525.Az

Cəbhədən dezinformasiya yayan media orqanları məsuliyyətə cəlb olunmalıdırlarmı?


 

Cəbhədən dezinformasiya yayan media orqanları məsuliyyətə cəlb olunmalıdırlarmı? <b style="color:red"></b>

Son günlər cəbhədə baş verən hadisələr Azərbaycan mediasında vəziyyətlə bağlı çoxlu suallar yaradıb. Belə məlum oldu ki, bu tip hadisələr üçün bir sıra media qurumları ya heç hazır deyil, ya da “peşəkarlıqlarının” səviyyəsi belə hadisələri düzgün işıqlandırmağa imkan vermir. Bu günlər cəmiyyətə təqdim olunan çoxlu sayda dezinformasiya, təxribat xarakterli məlumatlar, ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının hansı tərəfə hərəkət etməsi barədə xəbərlər düşmən üçün göydəndüşmə oldu. Belə media qurumları, jurnalistlər olan yerdə erməni tərəfinə kəşfiyyat lazım deyil. Belə bir hal istər-istəməz sual yaratdı: bu tip mətbuat orqanlarına qarşı, jurnalistlərə qarşı cinayət işi açılmalıdırmı?
Bir sıra aparıcı media strukturlarının rəhbərlərinin cavablarını təqdim edirik.  

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı: “Məncə, bu məsələ çox ciddi müzakirə olunmalıdır. Azərbaycanda KİV-in müharibə şəraitində işlənməsi strategiyasının hazırlanmasına ehtiyac var. Məncə, hərbi sirri yayan media qurumlarının cəzalandırılmasına ehtiyac var. Gələcəkdə belə halların təkrarlanmaması üçün cəza mexanizmi olmalıdır”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Son hadisələr bu məsələdə böyük çatışmazlıqların olduğunu açıq surətdə üzə çıxardı. Nə qədər acınacaqlı olsa da, bəzi saytlar və özünü jurnalist sayanlar Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərməkdən yorulmadılar. Təsəvvür edin, rəsmi qaydada məlumat verilir ki, Ermənistan ordusu böyük itkilər verib, amma o saytlar və fərdlər belə bir halın olmadığını israrla inkar etməyə çalışırlar. Nəzərdə tutduğum şəxslər sosial şəbəkələrdə sanki Ermənistanın maraqlarına xidmət edən mövqe bildirmək yarışına giriblər. Hesab edirəm ki, o adamlara qarşı yumşaq ictimai qınaq, sözlə tənbeh artıq heç bir effekt vermir. Bütün fəaliyyətləri ermənilərin müdafiəsinə yönələn o adamlara qarşı daha sərt davranılmalı, hətta onlara salam da verilməməli, təcrid olunmalıdırlar, bəlkə ağılları başlarına gələ. Əslində bu tip saytlara çoxlu sayda müraciətlər oldu, o cümlədən Mətbuat Şurası da xüsusi bəyanatla çıxış etdi. Amma bu çağırışların onlara təsiri olmadığını nəzərə aldıqda, qanunlara uyğun hərəkət edilməsinə ehtiyac olduğunu düşünürəm”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “Əslində bu çox ciddi problemdir. Son günlər cəbhədə baş verənlər bir daha göstərdi ki, Azərbaycan mətbuatı, xüsusən də elektron media bu kimi fövqəladə vəziyyətlərə hələ hazır deyil. Cəbhədə baş verən təsdiqlənməmiş xəbərlərin dərhal yayımı və sosial şəbəkələrdəki yüz minlik səhifələrdə paylaşımı çox ciddi problemlər yaratdı. İnsanlar təşviş içində idi, kim nəyə inanacağını bilmirdi. Bəzən qeyri-rəsmi xəbərlər rəsmi xəbərlərdən daha inandırıcı görünürdü. E-poçtlara daxil olan mənbəsiz cəbhə xəbərlərini manşet edən, sonra isə həmin xəbəri təkzib edən media strukturlarımızı gördük, bu dəhşət idi.

