525.Az

Ədəbi ovqatımızda Qarabağ zəfəri - Şəfəq Nasir yazır


 

ŞAHNAZ ŞAHİNİN POEZİYASINDAN QAYNAQLANAN DÜŞÜNCƏLƏR

Ədəbi ovqatımızda Qarabağ zəfəri - <b style="color:red"> Şəfəq Nasir yazır</b>

Son illər ədəbiyyatımızda, nəsrdə və poeziyada, publisistikada aparıcı mövzulardan olan müharibə, onun xalqımıza yaşatdığı ağrılar, igid oğullarımızın, şəhidlərimizin dastanlara sığmayan qəhrəmanlığı, qələbə sevincini, zəfərimizi əks etdirən əsərlər cəmiyyətdə maraqla qarşılanır. Bu mənada Vətən mövzusunda yazan müəlliflərin yaradıcılığı, sözün həqiqi mənasında rezonans doğurur. Belə müəlliflərdən biri, şair, esseist Şahnaz Şahin az bir vaxtda II Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canlarından keçərək şəhidlik mərtəbəsində qərar tutmuş igid oğullarımızın həyat yolundan bəhs edən çoxlu sayda poetik əsərlərini, "Sabirabad şəhidləri" (2020), "Zəfər nəğmələri" (2021) kitablarını ərsəyə gətirdi. Şair cəsur oğullarımızın 44 günlük müharibədəki igidliklərini, qələbə sevincimizi ilhamla tərənnüm edib.

"Şəhid əsgər" şeiri ilə açılan əsərində müharibədə aslan kimi döyüşərək şəhid olmuş igid(lərimiz)in obrazı yaradılıb. Şeirdə bədii təsvir həzin bir duyğunun düşüncədə oyatdığı qürur timsalındadır: "...bir əsgər uzanıb yerdə... sevdiyi torpağın üstə, yatır körpə kimi məsud.., Torpağı çəkib üstünə yatır rahat, məsud və günahsız bir körpə misallı..." Poetik bənzətmənin rəngləri sözün məna çalarında əks olunur: Buludların ümid, günəşin sevgi göndərdiyi şəhid əsgərin hüzurunda, "dağlar, yollar, çiçəklər" təzim edir...

Onun müharibə mövzusunda yazdığı başqa bir şeirində isə tüstü, barıt qoxusu ürəkləri "lərzəyə"gətirir. "Müharibəyə şeir yazmayın", deyən şair, müharibənin dünyanın ürəyində açdığı yaralardan yazıb. Burada insanın, təbiətin obrazı fərqlidir, yenidir. İdeyanı aydınladan əsas obraz isə şairin canlı varlıq kimi təqdim etdiyi Dünyadır...

Dünya müharibəyə getdi,

İndi damı uçur başına,

evi yıxılır dünyanın...

Deyir, "Dünyanın arzuları bombalanır, yanıb kül olur, yıxılmış yuvalardan ah qalxır göylərə". Nə qədər obrazlı deyilsə də, indi dünya gerçəkdən bu durumdadır. Müharibə bəşəri silkələyir, gör dünyanın nizamı necə pozulub ki, atlar, itlər, qurdlar, yuvalarına yem daşıyan qarışqalar belə, qorxu, səksəkə içindədir. Cahanı məhvə sürükləyən müharibələrin yaratdığı faciələr, ölüm-itimlər, dağıntılardan dəhşətə gələn insanların harayı SOS qaldırır, dünyanın dağılmaq qorxusu təbiətin varlığını sarır:

Atları

üzünü Allaha tutub kişnəyir,

otları ağlayır,

itləri zingildəyir,

qurdları ulaşır...

...Gözlərini, əllərini,

ayaqlarını itirir,

əlil olur dünya...

Müharibənin gətirdiyi ağrıları gerçəkdə yaşamaq, onun fəlakət rəngini andıran, vahiməsini əks etdirən tablonu görmək dəhşətdir! Şair bu şeirilə dağıtmaqdan, yandırmaqdan, öldürməkdən, özgə torpaqlarını zəbt etməkdən həzz alan qəsbkarlara "Dur!" deyir.

Dünyanın qan yaddaşında yaşayan müharibələrin ürəklərdə açdığı yaralar illərlə, qərinələrlə sağalmır, sızım-sızım sızladır insanı. Gözü yaşlı bəşərin fəci kürreyi-ərzi dağılmaq təhlükəsilə üz-üzə qoyur, viran olur dünya! Bəs bu müharibələrin qarşısını necə almaq olar? Bu yerdə şairin təxəyyülü bədii axtarışlardan usanmır, lirik "mən" Allaha dualar etməyi, yalvarmağı tövsiyə edir. Şair deyir: Günəşə, Aya elçi düşürəm, Havaya, suya, torpağa səslənirəm, Küləyə, yağışa yalvarıram, Tanrıya çatdırsınlar səsimi...

lll

Bədii sözün ehtiva etdiyi mətləblər, təbii ki, xarakterik anlamdadır. Ondan həssaslıqla, tutiya timsalında istifadə etmək bədii sözün yaşam haqqıdır, dəyərinin təcəssümüdür. Burda şairin obraza təbii, xarakterik detallar gətirməsi, əsərə özgür yanaşmaları, poetik rəngləri, təsvirləri yerli-yerində, məharətlə, cazibədarlıqla işlədə bilməsi başlıca şərtdir.

