair türbəsində bitib bənövşə,

Palıd çələng vermiş öz fidanından.

 

Sahibi sızlayar, yəqin ki, əysən

Məhzun budağını burda bir kolun.

Könül, bu türbəyə bir də baş əy sən,

Düşmür ki, buraya həmişə yolun.

 

Kövrək bir xanım var, şeir vurğunu

Gözləri şehlidir, adı da Jalə.

Qonduğu yarpaqdan üfürüb onu

Bizim eldən bura uçurmuş tale.

Dili üsyanlıdır, səsi mükəddər,

Fikrətin şe'rində tapıb aşiyan.

Hekayət danışır ona sərvlər,

Bura ona munis, o, bura həyan.

 

Şairin hər sözü, addımı, izi,

Arzusu, əməli ona tanışdır.

Ev yiyəsi təki gəzdirdi bizi,

Otaqdan-otağa keçib danışdı.

 

Sonra da apardı qəmli hücrəyə.

Bağlı pəncərəni o, nişan verib

Dedi: "Məftun imiş bu mənzərəyə,

Ona baxa-baxa şair can verib.

 

Nigaran-nigaran baxmış son kərə,

Seyr etmiş yurdunun ənginlərini.

Sizə də qismətmiş həmin mənzərə,

Süzün təbiətin şah əsərini..."

 

Əlini riqqətlə atdı taxtaya,

İşıqlandı otaq, dəyişdi aləm,

Boyadı üfüqü min dürlü ziya -

Belə çəkdi bunu əlimdə qələm:

 

Göy tülə bürünüb sahil şamları,

Orman tala-tala, bağ tala-tala.

Qədim fatehlərin bürcü-hasarı

Gömmüş yaşıllığa, getmiş xəyala.

 

Qəsrlər fikirli, çəmənlər şaqraq,

Təpələr sükutda,

Bosfor çağlayır.

Lövhəmi açılan bu varaq-varaq,

Yurdun taleyimi gülüb ağlayır?

 

Baxıb gözəlliyə, baxıb bu sehrə

Doymadı şair.

Durdu keşiyində - qələmi yerə

Qoymadı şair.

O, bu pəncərədən atəşlər açdı

Yamana, pisə;

O, bu pəncərədən şəfəqlər saçdı

Dumana, sisə.

 

Sisli səltənətdə hey yaza-yaza

Sualtı axıntək kükrər, daşardı:

"Zülmün topu var, gülləsi var, qəl'əsi varsa,

Həqqin də bükülməz qolu,

dönməz üzü vardır!.."

 

Bu sözü söyləyən şair idimi,

Müğənni idimi, yoxsa qəhrəman.

Yaşadı bir şimşək büsatı kimi

Kiçik Asiyada o böyük insan!

 

Mən şeiri oxuduqca Humay yenə foto-şəklimizi çəkir, bitirincə də Ata bəy alqışlayır. Belə razılaşırıq ki, yaxın zamanda bu şeir Aşiyanın eksponatlarından birinə çevriləcək.

Ata bəyin kabinetindən çıxırıq. Bizi gətirir "ən gözəl pəncərə" olan otağa. Gözlərimizə açılan mənzərə füsunkardır. Qasım Qasımzadə bu gözəlliyin təsvirini şeirində necə də dəqiq veribmiş...

Aşiyandan Qasımzadə ruhunun pərvazlandığını öz gözlərimlə görürəm!

 

 





10.07.2023    çap et  çap et