Əlbəttə, Mətbuat Şurasının məsələyə dərhal müdaxiləsi ilə problemin qarşısı qismən də olsa alındı, amma tam aradan qaldırılmadı. Düşünürəm ki, inzibati resurslardan daha çox ilk əvvəl bu tip xəbərlər yayan media orqanlarına qarşı ictimai qınaq olmalıdır, tövsiyə xarakterli müraciət qəbul etmək lazımdır ki, növbəti dəfə bu kimi hallara yol verməsinlər”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Həqiqətən etiraf olunmalıdır ki, Azərbaycan mətbuatı son illərdə böyük inkişaf yolu keçib. Lakin çox təəssüf ki, bəzi internet media orqanları cəbhədə baş verən son gərginliklər fonunda özlərini yaxşı yox, ziyanlı tərəfdən göstərdilər. Məsələn, erməni mənbələrinin Azərbaycan ictimaiyyətini məqsədli surətdə çaşdırmaq üçün dövriyyəyə buraxdıqları informasiyaları bizim bəzi saytlar olduğu kimi götürərək, onun ermənilər tərəfindən yayıldığını və konkret niyyətdən irəli gəldiyini qeyd etməyərək yayımlayırlar.

Hazırda elə bir vəziyyət yaranıb ki, həmin informasiya resursları ilə bağlı Müdafiə Nazirliyindən, yaxud da başqa bir dövlət qurumundan mövqe bildirilməsini gözləmək də, fikrimcə, doğru deyil. Elə məsələlər var ki, onlarla əlaqədar dövlət orqanları heç vaxt mövqe ifadə etməyəcəklər. Bu məsələdə əsas iş düşürdü həmin informasiya saytlarının öz üzərinə.

Yenə deyirəm, təəssüf ki, onlardan bir çoxu erməni təxribatının tələsinə düşdülər və əlbəttə, bu ziyanlı bir rol oynadı. Digər tərəfdən, sosial şəbəkələrdə də bu çərçivədə olduqca yolverilməz fəaliyyətlərin şahidiyik. Məsələn, son günlər bir çox sosial şəbəkə istifadəçiləri bilərəkdən və ya bilməyərəkdən Azərbaycan ordusunun hərəkətlənmə istiqamətləri, hərbi texnikanın dislokasiyası haqqında az qala bütün detalları ilə məlumat yayırlar. Bu, qətiyyən yolverilməzdir.  Amma belə hallarla bağlı qanunvericilik müəyyən addımların atılmasına imkan versə də, mən bunun tərəfdarı deyiləm.

Bilirsiniz ki, atəşkəsin belə geniş miqyasda pozulması halı ilk dəfədir və elə qəbul edək ki, bu, bizim bəzi saytlarımız üçün, informasiya orqanlarımız üçün vicdanlı yanaşmanın, peşəkarlığın zəifliyinin və hüquqi bilgilərin azlığının bir nəticəsi olaraq meydana çıxıb.

Hazırda əsas jurnalist təşkilatlarının hər hansı formada vəziyyətə müdaxilə etmələri, nəzərdə tutulan saytlara yönəlik maarifçilik xarakterli tədbirlər görmələri vacibdir və bu, çox faydalı olardı. Bütün hallarda isə həmin informasiya orqanlarının özləri anlamalıdırlar ki, o cür davranışları düzgün deyil və informasiya məkanında hamını üstələmək xatirinə ümummilli maraqları zərbə altında qoymaq olmaz. Ümummilli maraqlardan söhbət gedirsə, o halda informasiyanın yayılmasını ləngitmək, hətta bundan imtina etmək daha məqsədəuyğun olardı.

