525.Az

Hərb tariximizdə parlaq sima: vitse-admiral Həmid Qasımbəyov


 

Hərb tariximizdə parlaq sima: vitse-admiral Həmid Qasımbəyov<b style="color:red"></b>

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

[email protected]

 

Azərbaycanın hərb tarixində ata və oğul - Həbib bəy və Həmid bəy Qasımbəyovların xüsusi yeri və böyük xidmətləri var. Qasımbəyovlar qədim İrəvanın köklü-köməcli ziyalı, hərbçi, vətənpərvər və cəsur nəsillərindən biridir. Firudin bəy Qərbi Azərbaycanın əzəmətli paytaxtı İrəvanın çox hörmətli ziyalılarından biri idi. Onun üç oğlu vardı: İbrahim, Xəlil və Həbib.

Firudin bəy öz oğullarını qorxmaz və cəsur böyütmüşdü. Süvari boy-qamətləri vardı. İbrahim və Həbib dövrünün məşhur süvariləri kimi nəinki İrəvanda, bütün Qafqazda şöhrət tapmışdılar.

İbrahim bəy həm də səxavətli və öz dinini sevən bir hərbçi idi. İrəvana pənah gətirən ermənilərə də sığınacaq vermişdi. Amma onların xəyanətlərini gördükcə, anlayırdı ki, bunlar gələcəkdə İrəvana və irəvanlılara böyük ziyan verəcəklər. Ona görə də yaxınlarına məsləhət görürdü ki, onları nəzarətsiz qoymasınlar. Hadisələr elə gətirdi ki, ermənilər İbrahim bəyi arxadan güllə ilə vurub öldürdülər. Firudin bəyin ikinci oğlu Xəlil bəy də erməni fitnəkarlığının və xəyanətinin qurbanı oldu.

Tədqiqatçılar N.Mustafanın və Ə.Qamedovun yazdıqları kitablarda Xəlil bəyin faciəli ölümündən bəhs etmişlər. İrəvan Milli Şurasının üzvü olan Xəlil bəyi Tiflisdən İrəvana geri qayıdan zaman sıx ağaclı dərədə ermənilər əzabla öldürdülər.

Əhməd Qamedov yazır: "Xəncər zərbələri ilə onu amansızlıqla qətlə yetirdilər. İnsan adlanan bu tör-töküntülər Xəlilin cəsədini hissələrə böldülər, onları Xəlilin bacısına hədiyyə üçün aldığı xalçaya bükdülər və qanlı hədiyyəni araba sürücüsü - satqın Qurgen toya hədiyyə kimi apardı".

Firudin bəyin üçüncü oğlu Həbib bəy Gürcüstanda (Tiflisdə) və Rusiyada hərbi məktəblərdə oxuyaraq mühəndis oldu. Minaaxtaran kimi Birinci Dünya müharibəsində iştirak etdi. O, kapitan rütbəsi aldı. Həbib bəy hərbi mühəndis kimi qoşunların döyüşdə hərəkəti üçün yollar çəkdi, körpülər inşa etdi. 1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bütün azərbaycanlı hərbçilər kimi Həbib bəy də vətənə qayıtdı. Müstəqil Azərbaycan dövlətinin ordusunun yaradılmasında iştirak etdi. Onu Karyagin (indiki Fizuli) rayonunda sərhəd zastavasına rəislik etməyə göndərdilər.

1920-ci il aprelin 28-də AXC hökuməti süquta uğradıldı. Bu səbəbdən Həbib bəy ailəsi ilə birlikdə İrana mühacirət etməyə məcbur oldu. Onun birinci uşağı - Leyla xanım 1921-ci ildə Təbrizdə anadan olub.

Bir neçə ay keçəndən sonra N.Nərimanovun köməkliyi ilə Naxçıvana qayıtdı. Təcrübəli minaaxtaran idi. Həm də uzun illər Rusiya imperiyasının ordusunda hərbi-tikinti hissələrində mühəndislik etmişdi. Həbib bəyi istintaq sorğularına çəksələr də, Naxçıvanda onun bacarığına böyük ehtiyac vardı. O, bacarıqlı mütəxəssis olduğundan Naxçıvanın bir çoxu tikintilərində iştirak etdi. Naxçıvanda bir çox tikililər onun layihələri və rəhbərliyi ilə həyata keçmişdi. Naxçıvan Muxtar Respublikasının arxiv fondlarında saxlanılan sənədlər əsasında o tikililərin siyahısını tərtib etmək mümkündür. Naxçıvanda Həbib bəyin lahiyəsi əsasında bir hamam tikilmişdi. Naxçıvanlılar ona "Köhnə hamam" deyirdilər. Şəhərin lap mərkəzində tikilmişdi. O hamamın gözəl interyeri və su təchizatı vardı. Təxminən üç il bundan əvvəl sökdülər. Buna ancaq təəssüf etmək olar. Çünki o, XX yüzilliyin əvvəllərində memarlıq və mühəndislik baxımından orijinal bir tikili idi. Lahiyə və tikinti o qədər yüksək ixtisaslı mühəndis tərəfindən tikilmişdi ki, sökülənə qədər əsaslı təmirə dayanmamışdı.