Bu fikirləri Şahnaz Şahinin "Şuşa haqqı" lirik poemasını oxuyarkən, hər sözün çəkisini, dəyərini yerli-yerində görüb-duyarkən düşüncəmdən keçirdim. Poemanın təkcə adı şairin ciddi bir mövzuda yazdığı əsərə həyat verdiyini oxucuya diktə edir. İllərdi Vətən oğulları erməni tapdağı altında inləyən torpaqlarımızı azad etmək arzusu ilə çırpınırdı. Nəhayət, Şanlı Ordumuzun, şir biləkli cəngavər oğulları işğalda olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında düşmənlərdən təmizlədilər. Aristokratlar şəhəri Şuşanın dağları, daşları, ağacları, sısqa otu belə, rahat nəfəs aldı. Qarabağın tacı, ecazkar yurdu Şuşa azad olmaq haqqını qazandı... Əsəri oxuduqca ürəyimə rahatlıq gəlir, oxuculara da bu mənəvi rahatlığı yaşatmaqdan ötrü poemadan bir-iki bəndi nümunə gətirmək istəyirəm, amma seçim qarşısındayam. Bəlkə, şairin Şuşanın şəninə yurdun öz çiçəklərindən hördüyü çələngi gözə alım? Axı, iki bahardı Şuşanın dağlarında, yal-yamacında azadlıq eşqilə süslü əsrarlı çiçəklər açır. Şair bu tabloda Şuşaya məhəbbətini gül-çiçək ovqatı, vətəndaş mövqeyilə ifadə edib:

Yollara çıxıram güllü-çiçəkli,

Baxıb hər tərəfi Şuşa görürəm...

Şair çiçəklərin, quşların, otların, bir sözlə, yerin, göyün haqq etdiyi nələr varsa, hamısına könlünün pəncərəsindən sevdalı aşiqtək əl eyləyir. Ardınca da yuxusunun əsir düşdüyü gecədən, qələbədən, Pənahəli xandan, xarıbülbüldən, bozatlı oğlandan məftunluqla danışır, nə deyirsə, hey Şuşadan deyir.

Şahnaz Şahinin bütün şeirlərində olduğu kimi, "Şuşa haqqı" poemasında da təbiətlə insan vəhdətdə təsvir olunur. Müqayisə, qarşılaşma, ülfət, ünsiyyət təbii, lirik ovqatla açılır. Bu birgəliyin anası ulularımızın əmanəti olan Ana Torpaqdı. "Yurd haqqı, yurddaş haqqı" da bu birgəlikdən doğulub. Var yaşamaq haqqı, bəs dağılmaq haqqını necə anlayaq... Sən demə, Şuşanın azad olmaq haqqını, zülmün dağılmaq haqqı özü doğurdu. Budur şair fəlsəfəsi! Şahnaz xanım hər iki haqqın qazanılmasına fərqli bir aspektdən aydınlıq gətirməyə çalışıb. Yazır ki: Zülmün dağılmaq haqqı var, Yolların sevinmək haqqı. Arzuların, ümidlərin Bir də doğulmaq haqqı var!..

Nədən, Vətənin hər qarışı yurd yerimiz olduğu halda, Şuşa bizə bu qədər əziz, sevimlidir? Şuşa nazlı bir mələk, elə bir hüsnü-Leyladır ki, dünya özü ona aşiqdir. Şuşanın əzəmətli, vüqarlı dağları çiyin-çiyinə verib, xəfif bir intizarla, həsrətlə doğmalarının yolunu gözlədi, bir gün ərənlərin bu dağara azadlıq havası gətirəcəyi ümidilə dimdik dayandı... 44 günlük müharibədə cəmi Qarabağa, illah da Şuşaya məhəbbətimiz günü-gündən vüsətləndi.

Bu saat Dünyanın düz mərkəzində, bir Şuşa doğulur... Bu lakonik fikrin mahiyyətində gözəllik simvolu olan Şuşaya heyranlıq duyulur. Şuşa başdan-başa bir nağıldı, şair bu nağılı "Şuşa haqqı"nda baş verən hadisələrin poetik işığında təqdim edir. Şuşanın dağıdılmış yerlərinin bərpası, yenidən qurulub tikilməsi arzularımızın gerçəyə çevrilməsidir. Poemada bu gerçəklik, Şuşa tablosu zərif, xəfif bədii ştrixlərlə tamamlanıb:

Bir yuva tikirəm.., yuva eyy, yuva...