Yəqin ki, həmin saytlar bunu anlayaraq, təhlil edəcəklər. Artıq Mətbuat Şurasının da bu məsələyə dair bəyanatı yayılıb və bunu yüksək qiymətləndirirəm. Çox istərdim ki, virtual məkanda özünü öncül hesab edən informasiya orqanları o bəyanatı diqqətlə oxuyub faydalansınlar”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Bizim nəsil üçün, yəni birinci Qarabağ müharibəsini görmüş, prosesləri yaşamış və jurnalistikada təcrübəsi olan adamlar üçün indiki saytların, sosial şəbəkələrdə bəzi adamların davranışları tamam yeni və anlaşılmaz situasiyadır. Başa düşürəm ki, bəzi gənclər ola bilsin emosionaldırlar, öz hisslərini gizlədə bilmirlər, amma bu dərəcədə də mediaya, informasiyaya barmaqarası yanaşmaq olmaz. Bir sıra saytların hiss edirsən ki, jurnalistikanın prinsiplərindən xəbərləri yoxdur, həddən artıq özfəaliyyətlə məşğuldurlar. Bundan başqa, müharibə zamanı jurnalistin özünü necə aparması barədə tamamilə məlumatsızdırlar. Sosial şəbəkələrdə isə həddən artıq çox emosional və lazım olmayan fikirlər səsləndirilir.

İndi sosial şəbəkələr, saytlar açıqdırlar və düşmən də buna baxır. Düşmən baxa- baxa sən öz zəifliyini, emosionallığını bildirib, eyni zamanda bunun təsiri altında düşmənə çoxlu informasiyalar ötürürsən. Bu cür saytlara qarşı ictimai qınaq başlayıb. Mətbuat Şurası da müvafiq bəyanatla çıxış edib. Bu cür hallar ciddi müzakirə olunmalıdır”.  

Modern.az saytının rəhbəri Elşad Eyvazlı: “Hər bir dövrdə, hətta internet media olmayanda, yəni çap mediasının mövcud olduğu zamanda müharibələr vaxtı medialar üstün mövqeyə malik olublar. İndiki hadisələr onu göstərdi ki, Azərbaycan mediası Azərbaycanı məğlub edəcək bir durumdadır.

Azərbaycan mediası müharibəyə hazır deyil. Hətta elə internet saytlar var ki, şou xəbərlərlə özlərinə İP yığırlar və təəssüf ki, müharibə məsələsinə də eyni prizmadan yanaşdılar. Bu, çox təəssüfedici haldır və qarşısı mütləq alınmalıdır. Biz bununla bağlı müvafiq instansiyalara müraciət etdik, Parlament Jurnalistləri Birliyi adından müraciət yaydıq. İkincisi, bizim bəzi saytlar erməni saytlarında çıxan məlumatları olduğu kimi kopi edib, yayırlar. Bütün bunlar nəticə olaraq Ermənistana işləmək deməkdir. Mən bilmirəm, bunu bilərəkdən, ya bilməyərəkdən edirlər. Hər halda istənilən halda bu, ziyanlı və yolverilməz haldır və qarşısı alınmalıdır. Hesab edirəm ki, bununla bağlı ciddi müzakirələrə ehtiyac var.

Birdəfəlik bu məsələlər koordinasiya olunmuş şəkildə həll edilməlidir. Bu məsələdə Müdafiə Nazirliyinin də günahı var. Çünki nazirlik media ilə o şəkildə işləməlidir ki, bu cür məsələləri hər bir saytın öhdəsinə buraxılmasın. Əgər biz informasiya müharibəsində udmaq istəyiriksə, jurnalistləri düz yola çəkməliyik.
Bilmirəm, bu cür yalan müharibə xəbərləri yayanlar ermənidir, ya azərbaycanlı. Məsələn, yazırlar ki, Azərbaycanın hansısa kəndi boşaldıldı, əlaqə saxlayırsan ki, yalan məlumatdır. Lap boşaldılsa belə, bundan panika yaratmaq, insanları təşviş içində saxlamaq doğru deyil. Hesab edirəm ki, bu, çox qorxulu haldır və qarşısı mütləq alınmalıdır”.

Gün.Az

 





04.08.2014    çap et  çap et