Həbib bəy İrəvan-Naxçıvan yolunun çəkilişi üçün tenderin qalibi olmuş və bu yolun çəkilişi ona həvalə edilmişdi. Naxçıvanda o, Pirqamış məscidinin yaxınlığında yaşayırdı. Ailəsi də böyümüşdü. Naxçıvanda Həmid, İradə, Əli və Novella adlı övladları doğulmuşdu. Çox təəssüf ki, 1938-ci ildə onun məşhur hərbçi olduğundan ehtiyat edən sovet hökuməti onu Naxçıvandan Gəncə şəhərinə köçürdü. Yəni vətən dəyişikliyi etdilər.

İkinci Dünya müharibəsinin ilk günlərindən Həbib bəy cəbhəyə getdi, ağır yaralandı və 1944-cü ildə qürbətdə vəfat etdi. Həyat yoldaşı Nina xanım uşaqları ilə birlikdə Naxçıvana qayıtdı. Bizim yazımızın qəhrəmanı Həmid bəy 1923-cü il mayın 3-də Naxçıvanın Şahab məhəlləsində anadan olub. Naxçıvanda orta təhsil almağa başlasa da, orta məktəbi Gəncədə bitirdikdən sonra sənədlərini Moskva Nəqliyyat Mühəndisələri İnstitutunun tikinti fakültəsinə verib. Onun attestatında bütün qiymətlər "əla" idi. Həmin illərdə hökumətin qərarı vardı ki, belə abituriyentlər ali məktəbə qəbul imtahanları vermədən daxil ola bilərlər. İkinci Dünya müharibəsi başlayandan sonra Həmid təhsil aldığı institutun əsas binasını yandırıcı bombalardan müdafiə edən yanğınsöndürənlər komandasının ən fəal üzvlərindən biri idi. Sonralar Həmid öz tələbə yoldaşları ilə birgə Moskva "Əlvanmetal qızıl" zavoduna komsomol putyovkası ilə göndərildi. Həmid burada piyada əleyhinə millər hazırlayırdı. Amma Həmid bu zavodda cəmi üç ay işləyə bildi. Çünki oktyabr ayından başlayaraq cəbhədə vəziyyət gərginləşdi. Hökumət məcbur oldu ki, müəssisələr kimi tədris ocaqlarını da təhlükəsiz yerlərə köçürsün. Həmidi təhsilini davam etdirmək üçün Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərdilər. Onu institutun ikinci kursuna qəbul etdilər. Yataqxanada yaşayan Həmid də digər tələbələr kimi dekabr ayının sonlarında təhsilini dayandırmağa məcbur oldu. Çünki tələbələri müdafiə qurğularının tikintisinə cəlb etdilər. Artıq faşist qoşunlarına qarşı Şimali Qafqazda döyüşlər gedirdi. Tbilisi şəhər hərbi komissarlığında Həmidə məsləhət gördülər ki, Bakıya getsin, orada Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olsun.

Leninqrad şəhəri mühasirədə olduğu üçün Frunze adına Ali Hərbi Dənizçilik Məktəbinin kursantları da Bakıya gəlmişdilər. Həmid də onlarla birlikdə təhsil almağa başladı. Qeyd edək ki, Tbilisiyə oxumağa gələn vaxt Həmidin qolunu bomba qəlpəsi yaralamışdı. Ona görə də Bakıda təhsil alarkən, həm də lazeretdə müalicə olunurdu. Həmid Bakıda təhsil alarkən hərbi and içdi. 1944-cü ildə leninqradlı kursantlar öz yerlərinə qayıtdılar.