Yaşasın, şad olsun, xoş etsin nəva.

Könlümə məlhəmdi, ruhuma dəva,

Mən hələ bu quşa yuva tikirəm...

Şahnaz Şahinin bütün əsərləri, kiçik şeirindən başlamış poemaları da daxil olmaqla, ayrıca bir tablodur. Bu poetik nümunələrlə tanış olan andan söz, bədii detallar, rəngli təsvir və ştrixlər yaddaşa görüntülərlə həkk olunur, təsəvvür aydınlanır. Bu xüsusiyyətlər şairin "Zəfər nəğmələri" poemasında da çeşidli obrazlar, məkanlar, müdrikanə düşüncələrin ifadəsilə göz önündə sərgilənir. Əsərdə təsvir olunan hadisələr - işğal altında olan torpaqlarımıza aparan yollar, izlər, cığırlar, səngərlər, eləcə də şəhər və kəndlərimizdə erməni vandallarının törətdiyi dağıntılar, rəşadətli ordumuzun əsgərlərinin əsirlikdə olan yurd yerlərimizi azad etməsi bədii təsvir vasitələrinin ecazı ilə vəsf edilib. Müəllif həmin şəhərləri əzəməti, vüqarı, şöhrətli tarixi, görkəmli şəxsiyyətlərilə öyür. Zəfər nəğmələrinin hər biri ayrılıqda bir obanın, bir kəndin, şəhərin əsirlikdə yaşadığı acılar, igid oğullarımızın can bahasına qazandıqları qələbə, zəfərimiz haqqında möhtəşəm nəğmədir.

Mən şairi bu müharibədə döyüşçülərin arasında, yaralıların başı üstündə, şəhidlərimizə ağılar dediyi məqamlarda "gördüm". Deyir, "Yağış yağır, islanır, Məzarın yaşdı, şəhid, Burda necə yatmısan, Yastığın daşdı, şəhid..." Sözün qönçətək açılan məqamında şair əsirlikdən azad olunmuş yurd yerlərimizə, Kəlbəcərə, Laçına gözaydınlığı verir. Bu, vətəndaş şairin qəlbində çağlayan yurd, torpaq sevgisinin təcəssümüdür. Elə olmasaydı belə, canlı, ağrılı, sevincli, qürurlu təsvirlər yaranmazdı ki! Biz qalibiyyətə doğru yürüdükcə, kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdikcə məkrli düşmən ifşa olunur, sursatını, hərbi texnikasını atıb qaçır. Qəsbkarın yurdumuzda törətdiyi xəyanətkar əməlləri lənətlənir. Elə ki şair azadlıqda nəfəs alan yurdlarımızı bəxtiyar görür, o zaman qələbə sədası, zəfər sevinci dilində çiçəkləyir. Belə rəşadətli döyüş, əsgərlərimizin igidliyi şairin ecazkar təsvir-kəlamlarında sanki dağlarda, oylaqlarda əks-səda verir. "Zəfər nəğmələri" Azadlıq meydanında zəfər gününün təntənəsilə bitir...

Kitabda maraqlı bir poema da var: "Mübariz". Adından da bəlli olduğu kimi, poema Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yoluna həsr olunub. Mübarizin doğulduğu yurdu, evi, uşaqkən hal-xasiyyəti, böyüdükcə formalaşan xarakteri, ürəyində tumurcuqlayan arzuları, coşan vətən eşqi, amalı, qəhrəmanlığı şairin şəhdi-şəkər dili, sözü ilə ilmə-ilmə toxunub. Mübarizi böyüdüb boya-başa çatdıran ata-ananın xatırlaması, nər oğulu xalqına tanıtması qəhrəmanın obrazına yeni rənglər, çalarlar gətirir. İgidin belə gözəl, nümunəvi xüsusiyyətlərə malikliyi, onun Vətən üçün doğulduğunu, ona arxa-dayaq olduğunu bəyan edir. Burda atanın, oğul balasının dünyaya gəlişini xəbər verən çapara cavabı möhtəşəmdir: Çapar, sən Vətənə gözün aydın de, Sənə muştuluğu Vətən verəcək!..

Burda müəllifin uğurlu bədii keçidləri əsərə zənginlik, dolğunluq gətirir: Qəhrəmanlar ölüm ilə ölməzlər, Alın yazın mübarəkdir, Mübariz!

lll

Müharibə insanların, torpaqların taleyində zülmət və işıq timsalındadır. Sülhü, əmin-amanlığı qorumaq da Yaradanın ağıl, zəka verdiyi Ali varlığın ümdə vəzifəsidir. Belə bir yəqinliyim də var ki, Şahnaz Şahin müharibənin dəhşətlərini, qələbəni, zəfəri bədii, poetik bir məharətlə təcəssüm etdirdiyindən onun əsərləri gələcək tədqiqatlarda ədəbi müstəviyə gətiriləcək...

 

 





11.07.2023    çap et  çap et