1945-ci ilin fevralında hər iki məktəbin kursantlarına (təntənəli şəkildə) ilk dəfə hərbi zabit rütbələri təqdim edildi. "Leytenant" ilk hərbi rütbəsini və mükafat sol saatını alan Həmid zəngin hərbi biliyə sahiblənmişdi. O, xidmət yeri olaraq Qara dənizdə sualtı qayığı seçdi. Yeri gəlmişkən deyək ki, Həmid də ulu babaları kimi iradəli və zəhmətsevər hərbçi idi. O, ali riyaziyyatı, naviqasiyanı, astronomiyanı, artilleriya və torpeda atıcılığını, minaların düzülməsini əla öyrənmişdi. Artıq bacaraqlı gənc mütəxəssis sayılırdı. O, həm də əla idmançı idi. Sualtı qayıqda xidmət etmək Həmidə qismət olmadı. Artıq İkinci Dünya müharibəsinin döyüş əməliyyatları mərkəzi Şərqə keçdi. Amerikalılar tələb edirdilər ki, müstəqillik müqaviləsinə görə SSRİ tezliklə Yaponiyaya qarşı müharibəyə başlamalıdır. Ancaq dənizlərin minalanması quru qoşunlarına dəniz cinahlarından yardım göstərilməsini, desant çıxarılmasını çətinləşdirmişdi.

Həmid Qasımbəyov Sakit okean Hərbi Donanması tərkibində yapon militaristlərinə qarşı döyüşlərdə iştirak etmişdir.

Xəzər Ali Hərbi Dənizçilik məktəbini (1945, Bakı) və Hərbi Dənizçilik akademiyasını (1957, Leninqrad) bitirən Həmid Qasımbəyov 1945-1976-cı illərdə Sakit Okean, Şimal və Baltik hərbi dəniz donanmalarında gəmi komandiri, hərbi-dəniz bazasının qərargah rəisi və komandiri vəzifələrində çalışmışdı.

Ümummilli lider Heydər Əliyev ilə Həmid Qasımbəyov eyni ildə və ayda doğulmuşdular. İkisi də Naxçıvanda anadan olmuş və bir müddət eyni məktəbdə təhsil almışdılar.

Ümummilli lider Heydər Əliyev 1998-ci il iyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılmasının yubileyinə həsr olunmuş təntənəli yubiley mərasimində demişdir: "Xəzər Donanması 1920-ci ildə Bakıda yaradılmışdır. O, hələ çar Rusiyası zamanı mövcud idi və donanmada bir azərbaycanlı belə yox idi. Biz Kronştadda admiral Qasımbəyovu axtarıb tapdıq. Mən Qasımbəyovu Xəzər Donanmasının komandiri təyin etdim".

Həmid Qasımbəyov 1977-ci ildən Qırmızı bayraqlı Xəzər donanmasının komandiri olmuşdu. Ömrünün əksəriyyətini hərbi dəniz işinə həsr edən, taktiki təlimlərdə bacarıqla iştirak edən, tələbkarlığı, iradəliliyi ilə seçilən əfsanəvi dəniz sərkərdəsi Həmid Qasımbəyov "Qırmızı Əmək Bayrağı" Ordeni, 2 dəfə "Qırmızı Ulduz" ordeni və medallarla, həmçinin Polşanın hərbi ordeni ilə təltif olunub. Həmid Qasımbəyovun qardaşı Əlidə dənizçi zabit olmuş və Qara dəniz Donanması gəmilərində xidmət etmişdi.

Həmid bəyin oğlu Saxalində, qızları isə Latviyada və Polşada anadan olub.

Həmid Qasımbəyovlar nəslinin davamçıları böyük bacısı Leylanın oğullarından yalnız dördü - Ənvər, Cəmil, Şamil və Faiq sağdırlar.

İrəvanlı Qasımbəyovlar nəslindən isə Firudin bəyin əmisi nəvəsi Əhməd bəy Qasımbəyovun varisləri həyatdadır. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun sıralarında olan, mətanətlə döyüşən polkovnik Əliyar bəy Qasımbəyov və onun zabit oğlu İsmayıl Qasımbəyov da bu nəsildəndirlər. Əliyar bəyi 1920-ci ildə bolşeviklər Nargin adasında güllələyiblər. Onun oğlu İsmayıl bəy isə 1972-ci ilədək Bakıda yaşamışdı.

Bu il 100 illiyi tamam olan görkəmli hərbi xadim, vitse-admiral, hərbi dəniz sərkərdəsi Həmid Qasımbəyov 2005-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

 





11.07.2023    çap et  çap et